Məhkəmə qərarları › İş №e-2-2(115)-275/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-275/2025

08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-275/2025 08.04.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024 tarixli, EE24-024 nömrəli alğısatqı müqaviləsinə əsasən “müxtəlif ölçülü mis kabellər” mallarının alışı üzrə xx.xx.2024-cü il tarixində qabaqcadan ödəniş şərti ilə ödənilmiş 22420 manat pul vəsaitinin əvəzində mallar təhvil verilməli olduğu halda, cavabdeh tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilməyərək həmin mallar təhvil verilmədiyinə görə 22420 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı "xxxx" MMC ilə alıcı İddiaçı MMC arasında bağlanmış xx.xx.2024 tarixli EE24-024 nömrəli Alğı-satqı Müqaviləsinə əsasən “müxtəlif ölçülü mis kabellər” mallarının alışı üzrə xx.xx.2024-cü il tarixində 19000 manat, 3420 manat ƏDV məbləği olmaqla ümumilikdə 22420 manat pul vəsaiti qabaqcadan ödəniş (avans) şərti ilə köçürülmüşdür. Müqavilənin 6.2-ci və 4.1 bəndlərinə əsasən mallar avans məbləği köçürüldükdən sonra təhvil verilməli olduğu halda satıcı "xxxx" MMC tərəfindən həmin mallar təhvil verilməmişdir. Müqavilənin 1.3-cü bəndi nəzərə alınmaqla mallar Alıcıya 1 (bir) iş günü ərzində təhvil verilməli idi. Lakin Satıcı "xxxx" MMC tərəfindən mallar bugünədək iddiaçıya təqdim olunmamışdır. Satıcı "xxxx" MMC müqavilə şərtlərini pozaraq qabaqcadan aldığı avans ödənişinin əvəzində Alıcı İddiaçı MMC-yə malları təqdim etməkdən boyun qaçırmışdır. Satıcı "xxxx" MMC tərəfindən Müqavilə öhdəlikləri icra olunmadığından avans olaraq ödənilmiş 22420 manat pul vəsaiti məbləğinin Alıcı İddiaçı MMC hesabına geri qaytarılması barədə dəfələrlə şifahi və yazılı poçt məktubları ilə xəbərdarlıqların edilməsinə baxmayaraq cavabdeh qabaqcadan ödənilmiş pul vəsaitini geri qaytarmaqdan boyun qaçırmışdır. xx.xx.2024-cü il tarixində alıcının müqavilədəki öhdəliyi icra etmədiyinə görə qabaqcadan ödənilmiş pul vəsaitinin geri qaytarılması Elektron kabinet vasitəsilə pretenziya məktubu təqdim olunmuşdur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə göndərərək iddia ərizəsində tələb olunan pul məbləğinin ödənildiyini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: alqı-satqı müqaviləsi, qiymətlərin razılaşdırılması protokolu, üzləşdirmə aktı, ödəniş tapşırıqları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. 599.2-ci maddəsinə əsasən alıcı əşyanı qabaqcadan ödəmək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. İş materiallarında olan satıcı "xxxx" MMC ilə alıcı İddiaçı MMC arasında bağlanmış xx.xx.2024 tarixli, EE24-024 nömrəli alğı-satqı müqaviləsinə əsasən “müxtəlif ölçülü mis kabellər” mallarının alışı üzrə xx.xx.2024-cü il tarixində 19000 manat, 3420 manat ƏDV məbləği olmaqla ümumilikdə 22420 manat pul vəsaiti qabaqcadan ödəniş (avans) şərti ilə köçürülmüşdür. Müqavilənin 6.2-ci və 4.1 bəndlərinə əsasən mallar avans məbləği köçürüldükdən sonra təhvil verilməli olduğu halda Satıcı "xxxx" MMC tərəfindən həmin mallar təhvil verilməmişdir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə göndərək borc məbləği Cavabdeh tərəfindən tam şəkildə ödənildiyindən iddia tələbi rədd edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə göndərilmiş ƏXZ/3 seriyalı 541301 nömrəli kassa mədaxil orderindən görünür ki, iddiaçı tərəfindən qabaqcadan ödənilmiş 22420 manat avans məbləği Cavabdeh tərəfindən İddiaçınə geri qaytarılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə qabaqcadan ödənilmiş avans pul məbləği cavabdeh tərəfindən tam şəkildə geri qaytarıldığından iddia tələbi rədd edilməli və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar