Məhkəmə qərarları › İş №e-2-2(115)-351/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-351/2023

18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-351/2023 18.05.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair ilk iddiası və Cavabdeh İddiaçınə qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X8» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 11650 manat məbləğində borcun və Samux 1 saylı Medasiya Təşkilatına ödənilmiş 200 manat rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021ci il tarixli alqı-satqı müqaviləsi, qiymətlərin razılaşma protokolu və təhvil-təslim aktı imzalanmışdır. Cavabdeh fərdi sahibkardır və malı sahibkarlıq fəaliyyəti ilə əlaqədar almışdır. Müqaviləyə və qiymətlərin razılaşma protokoluna əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 37000 manat olmaqla mal almışdır. Həmin məbləğin 7000 manatını ilkin olaraq ödəmişdir. Qalıq məbləği, yəni 30000 manatı xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşma protokoluna əsasən qrafikə əsasən xx.xx.2021-ci il tarixdən başlayaraq ödəməyi öhdəsinə götürmüşdür. Bu günə əsas məbləg üzrə qalıq borc 11650 manat təşkil edir. Bununla bağlı olaraq cavabdehin elektron vergi kabinetinə bildiriş və pretenziya məktubu da göndərilmişdir. xx.xx.2022-ci il tarixdə “X8 “MMC tərəfindən borcluya alqı-satqı müqaviləsi əsasında pul tələbi barədə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsinə dair təklif göndərilmişdir. xx.xx.2022-ci il tarixdə “X8 “MMC tərəfindən Samux 1 saylı Mediasiya Təşkilatına ərizə ilə müraciət edilmiş, ərizələr icraata qəbul olunmuş, mediasiya sessiyasi təyin olunmuşdur. Lakin borclu Cavabdeh mediasiya sessiyasında iştirak etməmiş və bu barədə xx.xx.2023-cü il tarixli müvafiq arayış verilmişdir. Ümumi mediasiya xərci 200 manat təşkil etmiş və cəmiyyət tərəfindən ödənilmişdir. İddia ərizəsi, maliyyə arayışı, mediasiya arayışı və mediasiyaya ödənilmiş rüsumun qəbzi cavabdehin elektron vergi kabinetinə göndərilmişdir. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin 5.2-ci maddəsinə əsasən nəzərdə tutulan ödəniş müddətindən sonra “Alıcı” hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% həcmində “Satıcı”ya cərimə ödəyir. Həmin müqavilənin 6.5-ci maddəsinə əsasən 1.1-ci bəndində qeyd olunan mala dair mülkiyyət hüququ malın dəyəri “Alıcı” tərəfindən tam ödənilənədək “Satıcı”nın özündə qalır. “Alıcı” mükiyyət hüququ ona keçənədək əşyanı özgəninkiləşdirə bilməz və ya ona dair digər sərəncam verə bilməz. “Alıcı” malın dəyərini müqavilədə qeyd olunmuş şərtlər əsasında qrafikə uyğun olaraq vaxtında ödəmədikdə və ya müqavilə üzrə götürdüyü öhdəlikləri pozduqda “Satıcı” istənilən vaxt malı “Alıcı”dan geri götürə bilər. Cavabdeh “X8» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı MMC-nin ona qarşı pul tələbinə dair iddiasının rədd edilməsi və cavabdehə ödədiyi 25350 manat pulun və təmir üçün 300 manat və yol xərci kimi ödədiyi 200 manat pulun, həmçinin əldən çıxmış fayda kimi 5000 manat zərər olmaqla, cəmi 30850 manat məbləğində pulun və 182 manat dövlət rüsumunun cavabdehdən alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı MMC Gəncə Kommersiya Məhkəməsində ona qarşı 11650 manat məbləğində borcun və 200 manat mediasiya təşkilatına ödənilmiş rüsumun cəmiyyətin xeyrinə ondan tutulması tələbi ilə iddia qaldırmışdır. İddianı əsassız hesab edir, iddia rədd edilməlidir. Həmçinin, onun cavabdeh İddiaçıMMC-yə qarşı ödənilmiş borcun qaytarılması və vurulmuş ziyana dair tələbi vardır. Belə ki, cavabdehlə xx.xx.2021-ci tarixdə WERTEX 1200“FG2000- D+”modeldə lazer epilyasiya cihazının alqı-satqı müqaviləsini bağlamışlar. Cihazın qiyməti 37000 manat hesablanmışdır. İlkin ödənişlə birlikdə cəmi 25350 manat pul ödəmişdir. 11650 manat ödənilməmiş borc qalmışdır. Cihazın 1 il qarantiya müddəti olmuşdur. Bildirir ki, xx.xx.2022-ci il tarixdə cihaz xarab olmuşdur. Cihazdan kənar səslər çıxdı, müştərinin dərisini yandırdı. Zəng edib cavabdeh cəmiyyətə bu barədə məlumat vermişdir. xx.xx.2022-ci il tarixdə cəmiyyətin əməkdaşı Amir adlı usta gəlib aparatın blokunu dəyişib dedi ki, düzəlmişdir. Aparat xx.xx.2022-ci il tarixədək işləyib yenidən xarab oldu. 3-4 gündən sonra usta gəlib yenidən bloku dəyişdirib getdi. Aparat yenə normal qaydada işləmədi. Zəng edib bu barədə cavadehə bildirmişdir. Demişlər ki, xarab olan hissəyə dair Çin Respublikasına sifariş vermişlər. Həftədə bir dəfə onlara zəng etmiş, hərdən demişlər ki, hələlik aparatı aşağı dərəcədə işlətməlidir. Dekabr ayında usta Hikmət demişdir ki, əlindən gələni etmişdir, düzəlməmişdir, ola bilsin ki, cihaz zavoddan qüsurlu olmuşdur. O, tələb etmişdir ki, aparat işləmədiyi vaxt (bəzən normal işləmədiyi vaxt) o, nə qədər müştəri itirmişdir, ziyana düşmüşdür, ona yeni cihaz verilsin. (cavabdehlə telefon danışıqlarını sənəd və disk kimi ərizəsinə əlavə edir). Cavadeh cəmiyyətdən demişlər ki, yeni cihaz da belə çıxa bilər, axır vaxtlar mallar tez-tez xarab çıxır. Həm də təzə cihaz versələr əlavə 12000 manata qədər pul ödəməlidir. O isə cihazı nəzərdə tutulduğu kimi işlədə bilmədiyi üçün aylıq borcu çox vaxt borc alıb ödəmişdir. Əlavə pul ödəməyə imkanı yox idi. Bildirir ki,cəmiyyətdən əvvəlcə 12000 manat qiyməti olan cihaz almaq istəmiş, ona demişlər ki, bu cihaz zəifdir onu ancaq diot kimi işlətmək olar, daha güclüsünü alın həm də alexsandrit kimi işlədin. Lakin cihazı o, ancaq diot kimi işlədə bilmişdir. Bu barədə cəmiyyətin rəhbəri Rəşad müəllimə iradını bildirəndə ona demişdir ki, onlar belə söz deməmişlər. O demişdir ki, internetdə olan reklamınıza baxın, bütün reklamınızda bu cihazın həm alexsandrit, həm də diot kimi işləməsi göstərilmişdir. (reklamdan çıxarışı məhkəməyə təqdim edəcəkdir). Şirkətdən ona demişlər ki, əgər yeni cihaz versələr əlavə 12000 manat pul ödəməlidir. Belə çıxır ki, aparata iki dəfə pul ödəməlidir. Buna görə də, ziyana düşmüşdür. Cihazı bir neçə dəfə Bakı şəhərinə aparıb gətirmişlər. Demək olar ki, bütün yayı aparatı qaytarmamışlar. Yayda ona müvəqqəti olaraq işlətmək üçün başqa cihaz vermişlər. Bir aya qədər onu işlətmişdir. Sonra onun cihazını qaytarıb demişlər ki, düzəlibdir. Onlar gedəndən sonra görmüşdür ki, cihaz düzgün işləmir. Əlavə olaraq cihazın uc başlıq hisəssindən gel dolur. Məcbur olub cihazı təmir üçün təmirçi şirkət "xxxx" MMC-yə göndərmişdir. Təmirə 300 manat xərci çıxmışdır. Ona demişlər ki, başlıq dəyişdirilməldir. Bundan sonra da xarab ola bilər. Cavabdeh cəmiyyətin rəhbəri Rəşad müəllimə bu barədə müraciət etmişdir. O demişdir ki, dəyişsələr əlavə 7600 manat pul ödəməlidir. Cihazı iki dəfə təmir üçün aparıb gətirmişdir. Hər dəfə 100 manat olmaqla 200 manat maşına yol pulu vermişdir. Lakin cihazı təyinatı üzrə işlətmək mümkün olmamışdır. O, alqı-satqı müqviləsinin 7.3-cü maddəsinə əsasən onların ona zəmanət şərtləri müqabilində verilən texniki servisin göstərilməsi və qüsur aradan qalxmazsa avadanlığın yenisi ilə əvəz olunmasının satıcı tərəfindən tam təmin olunması vəzifəsini demişdir. Qeyd etmişdir ki, alqı-satqı zamanı cavabdeh müqavilə ilə onu tanış etməmişdir. O, cihazı maşına yerləşdirib gedəndə qapının ağzında ona müqaviləyə və digər bir neçə sənədə imza etdirmişlər. O isə bildirdi ki, gəlib cihazı aparacaqlar, onlar isə pul qaytarmayacaqlar. O, məhkəməyə müraciət edəcəyini bildirmişdir. O, qorxub aylıq borcu ödəmişdir. Noyabr ayında ödəməni 10 gün gecikdirmişdir. Demişdir ki, nə vaxt cihazı düzəldərlər onda da ödəyər. Dedilər ki, cihazın içində qurğu qoymuşlar, cihazı uzaqdan idarə edirlər. İstədikləri vaxt söndürə bilərlər, cihaz düzəlsə də, düzəlməsə də, pulu ödəməlidirlər deyib cihazı söndürmüşlər. O, məcbur olub noyabr ayının borcunu ödəmişdir. Son vaxtlar cəmiyyətə zəng edəndə onu söyüb, təhqir edirdilər. O, məcbur olub bir neçə yuxarı təşkilatlara şikayət etmişdir. Təmir üçün xx.xx.2022-ci il tarixdə digər təmirçi şirkətə müraciət etmişdir. Onun iştirakı ilə avadanlığın müayinəsi keçirilmişdir, cihazın içində onun ana palatasına kustar üsulla yapışdırıcı lentlə bərkidilmiş naməlum çip olduğu aşkarlanmışdır. Hətta çipin üzərində yerli mobil nömrə də mövcud olmuşdur. Çip avadanlıqdan kənarlaşırıldıqdan sonra avadanlıq normal işləmişdir. Amma yenə də alexandrit atış işlədə bilməmişdir. O, cavabdeh cəmiyyətdən avadanlıq alanlardan öyrənmişdir ki, onlarda da eyni vəziyyət yaranmışdır. Hesab edir ki, çiplərin quraşdırılmasında əsas məqsəd cihazları istədikləri vaxt nasaz vəziyyətə gətirib onların “təmirindən” mütəmadi gəlir əldə etmək olmuşdur. Onların bu cinayətlərinin aşkar edilməsi üçün məhkəmənin ekspertza rəyi almasına ehtiyac vardır. Bundan başqa baş verənlərə görə cihaz barədə internet üzərindən məlumat alanda görmüşdür ki, cihazın adı üstündə olan adı ilə deyildir. Onun adına əlavəni özləri sonradan yazmışlar. Həm də ona ehtiyat hissələri və ya xidmət göstərərkən yalan olaraq dəfələrlə baha qiymət demişlər. Cihazı alandan bir neçə gün sonra internetdə görmüşdür ki, başqa yerdə bu cihaz 10000 manata qədər ucuz satılır. Cəmiyyətə cihazı qaytarmaq üçün müraciət edəndə demişlər ki, satılan malı 3 gün ərzində geri qaytarmaq olar. Əlavə olaraq bildirmişlər ki, onların cihazının hissələri Amerika istehsalıdır, ona görə bahalıdır. Sonradan isə cihazı təmir edən ustalar demişlər ki, hissələrin hamısı Çindən gəlir. Bundan başqa alqı-satqı müqaviləsinin 5.1-ci maddəsinə görə bu müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Satıcı qarantiya müddətində öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş nə cihazı vaxtında lazımi qaydada təmir etməmiş, nə də tələb etməyinə baxmayaraq yenisi ilə əvəz etməmişdir. Buna görə bu müddət ərzində cihazı normal qaydada işlədə bilməmişdir. Qazancını və müştərilərini itirmişdir. Cavabdehin iddia ərizəsində ona qarşı tətbiq edilməsini tələb etdiyi Mülki Məcəllənin 21-ci, 1097-ci və 442-ci maddələri onun özünə qarşı tətbiq edilməlidir. Burada zərərçəkən tərəf cəmiyyət deyil, odur. Göstərilənlərə əsasən və qanunvericiliyin tələblərinə görə satıcı ona ödədiyi 25350 manat pulu və təmir üçün 300 manat və yol xərci kimi ödədiyi 200 manat pulu, həmçinin əldən çıxmış fayda kimi 5000 manat zərəri, cəmi 30 850 manat məbləğində pulu ona qaytarıb cihazını özünə götürməlidir. Beləliklə, cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində ona 30850 manat məbləğində ziyan dəymişdir. İlkin iddia üzrə iddiaçı “X8» Məhdud Məsuliyyətli Cəmiyyəti qarşılıqlı iddiaya dair məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia təmamilə əsassızdır və təmin edilməməlidir. İlkin iddia üzrə Cavabdeh ilə “X8" MMC arasında xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi, təhvil-təslim aktı və qiymətlərin razılaşdırılması protokolu bağlanmışdır. Müvafiq sənədlərə əsasən cavabdeh hissə-hissə ödəmək şərti ilə dəyəri 37000 manat olan lazer epilyasiya avadanlığı əldə etmişdir. Alqısatqı müqaviləsinin 7-ci bəndi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan zəmanət talonuna əsasən şirkət tərəfindən satılmış avadanlığa 1 il müddətində, yəni xx.xx.2022-ci il tarixədək zəmanət verilmişdir. Buna müvafiq olaraq həmin müddət ərzində cavabdeh tərəfindən texniki servis xidməti üçün şirkətə ünvanlanmış bütün müraciətlərə baxılaraq zəruri xidmətlər göstərilmiş, avadanlıq işlək vəziyyətdə cavabdehə təhvil verilmişdir. Cavabdeh tərəfindən şirkətlərinə daxil olmuş növbəti müraciət əsasında avadanlığa yenidən baxış keçirilmiş, lazımi xidmətlərin göstərilməsi məqsədilə zəmanət talonunun tələblərinə uyğun olaraq, aparat müvəqqəti olaraq əvəzedici aparatla əvəz olunmuşdur. Müvafiq fakt xx.xx.2022- ci il tarixli Geri təhvil-təslim aktı ilə rəsmiləşdirilmişdir. (Geri təhviltəslim aktı qoşmaya əlavə edilir.) İddiaçı MMC satıcı olaraq istər alqı-satqı müqaviləsi, istərsə də qanunvericiliklə nəzərdə tutulan öhdəliklərini həm zəmanət müddəti, həm də bu müddət bitdikdən sonra yerinə yetirdiyi halda alıcı aylıq ödənişləri gecikdirmiş, daha sonra isə ümumiyyətlə, ödəniş etməkdən imtina etmişdir. Bu səbəbdən borcun ödənilməsi tələbi ilə Gəncə Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişlər. Cavabdeh tərəfindən təqdim edilmiş qarşılıqlı iddia üzrə tələb bir neçə dəlillə əsaslandırılmağa çalışılmışdır. Cavabdeh, ilk növbədə, Mülki Məcəllənin 587 və 624-cü maddələrinə istinadən pozuntuya yol verdiklərini iddia etmişdir. Sözügedən Məcəllənin 587-ci və 624-cü maddəsinə əsasən satıcı əşyanın qüsurları haqqında qabaqcadan məlumat vermədiyi halda alıcı həmin maddənin birinci bəndi ilə nəzərdə tutulmuş tələbləri satıcıya qarşı irəli sürə bilər. Hər iki maddənin mətnindən aydın olduğu kimi, alıcının sadalanan hüquqları satıcının malın qüsurlarını mal satılmazdan qabaq bildiyi, lakin alıcıya məlumat vermədiyi hallarda meydana gəlir. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə cavabdehə verilmiş avadanlıqda heç bir qüsur olmamış və həmin növ mal üçün nəzərdə tutulmuş lazımı keyfiyyətə malik olmuşdur. Belə ki, müqavilənin predmeti olan mala dair beynəlxalq keyfiyyət sertifikatı həmin malın müvafiq standartlara uyğunluğunu təsdiq edir (Sertifikat qoşmaya əlavə edilir). Digər tərəfdən, tərəflər arasında bağlanmış, sözügedən müqavilənin ayrılmaz tərkib hissəsi olan təhvil-təslim aktı əşyanın qüsursuz təhvil verildiyini təsdiq edir. Cavabdehin qarşılıqlı iddia ərizəsində göstərdiyi kimi, təqdim edilmiş avadanlıqla bağlı problemlər xx.xx.2022-ci il tarixdə, yəni mal cavabdehə təqdim olunduqdan 9 aya yaxın müddət keçdikdən sonra yaranmışdır. Göründüyü kimi, müvafiq nasazlıqlar əşya alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəlmədiyi üçün əşyanın qabaqcadan qüsurlarının olduğu, yaxud lazımi keyfiyyətə malik olmadığını bildirmək işin faktiki hallarına uyğun deyildir. Avadanlıqda baş vermiş həmin problem qüsur olaraq deyil, istifadə nəticəsində yaranmış texniki problem kimi qiymətləndirilməlidir. Cavabdehin irəli sürdüyü arqumentlərdən biri də şirkətin avadanlığın təmirindən yayınması; olmuşdur. Cavabdeh tərəfindən texniki servis xidmətinin göstərilməsi ilə bağlı daxil olmuş hər bir müraciətə baxılaraq ağlabatan müddət ərzində xidmətin göstərilməsi təmin edilmişdir. Cavabdeh qarşılıqlı iddianın mətnində avadanlığın adı və qiyməti ilə bağlı məsələyə toxunaraq satıcının ona yanlış informasiya ötürdüyünü iddia etmişdir. Cavabdehin mövqeyinə görə cihazın adı ilə üzərində həkk olunmuş ad eyni olmadığı üçün satıcı tərəfindən pozuntuya yol verilmişdir. Avadanlığın tam adı "WERTEX 1200 FG2000-D+" şəklində təhvil- təslim aktında tam şəkildə öz əksini tapmışdır. Avadanlığın üzərində qeyd olunan “WERTEX" nişanı isə əmtəə nişanı olmaqla həmin əmtəəni digər sahibkarın əmtəələrindən fərqləndirən və qrafik təsvir edilən nişan kimi çıxış edir. Qanunvericiliklə malın əmtəə nişanı və onun tam adının, tamamilə eyni olmasına dair tələb olmadığı üçün cavabdehin irəli sürdüyü bu arqumenti də əsassız hesab edirlər. Digər tərəfdən cavabdeh avadanlığın ona hədsiz yüksək qiymətlə satıldığını qeyd etmişdir. Məlum olduğu kimi, azad bazar mühiti sahibkarlıq subyektlərinə satışını həyata keçirdikləri; malların (xidmətlərin) qiymətini onların keyfiyyəti və digər parametrlərini nəzərə alaraq; qanunvericiliklə müəyyən olunmuş tələblərə uyğun olmaq şərtilə, müstəqil təyin etmək imkanı verir. Odur ki, "X8” MMC-nin haqsız rəqabət və inhisarçılığa yol vermədən bu imkandan istifadə edərək başqa şirkətlər tərəfindən satışa çıxarılan bənzər, lakin aşağı keyfiyyətli məhsulları həmin şirkətlərin təyin etdiyi qiymətlərdən fərqli qiymətə istehlakçılara təklif etməsi pozuntu hesab oluna bilməz. Qarşılıqlı iddia ərizəsinin mətnindən aydın olduğu kimi cavabdehin qarşılıqlı iddia tələbini əsaslandırmaq üçün istinad etdiyi, müqavilə münasibətləri çərçivəsində alıcı olaraq onlara irəli sürdüyü tələblər iki hissədən ibarətdir. Avadanlığın dəyişdirilməsi tələbi ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Müki Məcəllənin 623.1-ci maddəsinə görə əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, alıcı qeyri-ərzaq malının ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. xx.xx.2021-ci İl tarixli Alqı-satqı müqaviləsinin 6.2-ci bəndinə əsasən alıcı malın ona verildiyi andan 14 gün ərzində malı oxşar malla dəyişdirə bilər. Cavabdehlə bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə dair təhvil-təslim aktından aydın olduğu kimi mal, müqavilə bağlandığı vaxtdan etibarən alıcıya təhvil verilmiş, bundan sonra 14 gün ərzində alıcı tərəfindən malın dəyişdirilməsi iiə bağlı müraciət daxil olmamışdır. Cavabdeh avadanlığın yenisi iiə əvəz olunması tələbi ilə onlara zəmanət müddəti bitdikdən sonra, yəni xx.xx.2022-ci ii tarixdə müraciət etmişdir. Tərəflərindən müraciətə baxılmış və xx.xx.2022-ci il tarixli cavab məktubu iiə avadanlığın işlək vəziyyətdə və cavabdehin istifadəsində olması, bununla yanaşı, avadanlığın yeni avadanlıqla dəyişdirilməsi imkanının mövcud olduğu cavabdehin diqqətinə çatdırılsa da, sonuncu tərəfindən məsələnin həllinə dair təşəbbüs göstərilməmişdir. Göründüyü kimi, İddiaçı MMC satıcı olaraq istər zəmanət müddətində, istərsə də zəmanət müddəti bitdikdən sonra üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmişdir. Beləliklə, qanunvericiliyin tələblərini və işin faktiki hallarını nəzərə alaraq hesab edirlər ki, Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia əsassızdır. İddiaçının nümayəndəsi X1 məhkəmə hazırlıq iclasında ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini rədd edərək, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, qarşı tərəfə lazer epilyasiya cihazı satılmış, tərəfin onlara göndərdiyi məktubun məzmununa uyğun cavab məktubu da göndərilmişdir. Mediasiya prosesində qarşı tərəf iştirak etməmiş və öz qarşılıqlı iddiasını irəli sürməmişdir. Onlar satıcı olaraq zəmanət dövründə öhdəliklərini yerinə yetirmişlər. Qarşılıqlı iddianın təmamilə əsassız olduğunu düşünürlər. Odur ki, məhkəmədən ilk iddianın təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini rədd edərək, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, qarşı tərəflə xx.xx.2021-ci il tarixində alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilə üzrə cavabdehin 11650 manat borcu qalmışdır. Müqavilənin 2.1.8-ci bəndində qeyd edilir ki, satıcı malın alıcının sahiblik və istifadəsində olduğu müddət ərzində (müqavilə üzrə öhdəliklərin tam bitməsinə qədər) malın keyfiyyətinə (və ya saxlanma vəziyyətinə) və alıcının ödəmə qabiliyyətinin yoxlanılması məqsədilə monitorinq və yoxlamalar edir, əlavə olaraq yoxlayıcı avadanlıqlarla da təchiz etmək hüququna malikdir. Aparatın adında hər hansı səhvlik yoxdur, adı çəkilən hər iki ad, aparatın adıdır. FG 2000D adı təhvil-təslim aktında da qeyd olunmuşdur. Avdanlıq təmir olunan müddət ərzində cavabdehə başqa avadanlıq verilmişdir. Bundan əlavə avadanlığın zəmanət dövründə aparat başqa şirkətə təmir etdirilməməli idi. Onlar təmir etdikləri zamanlarda isə avadanlığı işlək vəziyyətdə təqdim etmişlər. Uyğunluq sertifikatı 2022-ci il üçün var. Təmir işləri barədə aktlaşdırma mövcuddur. xx.xx.2022-ci il tarixində avadanlığın 6000 manat dəyərində olan ehtiyat hissəsi dəyişdirilib. xx.xx.2022-ci il tarixində avadanlığın safir daşı dəyişdirilib. Servis qeydlərindən də görünür ki, cavabdehə xidmət göstərilmişdir. Avadanlıq ümumilikdə 3 dəfə təmir edilmişdir. Aktda təmir olunmanın yeri və vaxtı qeyd olunmayıb, müştərinin adı qeyd olunmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixində onlara müraciət etmişdir. xx.xx.2022-ci il tarixində usta avadanlığı təmir edib, blokunu dəyişdirmişdir. xx.xx.2022-ci il tarixində avadanlığın başlığını onlar servisə göndərib və dəyişdirmişlər. xx.xx.2022-ci il tarixində avadanlığın safir daşı dəyişdirilmişdir və aparat təmir edildikdən sonra tədris şöbəsinə verilmişdir. 1 həftə test olunub cavabdehə təhvil verilmişdir. Təhvil prosesində müştərinin iştirakı və imzası olmamışdır. Cavabdeh malı təmirə verərkən təhvil-təslim aktı olmadığından, təmirdən sonra ona qaytarılarkən akt yazılmamışdır. Bu dövr zəmanət dövründən sonrakı dövrə aiddir. Cavabdehlə mübahisəni barışıqla yekunlaşdırmaq istəsələr də, cavabdeh onların təklifinə razılıq verməmişdir. Əgər avadanlıq nasazdırsa, ona yeni avadanlıq verməyə hazırdırlar, lakin yerdə qalan 11650 manat borc məbləği ödəmək şərti ilə bunu təklif edirlər. Onlar zəmanət müddəti bitdikdən sonrada avadanlığı təmir etmişlər, lakin bu pulu cavabdehdən tələb etməmişlər. Odur ki, məhkəmədən ilk iddianın təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında qarşılıqlı iddia tələbini müdafiə edib ilkin iddia tələbini rədd edərək, izahatında bildirdi ki, iddiaçıdan lazer aparatı almışdır. Lakin bir müddət sonra aldığı avadanlığın xarab olduğunu aşkar etmişdir. Qarantiya müddəti bitməmiş, buna görə də təmir edilməsi üçün iddiaçıya vermişdir. Təmir etdiklərini bildirsələr də avadanlıq düzəlməmişdir. Avadanlığı aldıqda müqaviləni ayaqüstü imzalamış, mahiyyəti ilə tanış olmamışdır. Təhvil-təslim aktını da imzalamışdır. İlkin ödəniş olaraq 7000 manat pul ödəmişdir. 11650 manat borcu var və avadanlıq düzgün işləmir. Belə ki, aparatı alanda ona bildirmişlər ki, aparatın həm aleksandrit, həm də diod funksiyası var. Sonra isə bildirdilər ki, sadəcə diod funksiyasını istifadə etməlidir. Ona görə də avandanlığa olan borcunu ödəmək fikri yoxdur. Avadanlıqda problem olduğunu aprel ayında müəyyən etmişdir, bundan əvvəl normal şəkildə işləmişdir. Bundan sonra aparatın adının, zavod adıyla eyni olmadığını aşkar etmişdir. Bu aparatı ilk dəfədir ki, istifadə edir. Aparat xarab olanda onlara məlumat verirdi, təmir edirdilər, ancaq buna baxmayaraq aparat yenə də eyni vəziyyətdə qalırdı. Aparatın daxilində çip yerləşdirilibdir. Aparatı təhvil vermək istəyir, ancaq ona aldığı qiymətdən çox aşağı qiyməti təklif edirlər. Bundan sonra ona yeni aparat adı ilə işlənilmiş aparat vermişlər. Hal-hazırda avadanlığı istifadə edir, təmir işlərinə görə başqa şirkətlə işləyir. Malı qaytarmaq istəyi və iradı ilə bağlı tərəfə həm şifahi, həm də yazılı formada müraciət etmişdir. Avadanlığı qaytarmaq üçün ondan əlavə pul istəyirlər, bu vəziyyət də ona sərf etmir. İddiaçı tərəfin ustası Hikmət usta ilə , satış meneceri Tural müəllimlə danışıqları olubdur. Eyni zamanda malın qüsurlu olması ilə bağlı İddiaçı MMC-yə məlumat göndərilmişdir. Müqavilədəki imza ona məxsusdur, lakin müqavilənin məzmunu ilə tanış olmamışdır. Zəmanət müddəti bitdikdən sonra cihazı başqa şirkətə təmir etdirmişdir. Aparatın daxilinə bir qurğu quraşdırmışlar ki, o, ödənişini gecikdirəndə qurğu vasitəsi ilə aparatın fəaliyyətini dayandırırdılar. Onu qeyd etmək istəyir ki, ona verilən aparatın adı Vertex RC idi. Təqdim olunmuş sənədlərdə isə aparatın adı fərqli şəkildə göstərilir. Bircə dəfə aparatın bloku dəyişdirilmişdir. Aktdakı imzalar ona məxsus deyil. O, yalnız 1 dəfə müqaviləyə imza çəkmişdir. Salonda başqa işçi olmamış, tək işləmişdir. Təmir onun iş yerində olunubdur. Aparatın ucluğunda problem olduğu üçün gel içərisinə daxil olur və ucluq əriyirdi. O, sonda aparatı başqa şirkətə təmir etdirmişdir. Hal-hazırda aparatdan istifadə edir, ancaq diod funksiyasını istifadə edə bilir, aleksandrit funksiyası işləmir. Hansı ki, bu təmiri də zəmanət müddəti bitəndən sonra etdirmişdir. İddiaçı tərəfin avadanlıqda nasazlıq aşkar edildiyi təqdirdə yenisi ilə əvəz edilməsi və qalan borcun ödənilməsi təklifi ilə razı deyildir. İddiaçıdan tələbi odur ki, həmin avadandlığı istifadə etsin, lakin geri də qalan pulu qaytarmasın. Odur ki, məhkəmədən ilk iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında qarşılıqlı iddia tələbini müdafiə edib ilkin iddia tələbini rədd edərək, izahatında bildirdi ki, iddiaçı ilə cavabdeh arasında olan yazışmalardan görünür ki, iddiaçı tərəf cavabdehə söyüş söyüb, təhqir edibdir. Şirkətin reklamında hər iki funksiyanın işlədiyi göstərilir. Müştərilər də əksər hallarda cihazın aleksandrit funksiyasına üstünlük verirlər. Bundan əlavə cihazı satdıqda bildiriblər ki, cihaz ABŞ istehsalıdır. Lakin sonradan məlum olub ki, cihaz Çin istehsalıdır. Cavabdeh bundan sonra şirkətdən yeni aparat istəyib. Onlar da yeni aparatın verilməsi üçün 20000 manat pul verilməsini istəyiblər. Buna görə də o, cihazın təmir olunması üçün başqa şirkətə-"xxxx" MMC- yə müraciət etmişdir. Aleksandrit funksiyası istifadə edilərkən müştərinin üzü yanıbdır. Bu barədə qarşı tərəfə məlumat verilmişdir. Aparatın bloku 3 dəfə dəyişdirilib. Blok dəyişdirildikdən sonra ustanın üzərində yoxlanış edilib, atışdan ustanın da qolları yanıbdır. 1 il ərzində 3 dəfə apartın bloku dəyişdirilibdir. Avadanlıq xarab olduğu üçün cavabdeh müştərilər itirmişdir. Avadanlığın yenisiylə əvəz olunması üçün isə cavabdehdən 20000 manat istəyiblər. 9 ay aparatın hər iki funksiyası işləyib, lakin sonradan aleksandrit funksiyası işləməyibdir. Aparatı salamat şəkildə cavabdehə təhvil verdiklərini göstərən sənəd olmalı idi, lakin yoxdur. Bütün sənədlər aktlaşdırılmalıdır. Ümumilikdə, aparat heç vaxt tam salamat olmayıbdır. Cavabdeh aparat xarab olana qədər ödənişləri vaxtında və tam şəkildə ödəyirdi, lakin aparat xarab olandan sonra ödənişləri işləyə bilməyib deyə ödəyə bilməyibdir. Avadanlıq ümumilikdə 5 dəfə xarab olubdur. Təmir etsələr də, təmiri aktlaşdırmamışlar. Onların qarşı tərəfə inamı qalmayıbdır. İlk iddiaçı güzəştlər olunacağı barədə məktub göndərsə də, danışıq əsasında 12000 manat pul ödənilməsini tələb etmişlər. Onların təklifi formal xarakter daşımışdır. Odur ki, məhkəmədən ilk iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahidinin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Cavabdeh tanıyır, müştəriləridir. Zəmanət müddəti ərzində avadanlığa baxış keçirmişdir. Avadanlığa 2-ci dəfə baxış keçirdikdə isə onun qida blokunu dəyişmişdir. Bundan əlavə 2 dəfə aparatın qolu servisə göndərilib, baxış keçirilib, yoxlanılıbdır. O, şəxsən avadanlığa müştərinin öz obyektində baxış keçirtmişdir. Şəmkirə müştərinin obyektinə 1-ci dəfə sadəcə baxış üçün getmişdir. Zəmanət müddəti bitdikdən sonra da aparat yandırdığına görə cavabdehin obyektinə getmişdir. Hansı ki, həmin vaxt aparat onunda də əlini yandırmışdır. Bu hal qida blokuna görə yaranmışdır. 1 ildən artıq işləyən bir aparat üçün bu hal hardasa normal idi. Belə ki, aparatı əvvəlcə yoxlamış, görmüşdür ki, bir az aqressivdir, yəni yandırır. Buna görə də elə yerindəcə aparatın qida blokunu dəyişmişdir. Bu hadisə zəmanət müddəti bitəndən sonra oldu, tarixi dəqiq xatırlamır. Sonradan bildiyi qədəri ilə müştəri yenidən şirkətə zəng edərək bildirmişdir ki, aparatda yenə problem var. 3-cü dəfə aparata Bakıda servisdə baxış keçirmişlər və görmüşlər ki, aparat bir az artıq yandırır. Hansı ki, dəridə qızartı olur, lakin sonradan keçir. Bu da o demək idi ki, aparat həmin vaxt normal deyildi. Aparata 3-cü dəfə baxış keçirəndə qida blokunu bir daha dəyişmişlər. Tədrisdə də aparat bir daha yoxlanılmışdır. Təmirdə o, iştirak etmişdir. O, qida blokunu 2 dəfə dəyişdirmişdir. Aparatın üz şüşəsini isə başqa ustalar təmir etmişdir. Aparat 2-ci dəfə təmir olunanda zəmanət müddəti artıq keçmişdir. Qarantiya müddətində aparata baxış keçirmiş və müəyyən etmişdir ki, aparatda problem yoxdur. Digər təmirlər isə zəmanət dövrü bitdikdən sonra baş vermişdir. Aparata yerində baxış keçirmiş, lakin sənədləşdirmə etməmişdir. Cavabdehin obyektində təxminən 2 dəfə olmuş, bu zaman sənədləşdirilmə aparılmamışdır. Sənədləşdirilmə işi onun vəzifə səlahiyyətində deyildir. O, aparatı təmir edib, tədris şöbəsinə vermişdir. İş materiallarına əlavə edilmiş satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, satıcı alıcıya malları satmağı, alıcı isə həmin malı qəbul edib, müqaviləyə uyğun şərtlərlə və məbləğdə pul vəsaitini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş həmin müqaviləyə dair tərəflər arasında imzalanmış qiymətlərin razılaşdırma protokuluna əsasən alıcı Cavabdeh satıcı İddiaçı qarşısında 7000 manat ilkin ödəniş olmaqla 24 aylıq dövrü ilə 37000 manat məbləğində pulu iddiaçıya ödəmək öhdəliyi götürmüşdür. İş materiallarına əlavə olunmuş həmin müqaviləyə dair tərəflər arasında imzalanmış zəmanət talonundan görünür ki, satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh satılmış “Wertex 1200 (FG2000D+)” adlı avadanlığa xx.xx.2021-ci il tarixdən 12 ay müddətinə zəmanət verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixdə tərəflər arasında imzalanmış təhvil-təslim aktına əsasən alıcı Cavabdeh 37000 manat məbləğində “Wertex 1200 (FG2000D+)” adlı avadanlığı və ona aid digər malları İddiaçındən təhvil almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli geri təhvil-təslim aktından görünür ki, xx.xx.2021-ci il tarixdə alıcıya satılmış “ADSS Wertex 1200 (FG2000D+)” cihazında yaranmış nasazlıqla bağlı təmirə götürülmüş, bu səbəbdən alıcı Cavabdeh xx.xx.2022-ci il tarixində eyni cihazın yenisi “ADSS Wertex 1200 (FG2000D+)” müvəqqəti istifadə üçün təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli avadanlıqların təmirə qəbul blanklarından görünür ki, Cavabdeh istifadəsində olan “ADSS Wertex 1200 (FG2000D+)” cihazı İddiaçı tərəfindən təmir olunmuşdur. İş materillarına əlavə olunmuş İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 19 noyabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, avadanlığa dair texniki servis tarixçəsindən göründüyü kimi xx.xx.2021-ci ii tarixli alqı-satqı müqaviləsi üzrə onlardan alınan “WERTEX" markalı lazer epilyasiya avadanlığında baş vermiş nasazlıqlarla bağlı əməkdaşları tərəfindən yerində texniki servis xidməti göstərilmişdir. Hal-hazırda sözügedən avadanlıq işlək vəziyyətdədir və istifadəsindədir. Buna baxmayaraq, gələcəkdə sözügedən avadanlıqda bir daha nasazlıq baş verdiyi təqdirdə, şirkətlərində mövcud olan və “aldığı avadanlığın xarici və keyfiyyət parametrlərinə uyğun olaraq digər lazer epilyasiya avadanlığı ilə dəyişdirilməsini istisna etmirlər. Həmçinin seçim üzrə iki avadanlıq arasında böyük qiymət fərqi olacağı təqdirdə isə şirkətləri tərəfindən ona nəzərəçarpan güzəştlər ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş 18 yanvar 2023-cü il tarixli "xxxx" MMC tərəfindən tərtib olunmuş servis talonundan görünür ki, başlığın ön şüşə hissəsi yenilənmiş, soyuma plitələri bərpa olunmuş, qida bloku yerinə bağlanılmış və data kabel bərkidilmişdir. Heç bir yeni ehtiyyat hissəsi əlavə olunmamışdır. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi Cavabdeh 11650 manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş xəbərdarlıq məktubundan görünür ki, iddiaçı borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Mülki Məcəllənin 600.1-ci maddəsinəəsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İlk iddia üzrə Cavabdeh 28 iyul 2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə İddiaçı qarşısında 11650 manat məbləğində pul öhdəliyinin yaranması, cavabdehin ona satılan əşyadan hazırda da istifadə etməsinə baxmayaraq öhdəliklərini yerinə yetirməməsi və iddiaçıya 11650 manat məbləğində borcunun qalması işin mübahisəsiz hallarına aid olmaqla, tərəflərin izahatları və iş materiallarında olan sənədlərlə təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, ilk iddia əsaslı olduğundan təmin edilməli, 11650 manat məbləğində borc və ödənilmiş 200 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməli, ilk iddia üzrə ödənilməli olan 124 manat 95 qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. 04 fevral 2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. “X8» Məhdud Məsuliyyətli Cəmiyyəti ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiya xərcini ödəmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiya xərcini ödədiyi üçün həmin hissədə dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 124 manat 95 qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh “X8» Məhdud Məsuliyyətli Cəmiyyətinə pul tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan təmin edilməməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı ona satılmış əşyanın keyfiyyətsiz olduğunu bildirib, Mülki Məcəllənin 587-ci və 624-cü maddələrinə istinad edərək, mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, Mülki Məcəllənin 624-cü maddəsi hazırki mübahisəyə tətbiq edilə bilməz. Belə ki, həmin maddə pərakəndə alqı-satqı müqaviləsindən irəli gələn münasibətləri tənzimləyir. Mülki Məcəllənin 614.1-ci maddəsinə əsasən pərakəndə alğı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür. Bu halda, tərəflər arasında olan mübahisə hər iki tərəfin sahibkarlıq fəaliyyəti ilə bağlı olduğundan, pərakəndə alqı-satqının predmeti deyil. Mülki Məcəllənin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Mülki Məcəllənin 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 587.4. Komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Mülki Məcəllənin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, alıcının əşyanın qüsurları və ya keyfiyyətsizliyi barədə tələbi, həmçinin əşya üçün ödədiyi pul məbləğinin qaytarılması barədə iddiası o halda əsaslı sayıla bilərdi ki, həmin hallar əşya alıcıya verilməmişdən qabaq və ya həmin məqamda əmələ gəlmiş olsun. Qarşılıqlı iddia üzrə iddiaçı isə əşyanın qüsurlarının əşya alıcıya verilənədək əmələ gəldiyini və ya həmin məqamadək yaranmış səbəblərdən əmələ gəldiyini məhkəmədə sübuta yetirə bilməmişdir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin 6.3-cü bəndindən göründüyü kimi alıcı təsdiq etmişdir ki, satıcıdan aldığı mala tam ətraflı baxmış, gözdən keçirmiş və heç bir nasazlıq, problem mövcud olmamışdır. Bundan başqa, satılmış əşyanın alıcı tərəfindən ən azı 8 ay təyinatı üzrə istifadə etməsi ona dəlalət edir ki, əşya satılarkən keyfiyyətli olmuşdur. Həmin alqı-satqı müqaviləsinin 7.1-ci bəndindən görünür ki, satıcı bu müqavilə üzrə satdığı malların keyfiyyətinə müqavilənin tərkib hissəsi olan zəmanət talonunda nəzərdə tutulmuş qaydalara və müddətə uyğun uyğun qarantiya (zəmanət) vermişdir. Mülki Məcəllənin 588.2-ci maddəsinə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Mülki Məcəllənin 589.3-cü maddəsinə əsasən əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. İşin faktiki hallarından görünür ki, alıcıya satılmış əşyanın yalnız bir qüsuru qarantiya müddətində, yəni xx.xx.2022-ci il tarixdə aşkar edilmiş, həmin qüsur satıcının hesabına yerindəcə aradan qaldırılmaqla, əşyanın 6000 manat dəyərində olan qida bloku dəyişdirilmişdir. Alıcı qarantiya müddətində Mülki Məcəllənin 587.2-ci maddəsində nəzərdə tutulmuş əşyanın keyfiyyətinə aid tələblərin əhəmiyyətli dərəcədə pozulmasını nəzərdə tutan halların baş verdiyini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəməyə təqdim edilmiş avadanlığın təmiri barədə sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə yerində aradan qaldırılmış qüsur istisna olmaqla, digər bütün təmir işləri zəmanət müddəti bitdikdən sonra aparılmışdır. Məhkəmə həmçinin qeyd edir ki, adi mülki dövriyyədə olan elektrik avadanlıqlarının satışı zamanı bir qayda olaraq 1 illik zəmanət verildiyi halda, alıcının 37000 manat dəyərində 2 il ərzində hissə-hissə ödəmək şərti ilə aldığı avandanlığa görə cəmi 1 illik zəmanəti qəbul edib razılaşması anlaşılan deyil. Mülki Məcəllənin 589.7-ci maddəsinə əsasən müqavilədə nəzərdə tutulan qarantiya müddəti iki ildən az olduqda və alıcı əşyanın qüsurlarını qarantiya müddəti bitəndən sonra, lakin əşyanın ona verildiyi gündən iki il ərzində aşkar etdikdə, satıcı bu şərtlə məsuliyyət daşıyır ki, alıcı əşyanın qüsurlarının əşya alıcıya verilənədək əmələ gəldiyini və ya həmin məqamadək yaranmış səbəblərdən əmələ gəldiyini sübuta yetirsin. Sadalananlara əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddianın satılmış əşya üçün ödənilmiş pul məbləğinin qaytarılması hissəsi əsassız olduğundan təmin edilə bilməz. Qarşılıqlı iddianın zərərin əvəzinin ödənilməsini nəzərdə tutan təmir və yol xərcləri, həmçinin əldən çıxmış fayda ilə bağlı hissələrinə dair məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı nəinki çəkdiyi xərclərə və əldən çıxmış faydaya dair sübutları məhkəməyə təqdim etməmiş, ümumiyyətlə satıcı tərəfindən ona zərər vurulduğunu məhkəmədə sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilsin. 11650 manat məbləğində borc və ödənilmiş 200 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İlk iddia üzrə ödənilməli olan 124 manat 95 qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh İddiaçınə qarşı pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar