Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-535/2020 18.08.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh «xxxxxxxxx» MMC-yə qarşı borc tələbinə dair işə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh «xxxxxxxxx» MMC-yə qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxxxxxxx» MMC-dən xx.xx.2020-ci il tarixli KT-02/2020 saylı müqavilə üzrə 47200 AZN əsas borcun və 69586 AZN 74 günlük cərimə olmaqla ümumilikdə 117056 AZN məbləğində pulun, məhkəməyə ödənilmiş 30 AZN dövlət rüsumunun, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 3000 AZN pul olmaqla cəmi 120086 AZN pul məbləğinin tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,İddiaçı MMC ilə cavabdeh “xxxxxxxxx” MMC arasında xx.xx.2020-ci il tarixdə KT-02/2020 saylı alqı-satqı müqaviləsi (bundan sonra müqavilə) bağlanmışdır. Müqavilənin 1-ci maddəsinə görə tərəflər arasında mallar razılaşma protokolu əsasında alqı-satqı edilir. Eyni zamanda İddiaçı MMC ilə cavabdeh “xxxxxxxxx” MMC arasında xx.xx.2020-ci il tarixdə müqaviləyə 01 saylı razılaşma protokolu da imzalanmışdır. Bu razılaşma protokolu əsasında müxtəlif ölçülərdə 40 ton miqdarında armaturlar “xxxxxxxxx” MMC-ə satılmışdır. Razılaşma protokolunun 3-cü bəndinə görə mallar təhvil-təslim edildikdən sonra (xx.xx.2020-ci il tarixdə) 45 gün ərzində alıcı - “xxxxxxxxx” MMC ödənişi həyata keçirəcəkdir. Razılaşma protokolunun 4-cü bəndinə görə isə əgər ödəniş 45 gün ərzində edilməzsə bu zaman hər gecikən günə görə ümumi məbləğə günlük 2 faiz olmaqla cərimə hesablanacaqdır. İndiki halda müqaviləyə əsasən bağlanmış 01 saylı razılaşma protokolunda göstərilən və ümumi dəyəri 47200 AZN olan armaturlar xx.xx.2020-ci il tarixdə imzalanmış təhvil-təslim aktı əsasında “xxxxxxxxx” MMC-ə verilmişdir. Razılaşma protokolu üzrə ödənişin həyata keçirilməsi üçün nəzərdə tutulmuş 45 günlük müddət üçün son gün xx.xx.2020-ci il tarixi müəyyən olunmasına baxmayaraq ödəniş həyata keçirilməmişdir. xx.xx.2020-ci il tarixdən hesablanmaqla iddia ərizəsinin verildiyi tarix xx.xx.2020-ci il tarixi daxil olmaqla ümumi məbləğin günlük cəriməsi ƏDV daxil olmaqla 944 AZN olmaqla 74 gün üçün hesablanmış cərimə məbləği 944 AZN (günlük cərimə) x74(cərimə günü)=69856 AZN təşkil etmişdir. Bu səbəbdən cavabdehdən ƏDV daxil olmaqla 47200 AZN əsas borcun və 69586 AZN 74 günlük cərimə olmaqla ümumilikdə 117056 AZN məbləğində pulu tələb edirlər. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh «xxxxxxxxx» MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh «xxxxxxxxx» MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş satıcı İddiaçı MMC ilə alıcı «xxxxxxxxx» MMC arasında bağlanmış xx xxxx 2020-ci il tarixli KT-02/2020 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı 01 saylı razılaşma protokolunda və ya elektron qaimədə göstərilmiş malları alıcıya satmağı, alıcı isə həmin malları almağı və onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. xx xxxx 2020-ci il tarixli 1 nömrəli təhvil-təslim aktından görünür ki, 40 ton müxtəlif ölçüdə armatur cavabdehə təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh «xxxxxxxxx» MMC İddiaçı MMCdən 47200 manat məbləğində mal almış, verilmiş malın dəyərinin qaytarılmasını təmin etməsinə dair satıcı qarşısında öhdəlik götürmüş, lakin öhdəliklərini icra etməmişdir. Pretenziya məktubundan görünür ki, İddiaçı MMC cavabdehəalqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 47200 manat əsas borc, 300 manat cərimə borcu, cəmi 47500 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh “xxxxxxxxx” MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Beləki, məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. AzərbaycanRespublikasıMülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 300 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. İddianın hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 3000 manat pulun ödənilməsi hissəsinə gəldikdə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən buna dair heç bir sübut təqdim edilmədiyindən, həmin hissədə iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 47200 manat əsas borc, 300 manat cərimə borcu, cəmi 47500 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh “xxxxxxxxx” MMC-dən İddiaçı MMCnin xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-535/2020
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-535/2020
18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver