Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-298/2025 10.02.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Məmmədova Türkan Dilavər qızının katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixə xx.xx.2016-cı il tarixli 997-GL/16 nömrəli müqavilə üzrə 2714 manat gecikdirilmiş borcu və hesablanmış 2595 manat 30 qəpik cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2016-cı il tarixli 997-GL/16 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2016-cı il tarixli 997-GL/16 nömrəli müqavilə üzrə 2714 manat gecikdirilmiş borcu və hesablanmış 2595 manat 30 qəpik cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-421/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2016-cı il tarixli 997-GL/16 nömrəli lizinq müqaviləsi üzrə 23991 manat əsas borc və 1000 manat cərimə borcu olmaqla, cəmi 24991 manat məbləğində borc, 200 manat mediasiya xərci və hüquqi yardımla bağlı ödənilmiş 350 manat ondan iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün Bərdə rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Hal-hazırda həmin icra işi icra məmurunun icraatındadır və hər ay əmək haqqından tutulmalar aparılaraq tələbkara borc ödənilir. Göründüyü kimi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-421/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi vardır. Buna görə də iddiaçının eyni mübahisə predmetinə dair yenidən məhkəməyə müraciət edərək ondan borcun tələb edilməsi qanuna uyğun deyil və əsassızdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək bildirmişdir ki, cavabdehin etirazı tamamilə əsassızdır. Gəncə Kommersiya Məhkəməsinin sözügedən qətnaməsi ilə qət edilmiş əsas məbləğ hesablandıqdan sonra tərtib edilmiş maliyyə arayışından da görünür ki, cavabdehin qətnamə qəbul edildikdən sonrakı dövr üçün xx.xx.2016-cı il tarixli 997-GL/16 nömrəli müqavilə üzrə 2714 manat gecikdirilmiş borcu və hesablanmış 2595 manat 30 qəpi cərimə borcu yaranmışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə elektron qaydada ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməylə telefon vasitəsi ilə əlaqə saxlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış, xx.xx.2016-cı il tarixli 997-GL/16 nömrəli lizinq müqaviləsindən görünür ki, lizinq verən ümumi məbləği 26705 manat olan Əlavə № 1-də göstərilən (YTO-404 markalı traktor-1 ədəd, “Belarus-1221” traktor-2 ədəd) kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 %-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan isə texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. İş materillarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixli 997-GL/16 nömrəli müqavilə üzrə 2714 manat əsas borc, 2595 manat 30 qəpik cərimə olmaqla cəmi 5309,30 manat məbləğində borcunun olduğu göstərilmişdir. Arayışda qeyd olunmuşdur ki, həmin borca Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-421/2022 saylı qətnaməsindən ödənilməmiş 23716 manat 24 qəpik borc daxil deyil. İş materiallarına əlavə edilmiş Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-421/2022 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, xx.xx.2016-cı il tarixli 997-GL/16 nömrəli lizinq müqaviləsi üzrə 23991 manat əsas borc və 1000 manat cərimə borcu olmaqla, cəmi 24991 manat məbləğində borc, 200 manat mediasiya xərci və hüquqi yardımla bağlı ödənilmiş 350 manat Cavabdehndən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan ödəniş qrafikindən (Əlavə №2) görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixli 997-GL/16 nömrəli müqavilə üzrə ümumilikdə ödəməli olduğu əsas borc məbləği 26705 manat müəyyən edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-421/2022 saylı qətnaməsi ilə tutulmuş cavabdehin xx.xx.2021-ci il tarixinə olan 23991 manat əsas borcu ümumi borc məbləği olan 26705 manatdan çıxıldıqdan sonra cavabdehin əsas borc məbləği 2714 manat təşkil edir. Ona görə də məhkəmə hesab etmişdir ki, Cavabdeh iş üzrə icraata xitam verilməsi barədə vəsatəti təmin edilməməlidir. Belə ki, hazırkı iddia tələbi üzrə olan borc Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-421/2022 saylı qətnaməsi qəbul edildikdən sonrakı dövr üçün mövcud olan borcdur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Həmin Fərmanın 2.2-ci bəndinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-ci il tarixli ödəniş sənədindən görünür ki, Xırdalan şəhər Vəkil Bürosuna 500 manat məbləğində vəkil haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin 747-5.2-ci maddəsinə əsasən, lizinqlə əlaqədar bağlanılan alqısatqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, lizinq obyektinin lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilməsi, lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malik olması göstərilməlidir. Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Mülki Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh lizinq müqaviləsi üzrə iddiaçıdan lizinq obyektini təhvil almış, lizinq müqaviləsi üzrə ödənişlərin vaxtında və tam həcmdə ödənilməsini təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini tam icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2016-cı il tarixli 997-GL/16 nömrəli lizinq müqaviləsi üzrə 2714 manat əsas borc, 100 manat cərimə borcu olmaqla, cəmi 2814 manat məbləğində borc, hüquqi yardımla bağlı ödənilmiş 200 manat Cavabdeh iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulmalıdır. İddiaçı dövlət orqanı olaraq dövlət rüsumu ödəməkdən azad edildiyinə görə ödənilməli olan 48 manat 14 qəpik məbləğində dövlət rüsumu Cavabdeh dövlət gəlirlərinə alınmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 100 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Məhkəmə 500 manat məbləğində hüquqi yardımla bağlı ödənilmiş məbləğin tutulması hissəsi üzrə onu qeyd edir ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcləri konkret hallar nəzərə alınmaqla, digər tərəfdən 200 manat məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2016-cı il tarixli 997-GL/16 nömrəli lizinq müqaviləsi üzrə 2714 manat əsas borc, 100 manat cərimə borcu olmaqla, cəmi 2814 manat məbləğində borc və hüquqi yardımla bağlı ödənilmiş 200 manat Cavabdeh iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Ödənilməli olan 48 manat 14 qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-298/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-298/2025
10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver