Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-328/2021 19.05.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, Cavabdeh X1 nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı “xxxx” ATSC-nin cavabdeh X2 qarşı borcun ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” X5 Cəmiyyəti cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 112 630,42 manat məbləğində pul tutulması barədə qətnamə əqbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 ilə “xxxx” ATSC arasında bağlanmış 07 yanvar 2019-cu il tarixli, 03 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı qismində çıxış edən “xxxx” ATSC, alıcı qismində çıxış edən R.V.Əliyevə müvafiq dövlət standartlarına və texniki şərtlərə cavab verən alkoqollu içkiləri satmağı, alıcı isə aldığı həmin malları qəbul etməyi bu müqavilənin şərtlərinə uyğun olaraq aldığı malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı “xxxx” X5 Cəmiyyəti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İşə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh X1 nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək malların təhvil verilməsi barədə sübutların olmadığını bildirmiş, işə mahiyyəti üzrə baxılaraq iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. Göründüyü kimi, iddiaçı müqaviləsi üzrə satılmış malların ödənilməmiş dəyərini tələb etdiyindən, cavabdeh isə müqavilə üzrə spirtli içkilərin təhvil verilməməsini bildirdiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbləri baxımından tərəflər arasında alqı-satqı müqaviləsi üzrə müxtəlif adda yeyinti mallarının təhvil verilməsini sübut etmək yükü iddiaçının üzərinə düşür. Məlum olduğu kimi, alqı-satqı müqaviləsi “öhdəlik müqaviləsi” təbiətində bir öhdəlik yaradıcı əqddir; alıcı və satıcının qarşılıqlı və bir-birinə uyğun iradələri ilə mübadilə (sinallaqma) əlaqəsi içərisində yer alan qarşılıqlı öhdəliklər meydana gətirir. Alıcının əsas vəzifəsi satış qiymətini ödəmək, satıcının əsas vəzifəsi isə malın təqdim olunması və mülkiyyətinin ötürülməsi şəklində meydana çıxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. - 181.2-ci maddəsinə əsasən əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. - 570.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda, alqı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır. - 577.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsi verilməli əşyaların miqdarını müəyyənləşdirməyə imkan vermirsə, müqavilə bağlanmış sayılmır. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd edilən maddi hüquq normalarının məzmunundan göründüyü kimi alqı-satqı müqaviləsi üzrə satıcının pul ödəmək öhdəliyi yalnız alıcı tərəfindən əşyanın qəbul edilməsi ilə yaranır. Lakin iddiaçı tərəfindən məhkəməyə tələb olunan məbləğdə malların cavabdehə təhvil verilməsini təsdiq edən hər hansı bir sübut təqdim olunmamışdır. İddiaçının istinad etdiyi və məhkəməyə təqdim etdiyi sübutlar elektron qaimələr və elektron vergi-hesab fakturalarıdır. Məhkəmə qed edir ki, elektron qaimələr malların məxaricini bildirən uçot sənədidir. Elektron qaimələrin tətbiqi vergi nəzarəti mexanizminin daha səmərəli təşkilinə xidmət edir. Odur ki, elektron qaimələr malların cavabdehə təhvil verilməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilmir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli, 89 saylı qərarı ilə təsdiq edilmiş “elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli 26 №-li qərarı ilə təsdiq edilmiş “elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” qaydalarının 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Göstərilən qaydaların məzmunundan da görünür ki, elektron qaimə-fakturanın təyinatı ilkin uçot sənədi kimi nəzərdə tutulmuşdur və qaimə-faktura məhz malların alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər - qaimələr, qəbzlər, təhvil-təslim aktları və s. əsasında doldurulmalıdır. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş qaimə – fakturalarda nəinki təhvil – təslim aktı, göstərilməli olan məlumatların heç biri qeyd olunmamış və elektron vergi hesab-fakturasının "Əsas" rekvizitində də əksini tapmamışdır. Təhvil – təslim aktının qaimə – fakturanın doldurulması üçün əsas sənədlərdən biri hesab olunması da onu təsdiq edir ki, qaimə – faktura malın təhvil verilməsini təsdiq edən sənəd deyildir. Beləliklə məhkəmə işin hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddianın predmeti olan 112 630,42 manat məbləğində malın cavabdehə təhvil verilməsi sübuta yetirilmədiyindən iddia rədd olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5, 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı “xxxx” ATSC-nin cavabdeh X2 qarşı cavabdehdən 112.6430,42 manat pulun tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-328/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-328/2021
19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver