Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-322/2024 05.04.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətina qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı ilə"xxxx" MMC arasında bağlanmış 11 fevral 2022-ci il tarixli 15/2020 nömrəli “Radiotezliklərin və radioelektron vasitələrinin (REV) qeydiyyatı, qanunvericiliyə uyğun istifadə olunması və ödənişlərin tənzimlənməsi haqqında müqaviləyə əsasən cavabdehdən 2022-ci il üçün 7855,28 manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqının və mediasiya xərci olaraq ödənilmiş 110 manat pul vəsaitinin tutularaq İddiaçı hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı ilə "xxxx" MMC arasında 11 fevral 2022-ci il tarixində 15/2020 nömrəli “Radiotezliklərin və radioelektron vasitələrinin (REV) qeydiyyatı, qanunvericiliyə uyğun istifadə olunması və ödənişlərin tənzimlənməsi haqqında Müqavilə” imzalanmışdır. Müqavilənin 3.1.1-ci bəndinə müvafiq olaraq cavabdeh istismar etdiyi radioelektron vasitələrinin anketlərini iddiaçıya təqdim etmiş, anketlərə əsasən iddiaçı tezlik və radioelektron vasitələrindən istifadəyə görə cavabdehə 2022-ci il üçün 7 983,42 manat məbləğində xx.xx.2022-ci il tarixli DRİ2022-06/345 nömrəli və xx.xx.2022-ci il tarixli DRİ2022-10/211 nömrəli hesablar göndərmişdir. Cavabdehə təqdim olunmuş hesablar Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 23 iyul 2004-cü il tarixli 9 nömrəli iclas Protokolunun Qərarı ilə təsdiq edilmiş “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri”nin 34-cü, 40-cı, 49-cu bəndlərinə və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının “Azərbaycan Respublikasında radiotezlik spektrindən istifadəyə görə birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlərin hesablanması Metodikası”nın təsdiq edilməsi haqqında 19 sentyabr 2022 - ci il tarixli KQ-10/22 nömrəli Qərarına əsasən tərtib olunmuşdur. Cavabdeh müqavilə üzrə öhdəliyini tam icra etmədiyi üçün qeyd edilən dövrdən 7855,28 manat məbləğində borcu hal-hazıradək qalmaqdadır. Qanunvericiliyə müvafiq olaraq “Cavabdeh”ə xx.xx.2023-cü il tarixli 3-27-119/2-395/2023 nömrəli “Pretenziya” məktubu və mediasiyada iştiraka dair xx.xx.2023-cü il tarixli 3-27-119/2-845/2023 nömrəli “Mediasiya prosesinin tətbiqi barədə təklif” göndərilmişdir. Lakin, cavabdeh tərəfindən DRİ-nin pretenziya məktubuna və mediasiyaya dair təklifinə cavab verilməmişdir. Kommersiya mübahisəsinin mediasiya vasitəsilə həll edilməsi məqsədilə Bakı 2 saylı Mediasiya Təşkilatına müraciət olunmuşdur. X1 xx.xx.2023-cü il tarixinə təyin etdiyi ilkin mediasiya sessiyasında cavabdehin nümayəndəsi iştirak etməmişdir. Bu haqda mediator xx.xx.2023cü il tarixində MŞB/2-3872/2023 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayış tərtib edərək iddiaçıya təqdim etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında izahatında bildirdi ki, "xxxx" MMC hal-hazırda da fəaliyyət göstərir. Məhkəməyə müraciət etmişdilər ki, mübahisəni məhkəmə qaydasında həll etsinlər. Cavabdehə məsələnin həlli ilə bağlı şifahi müraciət etmişdirlər. Cavabdeh tərəf bildirmişdir ki, ödəyəcəklər, amma heç bir nəticə yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahatında bildirdi ki, o, borcunu ödəməyə razıdır. Amma qeyd etmək istəyir ki, lisenziya aldığı vaxt ona şifahi olaraq quraşdırdığı avadanlıq üçün ödənişin 300 manat olduğunu bildirmişdilər. Bu səbəbdən ilkin ödəniş etmək lazım olanda o bunu bilmirdi. Eyni zamanda bildirir ki, ilkin ödənişin məbləği 5 QHs tezlik diapazonu üçün hesablanıb, amma ona o vaxt ancaq 2.4 QHs-lik tezlik diapazonundan istifadəyə icazə vermişlər. Onu da bildirmək istəyir ki, onun borcları imkan olarsa yeni sahibkarlar üçün olan sərfəli tariflə hesablansın. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: radiotezliklərin və radioelektron vasitələrin qeydiyyatı, qanunvericiliyə uyğun istifadə olunması və ödənişlərin tənzimlənməsi haqqında müqavilə, malların işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 441.1-ci maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.4-ci maddəsinə görə əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış arasında 11 fevral 2022-ci il tarixli, 15/2020 nömrəli “Radiotezliklərin və radioelektron vasitələrinin (REV) qeydiyyatı, qanunvericiliyə uyğun istifadə olunması və ödənişlərin tənzimlənməsi haqqında müqaviləyə əsasən tərəflər sifarişçiyə simsiz məlumat ötürmə şəbəkəsi üçün radiotezliyin təyin edilməsi, radiotezlikdən təyinatı üzrə istifadə olunması, radiotezlik nominallarının və REV-lərin qeydiyyatı üçün mövcud tariflərə uyğun ödəniş şərtləri, tərəflərin öhdəlikləri və digər məsələlər barədə razılığa gəlmişlər. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilənin dəyəri sifarişçinin bu müqavilə ilə gələcəkdə müqaviləyə ediləcək əlavələrlə icraçıya təqdim etdiyi anket məlumatlarına əsasən icraçının göstərdiyi xidmətlərə görə qüvvədə olan mövcud tariflərə uyğun olaraq hesablanır. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən sifarişçi icraçı tərəfindən ona bu müqavilə ilə nəzərdə tutulmuş xidmətlərlə bağlı təqdim olunmuş hesab-faktura eləcə də, hesab fakturanı əvəz edən hər hansı bir ödəniş tələbnaməsi üzrə ödəməni 10 bank günü müddətində təmin etməlidir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilərək simsiz məlumat ötürmə şəbəkəsi üçün radiotezlik təyin edilmiş, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə onun 7855,28 manat borcu yaranmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflər arasında bağlanmış müqavilə, elektron qaimələrlə və cavabdehin nümayəndəsinin izahatı ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, 7855,28 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Elektron qaimə fakturalara münasibətdə məhkəmə onu qeyd edir ki, həmin elektron qaimələr borcun olmasını birbaşa təsdiq etməsə də, cavabdehin nümayəndəsinin izahatı ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, cavabdehin qeyd olunan borcu mövcuddur. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmiş, lakin Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 110 manat mediasiya xərcini ödəmişdir. Eyni zamanda iddiaçı tərəfindən 110 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 110 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 110 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 99,66 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 7855,28 manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqı və 110 manat çəkilmiş mediasiya xərci olmaqla, cəmi 7965,28 manat tutularaq iddiaçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçınə ödənilməli, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindan 99,66 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 7855,28 manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqı və 110 manat çəkilmiş mediasiya xərci olmaqla, cəmi 7965,28 manat tutularaq iddiaçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçınə ödənilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindan 99,66 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-322/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-322/2024
05.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver