Məhkəmə qərarları › İş №e-2-2(115)-266/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-266/2025

30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-266/2025 30.04.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, X4 qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli A 03/23 saylı təchizat müqaviləsi əsasında 2863,83 manat əsas, 4221,11 manat dəbbə pulu və 91 manat dövlət rüsumu olmaqla cəmi 7175,94 manatın Cavabdeh alınıb iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə “X6 Company” MMC ilə Cavabdeh arasında A 03/23 saylı təchizat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı müqavilədə nəzərdə tutulmuş malları alıcıya sataraq onun mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini təchizatçıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin hesablaşma qaydaları başlıqlı 4-cü maddəsinə əsasən bu müqavilənin 2.4-cü bəndinə uyğun olaraq malların satıcı qüvvələr tərəfindən çatdırılması hallarında, təhvil verilmiş malın ödənişi onun satıldığı tarixdən etibarən 30 təqvim günü müddətində satıcının ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. Malların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, alıcı satılan malın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 təqvim günündən gec olmamalıdır. Malların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu müqaviləyə əsasən onun dəyərinə daxildir. Satıcının ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş mallar ödənilmiş hesab olunur. Lakin müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri xx.xx.2023-cü il tarixli EBCO seriyalı 144123 nömrəli, xx.xx.2023-cü il tarixli EBDA seriyalı 633748 saylı, xx.xx.2023-cü il tarixli EBDB seriyalı 239831 saylı elektronqaimə fakturalar əsasında mallar təchizatçı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq, alıcı elektron-qaimələrə əsasən ƏDV daxil 2863,83 manat malın dəyərini təchizatçıya ödəməmişdir. Alıcı müqavilə üzrə ödəniş öhdəliklərini yerinə yetirməyərək həm müqavilənin, həm də qanunvericiliyin normalarını pozmuşdur. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, iddiaçı ilə yazılı qaydada müqavilə bağlamamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən müqavilədəki imza ona məxsus deyildir. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, tərəflər arasında şifahi alqı-satqı müqaviləsi bağlanmış, lakin iddiaçının təqdim etdiyi yazılı müqaviləyə cavabdeh imza çəkməmişdir. Həmçinin müqavilədə müqavilənin möhrlə təsdiqlənməli olması qeyd edilsə də onların tərəfindən müqaviləyə möhür vurulmamışdır. Əsas borcla bağlı etirazı yoxdur. Həmin pulu ödəməyə hazırdırlar. Borcla bağlı onlara məlumat verilməmişdir. Belə ki, iddiaçının nümayəndələri onlara əvvəlcə məlumat verərək rəhbərliyin dəyişəcəyini bildirmiş və daha sonra borcu ödəməklərini demişdir. Bundan sonra onlara hər hansı məlumat verilməmişdir. Dəbbə borcuna etiraz edirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərərk izahatında göstərdi ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasan cavabdehə 7637.16 manat dəyərində spirtli içkilər verilmişdir, 4777,33 manat ödəniş edilmiş, qalan pul ödənilməmişdir. Həmçinin cavabdehə 4221 manat dəbbə pulu hesablanmışdır. Məhkəmə icraatı zamanı cavabdehlə əlaqə saxlanılmış, cavabdehə əsas borcu ödəməsini, belə olan təqdirdə dəbbə pulunu istəməyəcəklərini təklif etmişlər. Cavabdeh bununla razılaşsa da sonradan hər hansı ödəniş etməmişdir. Odur ki, dəbbə pulu da daxil olmaqla 7175,94 manatın cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının keçiriliməsinin vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan "X3 Company" MMC ilə Cavabdeh arasında bağlanmış 19 fevral 2023-cü il tarixli A03/23 nömrəli təchizat müqaviləsindən görünür ki, təchizatçı alıcıya mal satmağı, alıcı isə malı qəbul edib müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini təchizatçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, aktda 2859,83 manat borcun olması qeyd edilmiş, Cavabdeh tərəfindən akt imza edilməmişdir. İş materiallarında olan elektron qaimələrdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 144123 saylı qaiməyə əsasən 1989 manat, xx.xx.2023-cü il tarixli 633748 saylı qaiməyə əsasən 2491,20 manat, xx.xx.2023-cü il tarixli 239831 saylı elektron qaiməyə əsasən 3156,96 manat məbləğində elektron qaimələr ötürülmüş, qaimələr elektron qaydada təsdiq edilmişdir. İş materiallarında olan aktlardan görünür ki, xx.xx.2023-cü il tarixdə ƏDV 481,58 manat olmaqla 3156,96 manat, xx.xx.2023-cü il tarixdə ƏDV 303,41 manat olmaqla 1989 manat, xx.xx.2023-cü il tarixdə ƏDV 380,02 manat olmaqla 2491,20 manat məbləğində mal Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, "X3 Company" MMC ilə Cavabdeh arasında 19 fevral 2023cü il tarixdə təchizat müqaviləsi bağlanmış, təchizatçı alıcıya mal satmağı, alıcı isə malı qəbul edib müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini təchizatçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etmiş, lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, malları qəbul etsə də, elektron qaimələri təsdiq etsə də malın pulunu tam ödəməmiş, nəticədə onun iddiaçıya 2863,83 manat əsas borcu qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh iddiaçı ilə şifahi qaydada müqavilə bağlayıb iddiaçıdan mal aldığını, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən müqaviləni imzalamadığını göstərmişdir. Lakin cavabdeh məhkəməyə təqdim edilən 19 fevral 2023-cü il tarixli yazılı qaydada bağlanmış müqavilədəki imzanın ona məxsus olub-olmamasını müəyyən etmək üçün imza nümunələrini təqdim etməmişdir. Məhkəmə iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması satıcının əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, satıcı malı alıcıya verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 4221,11 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. Odur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 2863,83 manat əsas borc və 50 manat cərimə borcu olmaqla 2913.83 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 91 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 49,13 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 19 yanvar 2023-cü il tarixli A03/23 saylı təchizat müqaviləsi üzrə 2863 manat 83 qəpik borc, 50 manat cərimə borcu olmaqla cəmi 2913 (iki min doqquz yüz on üç) manat 83 (səksən üç) qəpik borc və 49 (qırx doqquz) manat 13 (on üç) qəpik ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar