Məhkəmə qərarları › İş №e-2-2(115)-545/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-545/2021

11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-545/2021 11.08.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Əhməd Nicat Ramiz oğlunun katibliyi, iddiaçı 12 saylı Ərazi vergilər baş idarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı 12 saylı Ərazi vergilər baş idarəsinin Cavabdeh ASC-yə qarşı “əmlakın satılması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında, baxaraq məhkəmə müəyyən etdi: İddiaçı 12 saylı Ərazi vergilər baş idarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC-nin 27.01.2021-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 46113,14 manat məbləğində vergi borcun ödənilməsini təmin etmək məqsədi ilə 48000 manat dəyərində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, vergi ödəyicisi Cavabdeh ASC-nin Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün sonuncunun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə cavabdehə bildiriş təqdim edilmiş, lakin yaranmış borc məbləği büdcəyə ödənilməmişdir.Ona görə də Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 27.01.2021-ci il tarixli qərar çıxarılmışdır.Qərar əsasında vergi ödəyicisinin 27.01.2021-ci il tarixə yaranan 46113,14 manat borcuna görə 48000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 16 mart 2021-ci il tarixli, **********4 saylı protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc Dövlət Sosial Müdafiə Fonduna ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə 19 mart 2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmiş, cavabdehin yuxarıda qeyd olunan borc məbləğindən 27.01.2021-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 46113,14 manat vergi borcudur. Cavabdeh ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarına və məhkəmə iclasında tədqiq edilən sübutlara hərətəfli, tam, obyektiv və qərərsiz baxaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki iş materiallarında olan: Cavabdeh ASC-nin şəxsi hesab vərəqəsindən göründüyü kimi 3174,93 manat vergi borcu vardır. RX seriyalı ******* nömrəli çıxarış vərəqəsinin sürətindən göründüyü kimi ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə Cavabdeh ASC-nin mülkiyyətindədir. “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” 12 saylı Ərazi Vergilər baş İdarəsinin 27.01.2021-ci il tarixli, **********4 nömrəli qərarının məzmunundan görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən Cavabdeh ASC-nin əmlakının siyahıya alınması qərara alınmış, siyahıya alınmanın həyata keçirilməsi baş dövlət vergi müfəttişi X3, böyük dövlət vergi müfəttişi X1 həvalə olunmuşdur. 16 mart 2021-ci il tarixli, **********4 nömrəli protokolun məzmunundan görünür ki, dövlət vergi müfəttişi tərəfindən 27.01.2021-ci il tarixli qərara əsasən vergi ödəyicisinə məxsus 48000 manat məbləğində (qiyməti 48000 manat olan ünvan 1 ünvanında yerləşən daş tikili anbar) siyahıya alınaraq bu barədə müvafiq protokol tərtib olunmuş, protokol vergi orqanının vəzifəli şəxsi, müşahidəçilər və vergi ödəyicisi tərəfindən imzalanmışdır. «Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında» 16 mart 2021-ci il tarixli aktdan məlum olur ki, vergi ödəyicisi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilərək siyahıya alınmış əmlaklar ona təhvil verilmişdir. 19 mart 2021-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan məlum olur ki, əmlakların siyahıya alındığı vaxtdan 30 gün müddətində cavabdeh tərəfindən Dövlət Sosial Müdafiə Fondunə olan vergi borcu tam ödənilmədiyi təqdirdə həmin siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəmədə iddia qaldırılacağı bildirilmiş, cavabdeh xəbərdarlığı imza etməklə qəbul etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1-ci və 24.0.1-ci maddələri ilə vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək, vergi orqanının üzərinə isə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vəzifələri qoyulmuşdur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddəsinin tələblərinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyəcisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi, ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, Cavabdeh ASC-nin 27.01.2021-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna 46113,14 manat məbləğində vergi borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir.Məhkəmə hesab edir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək vəzifəsi qoyulduğundan və o, verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi təmin edilməli və cavabdehin Dövlət Sosial Müdafiə Fonduna yaranmış borcun ödənilməsini təmin etmək məqsədi ilə cavabdehə məxsus olan 48000 manat dəyərində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərraclar vasitəsi ilə satılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdi: İddia təmin edilsin. Cavabdeh ASC-nin Dövlət Sosial Müdafiə Fonduna olan 46113,14 (qırx altı min yüz on üç manat on dörd qəpik) manat vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 48000 (qırx səkkiz min) manat məbləğində siyahıya alınmış əmlakı (qiyməti 48000 manat olan ünvan 1 ünvanında yerləşən daş tikili anbar) ixtisaslaşdırılmış açıq hərraclar vasitəsi ilə satılsın. 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar