Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-5/2025 23.01.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı işgüzar nüfuzu ləkələyən məlumatların təkzib edilməsi və işgüzar nüfuza vurulmuş zərərə görə pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək İddiaçı MMC-nin işgüzar nüfuzunu ləkələyən məlumatların Cavabdeh tərəfindən yazılı qaydada təkzib edilərək doğru olmaması barədə iddiaçıya üzr məktubu göndərilməsi və cavabdehin qanunazidd əməlləri nəticəsində istehlakçılar arasında və fəaliyyət göstərdiyi bazar seqmentində iddiaçının işgüzar nüfuzuna vurulmuş zərərə görə 50000 manat məbləğində zərərin əvəzinin, habelə ödənilmiş 410 manat mediasiya xərcinin iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi оnunlа əsаslаndırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə alğı-satqı müqaviləsi imzalanmışdır. Alğı-satqı müqaviləsinin şərtlərinə əsasən Cavabdeh (alıcı) malın dəyərini vaxtında, müqavilədə qeyd olunan qaydada və şərtlərlə ödəməyi öz öhdəsinə götürsə də, sonradan öhdəliyini icra etməmişdir. Bu səbəbdən iddiaçı satıcı olaraq pozulmuş hüquqlarını bərpa etmək məqsədilə Cavabdeh şifahi və yazılı formada müraciət edərək malın dəyərinin ödənilməsi tələb etsə də, qanuni tələbləri sonuncu tərəfindən icra edilməmişdir. Bundan sonra Cavabdeh iddiaçının öz hüquqlarını müdafiəsi üçün atdığı addımlardan dolayı qərəzli olaraq, iddiaçının işgüzar nüfuzunu hədəf alaraq internet informasiya ehtiyatları vasitəsilə şirkətin ünvanına təhqiramiz ifadələr yönləndirmişdir. Belə ki, Cavabdeh “İnstagram” sosial şəbəkəsi üzrə qeydiyyata alınmış, ona məxsus olan “perlalazerepilyasiya” adlı hesab vasitəsilə eyni platformada qeydə alınmış, şirkətə məxsus olan, ictimaiyyətə açıq "xxxx" adlı hesab üzrə yayınlanmış paylaşıma münasibətdə ittihamedici və təhqiramiz ifadələrdən istifadə edərək şirkətin işgüzar nüfuzunu ləkələmişdir. Cavabdeh tərəfindən yazılmış rəylərdə şirkətin əməkdaşları “dələduz”, “мошенник”, “təlxək” adlandırılmış, şirkət tərəfindən yayınlanmış video-çarxın saxta olduğu, montaj vasitəsilə hazırlandığı iddia edilmişdir. Cavabdeh sözügedən paylaşıma rəy bildirən digər istifadəçilərlə apardığı diskussiya zamanı şirkəti “подделка” mal satmaqda ittiham etmişdir. Bununla yanaşı cavabdeh, eyni platformda “lazer_epilyasiya_zaqatala__” adlı istifadəçi tərəfindən yayınlanmış paylaşıma, İddiaçı MMC-nin nüfuzuna zərbə vuran bənzər məzmunlu rəylər əlavə edərək hüquqazidd əməlinə davam etmişdir. Belə ki, iddiaçı ilə eyni sahədə fəaliyyət göstərən Azcosmetics şirkətinə məxsus sosial şəbəkə hesabında paylaşılmış video-çarxda çıxış edən cavabdeh “Mən Cavabdeh. Bir neçə müddət öncə “Az Estetik” şirkətindən Wertex cihazı almışam və aldanmışam.” bildirmiş, video-çarxın üzərinə isə “Lazer cihazı aldı və aldandı. Lazerin adını dəyişdilər.” qeydi əlavə edilmişdir. Cavabdehin mövqeyinə görə avadanlıq satılarkən şirkət tərəfindən aldadılmış, eləcə də avadanlığın adı sonradan dəyişdirilmişdir. İstər alqı-satqı müqaviləsi bağlanmazdan əvvəl, istərsə də sonrakı vaxtlarda cavabdehə hər hansı yalan məlumat ötürülməmiş, aldatmaq məqsədi daşıyan heç bir hərəkətə yol verilməmişdir. Yuxarıda qeyd olunan halların hər biri iddiaçının cari və potensial müştəriləri arasında, eləcə də bazar mühitində şirkətin işgüzar nüfuzunu zədələmiş, ona əhəmiyyətli dərəcədə zərər dəyməsinə səbəb olmuşdur. Cavabdehin bu cür davranışı potensial şirkətin müştəriləri arasında tərəddüdlər yaratmış və əməkdaşlıq imkanlarının itirilməsi ilə nəticələnmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək bildirdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə alqısatqı müqaviləsi imzalanmışdır, müqavilə əsasında cavabdeh 37000 manat dəyərində lazer aparatı almışdır. Pulun bir qismini ödəsə də qalan hissəsini ödəməmişdir. Bununla əlaqədar onlar da məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Bundan sonra Cavabdeh hüquqlarının müdafiəsi üçün atdıqları addımlardan dolayı qərəzli olaraq, işgüzar nüfuzlarını hədəf alaraq internet informasiya ehtiyatları vasitəsilə şirkətin ünvanına təhqiramiz ifadələr işlətmişdir. Belə ki, Cavabdeh “İnstagram” sosial şəbəkəsi üzrə qeydiyyata alınmış, ona məxsus olan “perlalazerepilyasiya” adlı hesab vasitəsilə eyni platformada qeydə alınmış, şirkətə məxsus olan, ictimaiyyətə açıq "xxxx" adlı hesab üzrə yayınlanmış paylaşıma münasibətdə ittihamedici və təhqiramiz ifadələrdən istifadə edərək şirkətin işgüzar nüfuzunu ləkələmişdir. Cavabdeh tərəfindən yazılmış rəylərdə şirkətin əməkdaşları “dələduz”, “moşennik”, “təlxək” adlandırılmış, şirkətləri tərəfindən yayınlanmış video-çarxın saxta olduğu, montaj vasitəsilə hazırlandığı iddia edilmişdir. Cavabdeh sözügedən paylaşıma rəy bildirən digər istifadəçilərlə apardığı diskussiya zamanı şirkəti “poddelka” mal satmaqda ittiham etmişdir. Bundan əlavə cavabdeh onlara rəqib olan “Azcosmetics” şirkətində də onların əleyhinə video çəkərək yayınlamışdır. 50000 manat məbləğində zərəri ona görə tələb edirlər ki, cavbadehin bu hərəkətləri nəticəsində onların satışları azalmış, onlardan mal almaq istəyən müştərilər isə alqı-satqıdan imtina etmişlər. Sosial media platforması olan “İnstagram”dakı “perlalazerepilyasiya” adlı hesab Cavabdeh məxsusdur. Həmin hesabdakı profil şəkli və paylaşılan videolar cavabdehin özünə məxsusdur. İddiaçının nümayəndəsi X2 həmçinin izahatında göstərdi ki, yanvar ayının 9-da icra məmuru ilə cavabdehin iş yerinə getmişlər. Cavabdeh onların tərəfindən verilən avadanlığı geri qaytarmaq istəmiş, lakin avadanlığın hissələrinin dəyişdirildiyini görüb onu götüməmişlər. Cavabdehə həmin vaxt bildirmişlər ki, işgüzar nüfuza vurulmuş zərərə görə pul tələbinə dair ona qarşı məhkəməyə müraciət etmişlər. Cavabdeh isə məhkəmə prosesinə gələcəyini bildirmişdir. Cavabdehə təkrar olaraq nəyə görə sosial mediyada onları təhqir etdiyini sual vermişlər. O da cavabında əsəbi olduğu üçün həmin rəyləri yazdığını bildirmişdir. Məhkəməyə gəlməmişdən qabaq da cavabdehlə danışmış, ona məhkəməyə gələcəyini bildirmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilən foto şəkillərdən görünür ki, “İnstagram” sosial şəbəkə platformasında “perlalazerepilyasiya” adlı istifadəçi qeyd edilən şərhlərə münasibət bildirərək müxtəlif məzmunda rəy yazmışdır. İş materiallarında olan audio-video diskdən görünür ki, çıxış edən şəxs özünü Cavabdeh olduğunu bildirərək qeyd edir ki, “siz hər şeyi müqavilədə yazırsızsa, yazardız ki, cihazda cip var. Hətta məni cipi çıxarmağıma görə 300 manat cərimə ediblər”. “Bir neçə müddət əvvəl "xxxx" MMC-dən “Verteks” cihazı almışam və aldanmışam”. İş materiallarında olan Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2- 2(115)-21/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair ilk iddiası və Cavabdeh İddiaçınə qarşı alqı satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair qarşılıqlı iddiası üzrə ilk iddia qismən təmin edilmiş, 10950 manat əsas borc, 300 manat cərimə borcu olmaqla cəmi 11250 manat məbləğində borc və ödənilmiş 210 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi, ilk iddianın qalan hissəsinin təmin edilməməsi, ilk iddia üzrə ödənilməli olan 123 manat 75 qəpik məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, Cavabdeh İddiaçı MMC-yə qarşı alqı satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi, 505 manat məbləğində ekspertiza xərcinin Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Həmin qətnamə 13 avqust 2024-cü il tarixdə qanuni qüvvəsini almışdır Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Həmin Məcəllənin 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” qərarında Konstitusiya Məhkəməsinin mövqeyi kimi qeyd olunmuşdur ki, zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Göstərilənlərdən görünür ki, Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər. Zərərlə bağlı müddəalar Mülki Məcəllənin ümumi hissəsinin digər normalarında da nəzərdə tutulmuşdur. Məcəllənin 23.4-cü maddəsində şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Bu qaydalar həmçinin hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir (maddə 23.6). Lakin burada göstərilən zərərin maddi və yaxud mənəvi olduğu birbaşa göstərilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.1999-cu il tarixli qərarının 3-cü bəndində tövsiyyə olunmuşdur ki, “məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır”. Bundan başqa “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərlərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır. Şikayətçi müraciət edərkən, yaxud məhkəmə qərar çıxararkən kütləvi informasiya vasitəsi müvəqqəti olaraq dayandırılmışsa və ya onun istehsalına (yayımına) xitam verilmişsə təkzib, cavab və ya düzəliş cavabdehin vəsaiti hesabına iddiaçının istədiyi kütləvi informasiya vasitələrindən birində dərc oluna (efirə verilə) bilər. Kütləvi informasiya vasitəsində cinayət işləri üzrə ibtidai araşdırmanın mahiyyəti və nəticələri barədə həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatlar verildikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan məlumatın təkzib olunması və ya düzəliş verilməsi tələbi ilə müraciət etmək hüququna malikdir. Həmin Qanunun 45-ci maddəsində qeyd edilmişdir ki, təkzibdə hansı məlumatın həqiqətə uyğun olmadığı, həmin kütləvi informasiya vasitəsində nə vaxt və necə dərc olunduğu göstərilir. Dövri mətbu nəşrdə təkzib bir qayda olaraq məlumatın və ya materialın verildiyi səhifədə həmin şriftlə yığılır və "Təkzib" başlığı aktında dərc olunur. Gündəlik və həftəlik yayılan mətbu nəşrlər təkzib, cavab və ya düzəliş haqqında tələbin daxil olduğu gündən sonrakı nömrədə, digər dövri nəşrlər isə hazırlanan və ya yaxın günlər üçün planlaşdırılan buraxılışda təkzibi, cavabı və ya düzəlişi dərc etməlidirlər. Təkzib, cavab və ya düzəliş radio və televiziya ilə, tələbin alındığı gündən sonrakı müvafiq verilişdə oxunur. Bu tələbi etmiş fiziki şəxsin özünə və ya nümayəndəsinə, hüquqi şəxsin rəhbərinə və ya onun səlahiyyətli nümayəndəsinə efirdə (ekranda) cavabla çıxış etmək imkanı verilə bilər. Təkzib və ya cavab mətnində heç bir dəyişiklik edilmədən verilir. Təkzib və ya cavabın mətni təkzib edilən və ya cavab verilən məlumatın həcmindən iki dəfədən çox olmamalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı “İnstagram” sosial şəbəkə platformasında “perlalazerepilyasiya” adlı istifadəçinin rəylər yazdığını, həmin rəylərdə Cavabdeh ittihamedici və təhqiramiz ifadələrdən istifadə edərək İddiaçı MMC-nin işgüzar nüfuzunu ləkələdiyini bildirmiş, həmin məlumaların cavabdeh tərəfindən yazılı qaydada təkzib edilərək doğru olmaması barədə iddiaçıya üzr məktubu göndərilməsi və cavabdehin qanunazidd əməlləri nəticəsində istehlakçılar arasında və fəaliyyət göstərdiyi bazar seqmentində iddiaçının işgüzar nüfuzuna vurulmuş zərərin əvəzinin ödənilməsini xahiş etmişdir. Məhkəmə bildirir ki, “İnstagram” sosial şəbəkə platformasında “perlalazerepilyasiya” adlı istifadəçinin İddiaçı MMC-nin işgüzar nüfuzunu ləkələyən məlumatlar yazması iş materialları ilə təsdiq edilir. Lakin “perlalazerepilyasiya” adlı istifadəçinin məhz Cavabdeh məxsus olması iş materialları ilə təsdiq edilmir. Belə ki, cavabdehə dəfələrlə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilsə də məhkəmə iclaslarına gəlməmiş, həmin istifadəçi adının ona məxsus olub-olmaması ilə bağlı hər hansı münasibət bildirməmişdir. İddiaçı da məhz həmin istifadəçinin Cavabdeh olması ilə bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Belə olan halda iddia tələbi əsaslı hesab edilə və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı işgüzar nüfuzu ləkələyən məlumatların təkzib edilməsi və işgüzar nüfuza vurulmuş zərərə görə pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-5/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-5/2025
23.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - İşguzar nüfuzun müdafiəsi ilə bağlı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver