Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-533/2020 09.09.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı Nümayəndə MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Nümayəndə MMC-nin Cavabdeh qarşı borc tələbinə dair işə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Nümayəndə MMC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14283.55 (on dörd min iki yüz səksən üç manat əlli beş qəpik) məbləğində maddi ziyanın və 30 (otuz) manat dövlət rüsumunun Nümayəndə MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,********** saylı VÖEN əsasında fəaliyyət göstərən Cavabdeh ilə xx.xx.2019-cu il tarixində 19283.55 (on doqquz min iki yüz səksən üç manat əlli beş qəpik) dəyərində müqavilə bağlanmışdır. xx.xx.2019-cu ildə 662222 saylı Elektron qaimə əsasında 19283.55 (on doqquz min iki yüz səksən üç manat əlli beş qəpik) dəyərində mal göndərilmişdir. Malın dəyəri xx.xx.2019-cu il tarixinə qədər ödənilməli idi. Lakin cavabdeh malları qəbul etməsinə baxmayaraq bugünədək tam dəyərini ödəməmişdir. xx.xx.2019-cu il tarixində borcun etirafı barədə tərəflərin iştirakı ilə protokol tərtib olunmuşdur. Lakin Cavabdeh yaranmış borcun ödəməli olmasını dəfələrlə söz versə də, bu günədək müxtəlif bəhanələr gətirərək malın dəyərini ödəməkdən bilərəkdən düşünmüş halda yayınmışdır. Hər dəfə müxtəlif bəhanələr gətirərək yaxın vaxtlarda malların dəyərini ödəyəcəyini bildirsədə ödənişdən yayınmışdır. Cavabdeh cəmiyyətin əməkdaşlarını guya bizneslə məşğul olmasını inandıraraq böyük məbləğdə mal alınması barədə müqavilə bağlamışdır. Sonradan məlum olmuşdur ki, Cavabdeh yalan vədlər verərək Nümayəndə MMC-nin əməkdaşlarını aldatmışdır. Beləliklə də, qeyd olunan məbləğdən xx.xx.2019-cu ildə (2000 AZN) və xx.xx.2019-cu il tarixində isə 2000 (iki min manat) AZN şirkətə Cavabdeh tərəfindən ödənilmişdir. Ümumilikdə 4000 (dörd min manat) AZN ödənildikdən sonra onun üzərində 15283.55 (on beş min iki yüz səksən üç manat 55 qəpik) borc bu günədək qalmaqdadır və müxtəlif bəhanələr gətirərək qalan borcdan yayınmışdır. Bununlada, 15283.55 (on beş min iki yüz səksən üç manat əlli beş qəpik) AZN maddi ziyanın vurulmasında cavabdehin təqsiri, həmçinin ziyanın vurulması ilə cavabdehin hərəkətləri (hərəkətsizliyi) arasında səbəbli əlaqənin mövcud olması sübutlarla təsdiq olunur. Daha sonra iddiaçının nümayəndəsi X3 iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə göndərərək, bildirmişdir ki, Cavabdeh müqavilənin şərtlərini kobud şəkildə pozduğuna görə iddia həcmini 10% artırmaqla bugünədək qalan 13283.55 manat borcun üzərinə 1328.35 manat əlavə hesablanaraq borcludan ümumilikdə cəmi 14611.90 manat və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq Nümayəndə MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin və iddianın dəyişdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, cavabdehin əsas borcu 13283.55 manat təşkil edir, 1328.35 manat əlavə isə müqavilədə nəzərdə tutulmuş cərimə (dəbbə) məbləğidir. Ona görə də, cavabdehdən ümumilikdə 14611,90 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş satıcı Nümayəndə MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli 817/2019 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı qiymətlərin razılaşdırma protokolunda göstərilmiş malları alıcıya satmağı, alıcı isə həmin malları almağı və onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Nümayəndə MMC-nin əməkdaşları və Cavabdeh iştirakları ilə tərtib olunmuş borcun etirafı barədə xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, borclu Cavabdeh Nümayəndə MMC-yə 19283 manat məbləğində borcunun olduğunu etiraf etmiş və borcun ödənilməsi üçün vaxt istəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh iddiaçı Nümayəndə MMC-dən 13283 manat 55 qəpik məbləğində mal almış, verilmiş malın dəyərinin qaytarılmasını təmin etməsinə dair satıcı qarşısında öhdəlik götürmüş, lakin öhdəliklərini tam şəkildə icra etməmişdir. Pretenziya məktubundan görünür ki, Nümayəndə MMC cavabdehə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 13283 manat 55 qəpik əsas borc, 100 manat cərimə borcu, cəmi 13383 manat 55 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı Nümayəndə xeyrinə tutulmalıdır. İddianınqalanhissəsitəminedilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 100 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 13283 manat 55 qəpik əsas borc, 100 manat cərimə borcu, cəmi 13383 manat 55 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı Nümayəndə xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-533/2020
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-533/2020
09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver