Məhkəmə qərarları › İş №e-2-2(115)-285/2020

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-285/2020

03.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-285/2020 03.06.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı «xxxx» Şirkətinin cavabdeh X5 qarşı borc tələbinə dair işə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» Şirkəti cavabdeh X5 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 2750 manat əsas borc, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu və 500 gün ərzində gecikdirmənin hər gününə görə borc məbləğinin 0,2 faiz həcmində penya 2750 manat, cəmi 5530 manat məbləğində borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X6 ilə “xxxx” şirkəti arasında bağlanmış 110/13 saylı, xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh, dəyərinin bir hissəsini malların verilməsindən 30 gündən gec olmayaraq ödəmək şərti ilə şirkətin istehsal etdiyi məhsulların satışı ilə məşğul olmuşdur. Belə ki, cavabdeh aldığı malların dəyərinin bir hissəsini ödəsə də, onunla xx.xx.2018-ci il tarixdə imzalanmış “Öhdəliklərin qarşılıqlı tanınması aktı” tərtib edilərkən yaranmış borcu etiraf etmiş və razılaşmaya əsasən qalan borcu yaxın vaxtlarda tam ödəməyi öz üzərinə götürsə də, bu günədək 2750 manat borc qalığını ödəməmişdir. Yuxarıda qeyd edildiyi kimi, cavabdeh bu günədək öz borcunu ödəməmiş və bu o deməkdir ki, o, tərəflər arasında imzalanmış müqavilənin 6.2 bəndinə əsasən gecikdirmənin müddəti 30 gündən çox olduqda hər gün üçün 0,2 faiz həcmində penya pulunuda ödəməli və həmin məbləğ borc məbləğinin üzərinə əlavə edilməlidir. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş satıcı “xxxx” şirkəti ilə alıcı X6 arasında bağlanmış xx xxx 2013-cü il tarixli 110/13 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı razılaşma protokolunda və ya qaimə fakturada göstərilmiş malları alıcıya satmağı, alıcı isə həmin malları almağı və onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.2 bəndinə əsasən ödənişlərin gecikdirilməsinə görə alıcı gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0.2 faizi həcmində penya ödəyir. xx.xx.2018-ci il tarixdə tərəflər arasında imzalanmış öhdəliklərin qarşılıqlı tanınması aktına əsasən alıcı X1 “xxxx” şirkətinə olan borcu 8499 manat 98 qəpik məbləğində göstərilmişdir. Həmin aktda həmçinin qeyd edilmişdir ki, tərəflər razılaşırlar ki, yaranmış borc aktın imzalandığı tarixdən etibarən 1 aydan gec olmayaraq ödəniləcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh X6 iddiaçı “xxxx” Şirkətindən satış üçün mal almış, verilmiş malın dəyərinin qaytarılmasını təmin etməsinə dair şirkət qarşısında öhdəlik götürmüş, malların dəyərinin bir hissəsini ödəmiş, daha sonra borcu etiraf edərək digər hissəsinin ödənilməsinə dair razılaşmışdır, lakin ödənişi tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Pretenziya məktubundan görünür ki, “xxxx” şirkəti cavabdehəalqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 2750 manat əsas borc, 50 manat cərimə borcu, cəmi 2800 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh X2 iddiaçı “xxxx” Şirkətinin xeyrinə tutulmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 50 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2750 manat əsas borc, 50 manat cərimə borcu, cəmi 2800 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh X2 iddiaçı “xxxx” Şirkətinin xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar