Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-433/2022 17.06.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Gəncə Kommersiya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Vəkil3, Cavabdeh nümayəndəsi Ak Turanın, vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı müqavilənin etibarsız hesab edilməsi və pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-yə satılmış malların ƏDV ilə birlikdə dəyəri olan 198240 (yüz doxsan səkkiz min iki yüz qırx) manat və borclunun icranı gecikdirdiyi üçün qeyd olunan məbləğin 5 faizinin, yəni 9912 (doqquz min doqquz yüz on iki) manat pul məbləği və ödənilmiş 500 manat dövlət rüsumu (200 manat mediasiya xərci və 300 manat dövlət rüsumu) də nəzərə alınmaqla ümumilikdə 208652 (iki yüz səkkiz min altı yüz əlli iki) manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinin həcminin artırılması haqqında məhkəməyə ərizə göndərərək, xx.xx.2020-ci il tarixli 017 saylı alqı-satqı müqaviləsinin 1.1, 1.2, 4.2 və 4.3-cü bəndlərinin etibarsız hesab edilməsini tələbinə əlavə etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.20220-ci il tarixdə İddiaçı dəyəri ƏDV ilə birlikdə 198240 (yüz doxsan səkkiz min iki yüz qırx) manat olan mebel avadanlıqları Cavabdeh MMC-yə satmışdır. Bununla əlaqədar Dövlət Vergi Xidmətinin proqram təminatı vasitəsilə cavabdehin elektron qutusuna Seriya EBAQ nömrə 665616-li elektron qaiməfaktura göndərilmiş və elektron qaimə-faktura təsdiq edilmişdir. Lakin göstərilənlərə baxmayaraq Cavabdeh MMC tərəfindən ona olan 198240 (yüz doxsan səkkiz min iki yüz qırx) manat borc hələ də ödənilməmişdir. Bununla bağlı onun tərəfindən xx.xx.2021-ci il tarixli məktubla cavabdehə müraciət olunsa da cavabdeh tərəfindən borcun ödənilməsi ilə bağlı hər hansı addım atılmamışdır. Daha sonra mübahisənin həlli üçün mediatora müraciət olunmuş, lakin ilkin mediasiya sessiyasından sonra aralarında hər hansı razılıq əldə oluna bilmədiyindən hesab edir ki, mübahisə məhkəmə qaydasında həll edilməli, satılmış mebel avadanlıqlarının dəyəri olan 198240 (yüz doxsan səkkiz min iki yüz qırx) manat və borclunun icranı gecikdirdiyi üçün qeyd olunan məbləğin 5 faizi yəni 9912 (doqquz min doqquz yüz on iki) manat pul məbləği cavabdehdən tutulmalıdır. Həmçinin qeyd etmişdir ki, müqavilə bağlanarkən aldadıldğından müqavilə qismən etibarsız sayılmalıdır. Cavabdeh iddia ərizəsinə dair etiraz verərək iddia tələbinin qismən təmin edilməsi, elektron qaimə-faktura üzrə 30240 manat ƏDV məbləğin ödənilməsi və iddia tələbinin digər hissələrinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək bildirdi ki, xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən dəyəri ƏDV ilə birlikdə 198240 manat məbləğində olan mebel avadanlıqları Cavabdehnə satılmışdır. Bununla əlaqədar elektron qaimə-fakturalar göndərilmiş və elektron qaimə-faktura təsdiq edilmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin müqavilə aldadılaraq iddiaçıya imzalatdırılmışdır. Müqavilə alqı-satqı müqaviləsi olmasına baxmayaraq digər məsələləri özündə əks etdirir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının digər nümayəndəsi və vəkili Vəkil3 izahat verən nümayəndənin dediklərinə əlavəsinin olmadığını bildirdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında izahat verərək, iddia tələbini qəbul etmədiyini bildirdi. Belə ki, İddiaçı cavabdeh Ulusoy Group MMC-nin həm təsisçisidir, şirkətin 50 % pay sahibidir, digər təsisçi isə bərabər payla Ak Turandır. Cavabdeh MMC İddiaçı və Ak Turanın şərikli fəaliyyəti olmuşdur. Belə ki, adı çəkilən şəxslər arasında xx.xx.2017-ci il tarixli birgə ortaqlıq haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən tərəflər "xxxx" MMC müəssisəsini yaradıb birgə fəaliyyət göstərmək niyyətində olublar. "xxxx" MMC-nin yaradılmasına baxmayaraq İddiaçı öz VÖEN-lə sərildikdən kənar ayrıca digər şəriki Ak Turanın avadanlıqlarını öz balansına qoyaraq 2017-2020-ci illərdə fəaliyyət göstərib və Barış Mebel MMC ilə bağlı ilkin razılaşmanı pozub. Ak Turan isə İddiaçı qeyd olunan hərəkətlərindən ciddi narazı qalmışdır. Bunun nəticəsində tərəflər 2020-ci ilin mart-aprel aylarından etibarən həm İddiaçı VÖEN-lə fəaliyyətini, həm də "xxxx" MMC-nin fəaliyyətini dayandırıb, yenidən, 2020-ci ilin avqust ayında düzgün olan Cavabdeh MMC şirkətini qurublar və şərikli münasibətlərini yeni şirkət Cavabdeh MMC-nin adından aparmağa başlamışdılar. Yeni şirkət qurularkən əvvəlki şərikli fəaliyyətdən, yəni ki, İddiaçı malları qalmışdır. Məhz bu malların yeni yaradılmış Ulusoy Group MMC şirkətinə keçirilməsi məsələsini həll etmək lazım idi ki, Ulusoy Group MMC fəaliyyətə başlaya bilsin. Bu məsələni həll etmək üçün İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli formal olaraq alqı-satqı müqaviləsi imzalanmışdı və İddiaçı xx.xx.2020-ci il tarixdə Ulusoy Group MMC-yə elektorıı qaimə-faktura təqdim etmişdi. Elektron qaimə-faktura isə təsdiqlənmişdi və həmin mallar Cavabdeh MMC-nin balansına keçmişdi. Müqavilənin 4.3-cü bəndinə əsasən alıcı yalnız malların təqdim edilməsi ilə bağlı satıcının çəkdiyi və ya çəkməli olduğu xərcləri, vergi və digər məcburi ödənişləri ödəyir. ƏDV məbləğinin ödənilməsi alıcının ümumi yığıncağı tərəfindən qəbul olunmuş qərar əsasında həyata keçirilir. Qanunda müqavilə azadlığı vardır ki, tərəflər istədikləri müqaviləni bağlaya bilərlər. Odur ki, iddia tələbi ƏDV-nin ödənilməsi hissəsi istisna olmaqla qalan hissələrdə əsassızdır. Cavabdehin nümayəndəsi Ak Turan məhkəmə iclasında izahat verərək, iddia tələbini qəbul etmədiyini bildirdi. Belə ki, iddiaçı "xxxx" MMC-nin həm təsisçisi, həmdə şirkətin əlli faiz pay sahibidir və Cavabdeh yaradılarkən təsisçilərin öhdəlikləri olmuşdur və həmin öhdəlikdən biri kimi İddiaçı balansında olan əmlakların "xxxx" MMC-yə verilməsi olmuşdur. Tərələr arasında heç bir real alqı-satqı əməliyyatı olmamışdır, yalnız malların əvvəlki şərikli fəaliyyətdən yeni şərikli fəaliyyətə köçürülməsi olmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, 29 sentyabr 2020-ci il tarixdə satıcı İddiaçı ilə alıcı Cavabdeh MMC arasında 017 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 4.1-ci maddəsində göstərilir ki, mallar vergi qaimə-fakturası əsasında alıcıya təhvil verilir. Elektron qaimə-fakturanın surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə-017 nömrəli müqavilə əsasında 198.240 manat dəyərində yataq və yemək dəstləri İddiaçı tərəfindən Cavabdehnə verilmişdir. Beləliklə, iş üzrə sübutlarla müəyyən olunur ki, hər iki tərəf sahibkarlıq subyektidir. Tərəflər arasında 29 sentyabr 2020-ci il tarixdə 017 nömrəli alqı- satqı müqaviləsi bağlanmışdır. Müqaviləni satıcı adından İddiaçı, alıcı adından isə Cavabdeh MMC-nin rəhbəri Ak Turan imzalamışlar. Müqavilənin obyekti satıcıya məxsus daşınar əşyalar olmuşdur. Elektron qaimənin surətindən görünür ki, 017 nömrəli alqı- satqı müqaviləsi əsasında 198.240 manat dəyərində yataq və yemək dəstləri alıcı Cavabdeh MMC-yə təhvil verilmişdir.Bunlarla bərabər həmin alqı-satqı müqaviləsində verilmiş əşyaların dəyərinin ödəliməli olmaması barədə müddəalar da qeyd olunmuşdur ki, mübahisənin də kökündə məhz bu məsələ dayanır. Məhkəmə malların əvəzinin ödənilmədən verilməsi barədə müqavilədə yazılmış olan müddəalara münasibət olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddənin tələbinə görə tərəflər müqavilə azadlığı prinsiplərini əsas tutaraq alqı-satqı müqaviləsinin məzmununa aid məsələləri, yəni, malların qiymətini, ödənilmə qaydasını və sair məsələləri istədikləri kimi müəyyən edə bilərlər. Əgər onlar malları alqı-satqı yolu ilə vermək və qəbul etmək istəmirlərsə, onda başqa növ müqavilə bağlaya bilərlər. Müqavilənin məzmunundan göründüyü kimi, müqavilə növü kimi alqı-satqı müqaviləsi seçilmişdir və müqavilənin bəndlərində müqavilə tərəfləri olaraq "alıcı" və “satıcı” göstərilmişdir. Həmçinin müqavilədə malların satıcı tərəfindən alıcıya verilməsi, o cümlədən malların vergi qaimə-faktura əsasında alıcıya təhvil verilməsi şərtləndirilir. Belə olan vəziyyətdə müqavilənin məzmununun qanunla imperativ olaraq müəyyənləşdirilmiş qaydasına zidd davranış istisna olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsi alqı-satqı müqaviləsinin məzmununu imperativ olaraq müəyyən etmişdir. Həmin maddədə qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-658-ci maddələrini əhatə edən 29cu fəsilində alqı-satqı müqaviləsinə dair çoxlu sayda müddəalar göstərilmişdir. Ancaq, həmin müddəalın hər hansı birində alqı-satqı müqaviləsində əşyanın əvəzsiz verilməsinin mümkün edən hallar nəzərdə tutulmamışdır. Məhkəmə müqavilədə yazılmış olan və malların əvəzinin ödənilmədən verilməsi barədə ifadələri müqavilənin məzmunu ilə bütövlükdə müqayisə edərək daha sonra qeyd edir ki, yalnız hərfi mənaya əsaslanan təfsir hüquqi təfsir hesab olunmur. Həmin ifadələrin hərfi mənasına əsaslanmaq, tərəflərin iradə ifadəsinin həqiqi mənasına və alqı-satqı müqaviləsinin məzmununun qanunla imperativ qaydada müəyyənləşdirilmiş qaydasına zidd yanaşma olardı. Müqavilədə olan 1.1, 1.2, 4.2 və 4.3 - cü bəndlər zahirən əvəzsizlik görünüşü yaratmış olsa da, satıcının həqiqi niyyətinə və alqı-satqı müqaviləsinin qanunla müəyyən edilmiş məzmununa uyğun olmadığından bu mənada hüquqi nəticə yaratmaq keyfiyyətinə malik deyildir. Məhkəmə iclasında səsləndirilən səs yazısından eşidilir ki, danışıqlar məqamında, yəni müqavilə imzalanmamışdan əvvəl məzmunu satıcıya alqı-satqı müqaviləsi kimi təqdim edilir. Məhkəmə qeyd edir ki, tərəflər arasında olan danışıqlar onların iradə ifadəsinin şifahi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsində göstərilir ki, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Məhkəmə müqavilədə malların qiymətinin və borcun ödəlməsi müddətinin göstərilməməsi barədə onu qeyd edir ki, malların qiyməti qaimə-faktura sənədində nəzərdə tutulmuşdur. Bundan başqa, Mülki Məcəllənin 597.1-ci maddəsində deyilir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 427.4-cü maddəsinə görə ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Tərəflər arasında olan yazışmalardan görünür ki, satıcı İddiaçı malların dəyərinin ödənilməsini Cavabdehdən tələb etmişdir. Məhkəmə iddia tələbinin müqavilənin qismən etibarsız hesab edilməsi hissəsi üzrə belə qənaətə gəlir ki, həmin hissə əsassızdır. Belə ki, Mülki Məcəllənin 352-ci maddəsinə əsən əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. Müqavilənin etibarsız sayılması tələb olunan hissələrində malların verilməsindən bəhs olunur ki, malların verilməsi olmadan müqavilə bağlana bilməzdi. Qismən etibarsız sayılmanın əsasları mövcud deyildir. Məhkəmə 9912 manat məbləğində gecikmə faizinin tutulmasını da əsassız sayır və hesab edir ki, iddia tələbi həmin hissə üzrə də təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdehndən satılmış malların ƏDV ilə birlikdə dəyəri olaraq 198 240 (bir yüz doxsan səkkiz min iki yüz qırx) manat, 200 manat mediasiya xərci, 290 manat dövlət rüsumu olmaqla, ümumilikdə 198.730 (bir yüz doxsan səkkiz min yeddi yüz otuz) manat tutularaq İddiaçı ödənilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241-242, 244, 253.3 və 360-cı maddələrinə əsasən qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehndən satılmış malların ƏDV ilə birlikdə dəyəri olaraq 198 240 (yüz doxsan səkkiz min iki yüz qırx) manat, 200 manat mediasiya xərci, 290 manat dövlət rüsumu olmaqla, ümumilikdə 198 730 (yüz doxsan səkkiz min yeddi yüz otuz) manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-433/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-433/2022
17.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver