Məhkəmə qərarları › İş №e-2-2(115)-38/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-38/2024

23.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-38/2024 23.02.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh 4661 manat 05 qəpik borcun və 70 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli xidmət və alqı-satqı müqaviləsinə əsasən cavabdeh 24,15 hektar sahədə şəkər çuğunduru əkməyi və istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdehə məxsus sahəyə cəmiyyət tərəfindən 15913,75 manat dəyərində mal satılmış və xidmət göstərilmişdir. Toxum satışı 10750 manat, toxum səpini 603,75 manat, toxum səpini (aqreqatın kirə haqqısı) 72 manat, yarpaq biçimi 680 manat, kombaynla yığım 3808 manat təşkil edir. Satılmış mal və xidmətlərin dəyəri məbləğində cavabdehin hesabında borc yaranmışdır. Cavabdeh tərəfindən zavoda 8930,38 manat dəyərində şəkər çuğunduru təhvil verilmişdir. Təhvil verilmiş məhsulun haqqı ümumi borcdan çıxıldıqdan sonra cavabdehin zavoda 6938,37 manat borcu qalmışdır. Həmin borcun 2322,32 manatı cavabdehə zamin olmuş X3 İddiaçı MMC-də olan hesabından silinmişdir. Son olaraq cavabdehin zavoda 4661,05 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehin borclu olması təhvil-təslim, təhvil-qəbul aktlarında və iddiaçının təqdim etdiyi elektron hesab-fakturaları ilə təsdiq edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbinin müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, o heç bir sənədə qol çəkməmiş, hər hansı malı da təhvil almamışdır. Qeyd edilən sənədlərdəki imzaların heç biri ona məxsus deyildir. O əkin olan yerdə traktor sürücüsü işləmiş, çuğunduru əkən isə onun qardaşı oğlu olmuşdur, ödənişini almağı üçün ondan şəxsiyyət vəsiqəsini o götürmüşdür Ona görə də iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan 20 noyabr 2021-ci il tarixli 2021-2022 təsərrüfat ili üçün şəkər çuğunduru məhsulu üzrə xidmət və alqı-satqı müqaviləsindən görünür ki, Tərtər rayonu Əksipara kənd sakini Cavabdeh qanuni istifadəsində olan Tərtər rayonu Əksipara kəndində yerləşən 24,15 hektar torpaq İddiaçı MMC tərəfindən göstəriləcək aqrotexniki xidmətlərə görə və toxum almaqla borclanaraq və ya fermer kartından istifadə etməklə toxumun dəyərini ödəmək şərti ilə şəkər çuğunduğu bitkisini yetişdirib, əldə olunan məhsulu Alıcıya satmağı müəyyən etmişlər. İş materiallarında olan olan 20 noyabr 2021-ci il tarixli qiymət razılaşması protokollarından görünür ki, aqrotexniki işlərin, toxum və pestisidin qiymətləri razılaşdırılmışdır. İş materiallarında olan 18 aprel 2022-ci il, 16 may 2022-ci il və 09 oktyabr 2022-ci il tarixli görülmüş işlərin, xidmətlərin təhvil-təslim aktlarından görünür ki, icraçı İddiaçı MMC tərəfindən 1355,75 manat dəyərində xidmət göstərilmişdir. İş materiallarında olan 18 aprel 2022-ci il və 16 may 2022-ci il tarixli malların fiziki şəxslərə təhvil-qəbulu qəbzlərindən görünür ki, İddiaçı MMC tərəfindən 10750 manat dəyərində mal verilmişdir. İş materiallarında olan 21 fevral 2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 dekabr 2023-cü il tarixli 4/1876 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, işin 55-59-cu vərəqlərində olan 20 noyabr 2021-ci il tarixli 2021-2022 təsərrüfat ili üçün şəkər çuğunduru məhsulu üzrə xidmət və alqı-satqı “müqaviləsinin” 5-ci vərəqində “Fermer” qrafasında olan imza: işin 60-cı vərəqində olan 20 noyabr 2021-ci il tarixli “Qiymətlərin razılaşmasının” üz tərəfinin aşağı sol hissəsində “Fermer” qrafasında olan imza: işin 61-ci vərəqində olan 20 noyabr 2021-ci il tarixli “Qiymət razılaşmasının” üz tərəfinin aşağı sol hissəsində “Fermer” qrafasında olan imza: işin 62-ci vərəqində olan 18 aprel 2022-ci il tarixli görülmüş işlərin, xidmətlərin təhvil-təslim “Aktı” nın aşağı sağ hissəsində “Cavabdeh” yazılarının altındakı imza: işin 63-cü vərəqində olan 16 may 2022-ci il tarixli görülmüş işlərin, xidmətlərin təhvil-təslim “Aktı” nın aşağı sağ hissəsində “Cavabdeh” yazılarının altındakı imza: işin 64-cü vərəqində olan 09 oktyabr 2022-ci il tarixli görülmüş işlərin, xidmətlərin təhvil-təslim “Aktı” nın aşağı sağ hissəsində “Cavabdeh” yazılarının altındakı imza: işin 65-ci vərəqində olan 195391 nömrəli malların fiziki şəxslərə təhvil-qəbulu qəbzinin aşağı sağ hissəsində “Baş mühasib” qrafasında olan imza: işin 66-cı vərəqində olan 195396 nömrəli malların fiziki şəxslərə təhvil-qəbulu qəbzinin aşağı sağ hissəsində “Cavabdeh” yazılarının qarşısında olan imza- Cavabdeh tərəfindən yox, başqa şəxslər tərəfində icra olunmuşdur. Tədqiqatın dəyəri isə 124 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə xx.xx.2021-ci il tarixli xidmət və alqı-satqı müqaviləsini, qiymətlərin razılaşdırılması protokolunu, təhvil-təslim aktlarını təqdim edib müqavilə üzrə yaranmış 4661,05 manat borc məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etsə də, cavabdehin izahatları, habelə Məhkəmə Ekspertizası Mərkəzinin 25 dekabr 2023-cü il tarixli rəyi ilə tərəflər arasında bağlanması qeyd edilən müqaviləyə, o cümlədən qiymətlərin razılaşdırılması protokoluna, təhvil-təslim və təhvil-qəbul aktlarına Cavabdeh tərəfindən imza edilməməsi müəyyən edilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh iddiaçı qarşısında hər hansı bir öhdəliyi yaranmamışdır. Ona görə də iddia təmin edilməməlidir. Bundan başqa iş materiallarında olan Gəncə şəhər 1 saylı mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş və iddiaçı tərəfindən 60 manat mediasiya xərcinin ödənildiyi göstərilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən mediasiya xərci iddiaçıya aid edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı 124 manat ekspertiza xərci iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı 124 (bir yüz iyirmi dörd) manat ekspertiza xərci İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar