Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-399/2021 19.05.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı X1 cavabdehlər Cavabdeh və Zamin qarşı borc tələbinə dair işə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdehlər Cavabdeh və Zamin qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh və Zamin arasında bağlanmış 01 noyabr 2018-ci ii tarixli “Şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə Xidmət və Satınalma müqaviləsi”-nə və zaminlik müqaviləsinə əsasən yaranmış 8 041 manat 28 qəpik məbləğində borcun, həmçinin, 30 manat ödənilmiş dövlət rüsumu əvəzinin, cəmi 8071 manat 28 qəpik məbləğində pul vəsaitinin müştərək qaydada tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış 01.11.2018-ci il tarixli 211.19.22.030 saylı müqaviləyə əsasən Cavabdeh 9 ha hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 35 ton məhsul əldə etməklə, ümumilikdə 315 ton məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən, cavabdeh müqavilənin 2 saylı əlavəsində göstərilmiş aqrotexniki tədbirlərə aid hər bir xidmətə görə borclanacaqdır. Həmin borc (aqrotexniki xidmət, toxum, gübrə, bitkinin mühafizəsi və digər maddi-texniki vəsaitlərin haqqı) məhsul zavoda təhvil verilərkən məhsulun haqqından çıxılacaq, yerdə qalan məhsulun dəyəri isə hesab-faktura təqdim edildikdən sonra 20 gün ərzində cavabdehin bank hesabına köçürüləcəkdir. Əgər təhvil verilmiş məhsulun dəyəri cavabdehin borcunu tam ödəmirsə, yaranmış borc cari ilin sonunadək pretenziya qaydasında iddiaçıya tam ödənilməlidir. Əks halda yaranmış borc məhkəmə qaydasında geri alınacaqdır. Bildirirlər ki, müqavilənin icrasını təmin etmək məqsədilə Cəmiyyət Cavabdeh 8041 manat 28 qəpik dəyərində ümumilikdə gübrə, toxum, pestisidlər və digər maddi-texniki vasitələrlə təchiz etmiş, müvafiq xidmətlər görülmüş və cavabdeh ümumilikdə 8041 manat 28 qəpik məbləğində borclanmişdir. Lakin buna baxmayaraq Cavabdeh və zamini Zamin tərəfindən müqavilə şərtləri pozularaq cəmiyyətə şəkər çuğunduru təhvil verilməmiş, yaranmış borcdan heç bir ödəniş edilməmişdir, nəticədə cavabdehlərin “xxxx” MMC-nə 8041 manat 28 qəpik məbləğində borcu yaranmışdır. Cavabdehin borclu olması ödəniş tapşırıqlarında, iddiaçının təqdim etdiyi elektron hesab-fakturalarda və tərəflərindən təqdim edilmiş maliyyə arayışlarında təsdiq edilir. Bununia bağlı Cavabdeh və zamini Zamin REF- 183/2020 saylı, 04.11.2020-ci il tarixdə “yaranmış borc vəsaitinin geri ödənilməsi” tələbi ilə bağlı pretenziya məktubu ünvanlanaraq borclu olduğu 8041 manat 28 qəpik məbləğində pul vəsaitinin geri ödənilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh və Zamin məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01.11.2018-ci il tarixli 211.19.22.030 saylı “Şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma” müqaviləsinə əsasən Cavabdeh istehsalçı olaraq Goranboy rayonu, Nərimanlı kəndində yerləşən 4.5 hektar torpaq sahəsində şəkər çuğunduru əkəcəyi sahənin suvarılan torpaq sahəsi olmasını, hər bir hektardan orta hesabla 35 tondan az olmayaraq məhsul əldə etməyi və müqavilədə müəyyən edilmiş şərtlər daxilində və qiymətə İddiaçı-nə təhvil verməyi, iddiaçı isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçının borclarını çıxmaq şərti ilə istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş sənədlərindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 8668 manat 15 qəpik məbləğində mal və xidmət göstərilmiş, 4419 manat 25 qəpik məbləğində avans verilmişdir. İş materiallarında olan 12 fevral 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 5046 manat 12 qəpik dəyərində çuğundur verdikdən sonra 25 yanvar 2021-ci il tarixə iddiaçıya 8041 manat 28 qəpik məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh şəkər çuğunduru əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmasına dair iddiaçı qarşısında öhdəlik götürmüş, bu məqsədlə iddiaçının göstərdiyi xidmətdən, verdiyi mallardan və avans məbləğindən yararlansa da, aldığı borcun müqabilində öhdəliklərini icra etməyərək, iddiaçıya 8041 manat 28 qəpik məbləğində borcu qalmışdır. 01.11.2018-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Zamin xidmət və satınalma müqaviləsi üzrə Cavabdeh İddiaçı MMC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehlərə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 8041 manat 28 qəpik məbləğində borc və 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 8041 manat 28 qəpik məbləğində borc və 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-399/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-399/2021
19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver