Məhkəmə qərarları › İş №e-2-2(115)-342/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-342/2024

15.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-342/2024 15.04.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Orucova Vüsalə İsməli qızının katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, lizinq obyektinə vurduğu zərərə görə 5550 manat pul, ödənilmiş 110 manat mediasiya xərci və 111 manat ekspert xərci olmaqla, cəmi 5771 manat məbləğdə pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, AFLZ00-000082 saylı, xx.xx.2023 tarixli daxili lizinq müqaviləsinə əsasən lizinq verən lizinq alana bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı öz mülkiyyətinə əldə edilməsi və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsi barədə bu iddia üzrə cavabdeh olan Cavabdeh ilə lizinq müqaviləsi bağlanılmışdır. Lizinq müqaviləsinin ümumi məbləği 4000 manat təşkil etmiş, rəsmiləşdirmə və digər gözlənilməyən hallarla bağlı ortaya çıxacaq xərclər nisbətində dəyişdirilə biləcəyi nəzərdə tutulmuşdur. Lizinq obyekti universal tipli, ağ rəngli, ** AB *** dövlət qeydiyyat nişanlı “VAZ-21214” markalı minik avtomobili olmuşdur. Müqaviləyə əsasən lizinq alan lizinq obyektinə müvəqqəti sahiblik və istifadəyə görə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində müəyyən edilmişdir. Bu müqavilə üzrə nəzərdə tutulan pul öhdəliklərinin yerinə yetirilməsi üzrə lizinq alanın lizinq verənlə hesablaşmaları lizinq ödənişlərinin cədvəlində müəyyən edilmiş ilkin ödəniş və cari ödəmələr formasında həyata keçirilməklə və lizinq alanın lizinq obyektindən istifadə edib etməməsindən asılı olmayaraq lizinq ödənişləri cədvəlində göstərilmiş müvafiq tarixdə ödənilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdehin yoxlamalar nəticəsində lizinq obyektinə (avtomobilə) əhəmiyyətli dərəcədə zərər vurduğu aşkar olunmuş və əmlak geri tələb olunmuşdur. Cavabdehin lizinq obyektinə vurduğu maddi zərərin məbləği müvafiq ekspert qiymətləndirilməsinin rəyinə əsasən 5550 manat təşkil etmişdir. Cavabdehin məsuliyyətsiz davranışı və yanaşması səbəbindən lizinq obyektinin geri alınması baş tutsa da vurulmuş zərərin dəyərinin ödənilməsindən cavabdeh imtina etmişdir. Üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsi üçün cavabdehlə aparılmış danışıqlar heç bir nəticə verməmiş və bu səbəbdən də müqavilədə də nəzərdə tutulduğu kimi mübahisənin məhkəmə qaydasında həll edilməsi qərarına gəlinmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə əvvəlki iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, avtomobil almaq istəmişdir. Almaq istədiyi avtomobilin dəyəri 7600 təşkil etmişdir. Onun da 4000 manat pulu çatmadığına görə avtomobili lizinqə saldırmış, komissiya pulundan sonra əlinə 3620 manat pul çatmışdır. Lizinq ödənişləri üzrə 1 dəfə 400 manat, 3 dəfə isə 325 manat olmaqla 4 dəfə pul ödəmişdir. Avtomobil ilə qəza törətmiş, qəza nəticəsində maşın uçuruma düşmüşdür. Avtomobili düzətdirmək istəmişdir. Lakin avtomobilə baxış keçirmək istəyərkən atası onu iddiaçıya təhvil vermişdir. Avtomobili ondan qəzalı vəziyyətdə 3600 manata almaq istəyən var idi. İddiaçı ilə razılığa gəlmək istəyir. Ona görə də ona vaxt verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 27 aprel 2023-cü il tarixli AFLZ00-000082 nömrəli daxili lizinq müqaviləsindən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı (bundan sonra lizinq obyekti adlandırlacaq) öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 1.5-ci bəndinə əsasən lizinq müqaviləsinin ümumi məbləği 4000 manat təşkil edir. Həmiçinin müqavilənin 1.7-ci bəndinə əsasən lizinq obyekti lizinq alana 18 ay müddətinə lizinqə verilir. İş materiallarında olan daxili lizinq müqaviləsinə 1 saylı əlavədən görünür ki, 1 ədəd VAZ-21214 minik markalı, ağ rəngli, 2012-ci il buraxılışlı nəqliyyat vasitəsi lizinq qiyməti 4000 manat təşkil etməklə lizinq verən tərəfindən lizinq alana lizinqə verilmişdir. İş materiallarında olan 23 yanvar 2024-cü il tarixli rəydən görünür ki, qəzaya uğramış VAZ-21214 markalı, ** AB *** dövlət qeydiyyat nişanlı, ağ rəngli, buraxılış ili 2012-ci il olan avtomobilə sərbəst bazar qiymətlərini nəzərə almaqla 5550 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan 23 yanvar 2024-cü il tarixli mədaxil qəbzdən görünür ki, qəzaya uğramış nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın hesablanması üçün 111 manat məbləğində xərc çəkilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə qeyd edir ki, "xxxx" QSC ilə Cavabdeh arasında 27 aprel 2023-cü il tarixdə daxili lizinq müqaviləsi bağlanmış, müqaviləyə əsasən VAZ-21214 markalı, ** AB *** dövlət qeydiyyat nişanlı avtomobil lizinq alanın öz mülkiyyətinə əldə edilməsi və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. Lakin lizinq alan müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi pozaraq lizinq obyektini nasaz vəziyyətdə geri qaytarmışdır. Tərtib olunumuş qüsur aktına əsasən qəzaya uğramış VAZ-21214 markalı, ** AB *** dövlət qeydiyyat nişanlı, ağ rəngli, buraxılış ili 2012-ci il olan avtomobilə sərbəst bazar qiymətlərini nəzərə almaqla 5550 manat məbləğində maddi ziyan dəydiyi müəyyən olunmuşdur. Həmiçinin 23 yanvar 2024-cü il tarixli mədaxil qəbzinə əsasən qəzaya uğramış nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın hesablanması üçün 111 manat məbləğində xərc çəkilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, lizinq verən lizinq obyektinin tam bərpası üçün hesablanmış 5550 manat məbləğində dəymiş maddi ziyanı və maddi ziyanın hesablanması üçün çəkilmiş 111 manat məbləğindəki xərci tələb etməkdə haqlıdır. İddia tələbi təmin edilməli və cəmi 5661 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Goranboy 1 saylı mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, iddiaçı tərəfindən 110 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 110 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 76 manat 61 qəpik dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 27 aprel 2023-cü il tarixli AFLZ00-000082 saylı daxili lizinq müqaviləsi üzrə yaranmış 5661 (beş min altı yüz altmış bir) manat əsas borc və 110 (bir yüz on) manat mediasiya xərci Cavabdeh tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 76 (yetmiş altı) manat 61 (altmış bir) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar