Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-301/2025 15.04.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, X15 qızının katibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən daxili maliyyə lizinq müqaviləsi üzrə 8561 manat 24 qəpik borcun, lizinq obyektinin ehtiyat hissələri və təmir xərci kimi ümumi 2170 manat pulun, avtomobilin qalıq dəyərinin qiymətləndirilməsi zamanı müstəqil ekspertə ödənilən 50 manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 122 manat 34 qəpik məbləğində pulun alınaraq Cəmiyyətə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(062)-2142/2024 saylı qərardadı ilə tərəflər arasında mövcud münasibətlər lizinq münasibətlərindən yarandığından, iddiaçı hüquqi şəxs olduğundan, cavabdeh isə vergi ödəyicisi olaraq qeydə alındığından iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə təşkilat arasında xx.xx.2022-ci il tarixli İF/06045 saylı 36 ay müddətli daxili maliyyə lizinq müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən “X13” minik markalı **-AX-*** dövlət nömrə nişanlı avtomobil lizinq alan kimi onun istifadəsinə verilmişdir. Lizinq obyekti cavabdehə təhvil verildikdən ilk üç ayın aylıq ödənişləri edilsə də daha sonra borc öhdəlikləri icra edilməmişdir. 06 yanvar 2023-cü il tarixindən başlayaraq 06 fevral 2024-cü il tarixinə qədər hər ay 778 manat 66 qəpik olmaqla 10901 manat 24 qəpik ödəniş etməli olduğu halda cəmi 2340 manat ödəniş etmişdir. Cavabdehin qalıq borcu 8561 manat 24 qəpikdir(10901 manat 24 qəpik – 2340 manat). Avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi aktına əsasən lizinq obyektinin ehtiyyat hissələrinin və təmir xərclərinin ümumi məbləği 2170 manat təşkil edir. Avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi zamanı iddiaçı tərəfindən müstəqil ekspertə ödənilən xidmət haqqı 50 manat təşkil edir. İddiaçının nümayəndəsi X3 məhkəməyə elektron qaydada ərizə göndərərək bildirmişdir ki, iş materiallarından da göründüyü kimi lizinq obyekti təhvil-təslim aktı ilə cavabdehə təhvil verilmişdir. Cavabdehin istifadəsində olarkən onun şifahi razılığı ilə başqa şəxslərə etibarnamə verilmişdir. Uzun müddət ödəniş olmadığından lizinq obyektinin axtarılıb tapılması üçün müvafiq orqana müraciət olunmuşdur. X16 Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onlara təhvil verilmişdir. Tərəflərindən avtomobilə dəymiş zərərlə bağlı qiymətləndirmə aprarılmış və dəymiş zərər və müqavilə üzrə yaranmış borc iddia ərizəsində qeyd olunmuşdur. Odur ki, məhkəmə baxış iclasına onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, sözügedən avtomobil cavabdehin 3 aylıq istifadəsində olmuş, daha sonra şirkətə təhvil verilmişdir. Qarşı tərəf təhvili təsdiq edir. İddiaçı cavabdehə söz vermişdir ki, müqavilə başqa şəxsin adına keçiriləcəkdir. İstifadə olunmamış avtomobilə görə ödənişlər, həmçinin başqa şəxslərin avtomobilə vurduğu zərər əsassız olaraq cavabdehdən tələb olunur. İlqar adlı şəxs həmin avtomobil ilə avto-xuliqanlıq əməli törətmişdir. Polis əməkdaşları avtomobili dayanacağa yerləşdirmişdir. Bununla bağlı polis şöbəsinə sorğu göndərsə də, sorğusuna cavab ala bilməmişdir. Cavabdeh avtomobili yaxın qohumunun istifadəsi üçün öz adına rəsmiləşdirmişdir. Ödənişi 3 ay etmişdir. Avtomobili təhvil verəndə heç bir borcu qalmamışdır. Avtomobil təhvil veriləndə heç bir sənədləşmə aparılmamışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, cavabdehin nümayəndəsi və vəkili Vəkil ərizə göndərərək bildirmişdir ki, iddia tələbi tam əsassızdır. Həm iddiaçı təşkilat tərəfindən cavabdehin xəbəri olmadan başqa üçüncü şəxslərə verdiyi etibarnamələr, həmçinin başqa şəxslərin adına gələn yol hərəkətinə dair cərimələr bir daha onu sübut edir ki, avtomobil iddiaçı təşkilatın öz istifadəsində və sərəncamında olmuşdur. Avtomobil yalnız ödənişlərin edildiyi qısa müddətində cavabdehdə olmuş sonradan isə iddiaçı təşkilata qaytarılmışdır. Avtomobilin qaytarılmasını iddiaçının nümayəndəsi də Tovuz rayon Məhkəməsində keçirilən hazırlıq iclasında etiraf etmişdir. Həmçinin məhkəmə iclasında dindirilmiş şahidlərdən Məmişov Bəşir də avtomobili 2023-cü ilin aprel ayında avtomobili iddiaçının məsul şəxslərindən istifadə üçün aldığını 1 ay sonra isə özlərinə qaytardığını bildirmişdir. Qeyd olunanlara əsasən hesab edirlər ki, iddia tələbi tam əsassızdır və rədd edilməlidir. Ölkə xaricində olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcək. Məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizələri nəzərə alaraq işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, şahid qismində dindirilmiş X5 məhkəmə iclasında (xx.xx.2025-ci il tarixdə) ifadəsində bildirmişdir ki, Cavabdeh yaxın münasibətdə olduğu bir şəxsdir. Uzun illər qonşu olmuşlar. Azad Sumqayıt şəhərində, Kimyaçılar qəsəbəsində yaşayır. 2005-ci ildən bir-birlərini tanıyırlar. Sözügedən avtomobil əvvəlcə Orxan adlı şəxsin adına olub. Daha sonra Cavabdeh adına qeyd etdirmişdir. Müqavilə Azadın adına bağlanılıb, lakin özü istifadə etmişdir. Etibarnaməni lizinq şirkəti onun adına vermişdir. İlkin ödəniş olaraq 6000- 6500 manat ödəniş etmişdir. 3 ayda lizinq ödənişi etmişdir. 2335 manat 98 qəpik məbləğində pul ödəmişdir. Daha sonra ödəniş edə bilmədiyinə görə avtomobili iddiaçıya təhvil vermişdir. Ona demişlər ki, maşını satanda sizə xəbər edəcəyik ki, müqaviləyə imza çəkəsiniz. O, tez-tez bu barədə şirkətin işçiləri Məhəmməd və İlqar adlı şəxslərlə danışmişdır. Avtomobili 2023-cü ilin aprel ayında təhvil vermişdir. Ona demişlər ki, xəbər edəcəklər. Sonra məlum oldu ki, avtomobili Bəşir adlı şəxsə satıblar. Daha sonra isə Aygün adlı xanıma təhvil veriblər. Ancaq Aygün xanım deyir ki, mənim əlaqəm yoxdur. Ona sadəcə etibarnamə verilib, lakin avtomobili Anar adlı şəxs almışdır. O, avtomobili 2022-ci ilin dekabr ayında almışdır. Azad avtomobili istifadə etməmişdir. İlkin və aylıq ödənişləri etmişdir. Anar adlı şəxs avtomobili saxta nömrə ilə sürmüşdür. Bununla bağlı videolar da onda var. Şahid qismində dindirilmiş X6 məhkəmə iclasında (xx.xx.2025-ci il tarixdə) ifadəsində bildirmişdir ki, təxminən 2003-cü ilin mart ayında “X13” markalı **-AX-*** dövlət nömrə nişanlı avtomobili almışdır. 1 ay 780 manat ödəniş etmişdir, avtomobili 1 ay sürmüşdür, sonra isə avtomobilin aylıq ödənişləri və xərcləri baha olduğundan Məhəmməd və İlqar adlı şəxsə vermişdir. Avtomobil təhvil verəndə saz vəziyyətdə idi. Avtomobili ondan alıb, Anar adlı şəxsə veriblər. Avtomobil alınan və ya təhvil verilən vaxt Cavabdehı orada görməmişdir. Avtomobili Məhəmməd adlı şəxsə təhvil vermişdir. Avtomobil təhvil verilən zaman təhvil-təslim aktı olmamışdır. Ona yol vərəqəsi verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli İF/06045 nömrəli daxili maliyyə lizinq müqaviləsindən görünür ki, lizinq verən lizinq alan tərəfindən seçilmiş və onun istəyinə əsasən alınmış əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti(“X13” minik markalı, **-AX-*** dövlət nömrə nişanlı, Ban: SALFA24A28H109913, ağ rəngli avtomobil) qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə bu müqavilədə müəyyən edilmiş şərtlərlə lizinq obyektini lizinqə qəbul etməyi və bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə № 1-ə müvafiq olaraq lizinq ödənişlərini lizinq verənə mütəmadi olaraq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 6.6-cı bəndinə əsasən bu müqavilə vaxtından əvvəl ləğv edildikdə tərəflər arasında hesablaşma bütün haqlı tələblərin ödənilməsi prinsipi ilə aparılır. Bütün hallarda lizinq obyekti geri verilən günə qədər müqavilə ilə müəyyən edilmiş lizinq ödənişləri tam məbləğdə ödənilməlidir. Həmin müqavilənin 7.2.5-ci bəndinə əsasən lizinq alan bu müqaviəyə vaxtından əvvəl xitam verildikdə lizinq obyektini normal aşınma nəzərə alınmaqla yaxşı vəziyyətdə lizinq verənə qaytarmalıdır. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “X13” minik markalı, **-AX-*** dövlət nömrə nişanlı, SALFA24A28H109913, ağ rəngli avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" MMC tərəfindən dəyəri 22 000 manat olan “X13” minik markalı, **-AX-*** dövlət nömrə nişanlı, SALFA24A28H109913, ağ rəngli avtomobil lizinq alana-Cavabdeh təhvil verilmiş və onun imzası ilə təsdiq edilmişdir. İş materiallarından görünür ki, “X13” minik markalı, **-AX-*** dövlət nömrə nişanlı avtomobil idarə edilməsi ilə bağlı "xxxx" MMC tərəfindən X2 xx.xx.2023-cü il tarixli və X4 xx.xx.2023-cü il tarixli etibarnamələr verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli müstəqil ekspert rəyindən görünür ki, "xxxx" MMC-nin mülkiyyətində olan “X13” minik markalı, **-AX-*** dövlət nömrə nişanlı, ağ rəng, SALFA24A28H109913, 2008-ci il buraxılışlı avtomobilə dəymiş ziyanın məbləğini təyin etmək üçün yerində baxış keçirilmiş, ehtiyat hissələrinin və təmir xərclərinin ümumi məbləği 2170 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli avtomobilin qalıq hissəsinin qiymətləndirmə aktından görünür ki, avtomobilin qalıq hissəsinin qiymətləndirilməsinə dair müvafiq tədbirlər görülmüş, bütün zəruri araşdırmalar aparılmış və nəticədə avtomobilin qalıq hissəsinin dəyəri 12830 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. İşin faktiki hallarından görünür ki, tərəflər arasında lizinq müqaviləsi bağlanaraq lizinq obyekti olan sözügedən avtomobil cavabdehin üç aylıq istifadəsində olmuş və həmin ayların ödənişləri də cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Eyni zamanda, iddiaçı da iddia ərizəsində üç aylıq ödənişlərin edildiyini təsdiq etmişdir. Həmin aylar üzrə ödənişlər edilməklə cavabdeh tərəfindən avtomobil 2023-cü ilin mart ayında iddiaçıya qaytarılmışdır. Lizinq obyekti cavabdehin üç aylıq istifadəsində olduğundan və həmin ayların ödənişini də ödənildiyindən, lizinq obyektinin iddiaçıya təhvil verdiyi vaxt cavabdehin borcu olmamışdır. İş materiallarından həmçinin görünür ki, iddiaçının nümayəndəsi X1 Rayon Məhkəməsində verdiyi izahatında da cavabdehin həmin avtomobili borcunu ödəyə bilmədiyi üçün 2023-cü ilin aprel ayında təşkilata təhvil verdiyini təsdiq edir. Avtomobil iddiaçı tərəfindən təhvil alınandan sonra şahid ifadələri və iş materiallarında olan etibarnamələr ilə də təsdiq olunur ki, başqa şəxslərin istifadəsinə verilmişdir. Həmçinin şahid ifadələri ilə də müəyyən olunur ki, həmin şəxslər tərəfindən də avtomobil iddiaçıya təhvil verilən zaman təhvil-təslim aktı tərtib edilməmiş, həmin şəxslərə sadəcə yol vərəqələri verilmişdir. Məhkəmə hesab edir ki, lizinq obyekti iddiaçıya geri qaytarılan vaxt cavabdehin iddiaçıya borcu qalmadığından, lizinq obyekti geri qaytarıldıqdan sonra yaranmış lizinq borcuna və lizinq obyektinə vurulmuş ziyana görə cavabdeh mülki məsuliyyət daşımır. Ona görə də, iddia tələbi əsassız sayılmaqla təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-301/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-301/2025
15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver