Məhkəmə qərarları › İş №e-2-2(115)-329/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-329/2025

21.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-329/2025 21.04.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alğı-satqı müqaviləsi) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, S120/22 saylı Təchizat Müqaviləsi əsasında 2973,74 manat əsas, 5896,92 manat dəbbə pulu və 108 manat ödənilən dövlət rüsumu olmaqla cəmi, 8978,66 manatın cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilməsinə dair qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə “X8 Company” MMC ilə cavabdeh arasında S120/22 saylı “Təchizat” müqaviləsi müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “X8 Company” MMC, yəni Satıcı bu müqavilədə nəzərdə tutulmuş mallarıalıcıya sataraq onun mülkiyyətinə verməyi, Alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini Təchizatçıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin “hesablaşma qaydaları” başlıqlı 4-cü maddəsinə əsasən Bu “Müqavilə”nin 2.4-cü bəndinə uyğun olaraq “Mal”ların “Satıcı” qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş “Mal”ın ödənişi onun satıldığı tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində “Satıcı”nın ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. “Mal”ların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, “Alıcı” satılan “Mal”ın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. “Mal”ların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu “Müqavilə”yə əsasən onun dəyərinə daxildir. “Satıcı”nın ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş “Mal”lar ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən, çatdırılmış “Mal”ların nağd şəkildə ödənişi mümkündür. Lakin həmin müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturalarıəsasında mallar təchizatçı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq, alıcı elektron-qaimələrə əsasən ƏDV daxil olmaqla 2973,74 manat malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq təchizatçıya, yəni"xxxx" MMC-yə ödəməmişdir. Mübahisələrin həlli ilə bağlı müddəaları nəzərdə tutan 6-cı maddəsinin tələbinə görə“Tərəflər” arasında bütün mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə məhkəma qaydasında həll olunur. Müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı alıcıya pretenziya məktubu gödəndilmiş, lakin borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir.

3. 14 fevral 2025-ci il tarixdə İddiaçı MMC iddia tələbinin artırılması barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, S120/22 saylı Təchizat Müqaviləsi əsasında 3053,74 manat əsas, 6547,38 manat dəbbə pulu və 108 manat ödənilən dövlət rüsumu olmaqla cəmi, 9709,12 manat cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilməsinə dair qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçının nümayəndəsi X1 xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə məlumat daxil edərək bildirmişdir ki, hazirki iş üzrə Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan 28 iyul 2023-cü il tarixli "Satış üçün təqdim olunan malların qeri qaytarılması aktı" şirkətin informasiya bazasında mövcud deyil və həmin akt üzrə mallar anbara geri qaytarılmayıb. Eyni zamanda təqdim edilmiş "Satış üçün təqdim olunan malların qeri qaytarılması aktı"-nın ümumi dəyəri satış sənədlərinə əsasən 2345,34 (iki min üç yüz qırx beş manat 34 qəpik) manat təşkil edir.

İİ.Tərəflərin mövqeyi

5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir.

6. İddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, cavabdehin bildirdiyi qaytarılan mallar şirkətin anbarına təhvil verilmədiyi üçün borc silinməyib. Buna görə də qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

7. Cavabdeh xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixli məhkəmə iclaslarında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, firma ilə malların alqı-satqısı ilə bağlı müqavilə bağlanıb, lakin malların zəif satışı üçün geri qaytarma olub. Geri qaytarma ilə bağlı sənədlər də var. Mallar qaytarılandan sonra borc qalmamışdır. Malları təhvil alan Şahid firmanın satış meneceri olmuşdur. Həmçinin, dəfələrlə audit yoxlaması gəlib və borc olmadığı ortaya çıxıb.

8. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadə verərək bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə satış təmsilçisi olaraq işə başlamış, xx.xx.2023-cü il tarixdə işdən çıxarılmışdır. Məhsullar şirkətə təhvil verilib. Malı geri qaytaranda geri qaytarma aktını onlar təqdim edirlər. Mal geri qaytarılanda heç bir şirkət təmizlik aktı vermir. O, ancaq geri qaytarılmalı olan malları yazıb göndərir. Malın anbara təhvil verilməsinə isə o məsuliyyət daşımır. Malları geri qaytardıqdan sonra cavabdehin borcu sıfırlanmışdır.

9. Sübutların tədqiqi

10. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, S 120/22 nömrəli “Təchizat müqaviləsi”nə əsasən İddiaçı MMC, yəni satıcı bu müqavilədə nəzərdə tutulmuş malları Cavabdeh yəni, alıcıya satmağı, alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür.

11. xx.xx.2025-ci il tarixli, 269 nömrəli qarşılıqlı üzləşdirmə aktından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə İddiaçı MMC-yə olan borcu 3053,74 manat təşkil edir.

12. Elektron qaimələrdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2022ci il tarixli 303999 nömrəli qaimə üzrə 134,08 manat, xx.xx.2022-ci il tarixli 303941 nömrəli qaimə üzrə 142 manat, xx.xx.2022-ci il tarixli 301033 nömrəli qaimə üzrə 181,02 manat, xx.xx.2023-cü il tarixli 905113 nömrəli qaimə üzrə 142,60 manat, xx.xx.2023-cü il tarixli 964101 nömrəli qaimə üzrə 451,44 manat, xx.xx.2023-cü il tarixli 975336 nömrəli qaimə üzrə 183,60 manat, xx.xx.2023-cü il tarixli 239827 nömrəli qaimə üzrə 148,68 manat, xx.xx.2023-cü il tarixli 262827 nömrəli qaimə üzrə 475,20 manat, xx.xx.2023-cü il tarixli 288997 nömrəli qaimə üzrə 442,80 manat, xx.xx.2023-cü il tarixli 734934 nömrəli qaimə üzrə 157,44 manat, xx.xx.2023-cü il tarixli 462168 nömrəli qaimə üzrə 844,08 manat məbləğində malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaiməfakturalar ötürülmüşdür.

13. Sifariş qaimələrindən görünür ki, İddiaçı MMC tərəfindən sifarişçi Cavabdeh xx.xx.2023-cü il tarixdə 22,68 manat ƏDV daxil ümumilikdə 148,68 manat, xx.xx.2023-cü il tarixdə 128,76 manat ƏDV daxil ümumilkidə 844,08 manat, xx.xx.2023-cü il tarixdə 67,54 manat ƏDV daxil ümumilikdə 442,80 manat, xx.xx.2023-cü il tarixdə 72,48 manat ƏDV daxil ümumilikdə 475,20 manat, xx.xx.2023-cü il tarixdə 28,01 manat ƏDV daxil ümumilikdə 183,60 manat, xx.xx.2023-cü il tarixdə 68,86 manat ƏDV daxil ümumilikdə 451,44 manat, xx.xx.2023-cü il 21,66 manat ƏDV daxil ümumilikdə 142 manat, xx.xx.2023-cü il tarixdə 21,75 manat ƏDV daxil ümumilikdə 142,60 manat, xx.xx.2022-ci il tarixdə 20,57 manat ƏDV daxil ümumilikdə 134,88 manat, xx.xx.2022-ci il tarixdə 27,61 manat ƏDV daxil ümumilikdə 181,21 manat, xx.xx.2023-cü il tarixdə 72,48 isə manat ƏDV daxil ümumilikdə 475,20 manat məbləğində mallar çatdırılmış və Çinarlı marketin işçiləri tərəfindən təhvil alınmışdır.

14. 23 avqust 2023-cü il tarixli 430089 nömrəli, 14 iyul 2023-cü il tarixli 413297 nömrəli, 03 avqust 2023-cü il tarixli 429865 nömrəli, 15 may 2023-cü il tarixli 392985 nömrəli və 01 mart 2023-cü il tarixli 347318 nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə ümümilikdə 250 manat ödəniş edilmişdir.

15. xx.xx.2025-ci il tarixli dəqiqləşdirlmiş maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixinə Cavabdeh yazılan qaimələr üzrə İddiaçı MMC-yə 3053,74 manat əsas borcu və 6547,38 AZN cərimə borcu olmaqla cəmi 9601,12 manat borcunun olması göstərilmişdir.

16. xx.xx.2023-cü il tarixli satış üçün təqdim edilən malların geri qaytarılması aktından və 29 iyul 2023-cü il tarixli qaytarma fakturasından görünür ki, ümumilikdə 2667,58 manat dəyərində olan mallar geri qaytarılmışdır.

17. 13.05.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh 2973,74 manat borcun xx.xx.2024-cü il tarixə kimi ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

II. Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 597. Satılan əşyanın qiyməti 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

19. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2021-ci il tarixli Qərarı

Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir.

III. Məhkəmənin mövqeyi

a) Alğı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı

20. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

21. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

22. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixli, S120/22 nömrəli “Təchizat müqaviləsi”nə əsasən İddiaçı MMC, yəni satıcı bu müqavilədə nəzərdə tutulmuş malları Cavabdeh yəni, alıcıya satmağı, alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək malları cavabdehə təhvil vermiş, lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş və nəticədə onun iddiaçıya borcu qalmışdır.

23. Hazırda iddiaçı xx.xx.2022-ci il il tarixli, S120/22 nömrəli “Təchizat müqaviləsi”nə müqaviləsi üzrə 3053,74 manat məbləğində qalıq borcun ödənilməsini tələb edir.

24. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

25. Mülki Məcəllənin alğı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

26. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə alğı-satqı müqaviləsi olub, iddiaçının tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

27. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn tələb etmək hüququnu realizə edir.

28. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

29. İş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə elektron qaimələr əsasında ümumilikdə 3303,74 manat dəyərində mallar verilmiş, cavabdeh tərəfindən isə 250 manat məbləğində alınmış malların müqabilində ödəniş edildikdən sonra cavabdehin 3053,74 manat məbləğində borcu qalmışdır. Qeyd olunan hallar işin mübahisələndirilməyən halıdır.

30. İşin mübahisələndirilən halı isə ondan ibarətdir ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli satış üçün təqdim edilən malların geri qaytarılması aktı təqdim edilmiş və ümumilikdə 2667,58 manat dəyərində olan malların geri qaytarıldığı və borcun olmaması bildirilmiş, iddiaçı isə həmin hala etiraz edərək, malların şirkətin anbarına təhvil verilmədiyini və buna görə də həmin aktın nəzərə alınmamalı olduğunu bildirmişdir.

31. Bununla yanaşı, iddiaçının nümayəndəsi X1 xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə məlumat daxil edərək bildirmişdir ki, hazirki iş üzrə Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan 28 iyul 2023-cü il tarixli "Satış üçün təqdim olunan malların qeri qaytarılması aktı" şirkətin informasiya bazasında mövcud deyil və həmin akt üzrə mallar anbara geri qaytarılmayıb. Eyni zamanda təqdim edilmiş "Satış üçün təqdim olunan malların qeri qaytarılması aktı"-nın ümumi dəyəri satış sənədlərinə əsasən 2345,34 (iki min üç yüz qırx beş manat 34 qəpik) manat təşkil edir.

32. Məhkəmə qeyd olunan akt üzrə malların qaytarılıb-qaytarılmadığına münasibətdə bildirir ki, qeyd olunan akt iddiaçının , yəni şirkətin satış təmsilçisi Şahid və mağazanın nümayəndəsi olaraq Cavabdeh arasında tərtib olunmuş və ümumilikdə 2667,58 manat dəyərində olan malların geri qaytarıldığı təsdiq edilmişdir.

33. Həmin halla bağlı ifadə verməsi üçün tərəflərin vəsatətinə əsasən Şahid qismində məhkəmə iclasına dəvət edilmiş və o, məhkəmə iclasında verdiyi izahatında həqiqətən də ümumilikdə 2667,58 manat dəyərində olan malları cavabdehdən geri təhvil aldığını və cavabdehin heç bir borcu qalmadığını bildirmişdir.

34. Odur ki, məhkəmə şahidin ifadəsinə münasibət bildirərək qeyd edir ki, cavabdeh tərəfindən 2667,58 manat dəyərində olan malların geri qaytarılması faktı həm şahidin ifadəsi, həm də şirkətin satış təmsilçisi və mağaza müdiri olan cavabdeh arasında bağlanmış aktla tam təsdiqini tapmışdır.

35. Məhkəmə iddiaçı tərəfin etirazı ilə bağlı qeyd edir ki, həmin malların şirkətin anbarına təhvil verilib-verilməməsi şirkət ilə malları təhvil alan şirkətin satış təmsilçisi arasında olan məsələ olduğundan, hazırki mübahisənin predmetini təşkil etmir.

36. Lakin məhkəmə cavabdehin mallar geri qaytarıldıqdan sonra borcunun olmamasına münasibətdə qeyd edir ki, həmin hal öz təsdqini tam olaraq tapmır. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə elektron qaimələr əsasında ümumilikdə 3303,74 manat dəyərində mallar verilmiş, cavabdeh tərəfindən isə 250 manat məbləğində alınmış malların müqabilində ödəniş edilmiş və 2667,58 manat dəyərində olan mallar qaytarılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehə verilmiş ümumi malların dəyərindən cavabdeh tərəfindən ödənilən məbləğ və geri qaytarılmış malların dəyəri çıxıldıqdan sonra qalıq qalan məbləğ cavabdehin borcunu təşkil edəcəkdir. Yəni, 3303,74-(250+2667,58)=386,16 manat borc.

37. Beləliklə, məhkəmə hesab edir ki, alğı-satqı müqaviləsi üzrə öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

38. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi 386,16 manat məbləğində pulun tutulması hissəsində əsaslıdır.

b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

39. İddia ərizəsində iddiaçı xx.xx.2022-ci il tarixli S120/22 nömrəli müqavilə üzrə 6547,38 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.

40. Qeyd olunan müqavilənin 5.1-ci bəndinə əsasən, cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,3%-i məbləğində cərimə ödəməlidir.

41. Həm borclunun iqtisadi vəziyyətini, həm də kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə alan məhkəmə hesab edir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən dəbbə pulu əsas borc məbləğinin beş faizi miqdarında hesablanmalıdır.

42. Məhkəmə cavabdehlərin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 6547,38 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulunun (penya) azaldılaraq 19,30 manat həddində (əsas borcun 5%-i həddində) müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

43. İddiaçı eləcə də 108 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

44. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, **********49 nömrəli mədaxil qəbzi ilə 108 manat, **********6 nömrəli qəbz ilə isə 8,10 manat olmaqla, ümumilikdə 116,10 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

45. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

46. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

47. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul Cavabdeh tutularaq İddiaçı MMC-nə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan 86,10 manat hissəsi isə İddiaçı MMC-nin özünə aid edilməlidir.

IV. Məhkəmənin gəldiyi nəticə

48. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, S120/22 nömrəli təchizat müqaviləsinə əsasən 386,16 manat əsas borc, 19,30 manat cərimə borcu olmaqla, cəmi 405,46 (dörd yüz beş manat qırx altı qəpik) manat pul Cavabdeh tutularaq İddiaçıMMC-nə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.

49. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən

QƏT ETDİ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, S120/22 nömrəli təchizat müqaviləsinə əsasən 386,16 manat əsas borc, 19,30 manat cərimə borcu olmaqla, cəmi 405,46 (dörd yüz beş manat qırx altı qəpik) manat pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan 86,10 (səksən altı manat on qəpik) manat hissəsi İddiaçı özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Əbülfəz Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar