Məhkəmə qərarları › İş №e-2-2(115)-378/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-378/2025

07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-378/2025 07.04.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, müqavilədən imtina, iradə ifadəsinin üsulları, dəbbə pulu) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, X2 ilə, İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) Cavabdehnə (bundan sonra mətndə Cavabdeh MMC) qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7.936,50 manat əsas borcun, 18 fevral 2022-ci il tarixdən ödəniş gününədək hesablanmaqla əsas borc üzərinə illik 5% hesablanan məbləğin, vəkil xidmətinə görə və ezamiyyə xərci olaraq ödənilmiş 1500 manat vəsaitin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, pandemiya şəraitində cavabdeh 18 yanvar 2022-ci il tarixli № 005VK-2022 nömrəli Müqaviləyə əsasən şirkətləri tərəfindən tibbi avadanlıq və ləvazimatların ona satılmasını istəmişdi. Müqavilə onlar tərəfindən imzalandığından dərhal tam icra edilərək ƏDV daxil 27936,40 manat dəyərində mal avadanlıq təchiz edilmişdir. Həmin məbləğin əsas hissəsi 23675,0 manat, ƏDV hissəsi 4261,50 manat təşkil etmişdir. Əqdi tam icra etdikləri halda, cavabdeh öhdəliyini tam icra etməmişdir. Halbuki, müqavilənin 3-cü bəndinə əsasən mallara görə 100% qabaqcadan və ya mallarıaldıqdan sonra 15 bank günü ərzində tam ödəniş edilməliydi. Bu günə həmin müqavilə üzrə cavabdehin icra edilməmiş 7936,50 manat həcmində borcu qalmışdır. Son ödəniş cavabdeh tərəfindən 04 oktyabr 2022-ci il tarixdə edilmişdir.

3. 04.03.2025-ci tarixdə iddiaçının vəkili və nümayəndəsi Vəkil “iddia ərizəsinə əlavə” təqdim edərək, 18 fevral 2022-ci il tarixdən 07 aprel 2025-ci il tarixədək, ümumilikdə 1112 gün hesablanmaqla əsas borc üzərinə illik 5% hesablanan məbləğin, yəni ((7936,5x5%)/365)x1112=1208,95 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Həmçinin xx.xx.2025-ci tarixdə iddiaçının vəkili və nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək təqdim edilmiş yol biletlərinə əsasən məhkəmə xərclərinin də cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeyi

5. İddiaçının vəkili və nümayəndəsi Vəkil xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və qərar qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər.

7. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

II. Sübutların tədqiqi

8. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 18 yanvar 2022-ci il tarixli № 005VK-2022 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı “Satıcı” müqaviləyə əsasən tibbi əmlakları, labaratoriya vavdanlıqlarını və reaktivləri alıcının mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində həmin malı təhvil alıb pulunu ödəməyi öhdəsinə götürür. Müqavilənin 2-ci bəndinə əsasən malların qiyməti “Qaimə faktura” ilə müyyən edilir.

9. 18 yanvar 2022-ci il tarixli № 005VK-2022 nömrəli müqavilə üzrə qiymətlərin razılaşma protokolundan görünür ki, malın növü və qiyməti satıcı ilə alıcı arasında razılaşdırılmışdır və yekun məbləğ 27936,50 manat qeyd edilmişdir.

10. Elektron qaimələrdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli 476337 nömrəli qaimə üzrə 27936,50 manat məbləğində malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar ötürülmüşdür.

11. Üzləşmə aktından görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixə Cavabdeh MMC-nin İddiaçı MMC-yə mal şatışından olan borcu 7936,50 manat təşkil edir.

12. Elektron qaydada ünvanlanmış pretenziyann surətindən görünür ki, cavabdehə yaranmış borcun tam ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

III. Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 597. Satılan əşyanın qiyməti 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Plenumunun Qərarı

Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

IV. Məhkəmənin mövqeyi

a) Alğı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı

15. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

16. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

17. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 18 yanvar 2022-ci il tarixli № 005VK-2022 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən satıcı malları alıcıya satmağı, alıcı isə malları alıb və dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək malları cavabdehə təhvil vermiş, lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş və nəticədə onun iddiaçıya 7936,50 manat borcu qalmışdır.

18. Hazırda iddiaçı 18 yanvar 2022-ci il tarixli № 005VK-2022 nömrəli alqı-satqı müqaviləsi üzrə 7936,50 manat məbləğində qalıq borcun ödənilməsini tələb edir.

19. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

20. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

21. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə alğı-satqı müqaviləsi olub iddiaçının tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

22. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn tələb etmək hüququnu realizə edir.

23. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

24. Beləliklə, məhkəmə hesab edir ki, alğı-satqı müqaviləsi üzrə öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

25. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi 7936,50 tutulması hissəsində əsaslıdır.

b) müqavilə üzrə faiz borcun ödənilməsi tələbi ilə bağlı

26. İddiaçı həmçinin gecikdirilmiş dövr üçün 1208,95 manat məbləğində pulun da tutulmasını da xahiş etmiş və qeyd etmişdir ki, 18 fevral 2022-ci il tarixdən 07 aprel 2025ci il tarixədək, ümumilikdə 1112 gün əsasında 1208,95 manat faiz borcu hesablanmalıdır.

27. İş materiallarından görünür ki, tərəflər arasında müqavilə xx.xx.2022-ci ildə bağlanmışdır.

28. İddiaçı hazırda 1112 gün üçün iliik 5%-lə hesablanmaqla 1208,95 manat faiz borcunu tələb edir. Belə olan halda məhkəmə hesab edir ki, 1112 gün üçün faiz məbləği ((7936,5x5%)/365)x1112=1208,95 manat təşkil edəcəkdir. Belə olan halda məhkəmə hesab edir ki, 1208,95 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

29. İddiaçı eləcə də dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

30. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 100,60 manat və ********** nömrəli qəbzlə isə 13 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

31. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

32. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. Məhkəmə hesab edir ki, dövlət rüsumunun əvəzi olaraq 111,45 manat pul cavabdеh Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan 2,15 manat hissəsi İddiaçı özünə aid edilməlidir.

34. İddiaçı, həmçinin, 1500 manat vəkil xidmətinə və ezamiyyət xərcinə görə pul da tələb edir.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

36. İş materiallarına əlavə edilmiş hüquqi yardımın göstərilməsi haqqında müqavilədən və ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən Vəkil xidmətlərinə görə 1500 manat məbləğində ezamiyyə xərcləri daxil vəkil haqqı ödənilmişdir.

37. Məhkəmə vəkilin göstərdiyi yardıma görə xərclərlə bağlı konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 800 manat məbləğində pulun tutulması daha ağlabatan və ədalətlidir.

38. İddiaçı həmçinin təqdim edilmiş yol biletlərinə əsasən məhkəmə xərclərinin də cavabdehdən tutulmasını xahiş etmişdir.

39. Məhkəmə qeyd edir ki, iddiaçının yol xərclərinin tutulmasını istədiyi nümayəndə X1 Bakı-Gəncə, Gəncə-Bakı dəmiryol reysləri üzrə biletləri olsa da, həmin nümayəndə ümumiyyətlə məhkəmə iclaslarında iştirak etməmişdir. Vəkil ilə bağlı da biletlər olsa da, məhkəmə həmin xərcin tutulmasına ezamiyyə xərclərinin tutulması ilə bağlı hissədə (37-ci bənd) artıq münasibət bildirmişdir.

V. Məhkəmənin gəldiyi nəticə

40. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 005VK-2022 nömrəli müqavilə üzrə Cavabdeh MMC-dən 7936,50 manat əsas borc, 18 fevral 2022-ci il tarixdən 07 aprel 2025-ci il tarixədək əsas borc üzərinə illik 5% hesablanan 1208,95 manat faiz borcu olmaqla, cəmi 9145,45 manat pul tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.

41. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-6 və 360-cı maddələrinə əsasən

QƏT ETDİ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 005VK-2022 nömrəli müqavilə üzrə Cavabdehndən 7.936,50 manat əsas borc, 18 fevral 2022-ci il tarixdən 07 aprel 2025-ci il tarixədək əsas borc üzərinə illik 5% hesablanan 1208,95 manat faiz borcu olmaqla, cəmi 9145,45 (doqquz min bir yüz qırx beş manat qırx beş qəpik) manat pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 111,45 (bir yüz on bir manat qırx beş qəpik) manat pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan 2,15 (iki manat on beş qəpik) manat hissəsi İddiaçı özünə aid edilsin. Hüquqi yardımla bağlı ödənilmiş 800 (səkkiz yüz) manat pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Əbülfəz Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar