Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-280/2025 30.04.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, X3 qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə3, Cavabdeh nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli A11/23 saylı təchizat müqaviləsi əsasında 6996 manat əsas, 12775,89 manat dəbbə pulu və 114 manat dövlət rüsumu olmaqla cəmi 21182 manat pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə “X4 Company” MMC ilə Cavabdeh arasında A11/23 saylı təchizat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “X4 Company” MMC, yəni satıcı bu müqavilədə nəzərdə tutulmuş malları alıcıya sataraq onun mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini təchizatçıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin hesablaşma qaydaları başlıqlı 4-cü maddəsinə əsasən bu müqavilənin 2.4-cü bəndinə uyğun olaraq malların satıcı qüvvələr tərəfindən çatdırılması hallarında, təhvil verilmiş malın ödənişi onun satıldığı tarixdən etibarən 30 təqvim günü müddətində satıcının ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaiməfakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. Malların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, alıcı satılan malın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 təqvim günündən gec olmamalıdır. Malların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu müqaviləyə əsasən onun dəyərinə daxildir. Lakin həmin müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri, iddiaya əlavə edilən elektron-qaimə fakturaları əsasında mallar təchizatçı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq, alıcı elektron-qaimələrə əsasən ƏDV daxil 6996 manat malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq təchizatçıya ödəməmişdir. Alıcı müqavilə üzrə ödəniş öhdəliklərini yerinə yetirməyərək həm müqavilənin, həm də qanunvericiliyin normalarını pozmuşdur. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X1 iddia tələbinə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, cavabdehlə bağlanılan müqavilə üzrə məhkəməyə təqdim etdiklərindən başqa qaimə yoxdur. Bütün qaimələr təqdim edilmişdir. Müəyyən ödənişlər edildiyi üçün 10548 manat deyil, 6996 manat pul tələb edilmişdir. Şahid1 iddiaçı təşkilatın ekspeditoru olmuşdur. Malları aparıb Şahid1 vermişdir. Şahid1 Cavabdeh həm pulu almış, həm də malları geri götürmüş, iddaiçıya gətirib başqa mallar vermiş, pulları isə iddiaçının mühasibinə təhvil verməmişdir. Şahid1 gəlib mühasibə demişdir ki, mallar geri qaytarılmışdır, sistemə malların geri qaytarıldığını qeyd etsin, lakin Şahid1 pulları mühasibə verməmişdir. Mallar qaimə ilə geri qaytarılsa da geri qaytarma barədə təhvil-təslim aktı tərtib edilməli idi. Malların geri təhvil verilməsi barədə akt yoxdur. Ona görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə3 iddianı müdafiə edərərk izahatında göstərdi ki, ümumi cavabdehlə aralarında 23260,86 manatlıq dövriyyə olmuşdur, ödənilən pul və qaytarılan malın məbləği 16264,52 manat olmuşdur. Dəbbə pulu ilə qalıq borca hesablamışlar. Onlarda proses belə olur ki, nümayəndələri hər marketdən mal geri qaytarılanda onların mühasibinə bildirir ki, o mağazadadır, malları geri götürür, mühasib qaiməni təsdiq etsin. Bu qaydada onların mühasib geri qaytarma qaiməsini təsdiq etmişdir, lakin mal gəlib çıxmadığı üçün qaimə yenidən müştəriyə qaytarılmışdır. Qaimələr ƏDV-siz olmuşdur. ƏDV-ni cavabdeh ödəməli idi. İddiaçıda kassa mədaxil orderləri var, onlar müştəridən nağd pul alanda müştəriyə kassa mədaxil orderi təqdim edirlər. Geri qaytarılan mallar gətirilib iddiaçıya təhvil verilməmişdir. Şahid1 artıq iddiaçı təşkilatda işləmir. Şahid1 özü gətirib yazılı izahatını şirkətə təhvil vermişdir. 3341,26 manatlıq malı Şahid1 qaytarıb gətirib iddiaçıya vermişdir. Şirkətə mal gətirilmişdir, lakin birincisi bu malların dəyəri aşağı olmuşdur, ikincisi isə həmin mallar bu müştəriyə getməyən mallar olmuşdur. iddiaçı o malları borcdan çıxa bilməz, çünki iddiaçıya qaytarılan mallar iddiaçının müştirəyə verdiyi mallar deyildir. Onların şirkətinin malları olduğu üçün anbara qoymuşlar. Malları sənədlə qəbul etməmişlər. Hesab edirlər ki, geri qaytarılan mallar başqa marketdən götürülmüşdür. Şahid1 gəlib cavabdehdən pul aldığnı bildirsə borcu Şahid1 tələb edərlər. İddiaçının nümayəndəsi Nümayəndə3 daha sonra izahatında göstərdi ki, 3341,26 manatlıq mal iddiaçının anbarına daxil olmamışdır. Şahid1 malı götürdüyünü demişdir, ancaq mal anbara daxil olmadığına görə borcdan silməmişlər. Mühasib bildirir ki, Şahid1 ona bildirib ki, o mağazadadır, pulu və malı götürür, mühasib də geri qaytarma qaiməsini təsdiqləsin, o da təsdiqləmişdir. "xxxx" MMC onların distribütordur, iddiaçının malları satır. "X2 Company" MMC özü də hazırda fəaliyyət göstərir. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, müqaviləni iddiaçı təşkilatla o bağlamışdır. İddiaçıdan həm mal almış, həm də mal qaytarmışdır. 9091 manatlıq malın qaiməsini geri qaytarmışdır. Bundan başqa iddiaçıdan mal almamışdır. onu iddiaçıya borcu yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddiaya etiraz edərək izahatında göstərdi ki, 6 qaimə üzrə mallar onlara təhvil vermişdir. Sonuncu malı fevral ayında qayatmışlar. Malın hamısını qaytarmamışlar, malın dəyərinin bir hissəsini ödəmişlər, bir hissəsini isə qaytarmışlar. 9091,50 manatlıq qaimənin 8253,16 manatını ödəmişlər, yerdə qalan fərq üzrə isə mal qaytarmışlar. Malı Şahid1 onların mühasibi ilə birlikdə geri qaytarmışdır. Şahid1 istəyi üzrə o pulu köçürmə ilə şirkətin hesabına deyil, onun özünə vermişdir. Şahid1 ona bildirmişdir ki, borcunun hamısını versin. O da Şahid1 demişdir ki, ancaq malın hamısını satdıqdan sonra borcunu tam qaytara bilər. Şahid1 də ona bildirmişdir ki, qalan malı qaytarsın. 8253 manatın ödənilməsi barədə kassa mədaxil orderinin olub-olmaması dəqiq bilmir. Eyni içkiləri o başqa şirkətdən almamışdır. O, Şahid1 təxminən 5000-6000 manat pul vermişdir, qalanını isə mal vermişdir. Həmin vaxt dəqiq nə qədər pul verdiyi yadında qalmamışdır. Lakin sistemdə görmüşdür ki, geri qaytarma sənədi təsdiqləndi. Ümumi sistemdə onların borcu sıfırlanmışdı. Onların mühasibi iddiaçı şirkətin mühasibi ilə danışaraq borcu sıfırlamışlar. Odur ki, iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 iddiaya etiraz edərək izahatında göstərdi ki, cavabdeh borcu qəbul etmir. Belə ki, iddiaçı şirkətin nümayəndəsi mağazaya yaxınlaşmışdır. Malların geri qaytarılması təsdiq edilmiş, qalan borc məbləği isə ödəniş edilmişdir. Ancaq cavabdeh bilmir ki, iddiaçının nümayəndəsi aparıb həmin pulu və malları şirkətə təhvil verib, yoxsa yox. Qarşılıqlı üzləşdirmə aktı cavabdeh tərəfindən imza edilməmişdir. Cavabdeh elə hesab etmişdir ki, şirkət geri qaytarmanı təsdiq etdiyi üçün onlar arasında razılıq əldə edilmişdir. Həmçinin iddiaçı Şahid1 yazılı izahatını məhkəməyə təqdim etmişdir. Şahid1 izahatından görünür ki, şirkət malı qəbul etmişdir. Odur ki, iddianın təmin edilməməsini xahiş edir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 6 qaimə üzrə göstərilən mallar onlara təhvil verilmişdir. Həmin qaimələrdən 5-i üzrə ödəniş etmişlər. İddiaçı şirkətin nümayəndəsi Şahid1 mağazaya gəlmiş, bildirmişdir ki, ya malı qaytarsın, ya da pulu ödəsin. Şahid1 şirkətin əməkdaşı kimi ona yaxınlaşaraq ya pulu, ya da malı tələb etmişdir. Şahid1 onların mağazasına gəlməsi barədə iddiaçı şirkətin məlumatı var idi. O əvvəlcə iddiaçı şirkətin mühasibi ilə danışmış, borcu dəqiqləşdirmişlər, daha sonra o geri qaytarma qaiməsi göndərmişdir. Həmin gün o Bakıya getməli idi, yolda olarkən Həsən müəllim ona zəng etmişdir ki, ya malı verməlidir, ya da pulu ödəməlidir. O da Həsən müəllimə bildirmişdir ki, o əvvəlcə dəqiq baxsın görsün nə qədər borcları var, daha sonra necə istəsə elə edər. O da elektron kabinətə baxmış, orada qaiməni görmüş və demişdir ki, əvvəlcə o bu qaiməni geri qaytarma etməmiş, nə malı geri qaytara bilər, nə də pul ödəyə bilər. Bakıya çatanda gecə o qaiməni geri qaytarma etmişdir. Səhər də iddiaçı geri qaytarmanı təsdiq etmişdir. Şahid1 pulu müdiriyyət vermişdir. Şahid1 təxminən 8000 manat pul verilmiş, ancaq geri qaytarılan malın dəyəri yadında qalmamışdır. Malı geri qaytaranda hər hansı akt tərtib etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, əvvəllər iddiaçının işçisi olmuşdur. Gəncə regionu üzrə o şirkətin direktoru olmuşdur. Gəncə şəhərində iddiaçının ofisi, anbarı olmuşdur. Şirkət 2022-ci ilin noyabr ayında Gəncədə bağlanan zaman bildirmişdir ki, təmsilçilər müştəriləri tanıyır, onları işdən çıxarmasınlar. Lakin təmsilçiləri işdən çıxardılar, onu da audit kimi işə götürdülər. Bir müddət sonra onu audit kimi Gəncəyə göndərdilər ki, o müştəriləri tanıyır. O da Gəncə və ətraf rayonlara ezamiyyətə gəlmişdir. Audit kimi Gəncə zonasında 2023-cü ilin yanvar aylarında olmuşdur. Daha sonra onun müqaviləsinin müddəti bitdiyi üçün işdən çıxmışdır. Həsən müəllimin mağazası Şəmkirdə olmuş, malları təmsilçi yazmış, sürücü aparıb təhvil vermişdir. Təmsilçinin adı Mehman idi. Sürücülərin birinin adı Zamiq idi, digərinin adını isə xatırlamır. Həsən müəllim ödənişi köçürmə yolu ilə, ya da bank kartına ödəyirdi. Audit olan zaman Həsən müəllimgilin yanına getmişdir. Həmin vaxt şirkətdən ona borcu olan müştərilərin siyahısı verilmişdir. Ona şirkətdən bildirmişlər ki, Gəncə və ətraf rayonlardakı qalan malları yığsın bir yerə maşın göndərib hamısını götürəcəklər. Malların müştərilərdən yığılmasının səbəbi malların artıq "xxxx" MMC vasitəsilə satılması idi. O da Həsən müəllimə borclarını göstərdikdə o bunu təsdiqləmişdi. Daha sonra Həsən müəllim satdığı malın pulunu ona vermiş, qalan malı isə Həsən müəllimdən götürmüşdür. Həsən müəllimin nə qədər ödəniş edildiyini və nə qədər mal qaytardığını bilmir, ancaq bilir ki, Həsən müəllim borcunu sıfırlanmışdı. Şahid1 sədrlik edənin və tərəflərin suallarına cavab olaraq göstərdi ki, müştərinin ödədiyi pul karta oturduqdan və geri qaytarılan mal şirkətin anbarına daxil olduqdan sonra mühasib şirkətin rəhbəri ilə məsləhətləşib müştərinin borcunu sıfırlayırdı. Mühasib mallar qaytarılmamış, pul da karta oturmamış borcu sıfırlamır, ancaq həmin vaxt Həsən müəllim borcunu sıfırlamışdı. Mühasib malı anbarda görməmiş malı müştərinin adından çıxmırdı. Bundan sonra Həsən müəllimgilə mal verməmişdir. O, malları və pulları götürməyə səlahiyyətli olmuşdur. Ona iddiaçı tərəfindən verilən etibarnaməni şirkətin özünə qaytarmışdır. Həsən müəllimin borcunu almağa gedəndə nə qədər borcu qaldığını xatırlamır. Həsən müəllimdən nə qədər pul aldığı yadında qalmamışdır. Şirkətin bir kartı var idi. O, Həsən müəllimdən aldığı pulu karta atan zaman direktorun kim olduğu yadında qalmamışdır. Sistemdən Həsən müəllimin borcu silinmişdi, sonra təzədən yazılmışdı. Pulun verilməsi ilə bağlı hər hansı kassa məxaric orderi mövcud deyildir. Elektron qaimə qaytarılanda mal artıq geri qaytarılmışdı, mal anbara daxil olmasa idi qaimə təsdiqlənməzdi. O, malı götürədə deyil, mal Bakıda anbara daxil olduqdan sonra geri qaytarma barədə qaimə verilmişdir. O, audit olmamışdan qabaq da təmsilçilər müştərilərdən ödənişləri həmçinin əlbəəl almışdır. Artıq onların distribütor "xxxx" MMC olduğu üçün onlar mal sata bilməzdilər, onlar müştərilərdə olan mallarını geri götürməliydilər ki, "xxxx" MMC satışlarını həyata keçirsin. Həmin vaxt Həsən müəllimin borcu qalmamışdı. Həsən müəllimin qaytardığı mallarda fərqlilik olmuşdur, ancaq qaytarılan malın dəyəri eyni idi. Yəni o müştərinin anbarından iddiaçıya məxsus nə qədər mal vardı yığmış və götürmüşdür. Yəni mal iddiaçı şirkətin malı idi, ancaq iddiaçının Həsən müəllimə verdiyi mal deyildi. Əflatun müəllim də ona bildirmişdi ki, mallar iddiaçının Həsən müəllimə verdiyi mal deyildir, bunları anbarda qırağa qoyur. O də Əflatun müəllimə bildirmişdir ki, bu mallar Həsən müəllimə verdikləri mallar olmasa da onlar iddiaçı şirkətə məxsusdur və dəyəri eynidir. Həsən müəllimdən götürdüyü mal və pul Həsən müəllimin borcunu sıfırlayırdı. Həsən müəllim mal borcunun qarşılığında mal və pul vermişdir. İş materiallarında olan "X2 Company" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli A11/23 nömrəli təchizat müqaviləsindən görünür ki, təchizatçı alıcıya mal satmağı, alıcı isə malı qəbul edib müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini təchizatçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, aktda 8253,16 manat borcun olması qeyd edilmiş, Cavabdeh tərəfindən akt imza edilməmişdir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilən ərizədən görünür ki, Şahid2 və Nümayəndə2 "X2 Company" MMC-yə ərizə ilə müraciət edərək "X2 Company" MMCnin nümayəndəsi Yusif adlı şəxsin xx.xx.2024-cü il tarixində elektron sistem əsasında verilən 8253,16 manat məbləğində malın pulunu müdür tərəfindən nağd şəkildə Yusifə verilmişdir. Yusif onlardan malı geri götürməyib nağd şəkildə pul alıb. Qeyd olunan malın bir qismi satılıb, digər hissəsi isə anbardadır. Yusif özü pulu şirkətə ödəyəcəyini bildirib. İş materiallarında olan elektron qaimələrdən görünür ki, "X2 Company" MMC tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixli 963985 saylı qaiməyə əsasən 5887,26 manat, xx.xx.2023-cü il tarixli 983132 saylı qaiməyə əsasən 5203,80 manat, xx.xx.2023cü il tarixli 657690 saylı qaiməyə əsasən 841,50 manat, xx.xx.2023-cü il tarixli 236651 saylı qaiməyə əsasən 9091,50 manat, xx.xx.2023-cü il tarixli 006308 saylı qaiməyə əsasən 1118,40 manat, xx.xx.2023-cü il tarixli 006902 saylı qaiməyə əsasən 1118,40 manat, cəmi 23260,86 manat məbləğində elektron qaimələr ötürülmüş, qaimələr elektron qaydada təsdiq edilmişdir. İş materiallarında olan qaimə-fakturalardan görünür ki, xx.xx.2023-cü il tarixli 413 saylı qaimə-fakturaya əsasən 898,05 manat ƏDV olmaqla 5887,26 manat, xx.xx.2023-cü il tarixli 1245 saylı qaimə-fakturaya əsasən 793,80 manat ƏDV olmaqla 5203,80 manat, xx.xx.2023-cü il tarixli 2197 saylı qaimə-fakturaya əsasən 128,36 manat ƏDV olmaqla 841,50 manat, xx.xx.2023-cü il tarixli 0000-005084 saylı qaimə-fakturaya əsasən 1386,84 manat ƏDV olmaqla 9091,50 manat, xx.xx.2023-cü il tarixli 0000-005427 saylı qaimə-fakturaya əsasən 170,60 manat ƏDV olmaqla 1118,40 manat, xx.xx.2023-cü il tarixli 0000-005376 saylı qaimə-fakturaya əsasən 170,60 manat ƏDV olmaqla 1118,40 manat məbləğində malın Cavabdeh təhvil verilməsi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Şahid1 "X2 Company" MMC-də əmək müqaviləsi üzrə supervayzer vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, işəgötürən "X2 Company" MMC ilə Şahid1 arasında Şahid1 Bakı nümayəndəliyinin satış şöbəsinə supervayzer vəzifəsinə qəbul edildiyi gündən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirərkən ona etibar edilmiş maddi və mənəvi sərvətləri gələcəkdə qoruyub saxlamaq məqsədilə müqavilədə göstərilən tələblərə əməl edilməsi üçün tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Şahid1 "X2 Company" MMC ilə əmək müqaviləsinə həmin tarixdə xitam verilmişdir. İş materiallarında olan Şahid1 "X2 Company" MMC-yə verdiyi xx.xx.2024-cü il tarxili ərizədən görüünr ki, xx.xx.2024-cü il tarxidə Gəncə şəhərində ezamiyyətdə olanda Şəmkirdə yerləşən “Həsən” topdan adlı müştəridən 8253,16 manat malı geri qaytarma etmişdir. Müştəri elektron qaiməni təsdiqləməmiş malı geri qaytarmaq istəmədiyindən şirkət qaiməni geri qaytarmışdır. O da məhsulun itməməsi və müştəri ilə arada mübahisə yaranmaması üçün rəhbərliyə məlumat verib malı müştəridən götürüb Gəncədə onların köhnə əməkdaşının evinə yığmışdır. Bütov ateka yığılanda vazvratları gəlib götürəcəkləri üçün mal hələ də Gəncədədir. İstənilən vaxt malı geri götürə bilərlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 00195368 saylı elektron qaimədən görünür ki, 9091,4988 manat məbləğində mala dair qaimə Cavabdeh tərəfindən "X2 Company" MMC-yə göndərilmiş, elektron qaimə elektron qaydada təsdiq edilmişdir. İş materiallarında olan bank köçürmələrindən görünür ki, Cavabdeh tərəfindən "X2 Company" MMC-nin hesabına xx.xx.2023-cü il tarixdə 2118,65 manat, xx.xx.2023-cü il tarixdə 1694,92 manat, xx.xx.2023-cü il tarixdə 1694,92 manat, xx.xx.2023-cü il tarixdə 1271,20 manat, xx.xx.2023-cü il tarixdə 2118,65 manat, xx.xx.2023-cü il tarixdə 1271,20 manat, xx.xx.2023-cü il tarixdə 2542,37 manat, cəmi 12711,91 manat məbləğində vəsait köçürülmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh yazılan qaimələrin ümumi məbləği 23260,86 manat, ödənilən məbləğ (qaytarılan malların dəyəri) 16264,52 manat, dəbbə pulu 12775,89 manat, qalıq borc 21029,05 manatdır. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İşin mübahisə edilməyən halalrından görünür ki, "X2 Company" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə təchizat müqaviləsi bağlanmış, təchizatçı alıcıya mal satmağı, alıcı isə malı qəbul edib müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini təchizatçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən "X2 Company" MMC tərəfindən Cavabdeh 6 ədəd qaimə-faktura və 6 ədəd elektron qaimə üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 23260,86 manat məbləğində mal verilmişdir. Cavabdeh tərəfindən "X2 Company" MMC-yə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 7 köçürmə sənədinə əsasən 12711,91 manat ödəniş etmişdir. İddiaçı isə cavabdeh tərəfindən iddiaçıya ödənilən pul və qaytarılan malın məbləği nəzərə alınmaqla 16264,52 manat ödəniş etdiyini bildirmişdir. Sonradan xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən 9091,4988 manat məbləğində mala dair "X2 Company" MMC-yə elektron qaimə göndərilmiş və elektron qaimə elektron qaydada təsdiq edilmişdir. İşin mübahisə edilən hallarından görünür ki, iddiaçı cavabdeh tərəfindən ona təhvil verilmiş malın pulunu tam ödəmədiyini və iddiaçıya 6996 manat əsas, 12775,89 manat dəbbə pulu borcu qaldığını bildirmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya borcunun olması iş materialları ilə təsdiq edilmir. Belə ki, "X2 Company" MMC tərəfindən Cavabdeh 23260,86 manat məbləğində mal verilmiş, Cavabdeh tərəfindən "X2 Company" MMC-yə 16264,52 manat ödəniş etmişdir. Sonradan xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən 9091,4988 manat məbləğində mala dair "X2 Company" MMC-yə elektron qaimə göndərilmiş və elektron qaimə elektron qaydada təsdiq edilmişdir. İş üzrə tərəflərin izahatları, şahid ifadələri ilə müəyyən edilir ki, Cavabdeh "X2 Company" MMC-yə xx.xx.2024-cü il tarixə olan borcunu iddiaçı təşkilatda həmin tarixdə supervayzer vəzifəsində işləmiş Şahid1 tam olaraq tələb etmiş, cavabdeh malı tam sata bilmədiyini, malı satdıqdan sonra pulu tam ödəyə biləcəyini bildirmişdir. Şahid1 satılan malın pulunun verilməsini və satılmayan malın özünün ona qayraılmasını tələb etmiş, cavabdeh satıcıdan aldığı malın müqabilində satdığı malın pulunu və satılmayan malları Şahid1 vermiş, qeyd edilən tarixə Cavabdeh "X2 Company" MMC-yə olan borcu qalmamışdır. Bununla bağlı iddiaçı cavabdeh tərəfindən malların qaytarılmasına dair göndərilən elektron qaiməni də təsdiq etmişdir. Sözügedən tarixdən, yəni xx.xx.2024-cü il tarixdən sonra cavabdehə hər hansı bir məbləğdə mal verilməmişdir. Məhkəmə bir xüsusatı da qeyd edir ki, iddiaçı 6996 manat əsas borc məbləğini cavabdehdən tələb etsə də, cavabdehə verilən malın pulunu tam qaytarmadığını, mal da qaytarılmadığını bildirsə də bir tərəfdən cavabdeh tərəfindən iddiaçı təşkilatın anbarına mal qaytarıldığını, lakin həmin malın cavabdehə verilən maldan fərqli mal olmasını qeyd etmişdir. Göründüyü kimi, xx.xx.2024-cü il tarixə cavabdehin iddiaçıya olan borcunun bir qismi pul vəsaiti olaraq iddiaçının əməkdaşına verilmiş, bir qismi isə mal şəkilində iddiaçının əməkdaşı vasitəsilə iddiaçıya qaytarılmışdır. Cavabdehin iddiaçıya tərəflər arasında bağlanmış müqavilə üzrə təhvil verilən mallarla bağlı hər hansı borcu qalmamışdır. Ona görə də iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 153 manat dövlət rüsumu ödənilmişdir. İddia təmin edilmədiyindən məhkəmə hesab edir ki, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-280/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-280/2025
30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver