Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-47/2020 17.03.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı «pul» tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı «pul» tələbinə dai riddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2016-cı il tarixli, 0033CPS-GM/16 saylı ehtiyat hissələrinin satışı müqaviləsinə əsasən 120257 manat 20 qəpik məbləğində əsas borcun, gecikdirilmiş günlərə görə hesablanmış 13396 manat 65 qəpik cərimə məbləğinin və 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 133683 manat 85 qəpik məbləğində vəsaitin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı MMC 2005-ci ilin sentyabr ayında təsis edilmişdir. İddiaçı MMC ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir. Göstərilən fəaliyyətlə əlaqədar Cavabdeh MMC ilə İddiaçı MMC arasında xx xxxxxx 2016-cı il tarixli, 0033CPS-GM/16 saylı ehtiyat hissələrinin satışı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə göstərilmiş malları alıcıya satmağı və alıcı isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürür. Sözügedən müqavilənin əlavələrinə əsasən Cavabdeh MMC-yə Cəmiyyət tərəfindən ümumi dəyəri ƏDV daxil olmaqla 851073 manat 63 qəpik dəyərində ehtiyat hissələri satılmışdır. Ehtiyat hissələrinin satışı müqaviləsinin 2.5-ci maddəsinə əsasən satıcının təqdim etdiyi hesab əsasında alıcı əlavədə göstərilmiş malların dəyərinin 100 % hissəsini təhvil-təslimdən öncə köçürmə yolu ilə 5 iş günü ərzində ödəyir. Lakin cavabdeh qeyd olunan məbləği müqavilədə göstərilən qaydada ödəməmiş, müəyyən fasilələrlə 730822 manat 43 qəpik ödəniş etmiş, 120257 manat 20 qəpik məbləğində borcu isə ödənilməmiş olaraq qalmışdır. Beləliklə, Cavabdeh MMC-nin müqavilə üzrə əsas borcu 120257 manat 20 qəpik təşkil edir. Halbuki, alıcının öhdəliklərini müəyyən edən müqavilənin 4.1.3-cü bəndinin tələblərinə əsasən alıcı müqaviləyə əsasən vaxtında ödəniş etməlidir və əgər sifariş olunmuş malların təhvilə hazır olması haqqında alıcıya məlumat verildikdən sonra həmin mallar üzrə ödəniş ləngiyərsə, alıcı hər bir ləngimə günü üçün ödəniləcək məbləğin 0,01 faizi həcmində cərimə ödəməlidir. Ona görə də, cavabdeh müqavilənin sözü gedən tələbini pozduğu üçün 13396 manat 65 qəpik məbləğində cərimə olunmalıdır. Buna əsaslanaraq, cavabdehə göstərilən borc məbləğinin ödənilməsi tələbi ilə xx xxxxxxx 2019-cu il tarixli 0678 saylı pretenziya məktubu göndərilmişdir. Lakin həmin tarixdən bu günə qədər cavabdeh tərəfindən heç bir ödəniş olunmamışdır. İddiaçı MMC xx.xx.2020-ci il tarixdə ərizə verərək, iddianı təmini tədbiri olaraq məhkəmədə mahiyyəti üzrə işə baxılanadək Cavabdeh MMC-yə məxsus bank hesablarına iddia tələbinin həcmi olan 133683,85 manat miqdarında həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, Cavabdeh MMC-nin “xxxx” ASC-də yerləşən bank hesablarındakı 133683 manat 85 qəpik məbləğində pul vəsaitinin üzərinə həbs qoyulmuşdur. İddiaçının nümayəndəsi X2 xx xxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izah vermiş, əlavə olaraq bildirmişdir ki, xx xxxxxx 2016-cı il tarixli 0033CPS-GM/16 saylı ehtyyat hissələrinin satışı müqaviləsi iddiaçı ilə “X6” MMC-nin direktoru X3 arasında bağlanmışdır. Sonradan “X6” MMC adını dəyişdirərək, Cavabdeh MMC kimi qeydiyyata alınmışdır. Cavabdeh MMC-nin hüquqi ünvanı və VÖEN eynidir. Bu da ona əsas verir ki, Cavabdeh MMC-dir. Cavabdeh müqavilə üzrə borcu ödəmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasının cavabdehin müraciətinə əsasən təxirə salınmasına etirazları olmadıqlarını və növbəti məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin İdarə Heyətinin sədri Rüfət Məcidov məhkəməyə ərizə göndərərək, iş məhkəmənin icraatında olduğu dövrdə iddia tələbini təsdiq edən kifayət qədər sübutların məhkəməyə təqdim olunduğunu və şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsinin iştirak etdiyini, həmçinin iş yükünün çoxluğunu nəzərə alaraq, xx.xx.2020-ci il tarixə təyin edilmiş məhkəmə baxışı iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi X1 xx xxxx 2020-ci il tarixli məhkəmə iclasında iştirak edərək, iddia tələbini qismən qəbul etmiş, izahatında bildirmişdir ki, sözügedən müqavilə üzrə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 102850 manat borcu vardır və bununla bağlı müvafiq sübutların məhkəməyə təqdim edilməsi üçün məhkəmə baxışı iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdeh MMC-nin direktoru Şaiq Musayev məhkəməyə vəsatət göndərərək, xx xxxx 2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasında vəkilin iştirak edə bilməməsi səbəbindən sübutların vəkil tərəfindən təqdim edilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq, həmçinin cavabdehin vəsatətinə vəkilin məhkəmə iclasında iştirak edə bilməməsinin üzrlü olması barədə sübut əlavə edilmədiyindən hesab etmişdir ki, cavabdehin məhkəmə iclasının təxirə salınması barədə vəsatəti təmin edilməməli və işə cavabdehin vəkilinin iştirakı olmadan baxılmalıdır. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş satıcı-İddiaçı MMC ilə alıcı-“X6” MMC arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli 0033CPS-GM/16 saylı ehtiyat hissələrinin satışı müqaviləsindən görünür ki, satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə göstərilmiş malları alıcıya satmağı və alıcı isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.5-ci maddəsinə əsasən satıcının təqdim etdiyi hesab əsasında alıcı əlavədə göstərilmiş malların dəyərinin 100 faiz hissəsini təhvil-təslimdən öncə köçürmə yolu ilə 5 iş günü ərzində ödəyir. xx xxxxxx 2016-cı il tarixli 0033CPS-GM/16 saylı ehtiyat hissələrinin satışı müqaviləsinin əlavələrinə əsasən satıcı İddiaçı MMC tərəfindən alıcı “X6” MMC-yə ümumi dəyəri ƏDV daxil olmaqla 851073 manat 63 qəpik dəyərində ehtiyat hissələri satılmışdır. xx.xx.2019-cu il tarixli 0715 saylı maliyyə arayışından görünür ki, Cavabdeh MMCnin xx xxxxxx 2016-cı il tarixli 0033CPS-GM/16 saylı ehtiyat hissələrinin satışı müqaviləsinə əsasən əsas borcu 120257 manat 20 qəpik, həmin müqavilənin 4.1.3-cü bəndinə əsasən gecikdirilmiş günlərə görə hesablanmış penya məbləği 13396 manat 65 qəpik təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh MMC İddiaçı MMC-dən xx xxxxxx 2016-cı il tarixli 0033CPS-GM/16 saylı ehtiyat hissələrinin satışı müqaviləsinə və həmin müqavilənin əlavələrinə əsasən 851073 manat 63 qəpik dəyərində ehtiyat hissələri almış, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmiş, nəticədə xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən 120257 manat 20 qəpik əsas borcu və 13396 manat 65 qəpik məbləğində cərimə borcu yaranmışdır. Xəbərdarlıqdan görünür ki, İddiaçı MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh MMC-dən borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 120257 manat 20 qəpik əsas borc, 300 manat cərimə olmaqla, cəmi 120557 manat 20 qəpik məbləğində borc və 30 manat dövlət rüsumu Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 300 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 120257 manat 20 qəpik əsas borc, 300 manat cərimə olmaqla, cəmi 120557 manat 20 qəpik məbləğində borc və 30 manat dövlət rüsumu Cavabdeh MMC-dən İddiaçı MMCnin xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-47/2020
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-47/2020
17.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver