Məhkəmə qərarları › İş №e-2-2(115)-355/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-355/2022

07.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-355/2022 07.04.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, Cavabdehin nümayəndələri X1 və X2 iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 120000 manat əsas borc və 400 manat mediasiya xərcinin cavabdehdən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 10.12.2018-ci il müqaviləyə əsasən cavabdeh müqavilə predmeti olan Samux rayonu Qarayeri kəndində yerləşən 2 ha istixana kompleksini 3 il müddətinə müvəqqəti istifadəyə götürmüşdür. Müqavilənin 1.2-ci bəndi üzrə cavabdeh 180000 manat ödəməli olduğu halda cəmi 60000 manat ödəniş etmiş və müqavilə üzrə 120000 manat məbləğində borcu qalmışdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Müqavilə üzrə 120000 manat borcu qalmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl prosedura riayət olunmuş və nəticədə mediasiya proseduru ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə mediatorun 20.12.2021-ci il tarixli 2021-002408 saylı arayışı ilə rəsmiləşdirilmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh MMC-nin direktoru X3 məhkəməyə etiraz və etiraza əlavə təqdim edərək bildirmişdir ki, Cavabdeh MMC ilə İddiaçı ASC arasında bağlanmış 10.12. 2018-ci il tarixli İS- 05/18 nömrəli müqaviləyə əsasən 2-hektarlıq istixana dəsti üç il (2019-2021) müddətinə hər il 60 min manat ödəmək şərti ilə təsisçisi olduğu Cavabdeh MMC-yə icarəyə verilmişdir. Müqavilənin birinci ili Cavabdeh MMC tərəfindən müqavilə şərtlərinə vaxtı-vaxtında əməl edilərək 60 min manat vəsait İddiaçı ASC-nin hesabına ödənilmişdir. İcarənin ikinci ilində, yəni 2020-ci ildə isə bütün dünyanı cənginə alan COVİD-19 pandemiyası, qapanmalar, iş yerlərinin bağlanması, əhalinin gəlirlərinin azalması və çoxsaylı digər səbəblərdən istehsal etdiyimiz pomidoru almaq üçün Rusiya bazarlarında da əhalinin alıcılıq qabiliyyəti aşağı olmasına görə bizə maya dəyərindən aşağı qiymətlər təklif olundu. Biz və bizim kimi digər istixana şəraitində məhsul istehsal edənlər Rusiya bazarlarında yox, daxili bazarlarda məhsul (pomidor) satmaq məcburiyyətində qaldılar. Belə olan halda daxili bazarlarda tələb-təklif qaydaları tərsinə dövr edirdi. Yaranmış vəziyyət haqqında onlar 23.04.2020-ci il tarixdə İddiaçı ASC-nin rəhbərliyinə rəsmi müraciət ediblər. Müraciətlərində qarşılaşdığı çətinliklər haqqında ətrafa məlumat veriblər və kömək istəyiblər. Məhsul istehsalına görə 200000 manat borcları yarandığı və icarə haqqının ödənilməsinin mümkün olmadığını bildiriblər. Lakin onlara heç bir köməklik edilməməsinə baxmayaraq onlar itkilərini, borclarını və 2020-ci ilin icarə haqqını ödəmək məqsədi ilə fəaliyyətlərini davam etdirirlər. Çox böyük çətinliklər hesabına olsa da onlar 2021-ci ildə məhsul istehsal ediblər. “COVİD-19 pandemiyası” bəlası mövcud olduğu bir vaxtda onlar istixana şəraitində məhsul istehsal edənlərə növbəti iqtisadi zərbə vuruldu. Rusiya Federasiyası tərəfindən Azərbaycan Respublikasından bəzi meyvə tərəvəzlərin (o cümlədən pomidorun) idxalına qadağa qoyuldu. Odur ki, koronavirus pandemiyası nəticəsində dövlət tərəfindən qəbul edilən məhdudiyyət tədbirlərinin borclunun cavabdeh olmadığı haldan irəli gəlməsi kimi və bununla belə fors-major halları kimi qəbul edilməli və öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsinə görə məsuliyyətdən azad edilməyə imkan yaradır. İstixana şəraitində becərilən məhsulların, xüsusən də kokobitdə damlama ilə suvarılan bahalı kübrələrdən istifadə edərək becərilən, istilik almaq üçün qaz,mazut və digər vasitələrdən istifadə olunan məhsulun maya dəyəri açıq sahədə becərilən tərəvəzlərin maya dəyərindən baha başa gəlir. İstixana şəraitində becərilən pomidorun bir kiloqramının maya dəyəri orta hesabla 1 manat 20 qəpik – 1 manat 40 qəpik başa gəlir. 2021-ci ildə də min bir əziyyətlə böyük vəsait xərclənməsi hesabına istehsal etdikləri, məhsulu hamı kimi onlar da daxili bazarda maya dəyərindən dəfələrlə aşağı qiymətə satmaq məcburiyyətində qalıblar. Bəzən də olurdu ki, sata bilmədikləri məhsullar xarab olduğu üçün atmaq məcburiyyətində qalıblar. Düşdükləri çətin, ümidsiz vəziyyət haqda onlar İddiaçı ASC-yə 17.05.2021-ci il tarixdə ikinci dəfə müraciət ediblər. Müraciətdə onlar istehsal etdikləri pomidorun ölkəmizdə fəaliyyət göstərən iri təşkilatlara (hərbi hissələr, xəstəxanalar) satışında bizə yardımçı olmaları, icrayə götürdükləri 2-hektarlıq istixana dəstinin icarə müqaviləsinin ləğv edilərək başqa şəxslərə verilməsini xahiş ediblər. Bundan başqa fors-major bəndi və baş verə biləcək hadisənin hüquqi nəticələrinin daxil edilməsi bütün hallarda müqavilə bağlanılarkən tövsiyə olunsa da 10.12.2018-ci il tarixli TS-05/18 nömrəli müqavilənin şərtlərində fors-major hadisəsinin baş verməsi ilə bağlı bənd əlavə olunmamışdır. Halbuki “Fors-major” müqavilələrdə standart şərt kimi yer almalı və bu şərtə əsasən, tərəflərin iradəsindən asılı olmayan və qarşısını almağa təsir imkanları olmayan hadisələrlə bağlı yaranmış şəraitdə müqavilə üzrə öhdəlikləri qismən və ya tamamilə yerinə yetirmədikdə tərəflər məsuliyyətdən azad edilməlidirlər. Hesab edirik ki, müqavilədə “fors major” maddəsi mövcud deyilsə, o zaman “fors major” la bağlı qanunvericiliyin bütün tələbləri avtomatik olaraq tətbiq edilməli və məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. İddiaçı ASC-nin özünün də müqavilənin ləğvi üçün müraciət etməməsi onlarla hüquq münasibətlərinə davam etmək istəyinin, onları etibarlı və vicdanlı tərəfdaş olduğunun göstəricisidir. Qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya prosesinin tətbiqi zamanı keçirilən ilkin sessiyada işin məhkəməyəqədər nizamlanması ilə bağlı bir neçə təklif və şərtlər irəli sürülsə də qarşı tərəfdən bununla bağlı hər hansı müsbət reaksiya verilməmişdir. Beynəlxalq hüquq sistemində yer alan bir anlayış olaraq Fors-major sayıla bilən hallardan biri baş verərsə, onda tərəflər müqaviləyə bütövlükdə və ya qismən xitam vermək və ya müqavilənin icrasını dayandırmaq hüququ verir. Baş verən hadisə fors majordur. Onların öhdəliyinin icrasına kifayət qədər vicdanlılıq və məsuliyyətlə yanaşdıqlarını, lakin onlardan asılı olmayan qlobal çətinliklərlə əlaqədar öhdəliyin icrasının mümkünsüzlüyünü nəzərə alaraq iddianın rədd edilməsini xahiş edirlər. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə etiraza münasibət təqdim edərək bildirmişdir ki, etiraz əsassızdır, faktiki olaraq tərəflər arasında qüvvədə olan müqavilə və müqavilə üzrə öhdəliklər mövcuddur. Covid -19 virusu ilə əlaqədar olaraq mövcud pandemiya rejimi isə artıq həyat tərzinə çevrilib, həmin hal forsmajor halı kimi qiymətləndirilə bilməz. Bununla bağlı müqavilədə hər hansı bir bənd nəzərə alınmamışdır. Cavabdehin iddiaçıya ünvanladığı müraciətlərdə isə yeni bir alıcı tapılmasına kömək edilməsi xahiş olunur ki, bu da iddiaçının (icarəyə verən) öhdəliyinə aid deyildir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, müəssisənin rəhbəri kimi lizinq şirkəti ilə müqavilə baxlayaraq, istixananı lizinqə götürmüşlər. 1 illik borcu ödəsələr də, pandemiya ilə əlaqədar 2 ilin borcunu, yəni 120000 manatı ödəyə bilməmişlər. Onların üzv olduğu Azərbaycan Meyvə- Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasından verilən məktubdan göründüyü kimi istixanaların fəaliyyəti çətin vəziyyətə düşmüş və məhsulları xarab olmuşdur. Məhkəməyə təqdim edilən videomateriallardan göründüyü kimi də ölkədən göndərilən məhsullar gömrük postlarında qalmış və xarab olmuşdur. Onların fəaliyyəti elə şəkildə təşkil olunmuşdur ki, həmin dövrdə istixanada məhsulları olub və müəsissənin fəaliyyətini dayandırmaq qeyri- mümkün olmuşdur. Ona görə də iddiaçıdan müqavilənin ləğvini yox, onlara çətin vəziyyətlə bağlı kömək etməklərini xahiş ediblər, lakin onların istəkləri nəzərə alınmayıb. Onların iddiaçı ilə bağladıqları müqavilədə fors-major halla bağlı bənd olmasa da hadisənin bütün dünyada hamıya məlum olan hal olduğunu nəzərə alıb iddianın rədd olunmasını xahiş edir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, müqavilənin ikinci ilindən bütün dünyada baş verən hadisə ilə bağlı çətin vəziyyətə düşüblər və ödəmə qabiliyyətləri olmamışdır. İndiki halda lizinqlə götürdükləri istixanada təmir-bərpa işləri aparmışlar və istixananın dəyəri artmışdır. Onlar iddiaçıdan istixanın alınıb borca silinməsi geridə qalan pulun onlara qaytarılmasını xahiş etsələr də iddiaçı tərəfindən onların istəkləri nəzərə alınmamışdır. Baş verən hadisəsinin fors-major hesab edilərək iddianın rədd olunmasını xahiş etdi. İddiaçı “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi”-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə elektron qaydada ərizə göndərərək iddia tələbinə dair sübutları və etiraza münasibətini elektron qaydada məhkəməyə təqdim etdiyini, iş materiallarındakı sənədlərin iddianı tam şəkildə sübut etdiyini bildirərək, işə onun iştirakı olmadan baxılaraq iş üzrə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavadehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" ASC ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 10.12.2018-ci il tarixli İS-05/18 nömrəli istixana kompleksinin istifadəyə verilməsi barədə müqavilədən görünür ki, istifadəyə verən Samux rayonu Qarayeri kəndində yerləşən 2 ha istixana kompleksini 3 il müddətinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müvəqqəti istifadəyə verməyi, istifadəçi isə müqavilənin şərtinə uyğun olaraq ümumi istifadə haqqı hər bir il üzrə 60000 manat olmaqla, cəmi 180000 manat ödəməyi öz öhdəsinə götürmüşdür. İş materillarına əlavə edilmiş 10.12.2018-ci il tarixli İS-05/18 nömrəli istixana kompleksinin istifadəyə verilməsi barədə müqaviləyə dəyişiklik edilməsi barədə 01 may 2019-cu il tarixli D-İS-05/18 nömrəli razılaşmadan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti sözləri Cavabdeh sözləri ilə əvəz edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Mülki Məcəllənin 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Mülki Məcəllənin 710.3-cü maddəsinə əsasən, icarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 717.1-ci maddəsinə görə, əgər müqavilə öhdəliklərinin müəyyənləşdirilməsi üçün əsas götürülmüş şərtlər müqavilə bağlandıqdan sonra qarşılıqlı öhdəliklər arasında böyük tənasübsüzlük yaranmasına səbəb olan dərəcədə dəyişərsə, müqavilənin istənilən iştirakçısı, icarə müddətindən başqa, müqavilə şərtlərinin dəyişdirilməsini tələb edə bilər. İcarəyə götürülmüş əşyadan gəlir icarəçi tərəfindən təsərrüfatın aparılması nəticəsində artdıqda və ya azaldıqda, icarə haqqının dəyişdirilməsini, əgər ayrı şərt qoyulmayıbsa, tələb etmək olmaz. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh istixana kompleksinin istifadəyə verilməsi müqaviləsi üzrə iddiaçıdan istixana kompleksini təhvil almış, müqavilə üzrə ödənişlərini vaxtında və tam ödənilməsini təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Cavabdehin etirazına gəldikdə, məhkəmə qeyd edir ki, etirazda qeyd edilən dəlillər öhdəliyin xitamı üçün qanunla müəyyən edilmiş əsaslara aid deyildir. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh MMC-dən borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. İş materillarına əlavə olunmuş 20 dekabr 2021-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan göründüyü kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmiş və İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərcini ödəmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə ödənilməli olan 410 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 120000 manat məbləğndə əsas borc və ödənilmiş 400 manat mediasiya xərci Cavabdehndən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. 410 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 120000 manat məbləğndə əsas borc və ödənilmiş 400 manat mediasiya xərci Cavabdehndən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. 410 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar