Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-50/2024 11.01.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "Azərişıq” ASC-yə qarşı borcun silinməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən 27 fevral 2023-cü ildə tərtib edilmiş Akt № 055499 saylı, 02 iyun 2023-cü ildə tərtib edilmiş Akt NDT № 016227 saylı, 02 iyun 2023-cü ildə tərtib edilmiş 260204 saylı aktların ləğv edilməsi, bu aktlar əsasında hesablanmış 7485.50 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsasladırılmışdır ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları 27 fevral 2023-cü il və 02 iyun 2023-cü il tarixlərdə tamamilə əsassız olaraq Tərtər rayonu, Bərdə-Tərtər yolunun kənarında yerləşən “Qum-çınqıl” karxanasında olan transformatora baxış keçirib sayğacı dəyişmişdirlər. Nəticədə akt tərtib ediblər ki, o, transformatora müdaxilə etmişdir. Nəticədə ondan istifadə edilməmiş 7485.50 manat enerji pulu tələb edirlər. O, işığının kəsilməməsi üçün 7500 manat enerji pulunu əsasız olsa da, ödəmişdir. Həmin transformatora müdaxilə mümkün deyildir. Belə ki, transformator dəmir yeşikdə yerləşir və qapısı möhürlüdür. Belə olan halda, onun barəsində tərtib edilmiş aktlar əsassız olduğu üçün ləğv edilməli və əsassız olaraq hesablanmış enerji borcu silinməlidir. Onun möhürlü dəmir yeşikdə yerləşən transformatora müdaxiləsi mümükünsüzdür. Belə ki, əgər o, transformatorun yerləşdiyi dəmir yeşiyi açsa, hər bir halda möhürü qırmalıdır. Möhürün qırılması ilə bağlı heç bir əlamət aşkar edilməmiş, möhür "xxxx" ASC-nin işçiləri tərəfindən sökülmüş və və sayğac götürülmüşdür. Cavabdehin nümayəndəsi məhkəməyə etiraz göndərərək, iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbinə aktların ləğv edilməsi hissəsi üzrə xitam verilmişdir. İddiaçı nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. Belə ki, aktlar əsassız olaraq yazılmışdır. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, mövcud qaydalar əsasında akt tərtib edilib və aylıq sərfiyyata uyğun hesabat aparılmışdır. Odur ki, iddia tələbi əsassızdır. Məhkəmə tərəflərin izahatını dinləyib, işin hallarını, iddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 055499 nömrəli aktdan görünür ki, İddiaçı məxsus obyektə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, obyektin girişində quraşdırılmış 10 kv-luq QPQ-da yerləşən gərginlik transformatorun A fazası yanıb sıradan çıxmışdır. Bu səbəbdən sayğac keçən yükü qeyd etməyib. Sayğac 33 % xəta ilə işləyir. Tələb hissəsində gərginlik TM-in yenilənməsi, QPQ-nin qapısının yenidən möhürlənməsi qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli 016227 nömrəli aktdan görünür ki, İddiaçı məxsus obyektə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, elektrik sayğacına normal “ABC” 100 V faz gərginliyi gəlmir. Bu səbəbədən elektrik sayğacı xəttdən axan cərəyanı xəta ilə qeyd edir. Qüsur araşdırıldı və məlum oldu ki, gərginlik transformatorunun “B” və “C” fazalarında olan qoruyucuları yanmışdır. Xətdən axan yüklər ölçüldü: Psay=26 kvt. Pfak=66 kvt. APxəta= -60. Tələb hissəsində elektrik sayğacının yeni elektron tipli sayğacla əvəz edilməsi və çıxarılan elektrik sayğacının yaddaşı labarotoriya şəraitində oxunaraq rəy verilməsi, uçot komplektinin EEİQ-na uyğun bərpa edilməsi qeyd edilmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixli, RQ055499 nömrəli akt üzrə İddiaçı 2775,50 manat, xx.xx.2023-cü il tarixli, NDQ 016227 nömrəli akt üzrə isə 2610 manat borc hesablanmışdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. 8.15-ci bəndinə əsasən ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda, elektrik sayğaclarına onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə yenidən hesablaşma aparılır. 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə qeyd edir ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələbindən göründüyü kimi istehlakçının abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda enerji təchizat müəssisəsi həmin qaydaların 8.16-cı bəndinin tələblərinə uyğun qaydada tədbir görülməlidir. Hazırkı iş üzrə, mübahisəsiz haldır ki, baş vermiş nasazlıq istehlakçının təqsiri olmadan yaranmışdır. Buna görə də enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 8.16-cı bəndlində nəzərdə tutulan hallara görə hesablamışdır. Yuxarıda qeyd edildiyi kimi, xx.xx.2023-cü il tarixli, RQ055499 nömrəli akt üzrə İddiaçı 2775,50 manat, xx.xx.2023-cü il tarixli, NDQ 016227 nömrəli akt üzrə isə 2610 manat borc hesablanmışdır. İddiaçı tələbində aktlar üzrə 7485,50 manat borcun hesablandığını bildirsə də, aktlar üzrə cəmi 5.385.50 borcun hesablanması təsdiqini tapır. xx.xx.2023-cü il tarixli akta əsasən hesablama uçot pozulana qədər olan dövrün orta gündəlik sərfinə uyğun aparılmış olsa da, xx.xx.2023-cü il tarixli akta əsasən hesablama 1660 manat olmalı halda, 2610 manat olmuşdur ki, bununla da borcun 950 manat hissəsi əvvəlki ayın müvafiq günlərinin sayına uyğun hesablanmamışdır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, 7485,50 manat borcun 950 manat hissəsi mövcud qaydalara uyğun hesablanmadığından istehlakçının hesabından silinməlidir. Dövlət Rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "Azərişıq” ASC tərəfindən hesablanmış 950 (doqquz yüz əlli) manat borc İddiaçı abonent hesabından silinsin. Cavabdeh "Azərişıq” ASC-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən : Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-50/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-50/2024
11.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver