Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-432/2023 30.05.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 56240,17 manat borcun və ödənilmiş 400 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə (keçmiş adı ilə “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti) cavabdeh arasında 01 yanvar 2019-cu il tarixli 010119/GDF/ST/001 saylı iribuynuzlu heyvanların satışına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Təchizatçı müvafiq spesifikasiyalara əsasən malları təchiz etməyi, alıcı isə malları qəbul etməyi və ödəniş etməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında imzalanmış müqavilənin şərtlərinə əsasən Alıcı müqavilə qiymətini Satıcıya malların təhvil-təslimindən sonra 30 təqvim günü ərzində ödəmək öhdəliyi götürmüşdür. Tərəflər arasında müqavilə müansibətləri yaranan andan etibarən ümumi mal dövriyyəsi 469240,17 manat olmuşdur. Cavabdeh tərəfindən həmin məbləğin 413000 manat hissəsi ödənilmiş, 56240,17 manat hissəsi isə borc olaraq qalmışdır. Cavabdeh tərəfindən ən son ödəniş xx.xx.2020-ci il tarixində həyata keçirilmiş və həmin tarixdən bu günədək hər hansı ödəniş edilməmişdir. İddiaçı tərəfindən dəfələrlə cavabdehə borcun ödənilməsinə dair yazılı, şifahi və pretenziya qaydasında xəbərdarlıqlar edilsə də cavabdeh tərəfindən borc öhdəliklərinin yerinə yetirilməsini təmin etmək mümkün olmamışdır. Tərəflər arasında keçirilmiş xx.xx.2020-ci il tarixli üzləşmə aktına imza etməklə cavabdeh müqavilə öhdəlikləri üzrə iddiaçıya olan borc öhdəliklərini etiraf etmişdir. xx.xx.2020-ci il tarixində cavabdeh tərəfindən daha bir üzləşmə aktına imza edilmiş və həmin sonuncu akta əsasən cavabdehin yekun borcu 56240 manat təşkil etməsi həmin aktda öz təsdiqini tapmışdır. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək hazırkı mübahisəyə iddia müddətini tətbiq edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia müddəti buraxılmamışdır. Belə ki, tərəflər arasında imzalanmış üzləşmə aktına əsasən xx.xx.2020-ci il tarixində Cavabdeh tərəfindən müqavilə üzrə ən son ödəniş edilmişdir. İddia ərizəsi isə məhkəmənin elektron sisteminə xx.xx.2023-cü il tarixində yüklənmişdir. Halbuki, tələb etmə müddəti hələ ilkin mediasiya dövründən hesablanır. Yəni mediasiya nəzərə alınmasa belə iddiaçı tərəfindən iddia müddətinin buraxılması halı baş verməmişdir. 3 illik müddətin tətbiqi baş tutsa belə bu tarix xx.xx.2023-cü ildən sonrakı dövrə təsadüf etmiş olardı. Ona görə də cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizənin təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, Cavabdeh isə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 yanvar 2019-cu il tarixli 010119/GDF/ST/001 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşma protokollarında qeyd edilən çəkidə və qiymətdə iri buynuzlu heyvanları alıcıya satmağı, alıcı isə həmin malların təhvil alıb dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən alıcı hazırkı müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş müqavilə qiymətini satıcıya malların təhvil-təslimindən sonra 30 təqvim günü ərzində satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materialllarında olan 17 aprel 2019-cu il tarixli 1 nömrəli “Qiymətlərin razılaşma protokoluna” əsasən 82768,05 manat, 18 aprel 2019-cu il tarixli 2 nömrəli “Qiymətlərin razılaşma protokoluna” əsasən 119470,09 manat, 24 aprel 2019-cu il tarixli 3 nömrəli “Qiymətlərin razılaşma protokoluna” əsasən isə 62126 manat dəyərində mallar satıcı tərəfindən alıcıya təhvil verilmişdir. İş materiallarında olan 09 may 2020-ci il tarixli üzləşmə aktından görünür ki, satıcı “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən alıcı Cavabdeh ümumilikdə 469240,17 manat dəyərində mallar təhvil verilmiş və bu məbləğdən alıcı tərəfindən satıcıya sonuncu ödəniş xx.xx.2020-ci il tarixində 413000 manat məbləğində icra edilmişdir. Bu akta əsasən alıcının satıcıya 56240,17 manat məbləğində ödənilməmiş borcunun olması hər iki tərəfin imzası ilə təsdiq olunmuşdur. İş materiallarında olan pretenziya məktublarının surətlərindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 01 yanvar 2019-cu il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşma protokollarında qeyd edilən çəkidə və qiymətdə iri buynuzlu heyvanları Alıcıya satmağı, Alıcı isə həmin malların təhvil alıb dəyərini malların təhvil-təslimindən sonra 30 təqvim günü ərzində Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Satıcı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, Alıcı isə üzərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirməmiş, onun Satıcıya 56240,17 manat məbləğində borcu qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 56240,17 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin cavabdeh tərəfindən verilən iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə münasbət bildirirək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 379.4-cü maddəsinə əsasən müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır. Həmin Məcəllənin 379.4-1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin Qanunun 32.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. İş materiallarından da göründüyü kimi, tərəflər arasında müavilə 01 yanvar 2019-cu il tarixdə bağlanılmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə üzləşmə aktına imza edərək borcunu etiraf etmiş, cavabdeh tərəfindən sonuncu ödənişin xx.xx.2020-ci il tarixdə edilməsi qeyd edilmişdir. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə mediasiya prosesinin tətbiqi ilə bağlı təklif göndərmiş, mediator tərəfindən xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi ilə bağlı arayış verilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir ki, qanunla müəyyən edilmiş 3 illik müddəti ötürməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Gəncə şəhəri 1 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, iddiaçının nümayəndəsi tərəfindən 400 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 400 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 258 manat 70 qəpik dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 yanvar 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh 56240 (əlli altı min iki yüz qırx) manat 17 (on yeddi) qəpik əsas borc, 400 (dörd yüz) manat mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. Cavabdeh 258 (iki yüz əlli səkkiz) manat 70 (yetmiş) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-432/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-432/2023
30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver