Məhkəmə qərarları › İş №e-2-2(115)-52/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-52/2024

08.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-52/2024 08.08.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 124166,81 manat məbləğində borcun, 10000 manat məbləğində cərimə, ümumilikdə 134166,81 manat, 410 manat mediasiya prosesi zamanı mediatora ödənilən məbləğ və 5 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh (VÖEN: **********) ilə “GP Stock Feed (”hazırkı adı İddiaçı) Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) arasında 17 yanvar 2019-cu il tarixli, DİS/17012019/2 nömrəli “Distribütorluq Müqaviləsi” bağlanmışdır. Cavabdeh ilə müqavilə bağlandıqdan sonra, iddiaçı "xxxx" MMC müqavilə ilə üzərinə götürdüyü ödəliklərini tam icra edərək müqavilədə nəzərdə tutulmuş yem məhsullarını cavabdehə nisyə təhvil vermişdir və nəticədə nisyə götürdüyü yem məhsulları üzrə 124166,81 (bir yüz iyirmi dörd min yüz altmış altı manat səksən bir qəpik) manat məbləğində borcu yaranmışdır. Yem məhsullarının alınmasının üzərindən xeyli vaxt keçməsinə baxmayaraq borc cavabdeh tərəfindən indiyədək ödənilməmişdir. Borcun ödənilməsi ilə bağlı həm poçt təşkilatı vasitəsilə, həmçinin vergi ödəyicisinin elektron kabinetinə xəbərdarlıq (pretenziya) məktubu göndərilmiş, lakin bu vaxtadək həmin vəsait "xxxx" MMC-yə ödənilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 150.1.7-ci maddəsinə əsasən, Cavabdeh mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün təklif göndərilmişdir. Lakin, xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında mübahisənin mediasiya vasitəsilə həlli ilə bağlı tərəflər qarşılıqlı razılıq əldə etməmişlər. Cavabdeh "xxxx" MMC-yə olan 124166,81 (bir yüz iyirmi dörd min yüz altmış altı manat səksən bir qəpik) manat məbləğində borcunu hələ də ödəməmişdir. "xxxx" MMC-nin satmış olduğu müxtəlif çeşidli yem məhsullarının müqabilində ödəniş edilməmiş, şirkətə vəsait daxil olmamışdır. Bunun nəticəsində şirkət dövriyyə vəsaitini azaltmaq məcburiyyətində qalmış və bu da öz növbəsində müəssisənin gəlirinin əldən çıxmasına səbəb olmuşdur. Mülki Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Buna uyğun olaraq cavabdehin şirkətlərinə 124166,81 (bir yüz iyirmi dörd min yüz altmış altı manat səksən bir qəpik) manat məbləğində vurmuş olduğu zərəri nəzərə alaraq cavabdehdən 10000 (on min) manat məbləğində dəbbə pulunun tutulması məqsədəuyğundur. İş materiallarında olan Milli Gəlirlər Baş İdarəsinin dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" MMC hazırda İddiaçı kimi fəaliyyət göstərir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh izahatlarında bildirmişdir ki, iddia tələbini qəbul etmir və məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş cavabdehin vəkili Vəkil izahatlarında bildirmişdir ki, İddiaçı MMC-nin nümayəndəsi iddia ərizəsinə əlavə etdiyi 17.01,2019-cu il tarixli “Distribütorluq Müqaviləsi”nin hər səhifəsində tərəflərin imzaları yoxdur və həmin müqavilə mövcud deyildir. Tərərflər arasında bağlanan əsl müqavilə, hər səhifəsini tərəflər imzaladığı müqavilədir və "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə “Distribyutorluq Müqaviləsi” nömrə 002 kimi bağlanmışdır. GP Stock Feed” MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə “Distribyutorluq Müqaviləsi”nin nəticəsi olaraq tərəflər xx.xx.2021 -ci il tarixdə üzləşmə aktı tərtib edilmişdir. Həmin aktın sonunda “Silinmə cari ayda icra edilsin” sözlərini direktor Maşallah Tağıyev yazaraq imzalamış və mühasib Fuadın imzası, müəssisənin möhürü ilə təsdiq edilmişdir. İstinad olunan üzləşmə aktından göründüyü kimi GP Stock Feed” MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə “Distribyutorluq Müqaviləsi” üzrə Cavabdeh əvvəlki "xxxx" MMC, hazırki İddiaçı MMC-ə borcu yoxdur. Göstərilənlərə əsasən İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: distribütorluq müqaviləsi, kassa mədaxil orderləri, nizamnamə, müstəqil auditorun hesabatı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşdən müəyyən olunur ki, tərəflər arasında bağlanmış 17 yanvar 2019-cu il tarixli, DİS/17012019/2 nömrəli distribütorluq müqaviləsinə əsasən istehsalçı çeşidi bu müqavilənin əlavələri ilə müəyyən edilmiş yem məhsullarını istehsal edir və satış üçün distrubyutora təqdim edir. Distribütor isə həmin məhsulların satışını Bakı və Şimal regionunda təşkil edir. Müqavilə üzrə distribütorun minimal aylıq satış hədəfi 700 ton olaraq müəyyən edilir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən distribütora satılan nisyə mallar üçün 500000 manat məbləğində limit müəyyən edilir. İddianın hüquqi əsasına münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ilə Cavabdeh arasında bağlanmış 17 yanvar 2019-cu il tarixli, DİS/17012019/2 nömrəli distribütorluq müqaviləsi üzrə öhdəliklər iddiaçı tərəfindən tam icra edilmiş, müqavilədə nəzərdə tutulmuş yem məhsulları satış üçün cavabdehə təhvil verilmiş, lakin cavabdeh distribütorluq müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, ödənilməli olan məbləği vaxtı-vaxtında və tam həcmdə ödəməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi iddiaçı tərəfindən cavabdehə 8958814,32 manat məbləğində mal verilmiş, bunun qarşılığında cavabdeh tərəfindən 7440781,12 manat bank ödənişi, 1290217,80 manat ƏDV ödənişi, 136139 manat kassa ödənişi edilmiş, cavabdehə bankdan 29757,83 manat və 5356,41 manat ƏDV geri qaytarılmış və cavabdehə 2623,83 manat endirim edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 02 fevral 2024-cü il tarixli qərardadına əsasən təyin edilərək alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertiza Mərkəzinin 21 may 2024-cü il tarixli 9/1512 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən göründüyü kimi xx.xx.2019-cu il tarixli distribütorluq müqaviləsinin 2.3.1-ci bəndində göstərilən 6%-ə uyğun aparıldıqda borcun 124166,81 manat təşkil etməsi müəyyən olunur. Mötəbərliyi şübhə doğurmayan ekspert rəyi ilə iddiaçının tələb etdiyi əsas borc məbləği təsdiq edildiyindən məhkəmə hesab edir ki, iddiaçı bu məbləği tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin 10000 manat əldən çıxmış faydanın ödənilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli qərarında göstərilmişdir ki, “hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir”. Baxılan iş üzrə MPM-in 77-ci maddəsinin tələbləri baxımından, iddia olunan miqdarda əldən çıxmış fayda şəklində ziyanın vurulduğunu sübutetmə yükü, həmin ziyanın vurulduğunu iddia edən iddiaçının üzərinə düşür. Lakin iddiaçı tərəfindən hər hansı sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının 10000 manat məbləğində əldən çıxmış fayda qismində zərərin ödənilməsi tələbi təmin edilə bilməz. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və 410 manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 15 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Eyni zamanda iddiaçı tərəfindən 410 manat mediasiya xərci və 5 manat dövlət rüsumu ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 410 manat mediasiya xərci və 5 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 410 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə və 15 manat məbləğində dövlət rüsumu ödədiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 399,17 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, 100 manat ekspertiza xərci cavabdehdən tutularaq müvafiq qaydada ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 124166,81 manat məbləğində əsas borc, 410 manat mediasiya xərci və 5 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilməli, Cavabdeh 399,17 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli,100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 124166,81 manat məbləğində əsas borc, 410 manat mediasiya xərci və 5 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Cavabdeh 399,17 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar