Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-469/2025 30.05.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı ”Avtokredit” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ”Avtokredit” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ”Avtokredit” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024 tarixli AKZNG00-000505 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh 1437,88 manat faiz borcu, 1406,91 manat dəbbə borcu, məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat olmaqla cəmi 2894,79 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024 tarixli AKZNG00-000505 saylı daxili lizinq müqaviləsi bağlanmışdır. Həmin lizinq müqaviləsinin dəyəri 6400 manat təşkil etmişdir. Lizinq müqaviləsinin predmeti “Mercedes- Benz” markalı “C220D” model, 1997-ci il istehsalı, albalı metallik rəngli, 20AB278 dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili olmuşdur. Cavabdeh tərəfindən həmin müqavilənin şərtləri pozularaq lizinq ödənişləri vaxtında edilməmiş, lizinq predmeti olan avtomobil lizinq verənin tələbinə əsasən dövri yoxlanış üçün təqdim edilməmişdir. Beləliklə cavabdehin İddiaçı MMC-yə 1437,88 manat faiz borcu, 1406,91 manat dəbbə borcu yaranmışdır. "xxxx" MMC iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə verərək "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024 tarixli AKZNG00-000505 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh 534,58 manat faiz borcu, 1406,91 manat dəbbə borcu, 820 manat vurulmuş maddi ziyanın məbləği, ekspert rəyinin verilməsinə görə 25 manat, məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat olmaqla ümumilikdə 2836,49 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ”Avtokredit” MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi, əlavə olaraq izahatında göstərdi ki, nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə geri qaytarılmış, həmin vaxtdan 2025-ci ilin aprel ayınadək ofislərinin qarşısında saxlanılmışıdr. Cavabdeh borcunu ödəyib nəqliyyat vasitəsini aparacağını bildirdiyindən qeyd edilən müddət gözlənilmiş və 2025-ci ilin aprel ayında ziyanla bağlı rəy alınmışdır. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh iddiaya etiraz edərək izahatında göstərdi ki, iddiaçı ilə müqavilə bağlayaraq nəqliyyat vasitəsini lizinqə götürmüş, nəqliyyat vasitəsinin qiyməti 8500 manat təşkil etmişdir. 5 ay ödəniş etmiş, 9 ay bundan əvvəl nəqliyyat vasitəsini təhvil vermişdir. 2024-cü ilin avqust ayından nəqliyyat vasitəsi onda olmamışdır. Nəqliyyat vasitəsini təhvil verməsəydi iddiaçı nəqliyyat vasiitəsinin axtarılması ilə bağlı tədbir görərdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan ”Avtokredit” MMC ilə Cavabdeh arasında bağlanmış 2 fevral 2024-cü il tarixli AKZNG00-000505 nömrəli daxili lizinq müqaviləsinə əsasən lizinq verən lizinq alanın sifariş etdiyi və müavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı öz mülkiyyətinə əldə etməyi, lizinq obyektinin ümumi məbləği 6400 manat olmaqla 24 ay müddətinə muzdla lizinq alanın sahiblik və istifadəsinə verməyi, lizinq alan isə lizinq ödənişlərini ödəməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan 2 fevral 2024-cü il tarixli daxili lizinq müqaviləsinə 1 saylı əlavədən və təhvil-təslim aktından görünür ki, lizinq obyekti olan “Mercedes-Benz” “C220D” minik, 1997-ci il istehsalı, albalı metallik rəngli nəqliyyat vasitəsi lizinq alana təhvil verilmişdir. İş materiallarında olan lizinq ödənişləri cədvəlindən görünür ki, lizinq alan 24 ay müddətinə aylıq 441,52 manat olmaqla lizinq ödənişi həyata keçirməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “Avtomotoservis və Ticarət” Gəncə müəssisəsinin xx.xx.2025-ci il tarixli aktından görünür ki, Mercedes C-220 minik, 1997-ci il istehsalı, albalı metallik rəngli nəqliyyat vasitəsinə 820 manat ziyan dəyməsi qeyd edilmişdir. Xidmət haqqı kimi 25 manat ödənilmişdir. İş materiallarında olan maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh müqavilə üzrə cəmi 2214 manat ödəniş etmiş, həmin ödənişdən 1557,32 manat faizdən, 656,68 manatı əsas borcdan silinmişdir. Avtomobil tərəfələrindən təhvil götürüldüyü ana 2091,90 manat faiz borcundan 1557,32 manat ödənilmiş, 534,58 manat qalıq faiz borcu mövcuddur. 1406,91 manat dəbbə borcu mövcuddur. “Mercedes-Benz” markalı “C220D” model, 1997-ci il istehsalı, albalı metallik rəngli, 20AB278 dövlət qeydiyyat nömrə nişanlı avtomobil tərəflərindən xx.xx.2024-cü il tarixdə götürülmüşdür. Maşın təhvil götürüldüyündə 820 manat zərər mövcud olmuşdur. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Məhkəmə qeyd edir ki, ”Avtokredit” MMC ilə Cavabdeh arasında 2 fevral 2024-cü il tarixdə lizinq müqaviləsi bağlanmış, müqaviləyə əsasən “Mercedes-Benz” “C220D” minik, 1997-ci il istehsalı, albalı metallik rəngli nəqliyyat vasitəsi ümumi məbləği 6400 manat olmaqla 24 ay müddətinə hissə-hissə ödəmək şərti ilə lizinq alanın sahiblik və istifadəsinə verilmişdir. Lizinq obyekti lizinq alan tərəfindən xx.xx.2024-cü il tarixdə lizinq verənə qaytarılmışdır. Lizinq alan lizinq ödənişlərindən 2214 manat ödəmiş, onu lizinq alana 534,58 manat faiz borcu qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, lizinq verən müqavilə üzrə yaranmış faiz borc məbləğini tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə cavabdeh tərəfindən liiznq obyektinin qaytarıldığı vaxtadək etdiyi ödənişlərini, hər hansı əsas borc məbləğinin olmamasını nəzərə alaraq hesab edir ki, lizinq müqaviləsi üzrə 1406,91 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. Odur ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə yaranmış 534,58 manat faiz borcu, 50 manat cərimə borcu olmaqla, cəmi 584,58 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə nəqliyyat vasitəsinə vurulan maddi ziyanla bağlı 820 manat pulun və 25 manat xidmət haqqının tutulması ilə bağlı bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 697.4-ci maddəsinə əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. Həmin Məcəllənin 751-ci maddəsinə əsasən lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir. “B.Mürsəlovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 mart 2020-ci il tarixli qərarından görünür ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur... Kəsici müddətlər hüququn özünün xitamı ilə nəticələnir... Kəsici müddət məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır... Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 751-ci maddəsi lizinq münasibətlərinə əmlak kirayəsi müqaviləsinin Mülki Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydalarının tətbiqinə imkan verdiyindən, hazırkı mübahisə Mülki Məcəllənin əmlak kirayəsi müqaviləsi ilə bağlı 697.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla həll edilməlidir. Mülki Məcəllənin 697.4-cü maddəsində müəyyən edilmiş 6 aylıq müddət kəsici müddətdir, bu baxımdan həmin müddətin tətbiqi üçün tərəflərin ərizə verməsi tələb olunmur, bu müddət qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırılmır və kəsilmir. Məhkəmə kəsici müddətin keçməsi səbəbilə aradan qalxmış olan bir haqqın (hüququn) təmin olunmasına dair qərar çıxara bilməz. Belə ki, kəsici müddətin ötürülməsi nəticəsində haqqın (hüququn) mövcudiyyəti də aradan qalxdığına görə, artıq məhkəmə tərəfindən təmin edilməli olan bir haqq da olmur. Hazırkı iş üzrə iddiaçının cavabdehin sahiblik və istifadəsinə verdiyi lizinq obyektinin pisləşməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsinə dair iddiası üçün kəsici müddətin başlanğıc anı iddiaçının lizinq obyektini geri aldığı andan, yəni xx.xx.2024-cü ildə təhvil aldığı andan başlamışdır. Lakin iddiaçı lizinq obyektini geri aldığı andan təxminən 8 ay keçdikdən sonra xx.xx.2025-ci il tarixdə maddi ziyanla bağlı məhkəməyə müraciət etmişdir. Bu səbəbdən kəsici müddəti ötürmüş iddiaçının hüququ artıq mövcud deyil. Ona görə də dəymiş maddi ziyanın ödənilməsinə dair iddia tələbi təmin edilməməlidir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ”Avtokredit” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 2 fevral 2024-cü il tarixli AKZNG00-000505 saylı daxili lizinq müqaviləsi üzrə yaranmış 534 manat 58 qəpik faiz borc, 50 manat cərimə borcu olmaqla, cəmi 584 (beş yüz səksən dörd) manat 58 (əlli səkkiz) qəpik məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-469/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-469/2025
30.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver