Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-354/2021 20.04.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-dən əsas borc 3024 ABŞ dolları əsas borc, ödənmə gününə olan məzənnə ilə və müqaviləyə uyğun olaraq hər gecikmə gününə məbləğin 0.1 faizi məbləğində pul bu günə 1079,4 ABŞ dolları və əldən çıxmış mənfəət hər gecikmə ayı üçün 10 faiz olmaqla 3628,24 ABŞ dolları alınıb onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh şirkətlə “xxxx” Sp.z.o.o. arasında 01 oktyabr 2019-cu il tarixli 245 saylı müqavilə bağlanmış, müqavilənin predmeti Moldovanın Kişinyov şəhərindən Azərbaycan Respublikasının Tovuz rayonunun İbrahimhacılı kəndinə yüklərin daşınması olmuşdur. “xxxx” Sp.z.o.o. tərəfindən müqavilə öhdəliyi yerinə yetirilmiş, bu müvafiq olaraq cavabdeh tərəfindən 18.11.2019-cu il tarixli 345 saylı və 27.12.2019-cu il tarixli 381 saylı təhvil-təslim aktları ilə təsdiq olunmuşdur. 27.12.2019-ci il tarixdə 3.000 ABŞ dolları ödənmiş, həmin tarixə 4.200 ABŞ dolları borc qalmışdır. Həmin daşımaların xidmət haqqı cavabdeh tərəfindən 370TB1616 saylı 14.02.2020-ci il tarixli məktubla təsdiq olunur. Həmin məktubda cavabdehin təsdiq etdiyi kimi borc 4200 ABŞ dolları təşkil edir. Bu məbləği 20.02.2020-ci il tarixə kimi ödəməyi cavabdeh öhdəsinə götürsə də, 05 mart 2020-ci il tarixdə daha 2.000 manat ödəmişdir. Lakin 05 mart 2020-ci il tarixdə 3.024 ABŞ dolları borc qalmış və bu günədək heç bir əlavə ödəniş olmamışdır. Beləliklə tərəfindən artıq bir il ərzində öhdəliyində yazılmış məbləğin ödənməməsi “xxxx” Sp.z.o.o.-nun qanuni mənafeyinə ziyan vurmuşdur. Qeyd edir ki, bu barədə borcun ödənməyəcəyi təqdirdə tərəflərindən (həmçinin müvafiq ziyan hesablanmaqla) müvafiq instansiyalara müraciət olunacağı və hüquqi işlər başlanacağı barədə pretenziya verilsə də, cavabdeh tərəf cavab verməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, iddiaçı daşıma sahəsində fəaliyyət göstərir. Tərəflər arasında müqavilə bağlanılmasına baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək daşıma haqqını ödəmir. Müqavilə bağlandıqdan bir müddət sonra borcun bir hissəsini ödəmiş, sonradan ödəməmişdir. Cavabdeh borcu etiraf etmiş, ödəyəcəyi barədə vəd vermiş, lakin ödəməmişdir. Səbəb kimi isə pandemiya olduğunu bildirmişdir. Müqavilədə valyuta ABŞ dolları ilə göstərildiyindən iddiada da elə tələb edirlər. Tələb etdikləri 1079,4 ABŞ dolları məbləğində faiz dəbbə pulu dəməkdir və müqavilənin 3.74-cü bəndində öz əksini tapmışdır. Həmçinin əldən çıxmış faydanı da tələb edirlər. Əldən çıxmış fayda ilə bağlı hər hansı bir sübut yoxdur. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş ekspeditor “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müştəri “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 01 oktyabr 2019-cu il tarixli 245 saylı daşıma xidməti üzrə müqavilədən görünür ki, müştəri yüklərin lazımi məntəqələrə daşınmasını, anbarlaşdırılmasını, yükvurma-yükboşalma işlərin yerinə yetirilməsini, yükün kəmiyyətinin və keyfiyyətinin yoxlanılmasını, emalı və gömrük rəsmiləşdirilməsini ekspeditora həvalə etmiş, ekspeditor isə bu öhdəliyi üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş vəsait tələb etmək hüquqlarının verilməsi barədə 01 fevral 2021-ci il tarixli müqavilənin surətindən görünür ki, təyin edən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə borclu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında imzalanan və “245” saylı, 01.10.2019-cu il tarixli müqavilə əsasında yaranmış 4200.00 ABŞ dolları məbləğində vəsait tələb etmək hüququnu qəbul edənə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə vermiş, qəbul edən həmin borcu tələb etmək hüququnu qəbul etmişdir. İş materiallarına əlavə olunmuş 18 noyabr 2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Greentrans&Logistics Sp.Z.o.o tərəfindən faktura N.335.gr.11.2019 olan yükün X4, Moldova-dan daşınaraq “Azeri-Frans” LLC çatdırılması həyata keçirilmiş, Greentrans&Logistics Sp.Z.o.o yükü təhvil vermiş, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti təhvil almışdır. Daşınmanın qiyməti 3600 ABŞ dolları olmuşdur. İş materiallarına əlavə olunmuş 27 dekabr 2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Greentrans&Logistics Sp.Z.o.o tərəfindən faktura N.335.gr.11.2019 olan yükün X4, Moldova-dan daşınaraq “Azeri-Frans” LLC çatdırılması həyata keçirilmiş, Greentrans&Logistics Sp.Z.o.o yükü təhvil vermiş, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti təhvil almışdır. Daşınmanın qiyməti 3600 ABŞ dolları olmuşdur. İş materiallarına əlavə olunmuş “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış 14 fevral 2020-ci il tarixli 370TB616 nömrəli məktubundan görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 01 oktyabr 2019-cu il tarixli 245 saylı müqaviləyə əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Moldova Respublikasının Kişinyov şəhərindən Azərbaycan Respublikası Tovuz rayonu İbrahimhacılı kəndinə yüklərin daşıması həyata keçirilmişdir (18.11.2019-cu il tarixli 345 nömrəli və 27.12.2019-cu il tarixli 381 nömrəli təhvil-təslim aktları). Qeyd olunan yüklərin xidmət haqqı 14.02.2020-ci il tarixinə 4200 ABŞ dolları miqdarındadır və yuxarıda göstərilmiş borcun 20.02.2020-ci il tarixinə kimi ödənilməsi öhdəliyə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borcun ödənilməsilu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında yüklərin daşınması ilə bağlı müqavilə bağlanaraq, iddiaçı cavabdehin yükünü daşımağı, cavabdeh isə daşıma haqqını ödəməyi öhdəsinə götürmüş, yükün daşınmasına baxmayaraq, cavabdeh daşıma haqqını tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Pretenziya məktubundan görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı cavabdehə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 3024 ABŞ dolları əsas borc, 150 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3174 ABŞ dolları məbləğində borc ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının xeyrinə tutulmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 150 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Bundan başqa, iddiaçı 3628,24 ABŞ dolları məbləğində əldən çıxmış faydanın cavabdehdən tutulmalı olmasına dair məhkəməyə heç bir sübut təqdim etmədiyindən, bu hissədə iddia təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 3024 ABŞ dolları əsas borc, 150 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3174 ABŞ dolları məbləğində borc ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-354/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-354/2021
20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver