Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-427/2020 06.07.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu, iddiaçı “xxxxxxxxxxxxxxxx” MMC-nin Cavabdeh MMC-yə qarşı qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında“pul” tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı “xxxxxxxxxxxxxxxx” MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə elektron qaydada Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən 184 manat 18 qəpik abunə və xidmət haqqı və 20 manat dövlət rüsumu olmaqla ümumilikdə 204 manat 18 qəpik vəsaitin “xxxxxxxxxxxxxxxx” MMC-nin xeyrinə məcburi tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC “xxxxxxxxxxxxxxxx” MMC ilə bağladığı müqavilələr (2 ədəd) üzrə iddiaçının rabitə xidmətlərindən istifadə etmiş və nəticədə onun 184 manat 18 qəpik manat abunə və xidmət haqqı borcu yaranmışdır.Abunə Müqaviləsinin 4.1-ci bəndinə əsasən, Abunəçi xidmət haqqını, müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil olmaqla) ödəməlidir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, hesab-fakturada göstərilən ödəniş müddətləri abunəçi tərəfindən pozularsa, “Azercell” abunəçiyə faktura kəsildiyi tarixdən 45 təqvim günü sonra növbəti təqvim günündən başlayaraq gecikmə faizi tətbiq edir ki, bu da ödənişin gecikdirildiyi hər təqvim günü üçün həmin günə olan borc məbləğinə 0,1% miqdarında hesablanır. Gecikmə faizinin hesablanması, gecikmə faizi borc məbləğinin 20%-dən artıq olmamaq şərti ilə, borc(lar) tam ödənilənə qədər “Azercell” tərəfindən davam etdirilir. Cavabdeh öz borcunu ödəməsinin son tarixi 18.12.2018-ci il müəyyən olunsa da o, müqavilənin qeyd olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh MMC-yə e-2-2(115)-427/2020 nömrəli, 31.05.2020-ci il tarixli və 10.06.2020-ci il tarixli bildirişlər göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmə hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İş materillarını nəzərdən keçirdib hesab edirəm ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh MMC ilə “xxxxxxxxxxxxxxxx” MMC arasnda bağlanmış 2 ədəd abunə müqaviləsindən görünür ki, müqavilə ilə İddiaçı MMC Cavabdeh MMC-yə (abunəçiyə) telekommunikasiya xidmətlərinin göstərilməsini, abunəçi isə bunun müqabilində müvafiq haqqın ödənilməsini öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş cari hesab arayışlarından görünür ki, “xxxxxxxxxxxxxxxx” MMC tərəfindən 2 ədəd nömrə üzrə Cavabdeh MMC-yə ümumilikdə 184 manat 18 qəpik manat məbləğində abunə və xidmət haqqı borcu hesablanmışdır. İş materiallarına əlavə edilmiş 30.01.2020-ci il tarixli, 41 nömrəli pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh MMC-dən istifadə etdiyi xidmətlərə görə yaranmış borcun 15.02.2020-ci il tarixədək ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsində qeyd olunur ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Beləliklə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh MMC ilə “xxxxxxxxxxxxxxxx” MMC arasında 2 ədəd abunə müqaviləsi bağlanmış, buna uyğun olaraq Cavabdeh MMC iddiaçının rabitə xidmətlərindən istifadə etmiş və nəticədə onun 184 manat 18 qəpik borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan normanın tələbinə əsasən iddiaçı tərəfindən dövlət rüsumu hesabına ödənilmiş məbləğ Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən hesab edirəm ki, iddia təmin edilməli, 184 manat 18 qəpik məbləğində borc və 20 manat dövlət rüsumu olmaqla ümumilikdə 204 manat 18 qəpik manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 184 manat 18 qəpik məbləğində borc və 20 manat dövlət rüsumu olmaqla, ümumilikdə 204 manat 18 qəpik manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-427/2020
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-427/2020
06.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver