Məhkəmə qərarları › İş №e-2-2(115)-332/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-332/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-332/2021 02.06.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh Əsədov Elnur Ədazil oğlunun iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti borclu Cavabdeh qarşı məhkəmə əmrinin verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, SR-2045 markalı 561409 şassi nömrəli, Z36968 mühərrik nömrəli taxılyığan kombayna görə 3000 manat məbləğdə ödənilməmiş borcun və 20 manat dövlət rüsumunun – cəmi 3020 manat məbləğin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsinə dair məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 03.03.2021-ci il tarixli e-2-2(115)-332/2021 saylı məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu Cavabdeh 30.03.2021-ci il tarixdə Gəncə Kommersiya Məhkəməsinin 03.03.2021-ci il tarixli e-2-2(115)-332/2021 saylı məhkəmə əmrinə yazılı etiraz təqdim etmişdir. Borclunun etirazı onunla əsaslandırılmışdır ki, məhkəmə əmrində göstərilənlər tamamilə əsassdır. O müqavilədə nəzərdə tutulan müddətdə texnikadan istifadəyə görə haqqı ödəmiş və texnikanı vaxtında kreditora təqdim etmişdir. Onun kreditora heç bir borcu yoxdur. Buna dair sübutlarını məhkəməyə təqdim edəcəkdir. Ona görə də hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2021-cı il tarixli məhkəmə əmri ləğv edilməli və işə mahiyəti üzrə iddia icraatı qaydasında yenidən baxılmalıdır. Gəncə Kommersiya Məhkəməsinin 30.03.2021-ci il tarixli e-2-2(115)-332/2021 saylı qərardadına əsasən etiraz təmin edilmiş, Gəncə Kommersiya Məhkəməsinin 03.03.2021ci il tarixli e-2-2(115)-332/2021 saylı məhkəmə əmri ləğv edilmiş və iş üzrə iddia icraatına keçirilmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, kreditor İddiaçı ASC ilə borclu Cavabdeh arasında bağlanmış 2019-cu il 01 iyun tarixli 03/00023963 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd SR-2045 markalı 561409 şassi nömrəli, Z36968 mühərrik nömrəli taxılyığan kombaynı 2019-cu il taxıl biçini mövsümü ərzində istifadəyə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borclu arasında bağlanmış 03/00023963 nömrəli müqaviləyə əsasən 6000 manat öhdəlikdən 3000 manat ödəniş edərək 3000 manat borcu qalmışdır. Borclunun cəmiyyətə hal-hazırda 3 000 manat borcu vardır. Lakin, borclu vaxtında iddiaçıya olan borcunu qaytarmadığından kreditor dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, borclu bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, kreditor məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Borclu öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki bağlanmış müqavilənin 2.2.2.-ci bəndinə əsasən borclu lizinq ödənişlərini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.1-ci bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Bununla da cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh 6000 manat məbləğində borcdan 3000 manat ödəniş etmiş, qalan hissəni ödəməmişdir. Ona görə də, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək izahatında bildirdi ki, iddiaçı ilə müqavilə bağlayaraq taxılyığan kombaynı taxıl biçini mövsümü ərzində lizinqə götürmüşdür. 6000 manat məbləğində borcdan 3000 manat ödəniş etmişdir. İşi olmadığı üçün texnikanı 1 ay 4 gündən sonra təhvil vermişdir. Lakin, müqaviləyə xitam verilməmişdir. Hazırda borcu ödəmək niyyətindədir. Təxminən 1 ay ərzində borcunu tamamilə ödəyəcəkdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş “xxxx” ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 01.06.2019-cu il tarixli 03/00023963 nömrəli müqavilədən görünür ki, İddiaçı ASC ilə borclu Cavabdeh arasında bağlanmış 01.06.2019cu il tarixli 03/00023963 nömrəli lizinq müqaviləsinə əsasən borclu Cavabdeh tərəfindən 96850 manat dəyərində 1 ədəd taxılyığan kombayn lizinqə götürülmüşdür. Cavabdeh texnikadan istifadəyə görə ödəniş qrafikində göstərilən məbləğdə və müddətdə ödənişləri ödəməyi öhdəsinə götürmüşdür. İddia ərizəsinə əlavə edilmiş maliyyə arayışında Cavabdeh 3000 manat məbləğində borcunun olması qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. İş materiallarında olan sənədlərdən göründüyü kimi, cavabdeh lizinq müqaviləsi üzrə iddiaçıdan lizinq obyektini təhvil almış, lizinq müqaviləsi üzrə ödənişlərin vaxtında və tam ödənilməsini təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Pretenziya məktubundan görünür ki, iddiaçı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehi xəbərdarlıq etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 3000 manat məbləğində borc və ödənilmiş 20 manat dövlət rüsumu Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Ödənilməli olan 10 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 3000 manat məbləğində borc və ödənilmiş 20 manat dövlət rüsumu Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilməli olan 10 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar