Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-51/2024 22.01.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi Cavabdeh iştirakı ilə İddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "X1 Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 4117 manat, cərimə borcuna görə 823 manat və ödənilmiş dövlət rüsumuna görə 69,40 manat olmaqla cəmi 5009 manat 40 qəpik pulun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X1 Kompleksi” MMC ilə və Cavabdeh arasında bağlanmış 2021-ci il mövsümü üzrə xx.xx.2021-ci il tarixli 117 saylı xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən cavabdeh öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilələrin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan ümumilikdə 5406 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh yaranmış borcdan 1288 manat dəyərində xam pambıq təhvil verməklə ödəmişdir. Beləliklə, cavabdeh müqavilənin bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 4117 manat əsas borcu və 823 manat cərimə borcu yaranmışdır. İddiaçı "X1 Kompleksi" MMC iddia ərixəsinə bir neçə dəfə dəqiqləşdirmə ərizəsi vermişdir, sonuncu dəfə 01 noyabr 2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 2830 manat əsas borc, 566 manat hesablanmış cərimə borcu və ödənilmiş 60 manat mediasiya xərci olmaqla, cəmi 3426 manat pulun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı ilə müqaviləni özü bağlamış, lakin qeyd edilən məbləğdə ona nə xidmət göstərilmişdir, nə də avans verilmişdir. Onun ərazisində iddiaçıya aid hər hansı texnika işləməmişdir, iddiaçıdan hər hansı dərman preparatı almamış, ancaq əkin və biçin vaxtı kombayn işləmişdir. İddiaçı tərəfindən ona nağd pul verilməmişdir. İlkin avans kimi 1200 manat pul almamışdır. Qeyd edilən 5091,13 manat dəyərində ona xidmət, avans, nə də ki mal verilməmişdir. Qiymətlərin razılaşdırılması protokoluna imza etməmişdir. Əkinlə əlaqdar xərcləri öz hesabına etmişdir. Nə qədər pambıq təhvil verməsi yadında qalmasa da bir dəfə pambıq təhvil vermişdir. İddiaçının ona göstərdiyi xidməti, verdiyi avansı təsdiq edən sənədlər olmalı idi. İddiaçıya təhvil verdiyi pambıqla əlaqədar ona hər hansı pul verməmişdir, borcundan sildiklərini bildirmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan "X1 Kompleksi" MMC ilə Cavabdeh arasında bağlanmış 07 yanvar 2021-ci il tarixli 2021-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair 117 saylı müqavilədən görünür ki, fermer Cavabdeh 4 ha torpaq sahəsində pambıq əkib alıcı "X1 Kompleksi" MMC-yə satmağı, alıcı isə fermerin istehsal etdiyi xam pambığı qəbul edib etməyi və onun dəyərini müqavilə ilə nəzərdə tutulmuş qiymətlə fermerə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC-nin Bərdə PİEZ-in fermeri Cavabdeh 2021-ci il təsərrüfat ilində göstərilən xidmətlər, anbardan buraxılan mal-material və bank hesabına köçürülən avans vəsaitlərinin açıqla cədvəli haqqında arayışa əsasən "X1 Kompleksi" MMC tərəfindən Cavabdeh ümumi verilmiş avansın 5091,138 manat, xam pambığın dəyərinin 1288,50 manat, ödənilmiş avans borcunun 973,50 manat, qalıq avans borcunun isə 4117,64 manat olması göstərilmişdir. İş materiallarında olan 22 dekabr 2021-ci il tarixli pambıq qəbulu qəzdən görünür ki, Cavabdeh tərəfindən "X1 Kompleksi" MMC-yə 1288,50 manat məbləğində pambıq təhvil verilmişdir. İş materiallarında olan 20 dekabr 2022-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh müqavilə üzrə 5406,10 manat avans borcu yaranmışdır. Yaranmış avans borcdan 1288,50 manat dəyərində xam pambıq verməklə ödənilmiş, nəticədə onun Cəmiyyətə 4117,64 manat borcu qalmışdır. Beləliklə, 5882 kq kondisiya çəkidə xam pambıq təhvil verilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borcu barədə məlumat verilmiş, məsuliyyəti barədə xəbardarlıq edilmişdir. İş materiallarında olan 22 avqust 2023-cü il tarixli “Üzləşmə akt”ından görünür ki, Cavabdeh "X1 Kompleksi" MMC-yə 4117,64 manat məbləğində borcunun olması qeyd edilsə də, Cavabdeh akta imza çəkməkdən və həmin məbləği ödəməkdən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, iddiaçı Cavabdeh ilə bağlanmış 07 yanvar 2021-ci il tarixli 2021ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair 117 saylı müqaviləyə istinad edib cavabdehə 5091 manat vəsait (nağd vəsait, dərman, gübrə və s) verdiyini, cavabdehin isə 2261 manat məbləğində xam pambıq təhvil verdiyini bildirməklə cavabdehdən 2830 manat əsas borc, 566 manat cərimə tələb etsə də nağd avansın verilməsi, habelə xidmətlərin göstərilməsi və malların təhvil verilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçı tərəfindən tərtib edilmiş üzləşmə aktı isə cavabdeh tərəfindən imzalanmaqdan imtina edilmişdir. Eyni zamanda cavabdeh iddiaçı ilə müqavilə bağlasa da ona müqavilə üzrə nağd vəsaitin, malın verilmədiyini və xidmətlərin göstərilmədiyini, pambığı isə öz vəsaiti hesabına əkib-becərdiyini, yığdığı məhsulu isə iddiaçıya verdiyini, lakin pulunu ala bilmədiyini bildirmişdir. İddiaçı isə ona məhkəmə tərəfindən kifayət qədər vaxt verilməsinə baxmayaraq məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehə iddiaçı tərəfindən nağd vəsaitin verilməsi, malın verilməsi və xidmət göstərilməsi ilə bağlı hər hansı sübut olmadığından iddia əsaslı sayıla və təmin edilə bilməz. Bundan başqa iş materiallarında olan Gəncə şəhər 1 saylı mediasiya təşkilatı tərəfindən mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş və iddiaçı tərəfindən 60 manat mediasiya xərcinin ödənildiyi göstərilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən mediasiya xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-51/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-51/2024
22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver