Məhkəmə qərarları › İş №e-2-2(115)-490/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-490/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-490/2021 16.06.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlu, iddiaçı İddiaçı Cavabdeh oğluna qarşı borc tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə məhkəmənin binasında, sadələşdirilmiş məhkəmə icraatı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh oğluna qarşı cavabdehdən 5000 manat əsas borcun, 500 manat cərimənin və 30 manat dövlət rüsumunun,ümumilikdə 5580 manat məbləğin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh oğluna 07 may 2021-ci il tarixli, e-2-2(115)-490/2021 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh arasında 23 iyul 2020-ci il tarixli AQRO -18-07/20 saylı “Tədarük müqaviləsi” bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrində müəyyən olunmuş qiymətlərlə və həcmində xurma meyvələrinin İddiaçıya tədarük edilməsini İddiaçı isə Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrində müəyyən olunmuş qiymətlərlə tədarük edilmiş məhsulların dəyərini cavabdehə ödənilməsini öhdəsinə götürmüşdür. Bu xidmətlərin göstərilməsi üçün müqavilə üzrə İddiaçı tərəfindən Cavabdehə 5000 AZN (beş min manat) məbləğində avansın ödənilməsi razılaşdırılmışdır. Avans məbləği hər tədarük edilmiş məhsulların ümumi dəyərindən 500 (beş yüz) manat tutularaq azaldılması razılaşdırılmışdır. Mallar tədarük edilmədikdə və ya qismən tədarük edildikdə avans məbləği və ya qalıq avans məbləği qeyd-şərtsizİddiaçıya geri qaytarılması müəyyən edilmişdir. Belə ki, 24.07.2020-ci il tarixdə İddiaçı cavabdehə 5000 AZN (beş min manat) avans ödəmişdir. Cavabdeh avans məbləğini almış lakin bunun müqabilində müqavilə üzrə heç bir xidmət göstərməmişdir. Avans məbləğinin geri qaytarılmasını cavabdehdən dəfələrlə tələb edilsə də cavabdeh hər dəfə aldığı avans məbləğinin geri qaytarılmasını təmin etməmişdir. İddiaçı ilə cavabdeh arasında 11.01.2021-ci il tarixdə Akt tərtib edilmişdir. Akta əsasən Cavabdeh 13.01.2021-ci il tarixdən gec olmayaraq avans məbləğini geri qaytaracağına zəmanət vermişdir. Lakin cavabdeh yenədə həmin zəmanəti pozaraq avans məbləğinin geri qaytarılmasını təmin etməmişdir. İddiaçı haqlı olaraq cavabdehə müqavilə şərtlərin uyğun olaraq ümumi borc məbləğinin 10 % miqdarında, yəni ki, 500 AZN beş yüz manat məbləğində cərimə heablamışdır. Müqavilənin 5.3. maddəsinə əsasən “İcraçı sifariş verilən məhsulun tədarükünü müqavilədə nəzərdə tutulmuş müddətdə həyata keçirmədikdə, vaxtında təhvil verilməmiş hər partiyanın 0,1% miqdarında, lakin müqavilə məbləğinin 10%-dən artıq olmayaraq,Sifarişçiyə cərimə ödəyir”. İşin hallarını, iddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki,5000 (beş min manat) manat məbləğində əsas borc ,500 (beş yüz manat) manat cərimə və 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 5530 (beş min beş yüz otuz manat) manat təşkil etdiyindən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sübutları tədqiq edib Azərbaycan Respublikası MPMin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktiki halları kimi müəyyən etmişəm ki, Cavabdeh oğlu öhdəliklərini yerinə yetirmədiyi üçün borcu yaranmış, ona qanunvericilikdə nəzərdə tutulan tədbirlər həyata keçirilməklə xəbərdarlıq edilmiş, borcunun ödənilməsi xahiş edilsə də, borc ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. İş materiallarına əlavə olunmuş; 23 iyul 2020-ci il tarixli, Aqro-18-07/20 nömrəli tədarük müqaviləsinin: 1-ci maddəsinə əsasən,sifarişçi müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrində müəyyən olunmuş qiymətlərlə və həcmdə xurma meyvələrinin tədarük edilməsini içraçıya sifariş edir.İcraçı isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrində müəyyən olunmuş qiymətlərlə tədarük edilmiş məhsulların dəyərini cavabdehə ödənilməsini öhdəsinə götürür. 3.2-ci maddəsinə əsasən,sifarişçi tərəfindən icraçıya 5000 manat məbləğində avans ödənilir.Avans məbləği hər tədarük edilmiş məhsulların ümumi dəyərindən 500 manat tutularaq azadılacaq.Mallar tədarük edilmədikdə və ya qismən tədarük edildikdə avans məbləği və ya qalıq avans məbləği qeyd –şərtsiz sifarişçiyə geri qaytarılır. 5.3-cü maddəsinə əsasən,icraçı sifariş verilən məhsulun tədarükünü müqavilədə nəzərdə tutulmuş müddətdə həyata keçirmədikdə,vaxtında təhvil verilməmiş hər partiyanın 0.1 faiz miqdarında,lakin müqavilə məbləğinin 10 faizindən artıq olmayaraq sifarişçiyə cərimə ödəyir. 11.01.2021-ci il tarixli aktın surətindən görsənir ki, həqiqətən Cavabdeh 23 iyul 2020-ci il tarixli, Aqro-18-07/20 nömrəli tədarük müqaviləsi üzrə xurma məhsullarının tədarükü üçün İddiaçı MMC-dən 5000 manat avans məbləğini almış,lakin bunun müqabilində heç bir mal tədarük etməmişdir. 24.07.2020-ci il tarixli 003XOH********** nömrəli ölkədaxili “xxxx” ASC-nin bank hesablaşmalarına dair məlumatından görsənir ki,həqiqətən İddiaçı MMC tərəfindən Cavabdeh hesabına 5000 manat pul ödənilmişdir. 21.04.2021-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Beləliklə, Cavabdeh oğlunun iddiaçıya 5530 manat borclu olması təsdiqini tapır. İddia tələbində göstərilən 5580 manat məbləğin qalan hissəsi barədə sübutlar mövcud deyildir. Məhkəmə hesab edir ki, borclunun üzərinə müqavilə ilə müəyyən edilmiş borcu ödəmək vəzifəsi qoyulduğundan və o, borcun ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh oğlundan 5000 (beş min manat) manat məbləğində əsas borcun, 500 (beş yüz manat) manat cərimənin və 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 5530 (beş min beş yüz otuz manat) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar