Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-323/2021 20.05.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X1 qarşı borc tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X1 qarşı məhkəməyə müraciət edərək cavabdehdən 117 938,58 manat borcun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçınını nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək cavabdehdən 117 938,58 manat əsas borcun, uçot dərəcəsinə əsasən gecikdirilmiş borca görə hesablanmaş 12 882 manatın, ümumilikdə 143 703,14 manat pulun tutularaq iddiçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki,tərəflər arasında bağlanmış 24.04.2019-cu il tarixli alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı malları alıcıya satmağı, alıcı isə malların dəyərini ödəməyi öhdəsinə götürmüş, cavabdeh ilk dövrdə öhdəlikləri yerinə yetirsə də sonradan öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə 19 may 2021-ci il tarixli məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. Əsaslı olduğundan təminolunmasını xahiş etmişdir. Cavabdeh X1 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq iclasda iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materialında olan: 24 aprel 2019-cu il tarixli, 06/19-S nömrəli müqavilənin surətindən görünür ki, tərəflər arasında malların alğı-satqısına dair razılaşma olmuş, razılaşma əsasında satıcı İddiaçı MMC malları verməyi, alıcı X2 isə təhvil aldığı malların dəyərini ödəməyi öhdəlik kimi götürmüşdür. Müqavilənin 4.2-ci bəndində göstərilir ki, alıcıya satılmış məhsulun dəyəri mal təhvil verildikdən sonra və qaimə faktura ardıcıllığı nəzərə alınmaqla 15 təqvim günü ərzində ödənilməlidir. Göründüyü kimi, iddiaçı müqaviləsi üzrə satılmış malların ödənilməmiş dəyərini tələb etdiyindən, cavabdeh isə müqavilə üzrə müxtəlif adda yeyinti mallarının təhvil verilməməsini bildirdiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbləri baxımından tərəflər arasında alqı-satqı müqaviləsi üzrə müxtəlif adda yeyinti mallarının təhvil verilməsini sübut etmək yükü iddiaçının üzərinə düşür. Qanunvericilyin tələbinə görə iddiaçı sübutetmə vəzifəsinə əməl etməklə iddia tələbinin əsaslandıran bütün faktiki halları məhkəməyə bildirməlidir. İddiaçının təqdim etdiyi hallar tam deyildirsə, iddia tələbi elə bu səbəbdən rədd edilməlidir. Məlum olduğu kimi, alqı-satqı müqaviləsi “öhdəlik müqaviləsi” təbiətində bir öhdəlik yaradıcı əqddir; alıcı və satıcının qarşılıqlı və bir-birinə uyğun iradələri ilə mübadilə əlaqəsi içərisində yer alan qarşılıqlı öhdəliklər meydana gətirir. Alıcının əsas vəzifəsi satış qiymətini ödəmək, satıcının əsas vəzifəsi isə malın təqdim olunması və mülkiyyətinin ötürülməsi şəklində meydana çıxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. - 181.2-ci maddəsinə əsasən əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. -570.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda, alqı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır. -577.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsi verilməli əşyaların miqdarını müəyyənləşdirməyə imkan vermirsə, müqavilə bağlanmış sayılmır. -425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd edilən maddi hüquq normalarının məzmunundan göründüyü kimi alqı-satqı müqaviləsi üzrə satıcının pul ödəmək öhdəliyi yalnız alıcı tərəfindən əşyanın qəbul edilməsi ilə yaranır. Lakin iddiaçı tərəfindən məhkəməyə tələb olunan məbləğdə malların cavabdehə təhvil verilməsini təsdiq edən hər hansı bir sübut təqdim olunmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi və sübut kimi məhkəməyə təqdim etdiyi elektron qaimələr və elektron vergi-hesab fakturaları malların məxaricini bildirən uçot sənədidir. Elektron qaimələrin tətbiqi vergi nəzarəti mexanizminin daha səmərəli təşkilinə xidmət edir. Odur ki, elektron qaimələr malların cavabdehə təhvil verilməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilmir. Həmçinin, tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndində göstərilir ki, alıcıya satılmış məhsulun dəyəri mal təhvil verildikdən sonra və qaimə faktura ardıcıllığı nəzərə alınmaqla 15 təqvim günü ərzində ödənilməlidir. Lakin iş üzrə iddiaçı tərəf sübut qismində elektron qaimələr təqdim etmiş, həmin qaimələrdə isə malların cavabdeh tərəfindən təhvil alınması öz əksini tapmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli, 89 saylı qərarı ilə təsdiq edilmiş “elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli 26 №-li qərarı ilə təsdiq edilmiş “elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” qaydalarının 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Göstərilən qaydaların məzmunundan da görünür ki, elektron qaimə – fakturanın təyinatı ilkin uçot sənədi kimi nəzərdə tutulmuşdur və qaimə – faktura məhz malların alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər - qaimələr, qəbzlər, təhvil-təslim aktları və s. əsasında doldurulmalıdır. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş qaimə – fakturalarda nəinki təhvil – təslim aktı, göstərilməli olan məlumatların heç biri qeyd olunmamış və elektron vergi hesab-fakturasının "Əsas" rekvizitində də əksini tapmamışdır. Təhvil – təslim aktının qaimə – fakturanın doldurulması üçün əsas sənədlərdən biri hesab olunması da onu təsdiq edir ki, qaimə – faktura malın təhvil verilməsini təsdiq edən sənəd deyildir. Beləliklə məhkəmə işin hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddianın predmeti olan 117 938,58 manat əsas borcun tutulması tələbi əsaslı sayılmadığınan, iddia həm əsas, həm də əlavə tələblər təmin olunmamalıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5, 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdeh X1 qarşı cavabdehdən 117 938,58 manat əsasə borcun və uçot dərəcəsinə əsasən gecikdirlmiş borca görə hesablanmış 12.882 manatın, ümumilikdə 143.703,14 manat pulun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən : Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-323/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-323/2021
20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver