Məhkəmə qərarları › İş №e-2-2(115)-476/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-476/2022

13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-476/2022 13.06.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə İddiaçı X1 Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı X3 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən xx.xx.2021-ci il tarixli 0010-2021 saylı "Alqı-satqı müqaviləsi” üzrə ödənilməmiş 36151,61 manatəsas borc və hesablanmış 78908,84 manat dəbbə pulu olmaqla, ümumilikdə 115060,45 (yüz on beş min altmış manat 45 qəpik) borcun, vəkilə hüquqi yardıma görə ödənilmiş 200 manat xərcin və ödənilmiş 405,06 manat dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli 0010-2021 saylı "Alqı-satqı müqaviləsi”nə əsasən, iddiaçı, müxtəlif çeşiddə kağız və karton məhsullarının satılmasını,"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə alınmış malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin əlavəsi olan xx.xx.2021-ci il tarixli 0132/21 saylı hesab fakturaya, xx.xx.2021-ci il tarixli ***-**** saylı "Qiymətlərin razılaşdırılması protokolu"na, xx.xx.2021-ci il tarixli HXF seriyalı 459928 saylı "Malların təhvil-təslim aktı"na və EBBB seriyalı 081938 nömrəli elektron qaimə əsasında cavabdeh müəssisəyə 27440,16 manat dəyərində 14752,775 kq kağız məhsulu satılmış və həmin məbləğə 4939,23 manat ƏDV əlavə olunmaqla, ümumi borcu 32379,39 (otuz iki min üç yüz yetmiş doqquz manat 39 qəpik) manat təşkil etmişdir. Həmin müqavilənin əlavəsi olan xx.xx.2021-ci il tarixli 0148/21 saylı hesab fakturaya, xx.xx.2021-ci il tarixli ***-**** saylı "Qiymətlərin razılaşdırılması protokolu"na, xx.xx.2021-ci il tarixli HXF seriyalı 459930 saylı "Malların təhvil-təslim aktı"-na və EBBB seriyalı 402908 nömrəli elektron qaimə əsasında cavabdeh müəssisəyə 3196,80 manat dəyərində 1551,845 kq kağız məhsulu satılmış və həmin məbləğə 575,42 manat ƏDV əlavə olunmaqla, ümumi borcu 3772,22 (üç min yeddi yüz yetmiş iki manat 22 qəpik) manat təşkil etmişdir. Dəfələrlə cavabdehdən həmin borcun ödənilməsini tələb etməklərinə baxmayaraq qeyd olunan əsas 30636,96 manat əsas borc, 5514,65 manat ƏDV məbləği olmaqla, ümumilikdə 36151,61 manat borc hazıradək ödənilməmişdir. Eyni zamanda, aralarında bağlanmış müqavilənin "Müqavilənin qiyməti və ödəniş qaydası" ndan bəhs edən 2-ci maddənin 2-ci bəndinə əsasən, "Müqavilənin qiyməti razılaşdırma protokolunda və/və ya Əlavədə qeyd olunan malların Alıcının mülkiyyətinə verilməsinə görə Alıcı tərəfindən ödənilməsi nəzərdə tutulan məbləğ Alıcıya hesab faktura təqdim edildikdən sonra 15 gün ərzində Satıcının hazırki müqavilədə göstərilən hesablaşma hesabına ödənilməlidir. Alıcı ödəniş haqqını müəyyən olunmuş müddətdən gec ödəyərsə, Satıcıya hər gecikdirilmiş gün üçün müqavilə dəyərinin 1%-ni ödəməyə borcludur." xx.xx.2021-ci il tarixli 0132/21 saylı hesab faktura, xx.xx.2021-ci il tarixli ***-**** saylı "Qiymətlərin razılaşdırılması protokolu", xx.xx.2021ci il tarixli HXF seriyalı 459928 saylı "Malların təhvil-təslimaktı" na və EBBB seriyalı 081938 nömrəli elektron qaiməyə əsasən malların cavabdehə xx.xx.2021-ci il tarixdə təhvil verilməsini nəzərə alaraq, son ödəniş müddəti xx.xx.2021-ci il tarixdə olsa da, 32379,39 manat borcun 219 gün ərzində hər gecikdirilmiş günü üçün 323,80 manat olmaqla xx.xx.2021-ci il tarixədək 70912,20 (yetmiş min doqquz yüz on iki manat 20 qəpik) manat dəbbə pulu ödənilməlidir. Bundan başqa, xx.xx.2021-ci il tarixli 0148/21 saylı hesab fakturaya, xx.xx.2021-ci il tarixli ***- **** saylı "Qiymətlərin razılaşdırılması protokolu" na, xx.xx.2021-ci il tarixli HXF seriyalı 459930 saylı "Malların təhvil-təslimaktı" na və EBBB seriyalı 402908 nömrəli elektron qaiməyə əsasən malların cavabdehə xx.xx.2021-ci il tarixdə təhvil verilməsini nəzərə alaraq, son ödəniş müddəti xx.xx.2021-ci il tarixdə olsa da, 3772,22 manat borcun 212 gün ərzində hər gecikdirilmiş günü üçün 37,72 manat olmaqla xx.xx.2021-ci il tarixədək 7996,64 (yeddimin doqquz yüz doxsan altımanat 64 qəpik) manat dəbbə pulu ödənilməlidir. Sonuncu dəfə cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq MPM-nin tələblərinə uyğun olaraq, elektron qaydada xx.xx.2021-ci il tarixdə Alıcının müvafiq icra hakimiyyəti orqanında olan şəxsi kabinetinə (e-taxes.gov.az) göndərilərək, borcun tam ödənilməsi üçün xx.xx.2021-ci il tarixədək vaxt verilmişdir. xx.xx.2021-ci il tarixdə Alıcıya hazırki mübahisə ilə bağlı “Mediasiya prosesinin tətbiqi barədə təklif” MPM-nin tələblərinə uyğun olaraq, elektron qaydada Alıcının müvafiq icra hakimiyyəti orqanında olan şəxsi kabinetinə (e-taxes.gov.az) və həmdə poçt vasitəsilə göndərilmiş, lakin, 10 gün keçməsinə baxmayaraq Alıcıdan hər hansı bir məlumat daxil olmamışdır. Eyni zamanda, cavabdeh hazırki mübahisənin mediasiya prosesi nəticəsində həll edilməsi üçün təyin olunmuş ilkin mediasiya sessiyasında iştirak etmədiyindən, xx.xx.2022-ci il tarixdə Gəncə 1 saylı Mediasiya Təşkilatının mediatoru Anar İbrahimov tərəfindən “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayış təqdim edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən məhkəməyə ərizə göndərilərək işin onun iştirakı olmadan keçirilməklə, tam təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 184.4-ci maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edildikdə ,lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: 20 yanvar 2021-ci il tarixli, 0010-2021 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X3 (satıcı) müqavilədə nəzərdə tutulmuş şərtlərə və Poliqrafaz» Məhdud Məsuliyyətli Cəmiyyətinin (alıcı) sifarişinə əsasən bu müqavilənin tərkib hissəsi sayılacaq qiymət razılaşdırma protokolunda qeyd edilən müddət və qiymətə uyğun olaraq malları Alıcının mülkiyyətinə verməyi, Alıcı isə bu malların haqlarını müqavilə üzrə nəzərdə tutulmuş qaydada və müddətdə ödəməyi öz üzərinə götürmüşdür. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 04 mart 2022-ci il tarixli arayışdan görünür ki, iddiaçı X1 nümayəndəsi Vəkil ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 (dörd yüz) manat məbləğində mediasiya xərcini ödəmişdir. 01 mart 2021-ci il tarixli qiymət razılaşma protokolunun surətindən görünür ki, Cavabdehnə 32379,39 manat məbləğində mal təhvil verilmişdir. EBBB seriyalı, 402908 nömrəli elektron qaimə əsasında cavabdeh müəssisəyə 3196,80 manat dəyərində məhsul satılmış və həmin məbləğə 575,42 manat ƏDV əlavə olunmaqla, ümumi borcu 3772,22 (üç min yeddi yüz yetmiş iki manat 22 qəpik) manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İddia tələbinin penya – yəni dəbbə pulu məbləğinə dair hissəsini müzakirə edən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, dəbbə pulu borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla kreditorun mümkün zərərdən qorunmasına təminat verir və dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin qanunverici imperativ qaydada müəyyən etmişdir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği olduğundan bu barədə razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Əks təqdirdə həmin razılaşma etibarsız sayılır. Ona görə də tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir: Birincisi, əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. İkincisi, alternativ ödənilən dəbbə pulu, yəni borclu kreditorun istəyindən asılı olaraq ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəyir. Üçüncüsü, müstəsna dəbbə pulu, yəni borclu zərərin əvəzini ödəmir, o, təkcə dəbbə pulunu verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməsini müəyyən etmişdir. Dördüncüsü, cərimə dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına görə kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki iş üzrə dəbbə pulunun məhz bu növü tətbiq edilmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin - faiz borcunun - həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.1-ci maddəsinin mənasına görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə desək, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsi qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilələrdə dəbbə pulu miqdarı müəyyən edildiyindən və razılaşdırıldığından, lakin həmin müqavilə üzrə hesablanmış dəbbə pulu mümkün zərərdən tənasübsüz şəkildə çox olduğundan dəbbə pulu azaldılmaqla, 1000 (min) manat məbləğində tutulmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim etmədiyindən iddia tələbinin dövlət rüsumu ilə bağlı hissəsi təmin edilməməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdehndən xx.xx.2021-ci il tarixli 0010-2021 saylı müqavilə üzrə ödənilməmiş 36151,61 (otuz altı min yüz əlli bir manat altmış bir qəpik) manat əsas borc, 1000 (bir min) manat cərimə, hüquqi yardımla bağlı ödənilmiş 100 manat pul olmaqla cəmi, 37251,61 (otuz yeddi min iki yüz altmış bir manat altmış bir qəpik) manat pul tutularaq X2 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə 200 manat məbləğində hüquqi yardımla bağlı ödənilmiş məbləğin tutulması hissəsi üzrə onu qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 220.4-ci maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehndən xx.xx.2021-ci il tarixli 0010-2021 saylı müqavilə üzrə ödənilməmiş 36151,61 (otuz altı min yüz əlli bir manat altmış bir qəpik) manat əsas borc, 1000 (min) manat cərimə, hüquqi yardımla bağlı ödənilmiş 100 (yüz) manat pul olmaqla cəmi, 37251,61 (otuz yeddi min iki yüz əlli bir manat altmış bir qəpik) manat pul tutularaq X2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar