Məhkəmə qərarları › İş №e-2-2(115)-348/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-348/2023

24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-348/2023 24.05.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh İstehsalat Ticarət Firmasının nümayəndəsi X1 iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh İstehsalat Ticarət Firmasına qarşı borc tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh İstehsalat Ticarət Firmasına qarşı borc tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh İstehsalat Ticarət Firmasından 48262.78 manat məbləğində pulun və ödənilmiş 235 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, 28 aprel 2021-ci il tarixli sifarişçi Cavabdeh İstehsalat Ticarət Firmasının direktoru M.H.Məmmədov tərəfindən, Bakı şəhəri, Maştağa qəsəbəsinin 576 mənzilin mətbəx mebelinin hazırlanıb, quraşdırılması, 100 nəfərlik bağçanın mebellərinin quraşdırılması, inzibati binanın mebellərinin quraşdırılması, bu müqaviləyə əlavə olunmuş və müqavilənin ayrılmaz hissəsi hesab olunan cədvəldə adları, miqdarı və dəyərləri göstərilən mebel və avadanlıqların alınaraq təchiz edilməsi "xxxx" MMC-nin direktoru R.V.Aslanovla müqavilə bağlanmışdır. Müqavilənin ayrılmaz hissəsi olan xx.xx.2021-ci il tarixli spesifikasiya № 01 və 02/05-ə uyğun olaraq siyahıda göstərilən bütün avadanlıqlar vaxtlı-vaxtında keyfiyyətli şəkildə quraşdırlmışdır. İşlər görüldüyü zaman mətbəx mebellərinin rəflərinin artırılması barədə sifarişçi Cavabdeh İstehsalat Ticarət Firmasının direktoru M.H.Məmmədov tərəfindən yenidən sifariş verildi və spesifikasiya 02/05 əlavə edilərək ümumi məbləğidən əlavə olaraq 15999.48 manatda ödəməli olduğuna dair razılaşdılar. Lakin sifarişçi adlandırılan Cavabdeh İstehsalat Ticarət Firmasının direktoru M.H.Məmmədov tərəfindən ödənilməli olan məbləğ tam olaraq ödənilməmiş və hazırda borcu qalmışdır. Belə ki, xx.xx.2021-ci il tarixdə 20000 manat, xx.xx.2021-ci il tarixdə 30000 manat, xx.xx.2021-ci il tarixdə 10000 manat, xx.xx.2021- ci il tarixdə 25000 manat, xx.xx.2021-ci il tarixdə 35085.20 manat, xx.xx.2021-ci il tarixdə 17002.70 manat, xx.xx.2021-ci il tarixdə 2902.90 manat, xx.xx.2021-ci il tarixdə 29858.40 manat və xx.xx.2022-ci il tarixdə 14929.20 manat məbləği ödənilmişdir. Qurşadırılan və yerləşdirilən mebellərin ümumi dəyəri 214541.70 manat, əlavə rəflərin quraşdırlmasına (spesifikasiya 02/05) 15999.48 manat, ümumilikdə 230541.18 manat təşkil etdiyi halda ona ödəniş olaraq bugünə kimi cəmi 184778.40 manat ödəniş edilmiş, qalıq qalan 45762.78 manat məbləği isə bu günə kimi ödənilməmişdir. Hər dəfə müxtəlif bəhanələrlə, guya malları verdiyi şirkətdən, pulları tam olaraq ala bilmədiyi səbəbindən ona olan borcunu ödəyə bilmir, aldığı zaman isə tezliklə qalıq qalan məbləği ödəyəcəyinə yalandan vəd versə də, heç bir ödəniş edilməmişdir. Bundan başqa 20 may 2021-ci il tarixdə sifarişçi Cavabdeh İstehsalat Ticarət Firmasının direktoru M.H.Məmmədov tərəfindən “Zabrat qəsəbəsində 350 nəfərlik qadınlar üçün cəza çəkmə və 150 nəfərlik yetkinlik yaşına çatmayan şəxslər üçün təlim tərbiyə müəssisəsi”-nə müqaviləyə əlavə edilmiş və müqavilənin ayrılmaz tərkibi olan cədvəldə (spefisifikasiya № 01/07) adları, miqdarları və dəyərləri göstərilən mebel və avadanlıqların alınaraq təchiz edilməsi barədə İddiaçı MMC ilə müqavilə bağlanmışdır. Spesifikasiyaya uyğun olaraq mallar göstərilən ünvanda vaxtlıvaxtında keyfiyyətli şəkildə yerləşdirilərək quraşdırılmışdır. Belə ki, quraşdırılmış mebellərin ümumi dəyəri 8725.00 manat məbləğinə razılaşmamıza baxmayaraq ona xx.xx.2021-ci il tarixdə 6225 manat məbləğində ödəniş etmiş, qalıq qalan 2500 manat məbləği isə yaxın günlərdə ödəyəcəyinə vəd versə də, bu günə kimi ödəniş olunmamışdır. Belə ki, Cavabdeh İstehsalat Ticarət Firmasının ümumilikdə ona 48262.78 manat borcu qalmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir. Əlavə olaraq qeyd etdi ki, "xxxx" MMC-yə verilən sorğuya cavab olaraq işlərin yerinə yetirildiyi və müqavilə dəyərinin tam olaraq Cavabdeh İstehsalat Ticarət Firmasına ödənildiyi qeyd edilmişdir, həmçinin bu barədə elektron qaimələr mövcuddur. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbi əsassızsdır. Belə ki, görülən görülən işlərin pulu, yəni 225384 manat ƏDV daxil olmaqla ödənilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti işlərini tam başa çatdırmamışdır. Əgər tam olaraq təhvil vermişdirsə təhvil vermə barədə sənəd təqdim etsin. O, bəzi avadanlıqları başqa şirkətdən alaraq işi "xxxx" MMC-yə tam təhvil vermişdir. İddiaçı işlərin tam təhvil vermədiyini bildiyindən məhkəmədə iddia qaldırdıqdan sonra 2023-cü ilin mart ayında əlavə elektron qaimələr yükləmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında tədqiq edilən sübutlara hərətəfli, tam, obyektiv və qərərsiz baxaraq hesab edir ki, iddia iddia tələbi əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 05 nömrəli müqavilədən görünür ki, sifarişçi Cavabdeh İstehsalat Ticarət Firması MMC sifarişinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinin 576 mənzilin mətbəx mebelinin qaz peçi və aspirator ilə quraşadırılması, 100 nəfərlik uşaq bağçasının mebel və digər avadanlıqların, inzibati binasının mebellerinin yığılması” bu müqaviləyə əlavə olunmuş və müqavilənin ayrılmaz hissəsi hesab olunan cədvəldə adları, miqdarı və dəyərləri göstərilən mebel və avadanlıqların alınaraq təchiz edilməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən icra edilməlidir. Həmin müqavilənin 2-ci bəndinə əsasən alınacaq avadanlıq və materialların ümumi dəyəri ƏDV daxil 253159.21 manat təşkil edir. xx.xx.2021-ci il tarixli 01 nömrəli spesifikasiyadan görünür ki, 214541,70 manat 38617,51 manat 18% ƏDV daxil olmaqla, cəmi 253159,21 manat məbləğində, 02/05 nömrəli spesifikasiyaya əsasən isə 15998,48 manat, 2879,91 manat 18% ƏDV daxil olmaqla, cəmi 18879,39 manat məbləğində avadanlıqlar qurşadırılmışdır. xx.xx.2021-ci il tarixli 07 nömrəli müqavilədən görünür ki,Cavabdeh İstehsalat Ticarət Firması MMC sifarişinə əsasən Zabrat qəsəbəsində 350 nəfərlik qadınlar üçün cəza çəkmə və 150 nəfərlik yetkinlik yaşına çatmayan şəxslər üçün təlim tərbiyə müəssisəsi”-nə bu müqaviləyə əlavə olunmuş və müqavilənin ayrılmaz hissəsi hesab olunan cədvəldə adları, miqdarı və dəyərləri göstərilən mebel və avadanlıqların alınaraq təchiz edilməsi "xxxx" MMC tərəfindən yerinə yetirilməlidir. xx.xx.2021-ci il tarixli 01/07 nömrəli spesifikasiyadan görünür ki, 6225 manat, 1120.5 manat 18 % ƏDV daxil olmaqla, cəmi 7345.50 manat məbləğində avadanlıqlar quraşdırılmışdır. xx.xx.2022-ci il tarixli 02095 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyası zamanı İddiaçı MMC tərəfindən 200 manat mediasiya xərci ödənilmişdir. Elektron qaimələrdən görünür ki, 17616.46 manat, 20063.19 manat, 7345.5 manat, 59001.06 manat, 3425,42 manat, 59210,87 manat, 23488.61 manat, 35232.91 manat olmaqla, ümumilikdə cəmi 225384.02 manat məbləğində işlər görülmüşdür. xx.xx.2023-cü il tarixli elektron qaimədən görünür ki, 35146.65 manat (malların qiyməti 29785,3 manat və ödənilməli olan ƏDV məbləği 5361,35 manat), xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş elektron qaimədən görünür ki, 18879,39 manat (malların qiyməti 15999,48 manat və ödənilməli olan ƏDV məbləği 2879,91 manat), xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş elektron qaimədən görünür ki, 2950 manat ( malların qiyməti 2500 manat və ödənilməli olan ƏDV məbləği 450 manat) məbləğində mal təhvil verilmiş və işlər görülmüşdür. Ödəniş cədvəlindən göprünür ki, Cavabdeh İstehsalat Ticarət Firması MMC tərəfindən xx.xx.2021-ci il tarixli 05 nömrəli və xx.xx.2021-ci il tarixli 07 nömrəli müqavilələr əsasında "xxxx" MMC-yə 225384,02 manat məbləğində pul ödənilmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələr hüquqi mahiyyətinə görə və məzmun baxımından podrat müqaviləsinin ünsürlərini əhatə edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Müqavilələrin məzmunundan göründüyü kimi hazırkı iş üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə üzrə icraçı (podratçı), Cavabdeh İstehsalat Ticarət Firması isə sifarişçi olmuşdur. Podrat müqaviləsinə görə öhdəlik borclunun kreditor qarşısında iş görməsindən və görülmüş işin nəticəsinin təhvil verilməsindən irəli gəlir. Podrat müqaviləsində müqavilənin predmeti müqavilə bağlanan anda mövcud olmur. Qarşı tərəfə verilməli olan məhsulu podratçı öz əməyi və ya fəaliyyəti ilə sonrakı mərhələdə yaradır. Podratçı sifarişçinin tapşırığı ilə müəyyən olunmuş müddət ərzində işlər görür və görülmüş işlərin maddi vəziyyətə gətirilimiş nəticəsini başqa şəxsə deyil, yalnız sifarişçiyə təhvil verir. Göründüyü kimi podrat müqaviləsindən irəli gələn öhdəlik həm əmlak mübadiləsini, həm də əmlakın yaradılması üçün podratçının iş fəaliyyətini ehtiva etmişdir. Mübahisənin vəziyyətindən məlum olur ki, iddiaçı müqavilə üzrə öz öhdəliyini tam icra etdiyini, cavabdeh isə bunun əksinə olaraq iddiaçı tərəfindən icranın qismən yerinə yetirildiyini, görülən iş həddində pul ödədiyini bildirir. Belə olan vəziyyətdə iddiaçı müqavilə üzrə öhdəliyini tam şəkildə icra etməsi barədə sübut təqdim etməlidir. İddiaçı sübut etməlidir ki, onun görmüş olduğu işlərin dəyəri cavabdehin ödəmiş olduğu puldan artıqdır. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyə əsasən öz üzərinə düşən vəzifədən irəli gələrək iddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallar barədə sübutları məhkəməyə təqdim etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 05 nömrəli müqavilənin və xx.xx.2021ci il tarixli 07 nömrəli müqavilələrin 4.1 və 4.2 bəndlərinə əsasən sifarişçi icraçıdan qəbul olunmuş materialların, avadanlıqların dəyərinin vaxtında ödənilməsinə, icraçı sifarış olunmuş materialların, avadanlıqların vaxtında obyektə çatdırılmasına və keyfiyyətinə və vaxtında təhvil verilməsinə görə öhdəlik daşıyır. Qanunvericilikdə və tərəflər arasında olan müqavilələrdə müəyyən edilmiş qaydalara görə icraçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti sifarış olunmuş materialların, avadanlıqların vaxtında obyektə çatdırılmasını və təhvil verilməsini təmin etməli və yaxud təhvil almaq üçün sifarişçiyə müddət təklif etməlidir. Həmin müddət ərzində sifarişçi işləri qəbul etmədikdə icraçı işi təhvil vermiş sayılır. Sifarişçi qəbul edilən və ya podratçının müəyyənləşdirdiyi müddətdə qəbul edilmədiyinə görə qəbul edilmiş sayılan işlərə görə muzd ödənilməlidir. İşlərin sifarişçi tərəfindən qəbul edilməsini və ya hazır olmuş işin qəbul edilməsi barədə icraçının müddət müəyyən edən təklifinin sifarişçiyə çatdırılmasını, həmçinin işlərin podratçının müəyyənləşdirdiyi müddətdə qəbul edilməməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. İddiaçının sübut kimi təqdim etdiyi "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 109/23 nömrəli məktubundan görünür ki, "xxxx" MMC ilə Cavabdeh İstehsalat Ticarət Firması arasında xx.xx.2020-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilə üzrə öhdəliklər Cavabdeh İstehsalat Ticarət Firması tərəfindən tam icra olunaraq mal və avadanlıqlar tələb edilən keydiyyətdə və qüsursuz şəkildə təchiz edilərək quraşdırılmış və müqavilə dəyəri "xxxx" MMC tərəfindən tam olaraq Cavabdeh İstehsalat Ticarət Firmasına ödənilmişdir. Göründüyü kimi məktubda müqavilə üzrə öhdəliklərin "xxxx" MMC tərəfindən tam olaraq yerinə yetirilməsini bildirən söz və ya ifadə mövcud deyildir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının istinad etdiyi və sübut kimi məhkəməyə təqdim etdiyi elektron qaimələr və elektron vergi-hesab fakturaları malların məxaricini bildirən uçot sənədidir. Elektron qaimələrin tətbiqi vergi nəzarəti mexanizminin daha səmərəli təşkilinə xidmət edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli, 89 saylı qərarı ilə təsdiq edilmiş “elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli 26 №-li qərarı ilə təsdiq edilmiş “elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” qaydalarının 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Məhkəmə onu da qeyd edir ki, üç sayda elektron qaimə 2023-cü ilin fevral-mart aylarında tərtib edilərək göndərilmişdir ki, həmin elektron qaimə fakturalarda göstərilən borc məbləği iddia tələbində göstərilən borcu əhatə edir. Tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 05 nömrəli müqavilənin və xx.xx.2021ci il tarixli 07 nömrəli müqavilələrin 1.2-ci bəndlərinə əsasən hər iki müqavilə bir il müddətinə bağlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli 26 №-li qərarı ilə təsdiq edilmiş “elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” qaydalarının 3.7-ci bəndinə əsasən elektron qaimə-faktura aşağıdakı müddətlərdə təqdim edilir: 3.7.1. malların təqdim edilməsi üzrə mallar göndərilən (verilən) vaxt; 3.7.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 (beş) gün müddətində; 3.7.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 (beş) gün müddətində elektron qaimə-fakturalar təqdim edilməlidir. Mövcud qaydaların tələbindən göründüyü kimi işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə elektron qaimə-fakturalar işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 (beş) gün müddətində təqdim edilməlidir. Mövcud qaydalara əsasən icraçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti işlərin görüldüyü tarixdən sonra 5 gün ərzində elektron qaiməni sifarişçiyə təqdim etməli, işlər qəbul edildyi və pul ödənilmədiyi halda onu borcludan tələb etməli, pretenziya və mediasiya mərhələlərində mübahisə həll edilmədiyi vəziyyətdə son olaraq məhkəmədə iddia qaldırmalı olduğu halda, "xxxx" MMC bu ardıcıllığın əksinə plaraq işlərin tam başa çatdırdığını bildirərək 48262.78 manat borcla bağlı cavabdehə yazılı müraciət göndərir, sonra mediasiya təşkilatına müraciət edir, xx.xx.2022-ci ildə mediasiya keçirilir. Bundan sonra iddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmədə iddia qaldırdıqdan sonra isə işlərin görülməsi barədə elektron qaimələri tərtib edərək cavabdehə göndərir və bu qaimələri sübut kimi də məhkəməyə təqdim edir. Qeyd olunanlara əsasən elektron qaimələr müqavilə üzrə işlərin təhvil verilməsini təsdiq edən sübut kimi qiymətləndirilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Beləliklə, məhkəmə işin hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh İstehsalat Ticarət Firmasına qarşı borc tələbi barədə iddiası təmin edilməməlidir. Dövlət Rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin rəhbər tutub qət etdi: İddia tələbi təmin edilməsin. Ödənilmiş 235 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar