Məhkəmə qərarları › İş №e-2-2(115)-349/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-349/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-349/2021 20.05.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair işə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 500 manat əsas borc və 355 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 885 manat pul vəsaitinin tutularaq iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında 12.12.2016-cı il tarixdə “Məhsulların alğı-satqı” müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq satıcı (“xxxx” MMC) istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici-spirtsiz içkiləri alıcıya (Cavabdeh) onun mülkiyyətinə verməyi, alıcı isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə görə, nisyə alğı-satqı zamanı alıcı faktura üzrə qəbul etdiyi malın dəyərinin fakturada göstərilən son ödəmə tarixinə qədər satıcıya ödənilməsini təmin etməlidir. İddiaçı “xxxx” MMC tərəfindən Cavabdeh Heydər oğluna ZAF49728168 nömrəli, 19.08.2019-cu il tarixli malların təhvil-qəbul aktları əsasında ƏDV xaric ümumilikdə 3818 manat 35 qəpik məbləğində sərinləşdirici-spirtsiz içkilər təhvil verilmişdir. 08.2019- 03.2020-ci il tarixləri aralığında cavabdeh borc məbləğindən 3318 manat 35 qəpik məbləğində pul vəsaitini iddiaçıya ödəsə də, 500 manat əsas borc ödənilməmişdir. “Məhsulların alğı-satqı” müqaviləsinin 6.2-ci bəndinə görə ödəniş məbləği və dəbbə pulunun ödənilməsi təmin edilməzsə, müqavilə bir tərəfli ləğv edilir, malların dəyərinin ödənilməsi qanuna müvafiq təmin edilir. Həmin Müqavilənin 6.3-ci bəndinə görə alıcı tərəfindən məhsulların faktura və tara dəyərinin bu müqavilənin 3.2 bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmış taranın dəyərinin 0.1 % miqdarında, gecikdirilən günlərin sayı 30 gündən çox olduqda isə növbəti (31-ci) gündən başlayaraq hər gecikdirilən gün üçün 0.2 % miqdarında dəbbə pulu ödənilməlidir. Borcun ödənilməsi ilə bağlı Cavabdeh Heydər oğluna 02.07.2020-ci il tarixli pretenziya məktubu ilə müraciət olunmuş və borc məbləğinin 5 gün ərzində ödənilməsi tələb olunmuşdur. Əks təqdirdə borc məbləğinin məcburi qaydada ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. Pretenziya məktubu cavabdeh tərəfindən 15.07.2020-cu il tarixində qəbul olunsa da, bu günə qədər qeyd olunan borc məbləği hələ də ödənilməmiş olaraq qalır. Buna görə iddiaçı “xxxx” MMC olaraq pozulmuş hüquqlarının bərpasını təmin etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçı “xxxx” MMC məhkəməyə ərizə göndərərək, iddia tələbini müdafiə etdiklərini, iştirakları olmadan məhkəmə prosesinin keçirilməsini və işə işdə olan sübutlar əsasında baxaraq iddialarının tam təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul edərək izahatında bildirmişdir ki, iddiaçı “xxxx” MMC-yə 500 manat borcu qalmışdır. Pandemiya ilə əlaqədar borcu ödəyə bilməmişdir. 500 manat borcu hissə-hissə ödəyəcəkdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş satıcı “xxxx” MMC şirkəti ilə alıcı Cavabdeh arasında bağlanmış 12 dekabr 2016-cı il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı özünün istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici spirtsiz içkiləri alıcıya satmaqla onun mülkiyyətinə verməyi, alıcı isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 6.3-ci bəndinə görə alıcı tərəfindən məhsulların faktura və tara dəyərinin bu müqavilənin 3.2 bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmış taranın dəyərinin 0.1 % miqdarında, gecikdirilən günlərin sayı 30 gündən çox olduqda isə növbəti (31-ci) gündən başlayaraq hər gecikdirilən gün üçün 0.2 % miqdarında dəbbə pulu ödənilməlidir. İş materiallarına əlavə olunmuş 18 iyun 2020-ci il tarixli maliyyə arayışından görünür ki, “xxxx” MMC-nin müəssisədaxili maliyyə uçotuna əsasən Cavabdeh “xxxx” MMC-yə 500 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (pullu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə pulludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş pullu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, pullu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə pulludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh iddiaçı “xxxx” MMC-dən satış üçün mal almış, verilmiş malın dəyərinin qaytarılmasını təmin etməsinə dair satıcı qarşısında öhdəlik götürmüş, məhsulların dəyərinin bir hissəsini ödəmiş, lakin ödənişi tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Pretenziya məktubundan görünür ki, “xxxx” MMC cavabdehə alqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 500 manat əsas borc, 25 manat cərimə borcu, cəmi 525 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 25 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 500 manat əsas, 25 manat cərimə borcu, cəmi 525 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar