Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2907/2025 03.03.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi ilə İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12618 manat əsas borcun İddiaçı MMC-nin xeyrinə tutulmasına qərar verilməsi, iş üzrə ödənilmiş dövlət rüsumu və digər məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixdə №09/25 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə elektron qaimə əsasında baytarlıq preparatları təqdim edilmişdir. Mallar cavabdeh tərəfindən qəbul edilmiş və bu barədə elektron qaimə-faktura tərtib olunmuşdur. Cavabdeh malları qəbul etsə də, müqavilədə nəzərdə tutulmuş ödənişi yerinə yetirməmişdir. Hazırda cavabdehin İddiaçı qarşısında 12.618 (on iki min altı yüz on səkkiz) manat məbləğində ödənilməmiş borcu mövcuddur. İddiaçı tərəfindən dəfələrlə ödəniş barədə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu könüllü şəkildə ödəməmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12618 manat borcun, ödənilmiş 128 manat dövlət rüsumunun, 500 manat vəkilə xidmət haqqı kimi ödənilmiş pulun tutularaq İddiaçı MMC-nin xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbini müdafiə edirlər və təmin edilməsini xahiş edirlər. 01 sentyabr 2025-ci il tarixdə müqavilə bağlanıb. 16 sentyabr 2025-ci il tarixli və 18 sentyabr 2025-ci il tarixli təhvil-təslim aktları ilə mallar cavabdehə təhvil verilmişdir. Cavabdehin dedikləri borcdan yayınmaq məqsədi daşıyır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh məhkəmə iclasında izahatında bildirmişdir ki, 6651 manat məbləğində borcu var. Həmin borcla bağlı sənədə imza atmışdır. Dabaq xəstəliyi ilə əlaqədar təsərrüfatlar ziyandadır. Ona görə verdiyi dərmanların pulunu ala bilmirlər. Pulu aldıqdan sonra borcu ödəyəcəkdir. 5967 manat məbləğində borcu qəbul etmirlər. Çünki həmin dəyərdə dərmanlar ona verilməmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş, cavabdeh məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: alğı-satqı müqaviləsi, malların təhvil qəbul aktı, elektron qaimə-fakturalar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli №09/25 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı malları alıcıya satmağı, alıcı isə onu qəbul edib, dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən satıcı müqaviləyə uyğun olaraq alıcı tərəfindən sifariş təsdiq edildikdən sonra 45 təqvim günü ərzində malı alıcıya Bərdə şəhərində və ya rəsmi yazışmalarda razılaşdırılmış məntəqədə təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən müqaviləyə əsasən alıcı sifariş olunan malın dəyərinin 100 faiz həcmində mallar təhvil verildikdən sonra nağdsız qaydada köçürmə yolu ilə və nağd qaydada həyata keçirir. İş materiallarında olan tərəflərin imzaları ilə təsdiq olunmuş 16 sentyabr 2025-ci il tarixli, 1 nömrəli təhvil-təslim aktına əsasən 6651 manat və 18 sentyabr 2025-ci il tarixli, 2 nömrəli təhvil-təslim aktına əsasən 5967 manat dəyərində mallar cavabdehə təhvil verilmişdir. Həmin təhvil-təslim aktlarına əsasən 12618 manat məbləğində malın satıcı tərəfindən təhvil verildiyi, alıcı tərəfindən isə qəbul edildiyi təsdiq olunur. İş materiallarında olan elektron qaimə-fakturalar ilə satıcı tərəfindən 12618 manat dəyərində müxtəlif adda malların alıcıya təhvil verildiyi təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Elektron qaimə fakturalara münasibətdə məhkəmə onu qeyd edir ki, həmin elektron qaimələr borcun olmasını birbaşa təsdiq etməsə də, iş materiallarında olan malların təhviltəslim aktları ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, cavabdehin qeyd olunan borcu mövcuddur. İddiaçı müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirərərək müqaviləyə əsasən malları cavabdehə vermiş, cavabdeh isə müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək aldığı malların dəyərini tam şəkildə iddiaçıya ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 12618 manat məbləğində borcu qalmışdır. Ona görə də həmin borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh öz izahatında 5967 manat məbləğində malları təhvil almadığını bildirsə də, bununla bağlı hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 127,85 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia tələbi təmin edildiyindən 127,85 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 500 manat məbləğində pul vəkil haqqı olaraq ödənilmişdir. İddiaçı isə 500 manat məbləğində vəkilə ödənilmiş xidmət haqqının tutulmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hüquqi yardım üçün vəkilə ödənilmiş 500 manat xidmət haqqı da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 12618 manat məbləğində borc, 127,85 manat dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 500 manat pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-2907/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2907/2025
03.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver