Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-494/2023 01.06.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 31220 manat borcun və ödənilmiş 200 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında tikinti mallarının alqı-satqısına dair 23 avqust 2021-ci il tarixli xx.xx.2021 saylı müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə cavabdehin ona təhvil verilmiş mallara görə xx.xx.2022-ci il tarixinə "xxxx" MMC-yə 31220 manat borcu yaranmışdır. Bu barədə cavabdehə pretenziya məktubu da təqdim edilmişdir. Lakin cavabdeh bu günə kimi müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirməyərək onlara yaranmış borcunu qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək bildirdi ki, İddiaçı metal tikinti materiallarının istehsalı və satışı ilə məşğuldur. Cavbadehlə bağlanmış alqı-satqı müqaviləsi əsasında cavabdehə 31220 manat dəyərində mal verilmişdir. Cavabdeh malları sahibkarlıq fəaliyyəti ilə bağlı almışdır. Malların təhvil verilməsi təhvil-təslim aktı əsasında olmamışdır. Cavabdehə elektron qaimə göndərilmişdir və həmin qaimələr cavabdeh tərəfindən təsdiq edilmişdir. Alqı-satqı elektron qaimə əsasında həyata keçirilmişdir. Cavabdeh ödənişi tam şəkildə həyata keçirməli idi. Ona görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 23 avqust 2021-ci il tarixli xx/xx/2021 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı MMC alıcı Cavabdeh müxtəlif çeşiddə metal satmağı, alıcı isə həmin malı qəbul edib, müqavilədə razılaşdırılmış qaydada dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci və 2.1-ci bəndinə əsasən malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri, xarakterik xüsusiyyətləri, habelə malın qiyməti və miqdarı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşma müəyyən olunmuşdur. İş materialllarında olan xx.xx.2021-ci il tarixli 826493 nömrəli elekrton qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 31220 manat dəyərində malların göndərilməsinə dair elektron qaimə ötürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 23 avqust 2021-ci il tarixli xx/xx/2021 saylı alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC-yə 31220 manat borcu var. İş materiallarında olan xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında 23 avqust 2021-ci il tarixdə alqısatqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Satıcı Alıcıya müxtəlif çeşiddə metal satmağı, Alıcı isə həmin malı qəbul edib, müqavilədə razılaşdırılmış qaydada dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Satıcı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, malları Alıcıya vermiş, lakin Alıcı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və malların dəyərini Satıcıya ödəməmişdir. Onun iddiaçıya 31220 manat borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 31220 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Tovuz şəhəri 1 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, iddiaçının nümayəndəsi tərəfindən 200 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 200 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 183 manat 66 qəpik dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 23 avqust 2021-ci il tarixli xx/xx/2021 saylı alqısatqı müqaviləsi üzrə yaranmış 31220 (otuz bir min iki yüz iyirmi) manat əsas borc və ödənilmiş 200 (iki yüz) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Cavabdeh 183 (yüz səksən üç) manat 66 (altmış altı) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-494/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-494/2023
01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver