Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-299/2025 07.04.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkşaf Agentliyinin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkşaf Agentliyinin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkşaf Agentliyi Cavabdeh qarşı “pul” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış xx.xx.2015-ci il tarixli 402-GL/15 nömrəli müqavilə üzrə 1510,00 manat gecikdirilmiş borc və hesablanmış 1643,39 manat cərimə borcunun, hüquqi yardımla bağlı 500 manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 402-GL/15 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) lizinq obyektini lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2015-ci il tarixli 402-GL/15 nömrəli müqavilə üzrə 1510,00 manat gecikdirilmiş borc və hesablanmış 1 643,39 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir.
3. 17.02.2025-ci tarixdə iddiaçının vəkili və nümayəndəsi Nümayəndə “iddia tələbi həcminin azaldılması”na dair ərizə ilə məhkəməyə müraciət edərək gecikdirilmiş borc məbləği cavabdeh tərəfindən ödənildiyindən xx.xx.2015-ci il tarixli 402-GL/15 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 1 643,39 manat cərimə borcunun, hüquqi yardımla bağlı 500 (beş yüz) manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
II. Tərəflərin mövqeyi
4. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının vəkili və nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Cavabdeh məhkəmə iclasında bildirdi ki, əsas borcu ödəmiş, lakin cərimə borcunu ödəməyə imkanı çatmamışdır. Buna görə də cərimə borcunun azaldılmasını məhkəmədən xahiş etdi.
II. Sübutların tədqiqi
6. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış 31 mart 2015-ci il tarixli 402- GL/16 nömrəli lizinq müqaviləsindən görünür ki, lizinq verən ümumi məbləği 15300 manat olan və spesifikasiyada göstərilən (1 ədəd “Belarus-1221” markalı 37500 manat dəyərində olan Traktor, 1 ədəd “AG-14-4” markalı, 2600 manat dəyərində olan 4 gövdəli Kotan) kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 faizinə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərtilə lizinqə verməyi öz öhdəsinə götürmüşdür. Lizinq alan isə müqavilənin şərtinə uyğun olaraq lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öhdəsinə götürmüşdür.
7. 01.05.2015-cı il tarixli 1824/ü saylı əmrin sürətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış 31 mart 2015-ci il tarixli 402-GL/16 nömrəli lizinq müqaviləsinə əsasən 1 ədəd “Belarus-1221” markalı 37500 manat dəyərində olan Traktor, 1 ədəd “AG-14-4” markalı, 2600 manat dəyərində olan 4 gövdəli Kotan kənd təsərrüfatı texnikasının güzəşt tətbiq edildikdən sonra qalıq dəyəri ilə yenidən Cavabdeh lizinqə verilməsi əmr edilmişdir.
8. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Həmin Fərmanın 2.2-ci bəndinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir.
9. xx.xx.2024-cü il tarixli maliyyə arayışdan və cərimənin hesablanması qrafasından görünür ki, Cavabdeh 31 mart 2015-ci il tarixli 402-GL/16 nömrəli lizinq müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 1510 manat gecikdirilmiş əsas borcu və 1643,39 manat cərimə borcu vardır. Müqavilə barədə məlumat: müqavilə məbləği 15300 manat, ödənilib 13790 manat, Lizinq alanın maliyyə borcu: Gecikdirilmiş borc 1510 manat, Qalıq əsas borc: 1510 manat, hesablanmış cərimə 1643,39 manat, cəmi 3153,39 manat.
10. 23.10.2024-cü il tarixli pretenziyadan görünür ki, 1510 manat gecikdirilmiş borc məbləğinin və 1643,39 manat hesablanmış cərimənin qısa zaman ərzində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
11. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, 1645 manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına köçürülmüşdür.
III. Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 747-5. Lizinq əməliyyatlarının hüquqi forması 747-5.2. Lizinqlə əlaqədar bağlanılan alqı-satqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, aşağıdakılar da göstərilməlidir: 747-5.2.1. Lizinq obyekti lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilir; 747-5.2.2. Lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malikdir. Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Maddə 748-10. Lizinq ödənişləri 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.2. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
13. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2021-ci il tarixli Qərarı
Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir.
IV. Məhkəmənin mövqeyi
a) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
14. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
15. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
16. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış 31 mart 2015-ci il tarixli 402-GL/16 nömrəli lizinq müqaviləyə əsasən lizinq verən 1 ədəd “Belarus-1221” markalı 37500 manat dəyərində olan Traktor, 1 ədəd “AG-14-4” markalı, 2600 manat dəyərində olan 4 gövdəli Kotanı ilkin dəyərinin 40 faizinə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərtilə lizinqə verməyi öz öhdəsinə götürmüşdür. Lizinq verən öz öhdəliyini yerinə yetirmiş, lizinq obyektlərini lizinq alanın sahiblik və istifadəsinə vermiş, lakin lizinq alan üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, lizinq ödənişini tam ödəməmişdir.
17. İddiaçı ilkin olaraq 31 mart 2015-ci il tarixli 402-GL/16 nömrəli lizinq müqaviləsi üzrə 1510 manat məbləğində qalıq borcun ödənilməsini tələb etsə də, işin məhkəmə icraatında olduğu zaman cavabdeh tərəfindən əsas borc məbləği tam olaraq ödənilmişdir.
18. Hazırda iddiaçı əsas borc cavabdeh tərəfindən tam ödənildiyindən iddia tələbi həcminin azaldılması barədə ərizəsində 1643,39 manat cərimənin cavabdehdən tutulmasını xahiş etmişdir.
19. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
20. Tərəflər arasında bağlanmış 31 mart 2015-ci il tarixli 402-GL/16 nömrəli müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edə bilər.
21. Məhkəmə cavabdehə tətbiq edilən dəbbə pulunun onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, müqavilə üzrə hesablanmış dəbbə pulu (cərimə,penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulunun (cərimə,penya) azaldılaraq 75,50 manat həddində (əsas borcun 5%-i həddində) müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
24. Həmin Qanunun 9.1.14-cü maddəsinə görə məhkəmələrə verilən iddia ərizələrivə bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azad olunurlar.
25. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən vəiddia tələbi qismən təmin edildiyindən iddia tələbinin təmin edilmiş hissəsinə mütanasib olaraq 30 manat dövlət rüsumu cavabehdən tutulmalıdır.
26. İddiaçı, həmçinin, 500 manat hüquqi xidmətin göstərilməsi üçün pul da tələb edir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
28. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, “Məhkəmə-hüquq xidmətlərinin göstərilməsi ilə bağlı hüquqi yardım haqqının ödənilməsinin təşkili barədə” sazişə əsasən Bakı şəhəri 5 saylı Vəkil Bürosuna 500 manat məbləğində vəkil haqqı ödənilmişdir.
29. Məhkəmə vəkilin göstərdiyi yardıma görə xərclərlə bağlı konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 300 manat məbləğində pulun tutulması daha ağlabatan hesab edilə bilər. Belə ki, hazırki iş üzrə 3 məhkəmə iclası keçirilmiş və iddiaçının vəkili və nümayəndəsi həmin məhkəmə iclaslarında iştirak etməyərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsi barədə məhkəməyə ərizə ünvanlamışdır. Belə olan halda məhkəmə hesab edir ki, yalnız iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin hazırlanması üçün xidmət haqqı olaraq 300 manat məbləğində pulun tutulması daha ağlabatandır.
V. Məhkəmənin gəldiyi nəticə
30. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2015-cı il tarixli 402-GL/11 nömrəli müqavilə üzrə xx.xx.2024-cü il tarixə hesablanmış cərimə borcu üzrə 75,50 manat pul Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.
31. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-6 və 360-cı maddələrinə əsasən
QƏT ETDİ:
İddia qismən təmin edilsin. xx.xx.2015-cı il tarixli 402-GL/11 nömrəli müqavilə üzrə xx.xx.2024-cü il tarixə hesablanmış cərimə borcu üzrə 75,50 (yetmiş beş manat əlli qəpik) manat pul Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Hüquqi yardımla bağlı ödənilmiş 300 (üç yüz) manat pul Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Əbülfəz Məmmədli