Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-385/2025 13.02.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızı, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, sadələşdirilmiş məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 3435 manat 63 qəpik, hesablanmış cəriməyə görə 1610 manat 09 qəpik və ödənilmiş dövlət rüsumuna görə 70,45 manat olmaqla, cəmi 5116 manat 17 qəpik pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 23 272 063 saylı 2023-cü il mövsümü üzrə xam pambığın alqı-satqı müqaviləsinə əsəsən, cavabdeh 7 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə müqavilə şərtlərinə əsasən iddiaçı tərəfindən cavabdehə avans olaraq ümumilikdə 18180,04 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif aqrotexniki xidmətlər göstərilmiş, sığorta haqları ödənilmişdir. Müqavilənin 2.1.4-cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam-pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Buna baxmayaraq nəticədə cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 3435,63 manat əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xampambığın tədarükünü həyata keçirən müvafiq filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda müqavilənin 4.2 bəndinə əsasən cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 1610,09 manat təşkiledir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 09 yanvar 2025-ci il tarixli e-2-2(115)-385/2025 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26 noyabr 2022-ci il tarixli 2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair 23272063 saylı müqavilədən görünür ki, alıcı İddiaçı MMC 2023-cü il mövsümü üzrə xam-pambığın istehsalı üçün zəruri olan vəsaitləri, malları və aqrotexniki xidmətləri satıcı Cavabdeh təqdim etməyi öhdəsinə götürmüş, satıcı tərəfindən istehsal olunmuş xam-pambığın həcminin bütünlüklə alıcıya təhvil verilib satılması və alıcı tərəfindən ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissəsinin satıcıya ödənilməsi müəyyən olunmuşdur. Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən satıcı 7 ha torpaq sahasində pambıq əkir və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi xam pambığı bütünlüklə mövcud standartlara və 27 avqust 2007-ci il tarixdə Kənd Təsərrtüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş "Xam-pambığın yığılması və tədarükünə dair təlimat"ın tələblərinə əsasən Azərbaycan X1 Pambıqtəmizləmə Sənayesi üzrə filialı tərəfindən hazırlanmış və alıcıda saxlanılan etalonlara uyğun olaraq kondisiya haqqında müqavilədə qeyd olunmuş qiymətlərlə alıcının mülkiyyətinə tədarük mövsümü vaxtı, lakin 15 noyabr 2023-cü il tarixindən gec olmayaraq təhvil verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 26 noyabr 2022-ci il tarixli “Qiymətlərin razılaşdırma protokolundan” görünür ki, satıcı və alıcı veriləcək malların və göstəriləcək iş və xidmətlərin qiymətini əvvəlcədən razılaşmışlar. İş materiallarında olan bank çıxarışından görünür ki, Cavabdeh hesabına xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2450 manat, 525,85 manat, 210 manat, 100 manat, 1050 manat, 210 manat, 700 manat, 350 manat, 210 manat, 140 manat, 350 manat, 175 manat, 210 manat vəsait köçürülmüşdür. İş materiallarında olan iş aktlarından görünür ki, xx.xx.2022-ci il tarixdə 126 manat, xx.xx.2023-cü il tarixdə 355 manat, xx.xx.2023-cü il tarixdə 262,70 manat, xx.xx.2023-cü il tarixdə 57,54 manat, xx.xx.2023-cü il tarixdə 142 manat, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə 393,60 manat, xx.xx.2023-cü il tarixdə 120,70 manat, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə 234,14 manat, xx.xx.2023-cü il tarixdə 7,29 manat, xx.xx.2023-cü il tarxidə 113,60 manat, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə 128,34 manat, xx.xx.2023-cü il tarixdə 105,07 manat, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə 170,03 manat, xx.xx.2023-cü il tarixdə 113,60 manat, xx.xx.2023-cü il tarixdə 134,90 manat, xx.xx.2023-cü il tarixdə 113,60 manat, xx.xx.2023-cü il tarixdə 127,80 manat, xx.xx.2023-cü il tarixdə 112 manat, xx.xx.2023-cü il tarixdə 128,56 manat, xx.xx.2023-cü il tarixdə 224 manat, xx.xx.2023-cü il tarixdə 113,60 manat, xx.xx.2023cü il tarixdə 113,44 manat, xx.xx.2023-cü il tarixdə 1045,50 manat dəyərində İddiaçı MMC tərəfindən Cavabdeh oluna müxtəlif adda xidmətlər göstərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qaiməyə əsasən 1007 manat, 1360 manat, 560 manat, xx.xx.2023-cü il tarixli qaiməyə əsasən 29 manat, xx.xx.2023-cü il tarixli qaiməyə əsasən 148,50 manat, 23,20 manat, 969,90 manat, xx.xx.2023-cü il tarixli qaiməyə əsasən 55,20 manat, 80 manat, xx.xx.2023-cü il tarixli qaiməyə əsasən 1400 manat, xx.xx.2023-cü il tarixli qaiməyə əsasən 30 manat, 60 manat, 72 manat, 135 manat, xx.xx.2023-cü il tarixli qaiməyə əsasən 63 manat, 150 manat, xx.xx.2023-cü il tarixli qaiməyə əsasən 525 manat, xx.xx.2023-cü il tarixli qaiməyə əsasən 63 manat, xx.xx.2023-cü il tarixli qaiməyə əsasən 60 manat, 86,94 manat, 210 manat, xx.xx.2023-cü il tarixli qaiməyə əsasən 196 manat, 234 manat dəyərində müxtəlif adda məhsullar İddiaçı MMC tərəfindən Cavabdeh vermişdir. İş materiallarında olan pambıq qəbulu qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 1795,83 manat, 1473,14 manat, 1942,83 manat, 1970,99 manat, 1671,56 manat, 2008,68 manat, 1896,30 manat, 1985,06 manat məbləğində mal alıcıya təhvil verilmişdir. İş materiallarında olan maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı MMC-yə 3435,63 manat əsas, 1610,09 manat cərimə borcu vardır. İş materiallarında olan xx.xx.2024-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 26 noyabr 2022-ci il tarixli 2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair müqavilə bağlanmış, müqaviləyə əsasən alıcı İddiaçı MMC 2023-cü il mövsümü üzrə xam-pambığın istehsalı üçün zəruri olan vəsaitləri, malları və aqrotexniki xidmətləri satıcı Cavabdeh təqdim etməyi öhdəsinə götürmüş, satıcı tərəfindən istehsal olunmuş xam-pambığın həcminin bütünlüklə alıcıya təhvil verilib satılması və alıcı tərəfindən ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissəsinin satıcıya ödənilməsi müəyyən olunmuşdur. Alıcı müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin satıcı öz üzərinə düşən öhdəliyi tam olaraq yerinə yetirməmiş və bunun nəticəsində onun iddiaçıya 3435 manat 63 qəpik borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması alıcının əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, alıcı avanslar verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 1610 manat 09 qəpik məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 150 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 3435 manat 63 qəpik əsas borc, 150 manat cərimə olmaqla 3585 manat 63 qəpik pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 70 manat 45 qəpik dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 55 manat 86 qəpik məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 26 noyabr 2022-ci il tarixli 2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair 23272063 saylı müqavilə üzrə yaranmış 3435 manat 63 qəpik əsas borc, 150 manat cərimə borcu olmaqla, cəmi 3585 (üç min beş yüz səksən beş) manat 63 (altmış üç) qəpik məbləğində pul, ödənilmiş 55 (əlli beş) manat 86 (səksən altı) qəpik dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-385/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-385/2025
13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver