Məhkəmə qərarları › İş №e-2-2(115)-32/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-32/2022

19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-32/2022 19.01.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi üzrə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında, məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən artıq ödənilmiş 21 405,20 manat məbləğində pul vəsaitinin, həmçinin, 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 02.01.2020-ci il tarixli, 51.012 nömrəli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma alğı-satqısı müqaviləsi imzalanmışdır.Həmin müqaviləyə əsasən İddiaçı MMC fermerə məxsus olan 30 ha torpaq sahələrində şəkər çuğundurunu stimullaşdırmaq məqsədi ilə aqroservis xidmətləri, aqrotexniki məsləhətlər, toxum, gübrə, pestisidlər və digər maddi-texniki vasitələrlə təchiz etməyi, istehsalçı isə hər bir sahədən 35 ton məhsuldan az olmayaraq əldə etməklə istehsal edib və məhsulu iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçının etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmişdir. Cavabdeh əvvəlki məhkəmə iclasında məhkəmə iclasında izahat verərək bildirmişdir ki, su qıtlığı və verilmiş dərman vasitələrinin yararsız olması səbəbindən kifayət qədər məhsul olmamışdır. Cavabdehin vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, təmsil etdiyi şəxs müqavilə üzrə öhdəliklərini lazımınca icra etmişdir. İddiaçı tərəfindən kübrə vasitələri ümumiyyətlə verilməmiş dərman vasitələrinin isə yararlılıq müddəti bitmiş olmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında tədqiq edilən sübutlara hərətəfli, tam, obyektiv və qərərsiz baxaraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki iş materiallarında "xxxx" MMC ilə Əliyev Elzamin arasında şəkər çuğunduru əkib-becərilməsinə dəstək məqsədi ilə məhsul istehsalının stimullaşdırılması barədə 02.01.2020-ci il tarixli, 51.012 nömrəli xidmət və satınalma müqaviləsi mövcuddur Məhkəmə iclasında iş üzrə təqdim edilmiş audio-video yazıya baxış keçrilən zaman müəyyən edilmişdir ki, iddiaçı tərəfindən verilmiş dərman vasitəsinin yaralıq müddəti 2018ci ildə bitmiş olması aşkar olunmuşdur. İşin hallarından göründüyü kimi Cavabdeh tərəf 3343.30 manattlıq məhsul təhvil vermişdir ki, bu isə müqavilədə nəzərdə tutulduğundan 21.405.20 manat az olmuşdur.İddiaçı həmin məbləği cavabdehdən borc kimi tələb edir. Lakin, tərəflər arasında olan müqavilənin məzmunundan göründüyü kimi tərəflərin qarşılıqlı şəkildə üzərinə götürdüyü öhdəliklərin məqsədi müəyyən edilmiş normadan az olmayan keyfiyyətli məhsulun əldə edilməsinə yönəlmişdir. Müqavilə üzrə passiv tərəf mövcud deyildir. Öhdəliklərin icrası hər iki tərəfin vaxtaşırı və mütəmadi hərəkətlərin edilməsi ilə məhsulun yığımınasına qədər davam etdirilməli olmuşdur. Yəni, müqavilənin məqsədinə bütünlüklə nail olmaq o halda mümkün ola bilərdi ki, hər bir tərəf öz üzərinə düşən öhdəliyi tam icra etmiş olsun. Məhsul birgə fəaliyyətlə əldə edilmiş olmalıdır. İddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərini tam şəkildə yerinə yetirməmişdir. Belə ki, məhsulun yetişdirilməsi üçün zəruri olan dərman vasitəsinin yararlılıq müddəti bitmiş olmuşdur. Əkinçini yararsız dərman vasitəsi ilə təmin etmişdir. Bundan başqa iddiaçı gübrənin cavabdehə təhvil verilməsini və eyni zamanda onun tərəfindən qəbul edilməsini təsdiq edən sənədi təqdim edə bilməmişdir. Bu hal sübutlarla təsdiqini tapmamışdır. Bir halda ki, həmin vasitələrin verilməsi müqavilədə nəzərdə tutulmuş miqdarda məhsulun əldə edilməsi üçün zəruri qaydada təmin olunmalı idi, olunmadığı halda hər iki çatışmazlıq məhsulun yetişməsinə mənfi təsirini göstərməyə bilməzdi. Göründüyü kimi, müqavilənin məqsədlərinə çatılmamasında cavabdehin təqsirini istisna edən hallar mövcuddur. İddiaçı müqavilə üzrə qarşılıqlı icranın əvəzi olaraq pul tələb etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbləri baxımından tərəflər arasında olan müqavilə üzrə mallarının təhvil verilməsini sübut etmək yükü iddiaçının üzərinə düşür. Qanunvericilyin tələbinə görə iddiaçı sübutetmə vəzifəsinə əməl etməklə iddia tələbinin əsaslandıran bütün faktiki halları məhkəməyə bildirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 446.4-cü maddəsinə əsasən kreditorun icranı gecikdirməsi zamanı borclu öhdəliyin icra edilməməsi üçün yalnız bu şərtlə məsuliyyət daşıyır ki, icra borclunun qərəzi və ya kobud ehtiyatsızlığı nəticəsində qeyri-mümkün olsun. 446.7-ci maddəsinə əsasən borclu öhdəliyi yalnız kreditor tərəfindən qarşılıqlı öhdəliyin icrasından sonra icra etməli olduğu halda kreditor icranı o zaman gecikdirmiş sayılır ki, təklif olunmuş icradan imtina etmədən qarşılıqlı öhdəliyin tələb olunan icrasını təklif etmir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Məhkəmə onu da qeyd edir ki, borc məbləği cavabdeh tərəfindən qəbul edilmədiyindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş iş materialları ekspertə təqdim edilmişdir. İddiçı tərəfindən iddia ərizəsinə əlavə edilməklə sübut kimi məhkəməyə təqdim edilmiş sənədlər əsasında ekspert rəy verə bilmədiyinə görə vəsatətlə əlavə sənədlər istəmişdir. Həmin sənədlərin təqdim edilməsi iddiaçıya təklif olunmuşdur. Lakin, borcun düzgün hesablanmasını müəyyən edən sənədlər iddiaçı tərəfindən təqdim edilmədiyindən mübahisəli borc məbləği barədə ekspert rəy verə bilməmişdir. Göründüyü kimi ekspert rəyi ilə müəyyən olunmalı faktın taleyi qeyd olunan səbəbdən həll edilə bilməmişdir. Bununla da iddiaçı tərəf Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci və 78.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsində göstərilir ki, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə onu da qeyd edir ki, iddiaçının istinad etdiyi və sübut kimi məhkəməyə təqdim etdiyi elektron qaimələr və elektron vergi-hesab fakturaları malların məxaricini bildirən uçot sənədidir. Elektron qaimələrin tətbiqi vergi nəzarəti mexanizminin daha səmərəli təşkilinə xidmət edir. Odur ki, elektron qaimələr malların cavabdehə təhvil verilməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilmir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli, 89 saylı qərarı ilə təsdiq edilmiş “elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli 26 №-li qərarı ilə təsdiq edilmiş “elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” qaydalarının 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Göstərilən qaydaların məzmunundan da görünür ki, elektron qaimə – fakturanın təyinatı ilkin uçot sənədi kimi nəzərdə tutulmuşdur və qaimə – faktura məhz malların alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər - qaimələr, qəbzlər, təhvil-təslim aktları və s. əsasında doldurulmalıdır. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş qaimə – fakturalarda nəinki təhvil – təslim aktı, göstərilməli olan məlumatların heç biri qeyd olunmamış və elektron vergi hesab-fakturasının "Əsas" rekvizitində də əksini tapmamışdır. Təhvil – təslim aktının qaimə – fakturanın doldurulması üçün əsas sənədlərdən biri hesab olunması da onu təsdiq edir ki, qaimə – faktura malın təhvil verilməsini təsdiq edən sənəd deyildir. Beləliklə, məhkəmə işin hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia üzrə İddiaçı Cavabdeh qarşı 21 405,20 manat borcun tutulması tələbi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 218.3-cü maddəsinə əsasən məhkəmə yalnız irəli sürülən tələb üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin rəhbər tutub qət etdi: İddiaçı Cavabdeh qarşı cavabdehdən iddiaçının xeyrinə 21405.20 (iyirmi bir min dörd yüz beş manat iyirmi qəpik) manat borcun tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar