Məhkəmə qərarları › İş №e-2-2(115)-506/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-506/2023

29.03.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-506/2023 29.03.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, X1 iclas katibliyi, Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2, Maraqlı şəxs iştirakları ilə Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasınа dаir ərizəsi üzrə xüsusi icraat qaydasında işə məhkəmənin inzibаti binаsındа аçıq məhkəmə iclаsındа bаxаrаq, MÜƏYYƏN ETDİ: Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə mürаciət edərək, vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs dövlət büdcəsinə 703,07 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini оnunlа əsаslаndırmışdır ki, vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 703,07 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 703,07 manat) borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Odur ki, ərizənin təmin edilməsi bаrədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahatında göstərdi ki, keçən ilin sentyabr ayında vergi orqanı tərəfindən ona təxminən 5041 manat cərimə yazılmışdır. Bununla əlaqədar olaraq 12 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etmiş və yazılan cərimənin hissə-hissə, yəni ayda 300 manat ödəməsi üçün ona güzəşt edilməsini xahiş etmişdir. Vergi orqanı da onunla razılaşmış, ayda 300 manat ödəməsi üçün ona şərait yaradılmışdır. Lakin borcundan 3518 manat qalan zaman vergi orqanının nümayəndəsi ona zəng edib borcunu tamamilə ödəməyini, əks təqdirdə ölkədən getmək hüququnun məhdudlaşacağı barədə məhkəməyə ərizə veriləcəyini bildirmişdir. O da borc alıb 3520 manat pulu vergiyə ödəmişdir. Borcu tamamilə bağlamışdır. Lakin sonradan vergi ona əsassız olaraq borc məbləği hesablamışdır. Belə ki, ona 941 manat borc yazıldıqdan sonra vergi orqanına müraciət etmiş, vergi bəyannaməsində anbarında hansı məbləğdə mal qaldığını qeyd etmədiyi üçün borc yazıldığı ona bildirilmişdir. Həmin borcla bağlı dörd dəfə vergi bəyannaməsində düzəliş edib yenidən vergi orqanına təqdim etmiş, lakin borcu silinməmişdir. Hazırda isə məsələ ilə bağlı vergi orqanında araşdıma aparıldığı barədə ona məlumat verilmişdir. Ona görə də ərizənin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi, maraqlı şəxsin izahatına münasibət bildirərək göstərdi ki, maraqlı şəxs tərəfindən təqdim edilmiş və dəqiqləşdirilmiş vergi bəyannaməsi vergi orqanı tərəfindən qəbul edilməmiş, ona görə də vergi ödəyicisinə hesablanmış borc silinməmişdir. Hazırki vəziyyətdə maraqlı şəxsin dövlət büdcəsinə borcu vardır. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş mаteriаllаrını аrаşdırıb hesаb edir ki, ərizə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli **********824900 nömrəli bildirişdən görünür ki, vergi ödəyicisinə borcunun ödənilməsi barədə bildiriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsi haqqında elektron portaldan çıxarışdan görünür ki, Maraqlı şəxs xx.xx.1992-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş şəxsi hesab vərəqəsindən görünür ki, Maraqlı şəxs xx.xx.2023-cü il tarixə 941,72 manat borcu vardır. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş şəxsi hesab vərəqəsindən görünür ki, Maraqlı şəxs xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 4041,38 manat, xx.xx.2022-ci il tarixdə 90 manat, xx.xx.2023-cü il tarixdə 90 manat, xx.xx.2023-cü il tarixdə 908,85 manat borc hesablanmış, vergi ödəyicisi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək mütəmadi olaraq ödəniş etməklə həmin borc məbləğlərini bağlamışdır. Sonradan, yəni xx.xx.2023-cü il tarixdə 941,72 manat borc hesablanmış və hazırda da həmin borc məbləği ödənilməmişdir. Lakin vergi ödəyicisi həmin məbləğin vergi orqanına təqdim etdiyi bəyannamədə anbarında hansı məbləğdə mal qaldığını qeyd etmədiyi üçün yazıldığını, vergi bəyannaməsini bir neçə dəfə düzəldərək təqdim etdiyini, buna baxmayaraq hesablanmış borc məbləğinin silinmədiyini və hazırda müraciəti ilə bağlı vergi orqanında araşdırma aparıldığını bildirmişdir. Ərizəçinin nümayəndəsi də izahatında vergi ödəyici tərəfindən düzəliş edilərək verimiş bəyannamənin vergi orqanı tərəfindən qəbul edilmədiyi və borcun silinmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, maraqlı şəxs borcun ödənilməsindən qərəzli olaraq yayınmır, həmin borc məbləğinin ona əsassız olaraq, vergi bəyannaməsinin düzgün tərtib edilməməsi səbəbindən hesablandığını bildirir, həmin borc məbləğini mübahisələndirir və qeyd edir ki, vergi orqanı həmin məsələ ilə bağlı araşdırma aparır. Məhkəmə diqqətə çatdırır ki, nə qədər ki, maraqlı şəxsin qərəzli olaraq borc məbləğini ödəməkdən yayınması barədə iş üzrə ziddiyyət təşkil etməyən sübutlar mövcud deyildir, bu zaman şəxsin hüququnun məhdudlaşdırılması üzrə mütənasiblikdən söhbət gedə bilməz. Məhkəmə bununla bağlı mövqeyini fundamental hüquqların real olaraq təmin edilməsindən ibarət əsaslandırma ilə möhkəmləndirmək istəyir. Belə ki, dövlətin ali məqsədindən bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Həmçinin məhkəmə diqqətə çatdırır ki, ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair işlərə baxarkən hər bir halda həmin məhdudiyyət tədbirinin mütənasiblik meyarına cavab verib-verməməsinin araşdırmalıdır. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir. Məhdudiyyətin mütənasib olubolmaması mütləq müəyyən edilməli, bu zaman vergi ödəyicisinin mübahisəyə qədərki davranışları, vergilərin vaxtı-vaxtında ödənilməsi kimi hallar, bu məcburiyyət tədbiri tətbiq edilmədən vergilərin ödənilməsi imkanları və s. nəzərə alınmalıdır. Təsadüfi deyildir ki, bu yanaşma Konstitusiyanın 71-ci maddəsinin 2-ci hissəsindən qaynaqlanır. Konstitusiyanın 28-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 60-cı maddəsinin 1-ci hissəsinə və 71-ci maddəsinin 2-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında qeyd etmişdir ki, məhkəmələr hakimiyyət və kreditorların borcun ödənməsi üçün gördüyü tədbirlərin kifayətedici olub-olmamasını, borclunun öz kreditorlarına borcu ödəmək imkanının olub-olmamasını müəyyən etməli, ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə həmin hüquq arasında mütənasibliyi təmin etməlidirlər. Belə ki, “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsində qeyd edilmişdir ki, dövlətin ərazisində qanuni yerləşən hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ var. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsiszlik və ictimai arayışın maraqları naminə, ictimai qaydanı yaratmaq üçün cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın mühafizəsi üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. İHAM-ın “Qoçev Bolqariyaya qarşı” iş üzrə 2009-cu il 26 noyabr tarixli qərarında İHAM kredit borcunun ödənilməsinin təmini ilə əlaqədar borclunun ölkəni tərk etmək hüququnun məhdudlaşdırılmasını hüquqauyğun hesab etsə də, 4 saylı Protokolun 2-ci maddəsinin pozuntusu kimi ona əsaslanmışdır ki, tərəflər icra icraatının gedişi haqqında ətraflı məlumat təqdim etməmişlər. Müvafiq olaraq hakimiyyət və kreditorların borcu almaq üçün gördüyü tədbirlərin kifayətedici olub-olmamasını, borclunun öz kreditorlarına borcu ödəmək imkanının olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Həmin işdə Məhkəmə qeyd etmişdir ki, işin halları ona dəlalət edir ki, borclunun üzərinə ölkəni tərk etməmək barədə məhdudiyyət avtomatik qoyulmuş, ona şəxsi vəziyyəti, borcu ödəməməsi səbəbləri barədə izahat vermək imkanı yaradılmamış, bununla da ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə həmin hüquq arasında mütənasiblik təmin olunmamışdır. Eyni mövqeyi Məhkəmə “Rosenqren Rumıniyaya qarşı” iş üzrə 2008-ci il 24 aprel tarixli qərarda da təkrarlamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Maraqlı şəxs barədə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Konstitusiyaya və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə ziddir. Ona görə də ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 355-5.1-ci mаddəsində göstərilir ki, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Həmin Məcəllənin 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Оdur ki, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 238-253, 355-5, 357-362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasınа dаir ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar