Məhkəmə qərarları › İş №e-2-2(115)-537/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-537/2023

07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-537/2023 07.06.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 004/19 nömrəli alğı-satqı müqaviləsinə əsasən 26019 manat 33 qəpik əsas borcun, 1872 manat dəbbə pulunun, 200 mediasiya xərci olmaqla, cəmi 28091 manat 33 qəpik məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2016-cı ildə təsis edilmişdir. İddiaçı MMC mineral gübrə və pestisidlərin, o cümlədən bitki mühafizə vasitələrinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 004/19 nömrəli Alğı-satqı müqaviləsinə və elektron qaimə fakturaya əsasən cavabdehə ümumilikdə 26019 manat 33 qəpik məbləğində mal təhvil verilmişdir. Qeyd olunan məbləğin ödənişi üçün cavabdeh tərəfə xx.xx.2019-cu il tarixli, EAAX 772048 və 771331 nömrəli elektron qaimə fakturalar göndərilmiş, lakin bu günədək ödəniş edilməmişdir. Göstərilən borc məbləğinin ödənilməsi ilə bağlıcavabdehə xx.xx.2023-cü il tarixində AG-193/23 nömrəli pretenziya məktubı göndərilmiş və borcun ödənilməsi üçün ona müvafiq müddət təyin edilməsinə baxmayaraq, cavabdeh tərəfindən qeyd olunan borc məbləğindən bu günədək heç bir ödəniş edilməmişdir. Bundan başqa cavabdeh tərəfin tərəfimizdən göndərilən pretenziyaya heç birrəsmi etirazı da olmamışdır. Bu Müqavilənin 2.2.1-ci bəndinə əsasən “ALİCİ” bu müqavilənin 2.1.1-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun olaraq malın dəyərini ödəməlidir. Həmin Müqavilənin 2.2.2-ci maddəsinə əsasən “ALİCİ” malın dəyərini “SATİCİ” tərəfindən təqdim olunmuş Hesab-Faktura tarixindən 10 iş günü ərzində ödəyir, əks təqdirdə gecikdirdiyi hər bir gün üçün malın dəyərinin 0.01%-i məbləğində cərimə ödəməlidir. Müqavilənin bu bəndinə əsasən gecikdirilmiş məbləğ üçün cərimə 1872 manat təşkil edir. Beləliklə, Cavabdeh MMC-in İddiaçınə ödəməli olduğu borc məbləğinin həcmi 27891 manat 33 qəpik təşkil edir. Bundan əlavə, yaranmış kommersiya mübahisəsinin mediasiya yolu ilə həll edilməsi üçün mediatora müraciət edilmiş, lakin cavabdeh təyin olunmuş mediasiya sessiyasına gəlməmişdir. Bu barədə Gəncə 1 saylı Mediasiya Təşkilatının mediatoru X2 tərəfindən xx.xx.2023-cü il tarixli, MŞG/MT007/2023-00628 saylı arayış onlara təqdim olunmuşdur. Mediasiya xərci olan 200 manat iddiaçı tərəfindən ödənilmişdir. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə iddia ərizəsinin məzmununa dəyişiklik edilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, tərəflərindən işlə bağlı əlavə araşdırma apararkən İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli, 004/19 nömrəli Alğı-satqı müqaviləsinə və elektron qaimə fakturaya əsasən cavabdehə ümumilikdə 35211 manat 83 qəpik məbləğində mal təhvil verildiyi məlum olmuşdur. Qeyd olunan Mallar tərəflər arasında formalaşan işgüzar adətlər, praktika və qanunvericiliyin tələbi üzrə aşağıda qeyd olunan elektron qaimə fakturalar əsasında təhvil verilmişdir. Həmin elektron qaimə-faktura ilə birgə ƏDV-nin əvəzləşdirilməsi üçün elektron vergi hesab fakturada tərəflərindən təqdim olunmuşdur. 3064 manat 50 qəpik malın təqdim edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli, EAAU seriyalı, 167279 nömrəli elektron qaimə faktura və həmin elektron qaimə faktura ilə birgə ƏDV-nin əvəzləşdirilməsi məqsədi ilə verilən xx.xx.2019-cu il tarixli, 145690 seriyalı elektron vergi hesab faktura 2298 manatlıq malın təqdim edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli, EAAU seriyalı, 457076 nömrəli elektron qaimə faktura və həmin elektron qaimə faktura ilə birgə ƏDV-nin əvəzləşdirilməsi məqsədi ilə verilən xx.xx.2019-cu il tarixli, 882813 seriyalı elektron vergi hesab faktura, 3830 manatlıq malın təqdim edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli, EAAU seriyalı, 458736 nömrəli elektron qaimə faktura və həmin elektron qaimə faktura ilə birgə ƏDV-nin əvəzləşdirilməsi məqsədi ilə verilən xx.xx.2019-cu il tarixli, 882812 seriyalı elektron vergi hesab faktura, 11063 manatlıq malın təqdim edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli, EAAX 772048 nömrəli elektron qaimə fakturalar və həmin elektron qaimə faktura ilə birgə ƏDV-nin əvəzləşdirilməsi məqsədi ilə verilən xx.xx.2019-cu il tarixli, 601315 seriyalı elektron vergi hesab fakturalar 14956 manat 33 qəpiklik malın təqdim edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli, EAAX 771331 nömrəli elektron qaimə fakturalar və həmin elektron qaimə faktura ilə birgə ƏDV-nin əvəzləşdirilməsi məqsədi ilə verilən xx.xx.2019cu il tarixli, 601316 seriyalı elektron vergi hesab fakturalar Belə ki, elektron qaimə-faktura:

1. Təyinatına görə malların hərəkətini (mədaxilini və məxaricini), işlərin görülməsi və xidmətlərin göstərilməsi faktını özündə əks edən bir sənəddir. (Əsas: Vergi Məcəlləsinin 71-1-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”) Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim (tərtib) etməlidir. Cavabdeh tərəf yuxarıda qeyd olunan xx.xx.2019-cu il tarixli, EAAU seriyalı, 167279 nömrəli, xx.xx.2019-cu il tarixli, EAAU seriyalı, 457076 nömrəli və xx.xx.2019-cu il tarixli, EAAU seriyalı, 458736 nömrəli elektron qaimə fakturalar üzrə 9192 manat 50 qəpik ödənişi tam şəkildə etmişdir. Tərəflərindən təqdim edilən hesabdan çıxarışda bu öz əksini tapmışdır. Cavabdeh tərəfin elektron qaimə faktura əsasında etdiyi ödənişlər tərəflər arasında işgüzar adət və praktika formalaşmışdır. Qeyd olunan ödənişdən sonra cavabdehin 26019 manat 33 qəpik ödənilməmiş əsas borcu qalmışdır. Həmin hesabdan çıxarışa diqqət yetirilsə ödənişin təyinatında xx.xx.2019-cu il tarixli, 004/19 nömrəli alğı-satqı müqaviləsi görünür. Cavabdeh tərəfin ödənişin bir qismini etməsi və xx.xx.2019-cu il tarixli, 004/19 nömrəli Alğı-satqı müqaviləsinə istinad etməsi onun həmin müqavilənin şərtlərinin qəbul etməsinin və malları təhvil almasının bariz nümunəsidir. Nəticədə yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh tərəf müvafiq elektron -qaimə fakturalar əsasında malları təhvil almış, həmin elektron qaimə-fakturalar əsasında öhdəliyin bir qismini (9192 manat 75 qəpik) icra etmiş bu hərəkətləri ilə tərəflər qarşılıqlı münasibətlərində praktika və işgüzar adətlər yaranmışdır. Cavabdehin əvvəlki qaimələr üzrə ödəniş etməsi və etirazının olmaması onun xx.xx.2019-cu il tarixli, 004/19 nömrəli Alğı-satqı müqaviləsi üzrə öhdəliklərinin mövcud olması halının qəbul etməsinə əsaslı sübutdur. Odur ki, yuxarıda qeyd olunanları nəzərə almağı xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehə satılan mal gübrə və onun dərmanları ilə bağlı olmuşdur. Ümumi satılan malın qiyməti 35211 manat 83 qəpik təşkil etmişdir. Ödənişlər elektron qaimələr vasitəsi ilə təqdim olmuşdur. Cavabdeh tərəfindən 3 qaimə üzrə ödəniş edilmişdir. Digər 2 qaimə üzrə isə 26019 manat 33 qəpik əsas borcu yaranmışdır. Dəbbə pulunun hesablanması tərəflər arasında olan müqavilədə öz əksini tapmışdır. Mövcud sübutlar məhkəməyə təqdim edilmişdir. Odur ki, cavabdehin nümayəndəsinin də borcu etiraf etdiyini nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, cavabdeh şirkətin direktoru olmaqla, qanuni təmsilçisidir. Əsas borcu qəbul edir və ödəniş edilməsi üçün vaxt verilməsini xahiş edir. Borcu 1 il və yaxud 1 il yarım ərzində ödəyə bilərlər. Pandemiyaya görə ödəmələrində gecikmə olmuşdur. Məhkəmədən dəbbə pulunun azaldılmasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 004/19 nömrəli alğı-satqı müqaviləsindən görünür ki, satıcı müqavilənin ayrılmaz hissəsi olan qiymətlərin razılaşma protokollarında qeyd olunacaq malları satmağı, alıcı isə öz növbəsində qeyd olunan malları alaraq, dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş elektron qaimələrdən görünür ki, xx.xx.2019-cu il tarixli, EAAU seriyalı, 167279 nömrəli elektron qaimə üzrə 3064 manat 50 qəpik, xx.xx.2019-cu il tarixli, EAAU seriyalı, 457076 nömrəli elektron qaimə üzrə 2298 manat, xx.xx.2019-cu il tarixli, EAAU seriyalı, 458736 nömrəli elektron qaimə üzrə 3830 manat, xx.xx.2019-cu il tarixli, EAAX 772048 nömrəli elektron qaimə üzrə 11063 manat, xx.xx.2019-cu il tarixli, EAAX 771331 nömrəli elektron qaimə üzrə 14956 manat 33 qəpik məbləğində olmaqla, ümumilikdə 35211 manat 83 qəpik məbləğində mal mal İddiaçı tərəfindən Cavabdehnə satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh İddiaçındən 35211 manat 83 qəpik məbləğində mal almış, verilmiş məhsulların dəyərinin qaytarılmasını təmin etməsinə dair satıcı qarşısında öhdəlik götürmüş, lakin 26019 manat 33 qəpik məbləğində öhdəliklərini icra etməmişdir. Pretenziya məktubundan görünür ki, İddiaçı cavabdehə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 26019 manat 33 qəpik əsas borc, 1000 manat cərimə borcu olmaqla, cəmi 27019 manat 33 qəpik məbləğində borc və 200 manat mediasiya xərci Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulmalı, ödənilməli olan 171 manat 06 qəpik dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. 05 mart 2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı nümayəndəsi X3 ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiya xərcini ödəmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 171 manat 06 qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 1000 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. 26019 manat 33 qəpik əsas borc, 1000 manat cərimə borcu olmaqla, cəmi 27019 manat 33 qəpik məbləğində borc və 200 manat mediasiya xərci Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulsun. Ödənilməli olan 171 manat 06 qəpik dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar