Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-318/2025 06.05.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, S30/23 saylı Təchizat Müqaviləsi əsasında 77045,89 manat əsas, 74425,5 manat dəbbə pulu və 441 manat ödənilən dövlət rüsumu olmaqla cəmi, 151911,53 manat pulun cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə İddiaçı MMC ilə cavabdeh arasında S30/23 saylı Təchizat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “X7 Company” MMC, yəni satıcı bu müqavilədə nəzərdə tutulmuş malları alıcıya sataraq onun mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini Təchizatçıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin hesablaşma qaydaları başlıqlı 4-cü maddəsinə əsasən bu Müqavilənin 2.4-cü bəndinə uyğun olaraq malların satıcı qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş malın ödənişi onun satıldığı tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində Satıcının ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaiməfakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. Malların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, Alıcı satılan Malın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. Malların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu Müqaviləyə əsasən onun dəyərinə daxildir. Satıcının ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş Mallar ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən, çatdırılmış Malların nağd şəkildə ödənişi mümkündür. Lakin həmin müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturaları əsasında mallar təchizatçı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq, alıcı elektron-qaimələrə əsasən ƏDV daxil olmaqla 77045,89 manat malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq təchizatçıya, yəni "xxxx" MMC-yə ödəməmişdir. Müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı alıcıya pretenziya məktubu gödəndilmiş, lakin borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Daha sonra iddiaçı tələbin dəqiqləşməsi barədə ərizə məhkəməyə müraciət edərək, qalıq borcun 77045,03 manat, cərimə məbləğinin isə 7704,50 manat olduğunu bildirmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavadeh məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: təchizat müqaviləsi, elektron qaimə-fakturalar, bank köçürmələri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 №-li qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın: 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. 2.1-ci bəndinə əsasən elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və göndərir. 2.2 və 2.2.1-ci bəndinə əsasən vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura tərtib edilir. 3.1-ci bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaiməfakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaiməfaktura proqram təminatı tərəfindən təsdiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, alıcı qismində Cavabdeh ilə təchizatçı qismində İddiaçı MMC arasında xx.xx.2023-cü il tarixli, S30/23 saylı təchizat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən təchizatçı alıcıya mal satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini təchizatçıya ödəyir. Bu müqavilə çərçivəsində mal termini dedikdə spirtli məhsullar nəzərdə tutulur. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən malların miqdarı, çeşidi, qiyməti və dəyəri, ƏDV daxil, aksizlər, eləcə də bütün digər məcburi ödənişlər mallara əİavə edilən qaimələrlə və hesab fakturalarla tərəflərin razılaşdığı və hazırkı müqaviləmin ayrılmaz hissəsi sayılan əlavələrdə əks olunur. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən malların təhvil verilməsi ilə eyni vaxtda satıcı Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq malların dövriyyəsinin qanuniliyini təsdiq edən onlarla əlaqəli sənədləri (təsdiq edilmiş surətləri) alıcıya təhvil verməlidir. Həmin müqavilənin 4.2ci bəndinə əsasən alıcı realizasiya tarixindən etibarən hər 30 (otuz) təqvim günündən bir, lakin istənilən halda növbəti hesabat tarixinin 20 (iyirmi)- sindən gec olmayaraq, satılan/satılmamış malların qalıqları barədə məlumatı təchizatçıya təqdim etməyi öhdəsinə götürür. Alıcı tərəfindən bu cür məlumatların təqdim edilməməsi, satılmayan mallar olduğu halda belə təchizatçı qarşısında mallar üçün tam ödəniş öhdəliyi yaradır. Bununla belə təchiz olunmuş mallara görə tam həcmdə ödəniş tələbinə əsasən alıcı təchizatçı tərəfindən təqdim edilmiş yazılı tələb alındığı andan 3 (üç) iş günündən gec olmayaraq ödəniş etməyə borcludur. Müqavilənin 5.1-ci bəndinə əsasən Alıcı tərəfindən bu müqavilənin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaylarına riayət olunmadıqda Alıcı Təhcizatçıya hər gecikən gün üçün 0,3% dəbbə pulu (cərimə) ödəyir. xx.xx.2023-cü il tarixli, EBCO seriyalı, 854094 nömrəli elektron qaiməyə əsasən 4262,20 manat, xx.xx.2023-cü il tarixli, EBCO seriyalı, 857357 nömrəli elektron qaiməyə əsasən 100402,50 manat, xx.xx.2023-cü il tarixli, EBCO seriyalı, 860177 nömrəli elektron qaiməyə əsasən 55080,48 manat, xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 778261 nömrəli elektron qaiməyə əsasən 50487,48 manat, xx.xx.2023-cü il tarixli, EBDC seriyalı, 269344 nömrəli elektron qaiməyə əsasən 2931,12 manat, xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 727091 nömrəli elektron qaiməyə əsasən 173434,42 manat, xx.xx.2023-cü il tarixli, EBDG seriyalı, 496906 nömrəli elektron qaiməyə əsasən 6428,16 manat, xx.xx.2023-cü il tarixli, EBDG seriyalı, 868917 nömrəli elektron qaiməyə əsasən 136756,08 manat, xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 009695 nömrəli elektron qaiməyə əsasən 35684,40 manat, xx.xx.2023-cü il tarixli, EBDN seriyalı, 899409 nömrəli elektron qaiməyə əsasən 97314,86 manat, xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, 293143 nömrəli elektron qaiməyə əsasən 18176,40 manat dəyərində mallar ödənilməsi üçün İddiaçı MMC tərəfindən Cavabdeh təqdim edilmişdir. xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli bank köçürmələrinə əsasən Cavabdeh tərəfindən İddiaçı MMC-nin hesabına EBCO seriyalı, 860177 nömrəli elektron qaimə üzrə 12711,87 manat, 4237,29 manat, 4237,29 manat, 5084,75 manat və 3389,83 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2023-cü il tarixli bank köçürməsinə əsasən Cavabdeh tərəfindən İddiaçı MMC-nin hesabına EBDC seriyalı, 269344 nömrəli elektron qaimə üzrə 2489,39 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli bank köçürmələrinə əsasən Cavabdeh tərəfindən İddiaçı MMC-nin hesabına EBDB seriyalı, 778261 nömrəli elektron qaimə üzrə 16949,16 manat və 8747,58 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2023-cü il tarixli bank köçürməsinə əsasən Cavabdeh tərəfindən İddiaçı MMC-nin hesabına EBDG seriyalı, 496906 nömrəli elektron qaimə üzrə 8474,58 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2023-cü il tarixli bank köçürməsinə əsasən Cavabdeh tərəfindən İddiaçı MMC-nin hesabına EBDG seriyalı, 868917 nömrəli elektron qaimə üzrə 8474,58 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2023-cü il tarixli bank köçürməsinə əsasən Cavabdeh tərəfindən İddiaçı MMC-nin hesabına EBDE seriyalı, 727091 nömrəli elektron qaimə üzrə 8474,58 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2023-cü il tarixli bank köçürməsinə əsasən Cavabdeh tərəfindən İddiaçı MMC-nin hesabına EBDJ seriyalı, 009695 nömrəli elektron qaimə üzrə 8474,58 manat məbləğində pul köçürülmüşdür. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, elektron qaimələrə əsasən cavabdehə ümumilikdə 680958 manat dəyərində mallar təhvil verilmişdir. Cavabdeh tərəfindən isə iddiaçıya bank köçürmələrinə əsasən ƏDV daxil ümumilikdə 137650,74 manat məbləğində pul ödənilmişdir. 466262,23 manat dəyərində mallar isə iddiaçıya geri qaytarılmışdır. Nəticədə cavabdehin iddiaçıya 77045,03 manat borcu qalmışdır. Nəzərə alınmalıdır ki, tərəflər arasında müqavilədən irəli gələn mübahisə mövcud olduqda mübahisə tərəflərin razılaşdığı müqavilə şərtləri əsas götürülməklə həll edilməlidir. Lakin əks yanaşma ya müvafiq müqavilənin etibarsızlığından, ya da hər iki tərəfin iradə ifadəsi, müqavilədən irəli gələn işgüzar praktika ilə müqavilə şərtlərinin təfsirindən qaynaqlana bilər. Belə ki, Mülki Məcəllənin 404.1 – 404.2-ci maddələrinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. xx.xx.2023-cü il tarixli müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli, EBCO seriyalı, 854094 nömrəli, xx.xx.2023-cü il tarixli, EBCO seriyalı, 857357 nömrəli, xx.xx.2023-cü il tarixli, EBCO seriyalı, 860177 nömrəli, xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 778261 nömrəli, xx.xx.2023-cü il tarixli, EBDC seriyalı, 269344 nömrəli, xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 727091 nömrəli, xx.xx.2023-cü il tarixli, EBDG seriyalı, 496906 nömrəli, xx.xx.2023-cü il tarixli, EBDG seriyalı, 868917 nömrəli, xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 009695 nömrəli, xx.xx.2023-cü il tarixli, EBDN seriyalı, 899409 nömrəli, xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, 293143 nömrəli elektron qaimələr təqdim edilmiş, həmin elektron qaimələrin bir qismi cavabdehin özü tərəfindən, bir qismi isə sistem tərəfindən təsdiq edilmiş, ləğvə və ya düzəlişə qaytarılmamışdır. Eyni zamanda yuxarıda qeyd olunan bank köçürmələrinə əsasən həmin elektron qaimələr üzrə ödənişlər olunmuşdur. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, hazırkı halda tərəflər arasında malların təqdim edilməsinin elektron qaimə təqdim edilməklə rəsmiləşdirilməsi barədə işgüzar praktika formalaşmışdır. Odur ki, sübutlara məcmu şəklində qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehə ƏDV daxil 680958 manat məbləğində malların təqdim edilməsi faktı öz təsdiqini tapır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Elektron qaimə fakturalara münasibətdə məhkəmə onu qeyd edir ki, həmin elektron qaimələr borcun olmasını birbaşa təsdiq etməsə də, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış işgüzar praktika məhz elektron qaimə əsasında malların cavabdehə təhvil verilməsini sübut edir. Beləliklə iddiaçı tərəfindən cavabdehə 680958 manat dəyərində mallar təhvil verildiyi, cavabdeh tərəfindən 137650,74 manat dəyərində ödəniş olunduğu, eyni zamanda 466262,23 manat dəyərində malların iddiaçıya qaytarıldığı nəzərə alınarsa, cavabdehin iddiaçıya 77045,03 manat borcu olduğu öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, 77045,03 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin 7704,50 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 300 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən 322,04 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 118,96 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 77045,03 manat məbləğində əsas borc, 300 manat cərimə borcu olmaqla, cəmi 77345,03 manat borc və 322,04 manat məbləğində ödənilmiş dövlət rüsumun tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş 118,96 manat dövlət rüsumu İddiaçınə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-318/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-318/2025
06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver