Məhkəmə qərarları › İş №e-2-2(115)-452/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-452/2023

05.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-452/2023 05.06.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdeh “Arkoz X6 ” MMC arasında bağlanmış 13 mart 2018-ci il tarixli 0015-HGC-GM/18 saylı müqaviləyə əsasən 30315,16 manat borcun və ödənilmiş 200 manat mediasiya xərci olmaqla, cəmi 30515,16 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Arkoz X6 ” MMC ilə İddiaçı MMC arasında 13 mart 2018-ci il tarixli 0015-HGC-GM/18 saylı “Ehtiyat hissələrinin Satışı müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı müqavilədə və onun ayrılmaz tərkib hissəsi olan əlavələrdə göstərilmiş malları Alıcıya satmağı və Alıcı isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürür. Sözügedən müqavilə və onun əlavələrinə əsasən Cavabdeh MMC-yə İddiaçı MMC tərəfindən ümumi dəyəri 78451,06 manat olan mal satılmışdır. Bu müqavilənin 2.5-ci maddəsinə əsasən Alıcı əlavədə göstərilmiş malların dəyərinin 100% hissəsini təhvil-təslimdən sonra Satıcıya köçürmə yolu ilə 40 iş günü ərzində ödəməlidir. Lakin cavabdeh qeyd olunan məbləğin 48135,90 manat hissəsini ödəmiş, 30315.16 manat hissəsini isə ödəməmişdir. Cavabdehə göstərilən borc məbləğinin tam ödənilməsi tələbi ilə əlaqədar xəbərdarlıq edilmiş, lakin cavabdeh borcu ödəməmişdir. Cavabdeh MMC iddia müddətinin tətbiq olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək ərizəsində göstərmişdir ki, İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ilə iddia tələbinə dair müddət ötürüldükdən sonra məhkəməyə müraciət etmişdir. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X5 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə iddiaçı arasında olan müqavilə əsasında 78451 manat məbləğində ehtiyyat hissələrinin alqı-satqısı həyata keçirilmişdir, bu barədə elektron qaimələr də mövcuddur. Cavabdeh 48135 manat məbləğində borcunu ödəmiş qalan borcunu isə ödəməmişdir. Cavabdehin 30315 manat borc qalmışdır. Bu məbləğ ödəniş tapşırıqları ilə öz təsdiqini tapır. O cümlədən hesabdan çıxarışlar məhkəməyə təqdim edilmişdir. Cavabdehin 3 qaimə əsasında borcu qalmışdır. Həmin qaimələr üzrə cavabdeh 48135.90 manat ödəniş etmiş, 30315,60 manat məbləğində isə borcu qalmışdır. Borcunu ödəməsi üçün cavabdehə pretenziya göndərlimişdir, lakin cavabdeh borcunu ödəməmişdir. İddia müddətinin tətbiqi ilə bağlı ərizəyə münasibət bildirərək qeyd edir ki, borclu İddiaçı MMC 30 iyun 2020-ci il tarixdə iddiaçıya üzləşmə aktı göndərərək əsassız yerə 1312,60 manat borcun təsdiq edilməsini onlardan tələb etmişdir. Qeyd edilən üzləşmə aktı cavabdeh tərəfindən təsdiq edilmiş və borclunun sözügedən tarixə olan hüquqi münasibətlərini qəbul etdiyini göstərmişdir. Həmin üzləşmə aktı iddiaçı tərəfindən təsdiq edilməmişdir, çünki iddiaçı həmin borc məbləği ilə razı olmamışdır. İddia ilə məhkəməyə iddia müddəti ərzində müraciət edilmişdir. Ona görə də iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X2 izahatında göstərdi ki, iddiaçı iddia tələbi ilə məhkəməyə iddia müddətini ötürməklə müraciət etmişdir. Belə ki, tərəflər arasında olan üzləşmə aktı xx.xx.2018-ci il tarixdə imzalanmış, iddiaçı tərəfindən sonuncu elektron qaimə xx.xx.2018-ci ildə göndərilmişdir, sonuncu ödəniş barədə sənəd təqdim edilməmişdir. Sonradan əlavə edilən xx.xx.2020-ci il tarixli üzləşmə aktını onlar qarşı tərəfə göndərsələr də, həmin üzləşmə aktında kimin kimə nə qədər borcunun olması bilinmir. Ola bilər ki, cavabdeh tərəfindən artıq ödəniş edilmiş və iddiaçının cavabdehə borcu qalmışdır. Onlar bunu xx.xx.2020-ci il tarixli aktla müəyyən edə bilmir. Ona görə də iddia müddəti tətbiq olunmaqla iddia rədd edilməlidir. Cavabdeh MMC-nin nümayəndəsi X2 həmçinin sədrlik edənin suallarına cavab olaraq göstərdi ki, tərəflər arasında yalnız bir müqavilə bağlanılmışdır. Cavabdehin iddiaçıya borcunun olması maliyyə sistemində də görünür, ancaq borcun nə qədər olması barədə dəqiq məlumatı yoxdur. Təxmini olaraq 18000-20000 manat arası borcları vardır. Sonuncu ödəniş isə 2019-cu ildə edilmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 13 mart 2018-ci il tarixli 0015-HGC-GM/18 saylı “Ehtiyat hissələrin satışı” müqaviləsindən görünür ki, satıcı "xxxx" MMC müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə göstərilmiş malları alıcı "xxxx" MMC-nə satmağı, alıcı isə bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən bu müqavilə hər iki tərəfdən imzalandığı gündən 1 il müddətində etibarlıdır. İş materiallarında olan kommersiya qurumunun dövlət reyestrindən çıxarışlardan görünür ki, xx.xx.2018-ci il tarixdə "xxxx" MMC “X6” MMC, xx.xx.2022-ci il tarixdə “X6” MMC Cavabdeh MMC kimi qeydiyyata alınmışdır. İş materiallarında olan kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC İddiaçı MMC kimi qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 639683 nömrəli elekrton qaiməyə əsasən 40769,30 manat, xx.xx.2018-ci il tarixli 428360 nömrəli elekrton qaiməyə əsasən 19801,57 manat, xx.xx.2018-ci il tarixli 070748 nömrəli elekrton qaiməyə əsasən isə 17880,19 manat olmaqla, cəmi 78451,06 manat dəyərində malların İddiaçı MMC tərəfindən “Arkoz X6" MMCyə göndərilməsinə dair qaimələr ötürülmüşdür. İş materiallarında olan 16 noyabr 2018-ci il tarixli üzləşmə aktından görünür ki, qarşılıqlı yoxlamaya əsasən “X6" MMC-nin xx.xx.2018-ci il tarixə "xxxx" MMC-nə əsas borc üzrə 90320,60 manat, ƏDV üzrə 10038,21 manat olmaqla, cəmi 100358,81 manat borcunun olması faktı hər iki tərəfin imzası ilə təsdiq olunmuşdur. İş materiallarında olan “X6" MMC tərəfindən "xxxx" MMC-yə göndərilmiş 15 iyul 2020-ci il tarixli üzləşmə aktından görünür ki, qarşılıqlı yoxlamaya əsasən xx.xx.2020-ci il tarixə əsas məbləğ üzrə 1120 manat, ƏDV üzrə 201,60 manat olmaqla, cəmi 1321,60 manat borcun olmasını qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, "xxxx" MMC ilə (indiki adı İddiaçı MMC) "xxxx" MMC (indiki adı Cavabdeh MMC) arasında bağlanmış 13 mart 2018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, Satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə göstərilmiş malları Alıcıya satmağı, Alıcı isə mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürmüşdür. Satıcı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, malları Alıcıya vermiş, lakin Alıcı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirməmiş və malların dəyərini tam olaraq Satıcıya ödəməmişdir. Onun iddiaçıya 30315,16 manat borcu yaranmışdır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 30315,16 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin cavabdeh tərəfindən verilən iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə münasbət bildirirək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 379.4-cü maddəsinə əsasən müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır. Həmin Məcəllənin 379.4-1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin Qanunun 32.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. İş materiallarından da göründüyü kimi, tərəflər arasında müqavilə 13 mart 2018-ci il tarixdə bağlanılmış, sonuncu qaimə xx.xx.2018-ci il tarixdə qarşı tərəfə göndərilmiş, tərəflər arasında 16 noyabr 2018-ci il tarixdə üzləşmə aktı imzalanaraq cəmi 100358,81 manat borcun olması faktı hər iki tərəfin imzası ilə təsdiq olunmuşdur. Cavabdeh xx.xx.2020-ci il tarixdə üzləşmə aktına imza edərək borcunun bir hissəsini etiraf etmiş və həmin aktı təsdiq edilməsi üçün qarşı tərəfə göndərmişdir. Lakin üzləşmə aktı iddiaçı tərəfindən təsdiq edilməmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə mediasiya prosesinin tətbiqi ilə bağlı təklif göndərmiş, mediator tərəfindən xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi ilə bağlı arayış verilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir ki, qanunla müəyyən edilmiş 3 illik müddəti ötürməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Qazax şəhəri 1 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, iddiaçının nümayəndəsi tərəfindən 200 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 200 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 180 manat 94 qəpik dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 13 mart 2018-ci il tarixli 0015-HGC-GM/18 saylı alqı-satqı müqaviləsi üzrə 30315 (otuz min üç yüz on beş) manat 16 (on altı) qəpik borc və ödənilmiş 200 (iki yüz) manat mediasiya xərci Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Cavabdehndən 180 (bir yüz səksən) manat 94 (doxsan dörd) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar