Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-354/2022 25.05.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil2, qarşılıqlı iddia tələbi üzrə iddiaçı, ilkin iddia tələbi üzrə Cavabdeh nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı borc tələbinə dair ilkin iddiasına və Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borc tələbinə dair qarşılıqlı iddiası üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 125000,45 manat məbləğində borc pulun və ödənilmiş 400 manat mediasiya xərcinin tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 28.07.1994-cü il tarixdə kommersiya qurumu kimi qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş 15.09.2016-cı il tarixli Çıxarışa əsasən Nümayəndə Təvəkkül oğlu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir. Hal-hazırda "xxxx" MMC ********** saylı VÖEN əsasən fəaliyyət göstərir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “WOODPECKER” ticarət nişanı ilə mebel məhsullarının istehsalı və satışı ilə məşğul olur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh MMC (VÖEN: **********) arasında 26.08.2021-ci il tarixdə yataq, qonaq, uşaq, yumşaq və digər mebellərin satışı ilə əlaqədar 150000 manat dəyərində Satış Müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən sifarişçi Cavabdeh MMC istənilən üsulla sifariş edilmiş mebelləri müqavilə şərtləri ilə son istehlakçılara satmaq məqsədilə sifarişçinin mülkiyyətinə verməyi, sifarişçi isə bu müqavilə ilə razılaşdırılmış şərtlərlə qiymətləri ona ödəməyi öhdəsinə götürür. Cavabdeh MMC "xxxx" MMC-dən mütəmadi olaraq mal götürmüş və bu malların dəyərini hissə-hissə ödəmişdir. Lakin sonda Cavabdeh MMC-nin hesabında olan mal qalığı araşdırılmış və nəticədə 128000,45 manat borcu olduğu aşkar edilmişdir. Bununla əlaqədar Cavabdeh MMC ilə 01 Noyabr 2021-ci il tarixli üzləşmə aktı imzalanmışdır. Cavabdeh MMC 128000,45 manat borclu olduğunu imzası ilə təsdiq etmişdir. 17 dekabr 2021-ci il tarixdə cavabdeh göstərilən borcun 3000 manatını Kapital bank vasitəsilə ödəmişdir. Hal-hazırda Cavabdeh MMC-nin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 125000,45 manat məbləğində borcu vardır. Cavabdeh MMC-yə borcunun ödənilməsi ilə əlaqədar dəfələrlə xəbərdarlıq edilmişdir. O, hər dəfə borcunu ödəyəcəyini bildirsə də, müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən əsassız olaraq boyun qaçırmışdır. Onun bəhanələri məsuliyyətdən boyun qaçırma məqsədi daşıyan formal xarakterli subyektiv mülahizələrindən ibarətdir. Ona görə də məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdirlər. Cavabdeh MMC-nə borcunun ödənilməsi ilə əlaqədar dəfələrlə şifahi xəbərdarlıq edilmişdir. Sonuncu dəfə 26 Oktyabr 2021-ci il tarixdə cavabdehə yazılı şəkildə yazılmış 74 saylı iddia bildirişi məktubu 27.10.2021-ci il tarixdə Azərpoçt MMC vasitəsilə göndərilmiş və məktubu rəsmi imza etməklə qəbul etmişdir. İlkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 25000 manat məbləğində pulu və ödənilmiş 165 manat dövlət rüsumu cəmi 25165 manat məbləğində pul tutularaq Cavabdehnə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı idda ərizəsi onunla əsaslandırlmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə bir neçə sifarişlər edilmişdir. Lakin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti bundan əvvəlki sifarişləri üzrə 25000 manat dəyərində olan müxtəlif mebel dəstləri tam olaraq təhvil verməmişdir. Təhvil verilməmiş müxtəlif mebel dəstləri üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə tam olaraq ödəniş edilmişdir. Bu səbəbdən sahibkarlıq fəaliyyətlərini də tam olaraq həyata keçirdə bilməmişdirlər. Bununla əlaqədar olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə dəfələrlə xəbərdarlıq edilmişdir. O, hər dəfə öhdəliklərini tam olaraq icra edəcəyini bildirsə də, müxtəlif bəhanələr gətirərək öhdəliklərini yerinə yetirməkdən əsassız olaraq boyun qaçırmışdır. Məhkəmə mübahisələrin birlikdə həlli, prosessual qənaət baxımından qarşılıqlı iddianı icraata qəbul etməyi məqsədə uyğun saymışdır. 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil2 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə edərək bildirdi ki, tərəflər arasında bağlanmış satış müqaviləsinə əsasən sifarişçi Cavabdeh istənilən üsulla sifariş edilmiş mebelləri müqavilə şərtləri ilə son istehlakçılara satmaq məqsədilə sifarişçinin mülkiyyətinə verməyi, sifarişçi isə bu müqavilə ilə razılaşdırılmış şərtlərlə qiymətləri ona ödəməyi öhdəsinə götürmüşdür. Lakin müqavilə üzrə cavabdeh tərəfindən öhdəliklər yerinə yetirilməmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, hər dəfə borcunu ödəyəcəyini bildirsə də, müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən əsassız olaraq boyun qaçırmışdır. Bununla da ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı, ilkin iddia tələbi üzrə Cavabdeh nümayəndəsi Vəkil1 məhkəmə iclasında izahat verərək bildirdi ki, qarşılıqlı iddia tələbini müdafiə edir. Belə ki, Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əvvəllər mebellərin satışı ilə əlaqədar müqavilələr olmuşdur və 125000 manat borc qalmışdır. Lakin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti bundan əvvəlki sifarişlər üzrə 25000 manat dəyərində olan mebelləri tam olaraq təhvil verməmişdir. İşlər tam təhvil verilmədyindən pullar köçürülməmişdir. Ona görə də ilkin iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh MMC (VÖEN: **********) arasında 26.08.2021-ci il tarixdə bağlanmış satış müqaviləsindən görünür ki, sifarişçi Cavabdeh MMC istənilən üsulla sifariş edilmiş mebelləri müqavilə şərtləri ilə son istehlakçılara satmaq məqsədilə sifarişçinin mülkiyyətinə verməyi, sifarişçi isə bu müqavilə ilə razılaşdırılmış şərtlərlə qiymətləri ona ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin dəyəri ƏDV-siz 150000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş üzləşdirmə aktının surətindən görünür ki, Cavabdeh MMC-nin 01.11.2021-ci il tarixinə 128000.45 manat məbləğində borcu olduğunu Cavabdeh MMC-nin nümayəndəsi X1 imzası ilə təsdiq etmişdir. İş materaillarında olan 16.12.2021-ci il tarixli EBBO 248930 nömrəli, EBBO 262077 nömrəli, EBBO 262077 nömrəli elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən 125000.45 manat məbləğində mallar təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş təqdim edilmiş mallar barədə aktlardan görünür ki, 09.09.2021-ci il tarixli, 050237 №-li akta əsasən 32000.11 manat, 07.10.2021-ci il tarixli, 050255 №-li akta əsasən 32000.11 manat, 14.10.2021-ci il tarixli, 050259 №-li akta əsasən 64000.23 manat məbləğində mallar təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Mülki Məcəllənin 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Mülki Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh MMC iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 128000 manat məbləğində mal almış, əvəzində 3000 manat ödəniş etməklə öhdəliyini tam icra etməmişdir. Beləliklə, ilkin iddianın əsaslı olması sübutlarla təsdiqini tapmış olsa da, qarşılıqlı iddianın əsaslı olmasını təsdiq edən sübutlar təqdim olunmamışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı borc tələbinə dair ilkin iddisı təmin edilməli və Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borc tələbinə dair qarşılıqlı iddiası isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia tələbi təmin edilsin. İlkin iddia tələbi üzrə Cavabdehndən 125000,45 (bir yüz iyirmi beş min manat qırx beş qəpik) manat borc məbləği və ödənilmiş 400 manat mediasiya xərci tutularaq ilkin iddia tələbi üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Kənan Vəliyevi ilə d Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-354/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-354/2022
25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver