Məhkəmə qərarları › İş №e-2-2(115)-459/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-459/2024

03.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-459/2024 03.05.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2015-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş SDVC markalı soyuducunun dəyərinin iki misli həcmində, yəni 1700 ABŞ dolları, 300 manat (120 manat vəkil xidmət haqqı, 180 manat mediasiya işlərinin aparılmasına görə xidmət haqqı) və 60 manat ödənilmiş mediasiya prosesi ilə bağlı xərcin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Azərbaycan X2” MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2015-cı il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə uyğun olaraq, dəyəri 850 ABŞ dolları olan SDVC markalı 1 ədəd soyuducu “Azərbaycan X2” MMC tərəfindən istehsal və satışı təşkil edilmiş məhsulların cavabdeh tərəfindən sərinləşdirilib satılmasının təmin edilməsi məqsədilə Cavabdeh əvəzsiz istifadəyə verilmişdir. İstifadəyə verilmiş əmlak üçün istifadə haqqı tələb edilməmişdir. Müqavilənin 2.2.7-ci bəndinə əsasən, müqavilənin xitamı haqqında İstifadəyəverən tələb irəli sürdükdə, o, əmlakın köhnəlmə nəzərə alınmaqla təhvilini 3 gün ərzində təmin etməlidir. Qeyd olunan soyuducu uzun müddət cavabdehin əvəzsiz istifadəsində olmuşdur. İddiaçı tərəfindən cavabdehə müqavilə predmeti olan soyuducunun qaytarılması tələb edilsə də, cavabdeh tərəfindən soyuducunun qaytarılması ilə bağlı hər hansı addım atılmamışdır. Bununla bağlı cavabdeh pretenziya məktubu ilə rəsmi qaydada müraciət olunmuş, müqaviləyə xitam verildiyi və soyuducunun 3 gün ərzində iddiaçı təşkilata qaytarılması tələb olunmuşdur. Müqavilənin 2.1.7-ci bəndinə əsasən istifadəyə verilən əmlak istifadəçi tərəfindən hər hansı formada özgəniləşdırılməsi halında istifadəçi əmlakın ümumi dəyərinin 2 misli dəyərində istifadəyəverənə cərimə ödəməlidir. İş üzrə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Azərbaycan X2” MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2015-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş SDVC markalı soyuducunun dəyərinin iki misli həcmində, yəni 1700 ABŞ dolları məbləğində pulun (alınan gündə manata olan məzənnəsi ilə), 300 manat (120 manat vəkil xidmət haqqı, 180 manat mediasiya işlərinin aparılmasına görə xidmət haqqı) və 60 manat ödənilmiş mediasiya prosesi ilə bağlı xərcin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, müqavilə bağlayaraq iddiaçıdan istifadə üçün bir neçə soyuducu götürmüşdür. Hər soyuducu üçün ayrı-ayrı müqavilə bağlamışlar. Müqavilələrin bir surətini də ona vermişlər. Müqaviləyə əsasən soyuducu ona təhvil verilmişdir. O özü iddiaçıya soyuducuları aparmalarını bildirmiş, həmiçinin daha onlarla işləmədiklərini də onlara bildirmişdir. İddiaçı ilə fəaliyyətləri dayandıqdan sonra soyuducu ondan geri tələb edilmişdir. Soyuducuları gəlib götürmüşlər, lakin bir soyuducunu tapa bilməmişdir. Digər soyuducuların hamısını qaytarmışdır. Qalan, yəni itən soyuducunun dəqiq kodunu bilmir, ancaq ona verilən soyuducu balaca idi, yəni müqavilədə göstərilən məbləğ ilə razı deyildir. Soyuducunun qiyməti ilə razı deyil, o soyuducunun qiyməti müqavilədə göstərilən qədər ola bilməz. Müqavilədə soyuducuların qiyməti olmamışdır. O sadəcə olaraq həmin soyuducunun bazar dəyəri ilə pulunu verə bilər, ya da eyni soyuducunu alıb onlara qaytara bilər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan “Azərbaycan X3” MMC ilə Cavabdeh arasında bağlanmış 28 aprel 2015-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilədən görünür ki, 1 ədəd SDVC Coder modelli, qiyməti 850 ABŞ dolları olan soyuducu sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh əvəzsiz istifadəyə verilmişdir. Müqavilənin 2.1.7-ci bəndinə əsasən istifadəyə verilən əmlakın istifadəçi tərəfindən hər hansı formada özgənikləşdirilməsi halları aşkar edildikdə əmlakın ümumi dəyərinin 2 mislini istifadəyə verənin nəfinə ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 732.1-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Həmin Məcəllənin 736.1-ci maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. Həmin Məcəllənin 736.2-ci maddəsinə əsasən əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 736.3-ci maddəsinə əsasən əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. Məhkəmə qeyd edir ki, “Azərbaycan X3” MMC ilə Cavabdeh arasında 28 aprel 2015-ci il tarixli müqavilə bağlanmış, müqaviləyə əsasən 1 ədəd SDVC Coder modelli, qiyməti 850 ABŞ dolları olan soyuducu sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh əvəzsiz istifadəyə verilmişdir. İsifadəyə verən soyuducunun qaytarılması ilə bağlı istifadə edənə bildiriş göndərmişdir. Buna baxmayaraq cavabdeh əvəzsiz istifadəyə verilmiş əşyanı qaytarmamış, iddiaçı da hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək əmlakın dəyərinin iki misli məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmişdir. Odur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 1700 ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan mediasiya şurasının üzvü, fərdi qaydada fəaliyyət göstərən mediator X1 tərəfindən mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, iddiaçının tərəfindən 60 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 60 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 48 manat 90 qəpik dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehdən 300 manat (120 manat vəkil xidmət haqqı, 180 manat mediasiya işlərinin aparılmasına görə xidmət haqqı) pulun tutularaq ona ödənilməsini tələb etsə də, bununla bağlı məhkəməyə har hansı sübut təqdim etməmişdir. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. “Azərbaycan X3” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” 28 aprel 2015-ci il tarixli müqaviləyə əsasən 1700 (bir min yeddi yüz) ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və 60 (altmış) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Cavabdeh 48 (qırx səkkiz) manat 90 (doxsan) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar