Məhkəmə qərarları › İş №e-2-2(115)-35/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-35/2022

14.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-35/2022 14.04.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh ASC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh ASC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 27.01.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət sosial müdafiə fonduna ödənilməmiş 39897 manat 26 qəpik məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 40000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət sosial müdafiə fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin büdcəyə ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsinin təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 27.01.2021-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 27.01.2021-ci il tarixə yaranan 39897 manat 26 qəpik borcuna görə 40000 manat məbləğində (qiyməti 40000 manat olan 1 ədəd “Toyota Camry” minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi əmlakı siyahıya alınmış və bu barədə 17.02.2021-ci il tarixli **********4 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 22.02.2021-ci tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 27.01.2021-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət sosial müdafiə fonduna 39897 manat 26 qəpik ödənilməmiş borcu qalmışdır. Cavabdeh ASC-nin nümayəndəsi X2 məhkəməyə vəsatət təqdim edərək, Gəncə İnzibati Məhkəməsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı borcun silinməsi tələbinə dair iddia qaldırıldığından həmin mübahisə həll olunanadək məhkəmədən iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2-2(115)-435/2021 saylı qərardadı ilə vəsatət təmin edilərək, iddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh ASC-yə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair kommersiya işinin icraatı iddiaçı Cavabdeh ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı borcun silinməsi öhdəliyinin icra edilməməsi tələbinə dair Gəncə İnzibati Məhkəməsinin icraatında olan üzrə inzibati mübahisə həll edilənədək dayandırılmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin qeyd olunan borc məbləğindən müvafiq fonda 27039 manat 15 qəpik məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ümumilikdə 40000 manat məbləğində siyahıya alınmış əmlakının açıq hərrac vasitəsi ilə satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndələrinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş “Əmlakının siyahıya alınması haqqında” 17.02.2021-ci il tarixli **********4 saylı protokoldan və “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi barədə” 17.02.2021-ci il tarixli aktdan görünür ki, vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisi olan Cavabdeh ASC-nin qiyməti 40000 manat olan 1 ədəd “Toyota Camry” minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən vergi müfəttişi tərəfindən siyahıya alınmaqla borclu Cavabdeh ASC-nin məsul saxlancına verilmişdir. 22.02.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, dövlət sosial müdafiə fonduna yaranmış vergi borcunun ödənilməsi cavabdehdən tələb olunmuş, əks təqdirdə siyahıya alınmış əmlakların satılması üçün məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 02.12.2021-ci il tarixli 2-1(114)-184/2021 saylı qərarının surətindən görünür ki, iddiaçı Cavabdeh ASC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə (üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 18 saylı Regional Ərazi Filialı) qarşı 01 noyabr 2003-cü il tarixə qədər yaranmış və silinməli olan borcun silinməsi öhdəliyinin icra edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməmişdir. Vergi ödəyicisi olan Cavabdeh ASC-nin şəxsi hesab vərəqəsindən görünür ki, vergi ödəyicisinin 14.04.2022-ci il tarixə dövlət sosial müdafiə fonduna ödənilməmiş 27039 manat 15 qəpik borcu vardır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1-ci və 24.0.1-ci maddələri ilə vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək, vergi orqanının üzərinə isə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vəzifələri qoyulmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyəcisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi, ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Vergi Məcəlləsinin 90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. İşin faktiki hallarından göründüyü kimi, vergi ödəyicisi olan Cavabdeh ASC-nin dövlət sosial müdafiə fonduna olan 27039 manat 15 qəpik məbləğində borcu cavabdeh tərəfindən ödənilməmişdir. Məhkəmə hesab edir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək vəzifəsi qoyulduğundan və o, verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi təmin edilməli və cavabdehin dövlət sosial müdafiə fonduna ödənilməmiş 27039 manat 15 qəpik məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə ona məxsus qiyməti 40000 manat olan 1 ədəd “Toyota Camry” minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi açıq hərracda satılmalıdır. İddiaçı dövlət orqanı olaraq dövlət rüsumu ödəməkdən azad edildiyinə görə ödənilməli olan 171 manat 12 qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 14.04.2022-ci il tarixə dövlət sosial müdafiə fonduna ödənilməmiş 27039 manat 15 qəpik məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə ona məxsus qiyməti 40000 manat olan 1 ədəd “Toyota Camry” minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi açıq hərracda satılsın. 171 manat 12 qəpik məbləğində dövlət rüsumu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar