Məhkəmə qərarları › İş №e-2-2(115)-503/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-503/2023

17.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-503/2023 17.07.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Orucova Vüsalə İsməli qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Belarus- 1221 markalı traktorun tam bərpası üçün hesablanmış 4234,30 manat dəymiş maddi ziyanın və ödənilmiş 60 manat mediasiya xərci olmaqla, cəmi 4294,30 manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14 oktyabr 2022-ci il tarixli 02/02590 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Belarus-1221 markalı traktor ona istifadəyə verilmişdir. Lizinq alanın həmin müqavilə üzrə texnikanı saz və dəst halda geri qaytarmaq öhdəliyi olmasına baxmayaraq texnika nasaz vəziyyətdə saxlanca verilmişdir. Müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş Belarus- 1221 markalı traktora baxış keçirilmiş və nəticədə texnikaya 4234,30 manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14 oktyabr 2022-ci il tarixli 02/02590 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilədən görünür ki, buraxılış ili 2014-cü il, ** AB *** dövlət qeydiyyat nömrəli, mühərrikinin və şassinin nömrəsi 132655, 4620, Belarus-1221 markalı bir ədəd traktor xx.xx.2022-xx.xx.2022-ci il tarix ərzində 280 manat məbləğində mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə ona istifadəyə verilmişdir. Həmin müqavilənin 2.2.4-cü bəndinə əsasən lizinq alan istifadə müddəti başa çatanadək onun üçüncü şəxsə istifadəyə verilməməsini (hüquqi şəxslər istisna olmaqla), satılmamasını, girova qoyulmamasını, özgəninkiləşdirilməməsini və təyinatının dəyişdirilməməsini, 2.2.8-ci bəndinə əsasən isə bu müqavilənin müddəti başa çatdıqdan sonra texnikanı saz və dəst halda lizinqə verənə geri qaytarmağı qeyri-şərtsiz öhdəsinə götürmüşdür. İş materiallarında olan 14 oktyabr 2022-ci il tarixli iltizamdan görünür ki, mexanizator Ağayev X2-1221 markalı 1 ədəd traktoru iltizamda nəzərdə tutulan öhdəliklərə əməl etmək şərti ilə müvəqqəti istifadəyə götürmüşdür. İş materillarında olan texniki vəziyyət haqqında 14 okytabr 2022-ci il tarixli aktdan görünür ki, Belarus-1221 markalı 1 ədəd traktor Cavabdeh saz vəziyyətdə təhvil verilmişdir. İş materiallarında olan 28 oktyabr 2022-ci il tarixli aktdan görünür ki, Yevlax RN-nin istifadəsində olan şassi 4620 №, dövlət qeydiyyat nömrə nişanı ** AB ***, 2014-cü il istehsalı olan Belarus-1221 markalı traktor xx.xx.2022-ci il tarixli 02/02590 nömrəli müqaviləyə əsasən Cavabdeh saz vəziyyətdə icarəyə verilmişdir. xx.xx.2022-ci il tarixdə müqavilənin müddəti davam etdiyi vaxtda traktora yerində baxış keçirtmək məqsədilə işlədiyi əraziyə gedilmiş, lakin traktor ərazidə aşkar olunmamışdır. Daha sonra müəyyən olunmuşdur ki, traktoru icarəyə götürən Cavabdeh və onunla birgə idarəyə gələn Əflatun adlı şəxs qabaqcadan əlbir olaraq traktoru öncədən tanıdıqları Bərdə rayonu, Qaradırnaq kənd sakini X1 şəxsi traktorları adı altında pul qarşılığında satmışlar. Bundan sonra Murad adlı şəxs traktorun İddiaçı ASC-ə məxsus olduğunu bilmiş və onlara məlumat verərək traktorun idarəyə gətirilməsini şəxsən təmin etmişdir. Traktora idarədə baxış keçirilmiş və Cavabdeh tərəfindən dəyən ziyanla bağlı qüsur aktı tərtib edilmişdir. İş materiallarında olan 28 oktyabr 2022-ci il tarixli qüsur aktndan görünür ki, xx.xx.2022ci il tarixdə onlara daxil olan məlumatda bildirilmişdir ki, icarə əsasında mexanizator Cavabdeh verilmiş traktor bir neçə nəfər şəxslərin iştirakı ilə Quba şəhərinə aparılmışdır. Bundan sonra onlar traktorun idarəyə gətirilməsini təmin etmişlər. Traktora idarənin parkında baxış keçirilmiş və müxtəlif nasazlıqların olduğu müəyyən edilmişdir. Mexanizatora texnikanın təhvil verilmə sənədi olan AKT 2-yə və tərtib edilən qüsur aktına imza çəkməli olduğu bildirilsə də gəlməyəcəyini bildirmişdir. İş materiallarında olan 05 noyabr 2022-ci il tarixli 02/02590 nömrəli aktdan görünür ki, Belarus-1221 markalı 1 ədəd traktor mexanizator Cavabdeh tərəfindən nasaz vəziyyətdə İddiaçı ASC-nin Yevlax rayon bölməsinə təhvil verilmişdir. Həmiçinin həmin aktda mexanizator Cavabdeh imza çəkməkdən imtina etməsi qeyd edilmişdir. İş materiallarında olan “Belarus-1221” markalı traktorun saz vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər barədə tərtib olunmuş sənəddən görünür ki, 02/02590 saylı xx.xx.2022-ci il tarixli müqavilə əsasında mexanizator Cavabdeh müvəqqəti istifadəsinə verilmiş 4620 şassi nömrəli Belarus-1221 markalı traktorun işlək vəziyyətə gətirilməsinə sərf oluncaq xərc 4234,30 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 3-22-13/A-91 nömrəli pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.8-ci maddəsinəəsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 14 oktyabr 2022-ci il tarixdə lizinq müqaviləsi bağlanmış, müqaviləyə əsasən bir ədəd traktor xx.xx.2022-xx.xx.2022-ci il tarix ərzində 280 manat məbləğində mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə ona istifadəyə verilmişdir. Müqaviləyə əsasən lizinq verən öz öhdəliyini yerinə yetirmiş, traktoru saz vəziyyətdə lizinq alanın sahiblik və istifadəsinə təhvil verilmiş, lakin lizinq alan üzərinə götürdüyü öhdəliyi pozaraq lizinq obyektini nasaz vəziyyətdə geri qaytarmışdır. Texnikanın işlək vəziyyətə gətirilməsinə sərf oluncaq xərc 4234,30 manat məbləğində müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, lizinq verən lizinq obyektinin tam bərpası üçün hesablanmış 4234,30 manat məbləğində dəymiş maddi ziyanı tələb etməkdə haqlıdır. İddia tələbi təmin edilməli və 4234,30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Gəncə 1 saylı mediasiya təşkilatı tərəfindən mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, iddiaçı tərəfindən 60 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 60 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 62 manat 34 qəpik dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 oktyabr 2022-ci il tarixli 02/02590 nömrəli lizinq müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus lizinqə verilmiş Belarus-1221 markalı traktorun tam bərpası üçün hesablanmış 4234 (dörd min iki yüz otuz dörd) manat 30 (otuz) qəpik məbləğində dəymiş maddi ziyan və 60 (altmış) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh 62 (altmış iki) manat 34 (otuz dörd) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar