Məhkəmə qərarları › İş №e-2-2(115)-483/2020

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-483/2020

14.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-483/2020 14.08.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu, İddiaçı MMC-nin cavabdeh «xxxxxxxxxxxxx» MMC-yə qarşı qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında“pul” tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC cavabdeh «xxxxxxxxxxxxx» MMC-yə qarşı iddia ərizəsi ilə elektron qaydada Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən 2832,90 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 2862,90 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “xxxxxxxxxxxxx” MMC (VÖEN: **********) arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən ümumi dəyəri (ƏDV daxil) 2399,96 manat olan 2 ədəd “Asus VB X540NA pentium/4GB/intel/500GB/15.6”/free” və 2 ədəd “Canon Pixma G2410” malları müqavilənin bağlandığı gün “xxxxxxxxxxxxx” MMC-yə təhvil verilmiş, malların təhvil alınması MMC-nin nümayəndəsi (Miranə İbrahimova) tərəfindən xx xxxxxx 2019-cu il tarixli, 473183 nömrəli sənədə imza edilməklə təsdiq edilmişdir.Malların təhvil verilməsindən 2 gün sonra “Asus VB X540NA pentium/4GB/intel/500GB/15.6”/free” malları cavabdehi qane etmədiyindən qaytarılmış, bu məqsədlə həmin mallar ilkin olaraq yoxlanılması üçün “Servis Link” Texniki Xidmət Mərkəzinə cavabdehin nümayəndəsi olan Miranə İbrahimova tərəfindən təhvil verilmiş, buna dair servis mərkəzində müvafiq sənədlər də tərtib edilmişdir.Yoxlama zamanı mallarda hər hansı korlanma aşkar edilmədiyindən qeyd olunan mallar “xxxxxxxxxxxxx” MMC-nin adından qaytarılmışdır.Daha sonra qaytarılan 2 ədəd “Asus VB X540NA pentium/4GB/intel/500GB/15.6”/free” mallarının əvəzinə “xxxxxxxxxxxxx” MMC-yə 3 ədəd “HP 15-ra046urcel/4/intel/500/free/bl”, 3 ədəd “Mouse Havit MS626GT Wireless blue” , 2 ədəd “Flash drive GOODRAM 16GB UCL2 White USB 2.0” və 1 ədəd “Flash drive GOODRAM 32GB UCL 2 White USB 2.0” malları təhvil verilmişdir. Yenə bu malların təhvil alınması cavabdeh MMC-nin nümayəndəsi Miranə İbrahimovanın imzaladığı sənədlərlə təsdiqini tapmışdır. “xxxxxxxxxxxxx” MMC-yə təhvil verilmiş mallarla bağlı ödənişin edilməsi üçün ilkin olaraq iddiaçı tərəfindən xx xxxxxx 2019-cu il tarixdə EAAQ seriyalı 353184 nömrəli elektron qaimə göndərilmiş və yekun ödəniləcək məbləğin 2832,90 manat olması qeyd edilmişdir.Bundan sonra “xxxxxxxxxxxxx” MMC tərəfindən yekun olaraq 2832,90 pulun ödənilməsi üçün xx xxxxxx 2019-cu il tarixdə HX seriyalı, 939412 nömrəli elektron vergi hesab-fakturası göndərilmişdir.Tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci maddəsinə görə ödəniş müqavilə imzalandıqdan sonra 3 (üç) iş günü ərzində həyata keçirilməli olsa da, bugünə qədər “xxxxxxxxxxxxx” MMC tərəfindən şirkətimizə heç bir ödəniş edilməmişdir.Dəfələrlə cavabdehin qanuni təmsilçisi olan Zaur Mirzəyevlə görüşlər keçirilmiş, hər dəfə ödəniş üçün möhlət istənilmişdir. Lakin bunlar bir nəticə verməmişdir.Cavabdehin hüquqi ünvanına ödənişin edilməsi üçün rəsmi bildiriş (pretenziya) göndərilmiş, ödəniş üçün 7 (yeddi) gün müddət təyin edilmişdir. Lakin cavabdeh yenə də ödəniş etməkdən imtina etmişdir.Onu da qeyd edək ki, cavabdehin hüquqi ünvanına göndərilmiş xəbərnaməli məktubun çatdırılması ilə bağlı xəbərnamə geri qaytarılmadığından “xxxxxxxx” MMC-yə müraciət edilmiş, həmin müraciətə verilən xx.xx.2020-ci il tarixli cavab məktubunda cavabdehin ünvanda olmamasına görə məktubun çatdırılmasının mümkün olmadığı qeyd edilmişdir. Daha sonradan cavabdehə MPM-nin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilən sənədlərin surətləri göndərilmiş, bu dəfə də məktubun çatdırılması mümkün olmamışdır. İddiaçı kimi biz cavabdehin reyestr məlumatlarında göstərilən hüquqi ünvanına məktubları göndərmişik, lakin cavabdeh həmin ünvanda olmadığından çatdırılması mümkün olmamışdır. Bunu təsdiq edən poçt zərfləri, qəbzləri ərizəyə əlavə olunur. Qeyd olunanlardan göründüyü kimi iddia əsaslıdır, buna görə də təmin edilərək cavabdehdən ƏDV daxil ümumi 2832,90 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 2862,90 manat pulun tutulması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdeh «xxxxxxxxxxxxx» MMC-yə xx xxxx 2020-ci il tarixli, e-2-2(115)-483/2020 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İş materillarını nəzərdən keçirdib hesab edirəm ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş «xxxxxxxxxxxxx» MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, müqavilə ilə İddiaçı MMC «xxxxxxxxxxxxx» MMC-yə mallar verilmiş, cavabdeh isə bunun müqabilində müvafiq ödənişlərin ödənilməsini öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli HX seriyalı, 939412 nömrəli elektron vergi hesab-fakturadan görünür ki, iddiaçı alınmış komputer texnikalarına görə 2832,90 manat məbləğində pulun ödənilməsi barədə cavabdehə sənəd vermişdir. Beləliklə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh müqavilə üzrə iddiaçıdan malları almış, müqavilə üzrə ödənişlərin vaxtında və tam ödənilməsini təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan normanın tələbinə əsasən iddiaçı tərəfindən dövlət rüsumu hesabına ödənilmiş məbləğ cavabdeh «xxxxxxxxxxxxx» MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən hesab edirəm ki, iddia təmin edilməli, cavabdeh «xxxxxxxxxxxxx» MMC-dən 2832,90 manat məbləğində borc və 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 2862,90 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. «xxxxxxxxxxxxx» MMC-dən 2832,90 manat məbləğində borc və 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 2862,90 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar