Məhkəmə qərarları › İş №e-2-2(115)-405/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-405/2021

09.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-405/2021 09.07.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair ilk iddiası və Cavabdeh İddiaçınə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 37081 manat 61 qəpik borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 37111 manat 61 qəpik tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və cavabdeh arasında bağlanmış 25.03.2019-cu il tarixli saylı “X6 X1 Xidmət və Satınalma Müqaviləsi”nə əsasən 15 hektar sahədə şəkər çuğundur əkməyi və hər hektardan 35 ton məhsul əldə etməklə 525 ton məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən, cavabdeh müqavilənin 2 saylı əlavəsində göstərilmiş aqrotexniki tədbirlərə aid hər bir xidmətə görə borclanacaqdır. Həmin borc (aqrotexniki xidmət, toxum, gübrə, bitkinin mühafizəsi və digər maddi-texniki vəsaitlərin haqqı) məhsul zavoda təhvil verilərkən məhsulun haqqından çıxılacaq, yerdə qalan məhsulun dəyəri isə hesab-faktura təqdim edildikdən sonra 20 gün ərzində cavabdehin bank hesabına köçürüləcəkdir. Əgər təhvil verilmiş məhsulun dəyəri cavabdehin borcunu tam ödəmirsə, yaranmış borc cari ilin sonunadək pretenziya qaydasında iddiaçıya tam ödənilməlidir. Əks halda yaranmış borc məhkəmə qaydasında geri alınacaqdır. Bildirirlər ki, cavabdeh ümumilikdə 37081 manat 61 qəpik məbləğində borclanmışdır. Məhsul təhvil tam verilməmiş, nəticədə cavabdehin “xxxx” MMC-nə 37081 manat 61 qəpik məbləğində borcu yaranmışdır. Cavabdehin borclu olması ödəniş tapşırıqlarında, iddiaçının təqdim etdiyi elektron hesab-fakturalarda və tərəflərindən təqdim edilmiş maliyyə arayışlarında təsdiq edilir. Cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə göndərərək, iddia ərizəsində texniki səhv olaraq Cavabdeh borcu 37081,61 azn olaraq göstərildiyini, əslində Cavabdeh İddiaçı MMC-yə borcunun 21022,61 azn təşkil etdiyini, buna görə də Cavabdeh İddiaçı xeyrinə 21022,61 azn borc və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçınə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın təmin edilməməsi və cavabdeh “xxxx” MMC-dən ona vurmuş olduğu 6750 manat məbləğində torpaq icarə haqqı, 9160 manat becərmə işlərinə görə ödənilməmiş haqq, 9150 manat tutulmuş pul məbləği və əldən çıxmış fayda şəklində 15945 manat – cəmi 31845 manat maddi ziyanın əvəzinin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, ilk iddia ərizəsi üzrə iddiaçının ərizəsində birtərəfli qaydada göstərdiyi həqiqətə uyğun olmayan halları aşkar edən faktları və sübutları məhkəməyə tədim edərək, cavabdehlər tərəfindən ona vurulan zərərin qarşısını almaq üçün prosessual qanunvericiliyin imkan verdiyi qədər müdafiə olunmalıdır. Əvvəla iddiaçı ona qarşı iki müxtəlif məbləğdə iddia ərizəsi - 1) 12.02.2021-ci il tarixli, 21022 manat 61 qəpik borc və 30 manat ödənilmiş dövlət rüsumu; 2) 37081 manat 61 qəpik borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun ondan tutulmasına dair iddia ərizələri mövcuddur. Bu halın özü təsdiq edir ki, iddiaçı tərəfindən təqdim edilmiş borc tələbi əsassızdır, tələb edilən məbləğ hər hansı bir əsassız rəqəmdir. Qeyd edir ki, o, 2019-cu ildən əvvəlki dövrlərdə də iddiaçı ilə “X6nun X1 xidmət və satınalma Müqaviləsi” bağlayaraq üzərinə düşən öhdəliyi vaxtında və layiqincə yerinə yetirmişdir. Aşağıda sadalanan əsaslarla sübut edir ki, 15.03.2019-cu il tarixli müqavilə üzrə öhdəliklərin tam yerinə yetirilməməsi onun təqsirindən deyil, iddiaçının özü tərəfindən fermerlərə (əkinçilərə) səpin üçün tam keyfiyyətsiz toxum verilməsi, toxumun keyfiyyətsiz olmasına görə məhsul verməməsi nəticəsində baş vermişdir. O artıq 15 ilə yaxın bir müddət ərzində peşəkar əkinçi olaraq, şəkər çuğunduru bitkisi əkib becərməklə məşğul oluram,bu əkin növünün bütün xüsusiyyətlərini tam mənimsəmişəm. 2019-cu il cavabdehlə aramızda bağlanmış “X6nun X1 Xidmət və Satınalma Müqaviləsi”nə uyğun olaraq məhsul becərilməsi üçün hektarı 450 manata icarəyə götürmüş olduğu torpaq sahəsində Şirkətin nümnayəndələrinin nəzarəti altında bütün zəruri aqrotexniki işləri həyata keçirmişdir. Şirkət tərəfindən verilmiş toxumu səpib, bitiş almışdır, bütün becərmə alaq təmizləmə, kübrələmə, kultivasiya işlərini lazımi qaydada yerinə yetirmişdir. Bütün aqrotexniki qaydalara uyğun becərmə işlərinin aparılmasına baxmayaraq icarəyə götürüb becərdiyi 15 ha torpaq sahəsindən (15 ha torpaq sahəsinin icarə haqqı 6750 manat təşkil edir) cəmi 25 ton məhsul yığmaq mümkün olmuşdur, ancaq bir il əvvəl həmin ərazidə eyni kateqoriyadan olan 2 ha torpaq sahəsində 130 ton məhsul yığmışdır. Beləliklə, məhsulun olmaması onun hər hansı bir məsuliyyətsiz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməmişdir, əgər həqiqətən belə bir nöqsan olardısa əkin sahələrinə daim nəzarət edən bölgə və sahə aqronomları tərəfindən lazımi tədbir görülərdi. Qeyd etmək istərdi ki, əkin sahələrindən X6nun becərib normal məhsuldarlıq əldə etməyərək çəkmiş olduğu xərcləri batan təkcə o deyildir, bu uğursuzluq, məhsulun vegetasiya dövrünə çatana kimi quruması 2019-cu il üçün kütləvi bir haldır, bütün fermerlərin əli boşda qalmışdır. Sübut üçün göstərə bilər ki, AZ.Şəkər İB-nin özü Samux rayonu, Nəbiağalı kəndində 200 ha, İmişli rayonunda 170 ha, ümumiyyətlə Şəmkir, Göygöl və Qəbələ rayonu ərazilərində əkmiş olduğu Şəkər çuğunduru bitkisinə hərtərəfli aqrotexniki qulluğa baxmayaraq məhsul götürmək mümkün olmamışdır. Əlavə olaraq qeyd etmişdir ki, 2019-cu il əkin mövsümündə şəkər çuğunduru üzrə məhsuldarlıq əvvəlki illərə nisbətən yarı qat aşağı düşmüşdür. Bu isə o deməkdir ki, iddiaçı “xxxx” MMC ilə onun arasında bağlanmış müqavilə üzrə nəzərdə tutulan X6nun yığılıb verilməməsi onun təqsirindən baş verməmişdir. Şəxsən o bir neçə dəfə şirkətə gedərək əkilmiş bitkinin inkişafının qənaətbəxş olmadığını bildirmək istəmişdir, lakin onu heç kəs içəri buraxmamışdır. Onlar fermerlərin əkib-becərmə işləri il boyu “xxxx” MMC-nin nümayəndələrinin nəzarəti altında həyata keçirilmişdir. Bu baxımdan məhsuldarlığın aşağı düşməsinin səbəbkarı o deyildir. 2019-cu il əkin mövsümündə bütün respublika üzrə şəkər çuğunduru əkinin məhsuldarlığının ikiqat aşağı düşməsi bir daha sübut etmişdir ki, iddiaçı “xxxx” MMC 2019-cu il tarixdə ona və bütün digər əkinçilərə aqrotexniki qaydalara uyğun olmayan şəraitdə saxlandığına görə öz keyfiyyətini itirərək xarab olmuş toxum və dərmanlar verməsi nəticəsində bitki yetişmədən məhv olmuş və məhsul verə bilməmişdir. O “xxxx” MMC-nin ayrı-ayrı əkinçilərinin traktorla becərmə işlərini həyata keçirmişdir, lakin bu işin haqqını hər il ödəyən cavabdeh bildirmişdir ki, pulu mülkiyyətçilərin özünə göndərməklə ödəniləcəkdir. Sonradan məlum olmuşdur ki, cavabdeh vergidən yayınmaq üçün ödənilməli olan pulu mülkiyyətçilərə vermiş, guya sonuncu görülən işin haqqını ödəməli idi. Şirkətin əkin sahələrində aqrotexniki işləri üçün görülmüş və pulu ödənilməmiş mülkiyyətçi fermerlər bu şəxslərdir: 1. Samux rayonu Nəbiağalı kəndi - Əliyev İntizam - 1800 manat; 2. Samux rayonu Əhmədbəyli kəndi-İmamquluyev Həbib - 1250 manat; 3. Şəmkir rayonu, Qaracəmli kəndi – Ehtimat - 1980 manat; 4. Samux rayon, Sərkərlər kəndi - Zirəddin Əliyev - 1970 manat: 5. Samux rayon, Qaraarx kəndi - X3 - 800 manat; 6. Samux rayon Qararx kəndi V.Asifov - 600 manat; 7. Samux rayon, Qaraarx kəndi - Süleymanov Ağamir - 760 manat, cəmi - 9160 manat. O şirkətin aqrotexniki işlərini görmüşdür, lakin haqqı bu günədək ödənməmişdir. 2019-cu ilədək həmin pulu hər il cavabdeh “xxxx” MMC ödəmişdir. Cavabdeh tərəfindən əkin üçün onlara keyfiyyətsiz toxum satılması nəticəsində 525 ton çuğundur məhsulu götürməli olduğu halda cəmi 25 ton məhsul əldə edə bilmişdir. 15 ha torpaq sahəsinə çəkmiş olduğu xərclər, alaq otlarından təmizləmə 7740+6240 manat=13980 manat, suvarma işləri-1575 manat 15555 manat təşkil edir. 15 ha torpaq sahəsindən əldə edilməli olan minumum 525 ton çuğundur X 60 man.= 31500 manat. Beləliklə, o 15 ha torpaq sahəsində ən azı 15945 manat mənfəət götürməli idi. Cavabdeh “xxxx” MMC tərəfindən onun borcunu bəhanə edərək aqronom Nəcəfov Şaiqdən 3200 manat, mexanizatorlar: Əliyev Zahid, Cəbiyev Elşən, Həsənov Fizuli və Əhmədov Feruzdan 3270 manat pul tutulmuşdur, 2480 manat dəyərində çuğundur məhsulu təhvil vermişdir və 2000 manat nağd ödəmişdir. Göstərilən məbləğlərin heç biri nəzərə alınmamışdır. Şirkətlə uzun müddət ərzində işlədiklərinə və daim bir-birlərinə qarşılıqlı kömək etdiklərinə görə iddiaçının keyfiyyətsiz toxum verməklə bağlı dəymiş ziyanın ödənilməsi barədə tələb irəli sürülməmişdir. Bütün Respublikaya məlumdur ki, 2019-cu il mövsümündə “xxxx” MMC X6nun istehsalı üzrə problem yaşayaraq böhran keçirmiş və çuğundur istehsalı ən az səviyyədə olduğundan şirkət hətta əkinçilərə vurduğu ziyanın əvəzini ödəyə bilməmişdir. Burada vəziyyətdən çıxış yolu kimi bütün əməkdaşların şəxsi heyətin işdən azad edilərək yerinə başqa işçilərin qəbul edilməsi həyata keçirilmişdir. Yeni kollektiv isə yalnız onların üzərlərinə hesablanmış borcları tələb edərək, onlardan aldıqları, yaxud borcları barədə heç bir şeyə toxunmadan əkinçilərin hesabına şirkəti varlandırmaq məqsədi ilə canfəşanlıq edirlər. Beləliklə, cavabdeh “xxxx” MMC ilə aralarında bağlanmış müqavilə üzrə lazımi qədər məhsulun istehsal edilməməsinin səbəbi şirkət tərəfindən fermerlərə əkmək üçün satılmış toxum olduğunu sübut edən hallardan biri odur ki, həmin 2019-cu il əkin mövsümündə bütün respublika üzrə X6 istehsalı ən aşağı səviyyədə olmuş və demək olar ki, 7-8 rayon ərazisində ümumiyyətlə məhsul əldə etmək mümkün olmamışdır. Sadalanan hallardan göründüyü kimi cavabdeh “xxxx” MMC ilə aralarında bağlanmış müqavilə üzrə şəkər çuğunduru istehsalı ilə bağlı ona 6750 manat məbləğində torpaq icarə haqqı, 9160 manat becərmə işlərinə görə ödənilməmiş haqq, 9150 manat tutulmuş pul məbləği və əldən çıxmış fayda şəklində 15945 manat - cəmi 31845 manat maddi ziyan vurulmuşdur. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında ilkin iddia tələbini müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, cavabdeh 15 ha torpaq sahəsində çuğundur əkməyi öhdəsinə götürmüşdür. Cavabdehə 19936 manat məbləğində avans verilmişdir. 2000 manat avans geri verilmişdir. 21022 manat 61 qəpik borcu qalmışdır. Cavabdehə məlumat verilməsinə baxmayaraq borcu ödəməkdən imtina edir. Onlara verilən toxum və gübrələr sertifikata uyğundur. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmişdir. Cavabdeh çəkdiyi xərcləri əsaslandıra bilmir, çünki o xərcləri şirkət çəkmişdir. Məhkəmədən ilkin iddianın təmin, qarşılıqlı iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında ilkin iddianı qəbul etdi, qarşılıqlı iddianı müdafiə edərək, qarşılıqlı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi, əlavə olaraq bildirdi ki, çuğundur əkmiş, lakin yaxşı məhsul götürməmişdir. Səbəb isə toxumun və dərman vasitələrinin keyfiyyətli olmaması olmuşdur. Belə ki, ona verilmiş toxum və dərmanların saxlama müddəti keçmişdir. Buna baxmayaraq, istifadə müddəti keçmiş malları qəbul edib əkinə istifadə etmişdir. Nəticədə, gözlədiyi məhsulu yetişdirə bilməmişdir. Buna görə də, borcu ödəyə bilməmişdir. Ona 19936 manat 50 qəpik avans, 4612 manat 50 qəpik məbləğibdə xidmətlər göstərilmişdir. Borcundan 2000 manat nağd pul ödəmiş, 1526 manat 39 qəpik məbləğində isə çuğundur təhvil vermişdir. Ümumilikdə 21022 manat 61 qəpik borcu vardır. Həmin borcu qəbul edir, lakin borcunu ödəməyə maddi imkanı yoxdur. Şəkər zavodu onu məhkəməyə verdiyi üçün zavoda qarşı qarşılıqlı iddia vermişdir. Samux rayonunda icarəyə torpaq götürmüşdür. Qarşılıqlı iddia ilə müraciət etməsinin səbəbi çəkdiyi xərclərdir. Çəkdiyi xərclərin pulunu istəyir. Qonşu sahənin sahibindən borcu tutmurlar. Ancaq ondan tələb edirlər. Yerin əkilməsi üçün 1 hektar üçün verilən 100 manat puldan əlavə özü də pul xərcləmişdir. Onlar üzərlərinə düşən öhdəlikləri etmişlər, toxumun keyfiyyətsiz olması onların təqsiridir. Müddəti keçmiş toxum verilmişdir. Məhkəmədən maddi vəziyyətinin nəzərə alınmasını və ona köməklik edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, təxminən 10 il bundan əvvəldən 2020-ci ilə qədər iddiaçı olan təşkilatda aqronom işləmişdir. Onun işi sahə aqronomu kimi sahələrdə işlərin görülməsinə nəzarət etmək imiş. Cavabdeh ilə həm eyni kənddə yaşayırlar, həm də qohumluq münasibətləri vardır. 2018-ci ilə qədər mülkiyyətiçilərlə yaxşı münasibətləri olmuşdur. Səhvləri onda olmuşdur ki, görülən işlər barəsində mülkiyyətçiyə məlumat verməmişdilər. 2019-cu ildə Cavabdeh 15 ha torpaq götürmüş və çuğundur əkmişdir. Bütün aqrotexniki qaydalara riayət olunmuşdur. 2019-cu ilin avqust ayında sahə tamamilə batmışdır. Ola bilər ki, toxum zəif olmuş, ya da aqrotexniki qulluq zəif olmuşdur, konkret səbəbini deyə bilməz. Toxumu Cavabdeh vermişdir. Toxumu verərkən demişdir ki, ək yaxşı olacaqdır. Toxumda da problem ola bilər, su çatışmazlığı da ola bilər. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 25.03.2019cu il tarixli “X6 X1 xidmət və satınalma” müqaviləsinə əsasən Cavabdeh istehsalçı olaraq Samux rayonu, Nəbiağalı kəndində yerləşən 15 hektar torpaq sahəsində şəkər çuğunduru əkəcəyi sahənin suvarılan torpaq sahəsi olmasını, hər bir hektardan orta hesabla 35 tondan az olmayaraq məhsul əldə etməyi və müqavilədə müəyyən edilmiş şərtlər daxilində və qiymətə İddiaçı-nə təhvil verməyi, iddiaçı isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçının borclarını çıxmaq şərti ilə istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş sənədlərindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 4612 manat 50 qəpik məbləğində mal və xidmət göstərilmiş, 19936 manat 50 qəpik məbləğində avans verilmişdir. İş materiallarında olan 12 fevral 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 2000 manat məbləğində pul və 1526 manat 39 qəpik dəyərində çuğundur verdikdən sonra 12 fevral 2021-ci il tarixə iddiaçıya 21022 manat 61 qəpik məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh şəkər çuğunduru əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmasına dair iddiaçı qarşısında öhdəlik götürmüş, bu məqsədlə iddiaçının göstərdiyi xidmətdən, verdiyi mallardan və avans məbləğindən yararlansa da, aldığı borcun müqabilində öhdəliklərini icra etməyərək, iddiaçıya 21022 manat 61 qəpik məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İşin faktiki hallarından görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, qarşılıqlı iddiaçı ona vurulmuş ziyanın məhz cavabdehin vəzifəli şəxslərinin və ya işçilərinin təqsirli hərəkət və yaxud hərəkətsizliyi üzündən baş verməsini məhkəmədə sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia təmin edilməli, 21022 manat 61 qəpik məbləğində borc və 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Cavabdeh İddiaçınə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Qarşılıqlı iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İlk iddia təmin edilsin. 21022 manat 61 qəpik məbləğində borc və 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh İddiaçınə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar