Məhkəmə qərarları › İş №e-2-2(115)-476/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-476/2024

22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-476/2024 22.05.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh lizinq obyektinə vurduğu zərərə görə 963 manat, ekspert xərci 30 manat olmaqla cəmi 993 manat məbləğdə pulun, o cümlədən məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, MLZNG00-000378 saylı, xx.xx.2023 tarixli Daxili Lizinq müqaviləsinə əsasən “Lizinq verən” “Lizinq alana” bu Lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı öz mülkiyyətinə əldə edilməsi və muzdla Lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsi barədə bu iddia üzrə cavabdeh olan Cavabdeh ilə Lizinq müqaviləsi bağlanılmışdır. Lizinq müqaviləsinin ümumi məbləği 2800 manat təşkil etmiş, rəsmiləşdirmə və digər gözlənilməyən hallarla bağlı ortaya çıxacaq xərclər nisbətində dəyişdirilə biləcəyi nəzərdə tutulmuşdur. Lizinq obyekti sedan tipli, ağ rəngli, ** AE *** Dövlət Qeydiyyat nişanlı, yaşıl metallik rəngli “Opel Vectra” markalı minik avtomobili olmuşdur. Müqaviləyə əsasən Lizinq alan Lizinq obyektinə müvəqqəti sahiblik və istifadəyə görə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişlərinin cədvəlində müəyyən edilmişdir. Bu müqavilə üzrə nəzərdə tutulan pul öhdəliklərinin yerinə yetirilməsi üzrə X3 verənlə hesablaşmaları Lizinq ödənişlərinin cədvəlində müəyyən edilmiş ilkin ödəniş və cari ödəmələr formasında həyata keçirilməklə və X3 obyektindən istifadə edib etməməsindən asılı olmayaraq lizinq ödənişləricədvəlində göstərilmiş müvafiq tarixdə ödənilməsi nəzərdə tutulmuşdur. Lakin bu iddia üzrə Cavabdeh yoxlamalar nəticəsində lizinq obyektinə (avtomobilə) əhəmiyyətli dərəcədə zərər vurduğu aşkar olunmuş və əmlak geri tələb olunmuşdur. Cavabdehin lizinq obyektinə vurduğu maddi zərərin məbləği müvafiq ekspert qiymətləndirilməsinin rəyinə əsasən 963 manat təşkil etmişdir. Cavabdehin məsuliyyətsiz davranışı və yanaşması səbəbindən lizinq obyektinin geri alınması baş tutsa da, vurulmuş zərərin dəyərinin ödənilməsindən cavabdeh imtina etmişdir. Üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsi üçün cavabdehlə aparılmış danışıqlar heç bir nəticə verməmiş və bu səbəbdən də müqavilədə də nəzərdə tutulduğu kimi mübahisənin məhkəmə qaydasında həll edilməsi qərarına gəlinmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və bildirdi ki, iddia tələbini müdafiə edir və məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, maşını ona nasaz vermişlər. 500-600 manat ilkin ödəniş etmək istəmiş, lakin ona maşını düzəltməyi təklif etmişlər və o, da razılaşmışdır. Özü mühərrikin bir neçə yerini düzəltdikdən sonra mühərrik yenə tüstüləyirdi və o, tanış maşın ustası ilə əlaqə saxlamışdır. O maşını yoxlayandan sonra demişdir ki, turbosu dəyişdirilməlidir. Onun isə xərci 250 manatdır. O, lizinq şirkətində işləyən Ramin müəllimlə danışmış və təklif etmişdir ki, ödənişin yarısını şirkət etsin və o, sonra işləyib qaytarsın. Razı olmamışdılar deyə gözləməli olmuşdur və o, Bakıda olan zaman əlaqə saxlamışlar ki, aylıq ödənişin vaxtı çatıb. O, onlardan vaxt istəmişdir ki, maşını düzəldib pul qazansın, amma onlar razı olmamışdılar. O zaman maşının olduğu yeri ona demiş və gedib maşını aparmışdılar. Maşının qapıları xarab idi və bağlanmırdı. O, onun içərisindən maqnitofon, ona məxsus səs ötürücü və maşının texniki pasportunu çıxararaq evə qoymuşdur. O, sonradan sadaladıqlarını təhvil vermişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: lizinq müqaviləsi, aktlar, iltizam, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-5.2-ci maddəsinə əsasən, lizinqlə əlaqədar bağlanılan alqı-satqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, lizinq obyektinin lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilməsi, lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, X3 obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malik olması göstərilməlidir. 748-1.12.4-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, lizinqə verilən avtomobil yaxşı formada olub, sadəcə avtomobildə müəyyən kosmetik işlərin görülməli idi. İki ay maşın sürülüb və onda bunu təsdiq edən yol polisinin cərimə protokolu var. Həmin protokolu məhkəməyə təqdim edə bilər. O, isə maşını tamamilə nasaz vəziyətdə yolun kənarından tapmışdır. Hətta üzərindəki akumlyatora qədər çıxarılmışdı. Bu vaxta qədər heç bir ödəniş olunmayıb. Yol vərəqəsi 1 aylıq verilir və hər ayın əvvəlində yol vərəqəsi yenilənməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı QSC ilə Cavabdeh arasında bağlanılmış, xx.xx.2023-cü il tarixli MLZNG00-000378 saylı daxili lizinq müqaviləsindən görünür ki, lizinq müqaviləsinin ümumi məbləği 2800 manatdır. Lizinq verən 1 saylı əlavədə göstərilən əmlakı lizinq alanın istifadəsinə verməyi öz öhdəsinə götürmüşdür. Lizinq alan isə müqavilənin şərtinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki sedan tipli, ** AE *** dövlət qeydiyyat nişanlı, yaşıl metallik rəngli “Opel Vectra” markalı saz vəziyyətdə olan avtomobil Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası “Avtomoservis və ticarət İstehsalat birliyi Avtomoservis və ticarət Gəncə müəssisəsi” tərəfindən tərtib olunmuş qüsur aktından görünür ki, Cavabdeh istifadəsində olmuş nəqliyyat vasitəsinə sərbəst bazar qiymətləri nəzərə alınmaqla 963 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan 20 oktyabr 2023-cü il tarixli ******* nömrəli mədaxil qəbzindən görünür ki, dəymiş ziyanın hesablanması üçün iddiaçı tərəfindən 30 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh lizinq müqaviləsi üzrə iddiaçıdan lizinq obyektini təhvil almış, lizinq müqaviləsi üzrə ödənişlərin vaxtında və tam ödənilməsini, həmçinin lizinq obyektini saz və işlək vəziyyətdə saxlamasını təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək ödəniş qrafikinə əsasən aylıq ödənilməli pul məbləğini ödəməmiş, eyni zamanda lizinq obyektindən istifadə nəticəsində lizinq verənə zərər vurmuşdur. Nəticədə cavabdehin təqsiri nəticəsində iddiaçıya 963 manat maddi ziyan vurulmuşdur. Bu səbəbdən həmin məbləğ və iddiaçı tərəfindən ödənilmiş qiymətləndirmə xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Eyni zamanda iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 30 manat dövlət rüsumuda cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh lizinq obyektinə vurduğu zərərə görə 963 manat, 30 manat ekspertiza xərci olmaqla, cəmi 993 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh lizinq obyektinə vurduğu zərərə görə 963 manat, 30 manat ekspertiza xərci olmaqla, cəmi 993 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar